SOSİUM

Prezidentdən "universitet" sərəncamı
29 APREL
1120

Prezidentdən "universitet" sərəncamı

2016-04-29 18:32:00

Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qazax və Zaqatala filialları barədə sərəncam imzalayıb. Fins.az xəbər verir ki, sərəncama əsasən, bu il, iyulun 1-dən ADPU-nun Qazax filialı  Bakı Dövlət Universitetinin (BDU) Qazax filialı, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Zaqatala filialı hesab ediləcək.

Nazirlər Kabinetinə (NK) Azərbaycan prezidentinin aktlarının sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etmək, NK-nın normativ hüquqi aktlarının sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 3 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib NK-ya məlumat verməli, Təhsil Nazirliyi BDU-nun Qazax filialında və ADİU-nun Zaqatala filialında 2016-2017-ci tədris ilindən kadr hazırlığı aparılacaq ixtisasların siyahısını müəyyənləşdirməli və tədris prosesinin təşkili üçün zəruri tədbirlərin görülməsini təmin etməli, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi isə BDU-nun Qazax filialına və ADİU-nun Zaqatala filialına 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının keçirilməsini təmin etməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272