SOSİUM

Bir gecədə 59 evə mərmi düşdü - AĞDAMDAN FOTOLAR
28 APREL
524

Bir gecədə 59 evə mərmi düşdü - AĞDAMDAN FOTOLAR

2016-04-28 11:58:00

“Ermənilərin ağır silahlardan atəşi nəticəsində Ağdam rayonunda 59 evə ziyan dəyib, 12 ev tamamilə dağıdılıb, 1 ev yanaraq kül olub".

Fins.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov bildirib.

O qeyd edib ki, aprelin 1-dən bugünədək olan hadisələrin ən ağırı ayın 27-dən 28-nə keçən gecə olub: "Bu gecə atılan mərmilərin sayını konkret olaraq demək mümkün deyil. Rayon ərazisinə yüzlərlə mərmi düşüb. Onlarla ev dağılıb, yüzlərlə mal-qara qırılıb".

İcra başçısının sözlərinə görə, aprelin əvvəlindən rayonun Qaradağlı kəndində 27, Zəngişalı-Mahrızlıda 5 ev, Çəmənlidə 3 ev, Əfətlidə 7 ev dağıdılıb: "Hazırda araşdırma gedir, ola bilsin ki, bu rəqəmlər artsın. Bu gecədən səhər saat 5-ə qədər kəndlər artilleriyadan atəşə tutulub, kənddə nəyisə nəzarətdə saxlamaq mümkün olmayıb. Saat 5-dən etibarən isə bizim nümayəndələr, Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərə göndərilib. Hazırda kəndlərə nə qədər ziyan dəyməsi ilə bağlı son məlumatlar toplanır, rəqəmlər dəqiqləşdirilir".

* * *

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam rayonunun bir sakini dünyasını dəyişib, daha 7 nəfər isə yaralanıb.

Fins.az xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib. Qeyd olunur ki, daha öncə yaralanan Çəmənli kənd sakini Famil Mustafayev Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib, lakin orada dünyasını dəyişib.

Yaralananlardan iki nəfərin vəziyyəti ağırdı. Onlar 1966 il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Əli, digəri isə 1945-ci il təvəllüdlü Əfəndili kənd sakini Məmmədov Elnurdur. Bildirilir ki, yaralılardan biri kantuziya zədəsi alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

* * *

Aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən atəşkəs pozulub.

Fins.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində də 60, 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzulirayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 121 dəfə atəş zərbəsi endirib.

* * *

Ermənistan silahlı bölmələri saat 23.30-dan başlayaraq təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb.

Fins.az  xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya deyib ki, düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.

“Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir” deyə, Dərgahlı bildirir.

Qeyd edək ki, dünən Müdafiə Nazirliyi yaydığı açıqlamasında erməni silahlı bölmələrinin mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutduğunu bəyan etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275