SIĞORTA

"Sığortası olan pasientlərimiz hər növ tibbi müayinədən pulsuz keçir"
23 SENTYABR
822

"Sığortası olan pasientlərimiz hər növ tibbi müayinədən pulsuz keçir"

2019-09-23 09:26:00

Hazırda icbari tibbi sığorta pilot layihə kimi Yevlax, Mingəçevir və Ağdaşda tətbiq edilir. Gələn ildən bu dairənin genişlənəcəyi gözlənilir.

İcbari tibbi sığortanın ən böyük əhəmiyyəti əhalinin bütün qrupları üçün tibbi xidmətin əlçatan olmasıdır. Əvvəl maddi imkanlara görə tibb məntəqəsinə getməkdən imtina edən əhali qrupları hazırda tibbi sığorta paketinə daxil olan bir çox xidmətlərdən istifadə edə bilirlər.

Yevlax rayon Mərkəzi Xəstəxanasında çalışan ailə həkimi Bahar Məmmədova Fins.az-a bildirib ki, bu gün sığortası olan pasientlərimiz xəstəxanaya gəlib, hər növ tibbi müayinədən keçir, həkim qəbulunda olur.

Onun sözlərinə görə, əgər ehtiyac yaranarsa, pasienti icbari tibbi sığora agentliyinin müqavilə bağladığı Bakı və Gəncədə yerləşən xəstəxanalara təcili tibbi yardım maşınları ilə göndərə bilirik. Həmin xəstəxanalar da gələn vətəndaşları pulsuz müalicə və ya əməliyyat etməyə borcludurlar.  

“Bir həkim olaraq icbari tibbi sığortanın ən əsas üstünlüyünü qeyd etməliyəm. Əvvəl maddi problemə görə ağrısı olsa da, həkimə müraciət etmək istəməyən şəxslər bu gün pulsuz olduğundan tez-tez müayinədən keçirlər. Belə olan halda yeni başlayan xəstəlikləri vaxtında müəyyənləşdirə, onları müalicə edə bilirik. Artıq üç ildir ki, bu pilot layihə ilə çalışırıq. Layihə təkcə xəstələrə deyil, biz həkimlərin maddi durumuna da müsbət təsir göstərir. Bu layihəyə görə, əmək haqlarımız iki dəfə yüksəlib və bu prosesin davamlı olacağı gözlənilir. Bu üç il ərzində biz həkimlər də xeyli yeni biliklər öyrənmişik. Tez-tez seminarlarda iştirak edirik. Hazırda bizdə ailə həkimi anlayışını terapevtlər icra etsə də, bu istiqamətdə də işlər görülür”.

B.Məmmədova qeyd edir ki, icbari tibbi sığorta sisteminə keçdikləri il həkimlər bəzi çətinliklərlə qarşılaşıb.

“Köhnə sistemdən yenisinə keçmək asan proses deyil. Həmin vaxt icbari tibbi sığorta agentliyi də bizə bir çox məsələlərdə yardım edirdi. Zaman keçdikcə biz də yenilikləri mənimsəməyə başladıq. Qarşıdan gələn illərdən daha gözəl işlər, yeniliklər gözləyirik”.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır