SOSİUM

"Polis dostları" necə işləyəcək? – NƏZARƏT, MÜKAFAT, KARYERA
26 APREL
1571

"Polis dostları" necə işləyəcək? – NƏZARƏT, MÜKAFAT, KARYERA

2016-04-26 20:07:00

Azərbaycanda ictimai asayışın qorunmasında polis orqanları ilə əməkdaşlıq edən vətəndaşlara mükafatlar və imtiyazlar veriləcək. Fins.az-ın məlumatına görə, bu barədə Daxili İşlar Nazirliyinin təsdiqlədiyi «İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası»nda nəzərdə tutulub.

Əməkdaşlığa kimlər cəlb ediləcək

Qaydalara görə, polislə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan Respublikası vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər.

Kimlər polislə əməkdaşlığa yaramır

Qaydalara görə, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş şəxslər, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəxslər, inzibati xəta törətdiyinə görə barəsində son bir il ərzində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslər.

Seçim necə aparılacaq?

Belə şəxslər müsahibə yolu ilə seçiləcək, seçilən vətəndaşların əməkdaşlığa yararlı olub-olmadığı 1 ay ərzində yoxlanacaq. Müsahibə zamanı digər məsələlərlə yanaşı, vətəndaşın təşəbbüskarlığı, hadisələri obyektiv qiymətləndirmək, problemlərin həlli ilə bağlı qərar çıxarmaq bacarığı kimi xüsusiyyətləri qiymətləndirilir. Müsahibədə ən çox 25 bal toplamaq mümkündür, 15 xal toplayan müsahibədən keçmiş sayılır. Bu şəxslərin adları hamının görə biləcəyi lövhələrdə yerləşdirilir, eləcə də onlara 15 günlük kurslar keçiləcək. Kursun sonunda imtahan keçirilir. İmtahandan keçənlər polis orqanları ilə əməkdaşlığa cəlb ediləcəklər.

Cinayətlər barədə polisə məlumat verəcəklər

Qaydalara görə, belə şəxslər ictimai asayişin qorunması ilə bağlı müxtəlif tədbirlərdə iştirak etməli və mənfi hallar barədə polisə məlumat verməlidirlər. Bura cinayətə, o cümlədən narkomaniya, alkoqolizm, yetkinlik yaşına çatmayanların baxımsızlığına şərait yaradan hallar aiddir. Bundan başqa, belə şəxslər məişət zorakılığı, ictimai asayişin pozulması, eləcə də hazırlanan, törədilən və ya törədilmiş cinayətlər barədə barədə dəqiq məlumat toplayıb polis orqanlarına təqdim etməlidirlər. «Polis dostları» cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlərdə də iştirak etməli, evlərdə mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi ilə bağlı təbliğat aparmalıdır. Bundan başqa, onlar keçmiş məhbusların həyata uyğunlaşması və onlar tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması üzrə tədbirlərdə də iştirak etməlidirlər.
Belə şəxslər narkotik alverçiləri və istifadəçiləri, əxlaqsızlıq yuvaları saxlayan şəxslər, avaralar və dilənçililər barədə polis orqanına məlumat verməli olacaqlar.

Əhaliyə yardım etməlidirlər

Polislə əməkdaşlıq edən şəxslər cinayətdən və bədbəxt hadisədən zərər çəkmiş, eləcə də köməksiz şəxslərə kömək və ilkin tibbi yardım göstərməlidirlər. Onlar itirilmiş əmlakın, o cümlədən sənədlərin sahiblərinə qaytarılması üçün aidiyyəti üzrə təhvil verməli, təbii fəlakətlər və qəzalar zamanı insanların və əmlakın xilas edilməsində iştirak etməlidirlər.

Şübhəli şəxslər barədə məlumat verəcəklər

Qaydalara görə, ictimai asayişin qorunmasında polislə əməkdaşlıq edən şəxslər vətəndaşların kütləvi toplaşdığı yerlərdə vizual müşahidə aparmalı və şübhəli şəxslər barədə polis orqanını məlumatlandırmalıdırlar. Ondar kütləvi tədbirlər zamanı ictimai asayişin qorunmasında iştirak etməli, eləcə də, yaşayış yeri üzrə qeydiyyat qaydalarını pozan, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxslər haqqında polis orqanına məlumat verməlidirlər.

