SOSİUM

Bakıda marafon yarışı keçiriləcək - İŞTİRAK PULLUDUR
13 APREL
723

Bakıda marafon yarışı keçiriləcək - İŞTİRAK PULLUDUR

2016-04-13 19:27:00

Mayın 1-də paytaxt Bakı şəhərində ilk dəfə olaraq, marafon keçirilməsi nəzərdə tutulub. Fins.az-ın məlumatına görə, marafon Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Olimpiya Stadionu, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə təşkil olunur.“Bakı Marafonu 2016” Dövlət Bayraq Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 km məsafəni əhatə edəcək. Bakı Marafon 2016-nın məqsədi idmanın inkişafına dəstək olmaq, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyir məqsədlər altında birləşdirməkdir.

Marafona 16 yaşdan yuxarı hər bir kəs-şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. “Bakı Marafonu 2016”da iştirak etmək istəyənlər qeydiyyat üçün  aprelin 11-dən 25-dək Bakının ticarət mərkəzlərində quraşdırılmış qeydiyyat məntəqələrinə və ya onlayn olaraq “Bakı Marafonu 2016”nın saytına müraciət edə bilərlər. Bu zaman qeydiyyat formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr, həmçinin tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunan vəsaiti ödəmək lazımdır.

Marafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, tələbələr qeydiyyat zamanı ödəmə etməyəcək. Bunun üçün qeydiyyatdan keçərkən tələbə vəsiqələrinin surətini təqdim etmək lazımdır. Fiziki şəxslər 20 manat, korporativ şirkət adından iştirak edənlər isə 100 manat ödəməlidir.

Marafon Bakının rəmzi olan küləkdən ilhamlanaraq yaranan “Küləyə qalib gəl” (Win The Wind)  şüarı altında keçiriləcək.

Qeyd edək ki, analoji marafonlar bu günədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil edilib. Marafon yarışı tam məsafədə 42 km və yarı marafon 21 km məsafədə keçirilir. 

İdman tədbiri olmaqla yanaşı, marafon yarışları həm də xeyriyyə məqsədilə təşkil edilir. 1981-ci ildəki məşhur London marafonu ən böyük xeyriyyə marafonu kimi Ginnesin “Rekkordlar kitabı”na düşüb. Hazırda dünyanın bir çox ölkələrində yalnız xeyriyyə məqsədli marafonlar da təşkil edilir.

Qeyd edək ki, Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Marafonda 1-ci yerin qalibi 3000 manat, 2-ci yerin qalibi 2000  manat, 3-cü yerin qalibi isə 1000 manat mükafata sahib olacaq.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275