SOSİUM

"KİV haqqında" qanun dəyişir
12 APREL
197

"KİV haqqında" qanun dəyişir

2016-04-12 18:33:00

“Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişikliklər ediləcək. Bu barədə qanun layihəsi Milli Məclisin mədəniyyət komitəsinin iclasında müzakirə olunub. 

“Kütləvi informasiya vasitələri haqqında” Qanunun 11-ci maddəsinə təklif olunan əlavə bəndə görə, kütləvi informasiya vasitələrinə, jurnalistlərə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yaymağa yol verilməyəcək.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, maddənin 4-cü bəndi də dəyişdiriləcək. Yeni redaksiyada qeyd olunur ki, kütləvi informasiya vasitələrinə, jurnalistlərə yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir. Bəndin hazırda qüvvədə olan variantında isə yalnız cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatın yayılmasına yol verilmir. Qeyd edilib ki, bu dəyişiklik qanunvericiliyin uyğunlaşdırılması məqsədini daşıyır.

Dəyişikliklər Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə olunub.

İclasda yeni hazırlanan “Kinematoqrafiya haqqında” qanun layihəsinə dair də müzakirələr aparılıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, bu sahədə mövcud qanun 1998-ci ildə qəbul olunub və günün tələblərinə artıq cavab vermir. Diqqətə çatdırılıb ki, layihə rəy üçün ekspertiziyaya göndərilib və sənədlə bağlı iş tamamlandıqdan sonra geniş müzakirəyə çıxarılacaq.

İclasda “Kitabxana işi haqqında” Qanunun müasir tələblər baxımından yenilənməsi ilə də bağlı fikir mübadiləsi aparılıb.

Çıxış edənlər bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini vacib sayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272