Yeniyetmələrə nəzarət güclənəcək

«Polis dostları»nın işində əsas istiqamətlərdən biri yeniyetmələrə nəzarət olacaq. Məsələn, onlar siqaret çəkən, alkoqollu içkilər və digər maddələr qəbul edən yeniyetmələrdən buna son qoymağı tələb edə bilərlər. Onların bu hərəkətlərə şərait yaradan halların aradan qaldırılmasında və həmin şəxslərlə fərdi profilaktik işin aparılmasında iştirak etmək hüququ var.
Əməkdaşlıq edən şəxslər gəncləri cinayətkarlığa cəlb edən, onların tərbiyəsi, təhsili və saxlanılması üzrə vəzifələrini yerinə yetirməyən valideynləri barədə polis orqanına məlumat verməlidirlər.

Polis «dostları»nın hansı səlahiyyəti olacaq?

Qaydalara görə, polislə əməkdaşlıq edənlər öz fəaliyyətlərini həyata keçirmək üçün bəzi səlahiyyətlərə malik olacaqlar. Məsələn, onlar hüquqazidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı qanuni tələb irəli sürə bilərlər. Eləcə də, cinayət baş verdikdə onu törədən şəxsin yaxalanması və tutulmasında polisə kömək göstərə bilərlər. Əgər cinayətkar müqavimət göstərərsə, polislə əməkdaşlıq edən şəxsin ixtiyarı var ki, onun əl-ayağını bağlasın. Üstündə silah və ya başqa təhlükəli alətin, olmasını ehtimal etdikdə isə onun üstünü yoxlayaraq, bu əşyaları lazımi orqana təqdim etmək üçün götürsün.

Fiziki qüvvə də tətbiq edə bilər

Qaydalara görə, ictimai asayişin qorunmasına cəlb edilən şəxs bəzi vəziyyətlərdə fiziki qüvvə tətbiq edə bilər. Məsələn, zor tətbiq edilməklə törədilən cinayətin qarşısının alınması və onu törədən şəxsin tutulması zamanı son zərurət və zəruri müdafiə vəziyyətində, digər imkanlar olmadıqda, fiziki qüvvə tətbiq etməyə icazə verilir. Amma bu zaman çağışmalıdır ki, dəyən zərər minimal olsun.
Bununla yanaşı, silahlı basqın və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olan şəxslərə və əlillərə fiziki qüvvənin tətbiqi qadağandır.

«Polis dostları» kimə tabe olacaq?

Qaydalara görə, belə şəxslər öz səlahiyyətlərini həyata keçirərkən təhkim olunduğu polisin vəzifəli şəxsinə tabedir. Polis rəisi belə şəxslərə konkret tapşırıqlar verir, onların yerinə yetirilməsi ilə bağlı təlimatlandırır, icrasına nəzarət edir.
Qaydalara görə, həmin şəxslər vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə onlara töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilə bilər və onlar ictimai asayişin qorunmasından kənarlaşdırıla bilərlər.
Bununla yanaşı, Qaydalara görə, belə şəxslər qanuna zidd əmrləri yerinə yetirməməli, əksinə belə hal olduqda rəhbərliyə məlumat verməlidirlər. Üstəlik belə əmri yerinə yetirənlər məsuliyyət daşıyırlar.

Polislə əməkdaşlıq edənlərə mükafatlar 

Qaydalara görə, ictimai asayişin qorunmasında iştirak edən vətəndaşlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil edilir. Belə ki, onlar dövlət tərəfindən müdafiə olunurlar və onların həyat və sağlamlığı Daxili İşlər Nazirliyi tərəfindən sığortalanır.
Belə şəxslərə DİN tərəfindən müəyyən edilmiş ödəniş verilir. Bu işdə fərqlənənlərə polis rəisi tərəfindən həvəsləndirmə tədbirləri də tətbiq edilə bilər. Bura təşəkkür elan etmək, pul mükafatı, qiymətli hədiyyə, sanatoriya-kurort müalicəsi və ya turist səfərləri yollayışı. Ən əsası, polisə işə qəbul zamanı 2 il ərzində polis orqanı ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük veriləcək. İctimai asayişin qorunmasına cəlb edilən şəxslər xüsusi xidmətlərinə, göstərdikləri fədakarlıq və cəsarətə görə dövlət təltiflərinə təqdim edilə bilərlər.

Xüsusi forma və vəsiqə

Polislə əməkdaşlıq edən şəxslər dövlət hesabına xüsusi geyim forması, döş nişanı və vahid nümunəli vəsiqə ilə təmin olunacaqlar - səlahiyyətlərini həyata keçirərkən onlar bu formada olmalıdırlar.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271