SOSİUM

Azərbaycan hökumətindən cəbhədə baş verənlərə - REAKSİYA
28 APREL
469

Azərbaycan hökumətindən cəbhədə baş verənlərə - REAKSİYA

2016-04-28 15:35:00

Azərbaycan ilə Ermənistan arasında atəşkəsin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, aprelin 26-da gecə saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini və qoşunların təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan – “Qrad” qurğularından, toplardan intensiv şəkildə atəşə tutublar. Nəticədə Ağdam rayonunun 1 sakini həlak olub, 4-ü ağır olmaqla 8 nəfər yaralanıb. Bundan başqa, yalnız bu üç gün ərzində 100-dən artıq evə ziyan dəyib, onlarla ev dağıdılıb və yaşayış üçün yararsız vəziyyətə düşüb, əhalinin mülkiyyətinə, təsərrüfatına, habelə inzibati binalara, kommunal infrastruktura ciddi ziyan vurulub.

Fins.az xəbər verir ki, Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yaranmış vəziyyətlə bağlı Azərtac-a deyib ki, bu günlər ərzində beynəlxalq təşkilatlar, o cümlədən də bilavasitə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu, bu quruma daxil olan dövlətlər Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal altında olan ərazilərindən yaşayış məntəqələrini ağır silahlarla intensiv şəkildə atəşə tutmasına və bunun nəticəsində dinc sakinlərin həlak olmasına heç bir münasibət bildirməyiblər: “Halbuki, aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun ardıcıl təxribatlarına layiqli cavabı və bunun nəticəsi olaraq işğal altındakı bəzi əraziləri azad etməsi əksər beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çevik reaksiyasına səbəb oldu. Bütün müraciətlər və bəyanatlarda hərbi əməliyyatların dayandırılması, atəşkəsin bərpa olunması ilə bağlı fikirlər səsləndirildi.
Hazırkı vəziyyətdə bu qurumların susqunluğu belə bir qənaətə gəlməyə əsas verir ki, beynəlxalq təşkilatlar, ələlxüsus da ATƏT-in Minsk qrupu bütün səylərini Dağlıq Qarabağdakı separatçı qurumun və ona rəhbərlik edən hərbi cinayətkarların təhlükəsizliyinin təmin edilməsinə vəErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud status-kvonun qorunub saxlanmasına yönəldiblər. Hesab edirik ki, bununla Azərbaycana qarşı ikili standartların ən açıq forması tətbiq olunur, Azərbaycan xalqına, beynəlxalq hüquqa və ədalət prinsipinə hörmətsizlik nümayiş etdirilir.

Beynəlxalq birlik, ATƏT və digər təşkilatlar işğalçı Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı yönəlmiş bu addımlarına son qoyulması üçün qətiyyətli tədbirlər görməlidirlər.

Azərbaycan Ermənistan rəhbərliyinin və bu ölkənin silahlı qüvvələrinin növbəti təxribatlarına, yaşayış məntəqələrinin dağıdılmasına, dinc sakinlərin qətlə yetirilməsinə dözmək niyyətində deyil. Beynəlxalq ictimaiyyət bundan sonra da susqunluğunu davam etdirəcəyi təqdirdə, Azərbaycan dinc əhalini müdafiə etmək və təxribatlara son qoymaq üçün qətiyyətli tədbirlər görməyə məcbur olacaq. Bundan sonra yaranmış vəziyyətin məsuliyyəti bilavasitə Ermənistanın və onun təxribatlarını susqunluqla qarşılayanların üzərinə düşəcək”.

Mənbə: Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272