SOSİUM

Prezident açılışlar etdi
30 APREL
446

Prezident açılışlar etdi

2016-04-30 09:53:00

Prezidenti İlham Əliyev Ağsu rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax mənzilinin 115 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Fins.az-ın məlumatına görə, açılış mərasimində “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, ölkəmizin regionlarını birləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyan bu yol uzun müddət əsaslı təmir edilmədən istismarda olub. Yolu fərqləndirən cəhət bəzi yerlərdə çətin dağlıq ərazidən keçməsidir. Buna görə yolboyu geniş bərkitmə və torpaq işləri aparılıb. Əsaslı şəkildə yenidən qurulan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 115,15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir. Yolun yenidən qurulması layihəsində nəzərdə tutulan 7 eyni səviyyəli dairəvi yol kəsişməsinin, 54 yol birləşməsinin və 263 suötürücü borunun tikintisi işləri aparılıb, həmçinin 6 körpü sökülərək yenidən inşa edilib. Bundan başqa, layihə üzrə avtomobil yolunda yol qurğuları və avadanlıqlarının, elektrik dirəklərinin quraşdırma işləri həyata keçirilib, 39 avtobus dayanacağının tikintisi aparılıb, yol nişanları qoyulub, piyada səkiləri tikilib, drenaj işləri görülüb. 

Prezident İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib. Səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, 160 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisi 2012-ci ildə başlanıb və 2015-ci ilin sonunda başa çatdırılıb. Xəstəxana 3 hektardan çox ərazidə inşa olunub. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, patoloji-anatomiya, poliklinika şöbələri fəaliyyət göstərəcək. Bundan əlavə, şüa-diaqnostika, hemodializ və laboratoriya şöbələri də xəstələrin istifadəsində olacaq. Bu şöbələrin hamısı tibbin son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274