SIĞORTA

Azərbaycanın sığorta bazarı iki cəbhəyə ayrıldı: Kim haqlıdır?
09 İYUL
1275

Azərbaycanın sığorta bazarı iki cəbhəyə ayrıldı: Kim haqlıdır?

2019-07-09 15:00:00

Bir neçə gün əvvəl baş vermiş avtomobil qəzası Azərbaycanın sığorta bazarında mübahisə yaradaraq, iki cəbhəyə ayırıb.

Fins.az xəbər verir ki, bir neçə gündür Facebook sosial şəbəkəsində bir sığorta hadisəsi ətrafında cərəyan edən mübahisələr hələ də nəticə verməyib.

Belə ki, iyulun 1-də axşam saatlarında Həmid İbrahimovun idarə etdiyi 50-DE-150 nömrəli «Chevrolet Camaro» markalı avtomobil Sumqayıtda işıqforun qırmızı işığında keçərək, «Opel» markalı digər avtomobillə toqquşub.

Qəzada günah «Chevrolet Camaro» sürücüsündə olduğu üçün «Opel» avtomobili «Camaro»nun icbari sığortası hesabına təmir edilməlidir. Lakin əsas ziyan qəza törədən avtomobilə dəyib. Hazırda ziyanın məbləği 15 min manatdan yüksək qiymətləndirilir.

Qeyd edək ki, «Chevrolet Camaro» «Zaman» sığorta brokerində sığortalanıb. Tərəflər arasında aprelin 18-də bağlanan müqaviləyə görə, 550 manat ödənişlə «Kasko Butik» sığortası əldə edilib.

Müqaviləyə əsasən, sürücünün avtomobili spirtli içki qəbul etdiyi halda sürdüyü zaman baş verən avtomobil qəzasından savayı, bütün hallarda ödəniş edilməlidir. Lakin «Zaman» sığorta brokeri hadisənin qəsdən törədildiyni əsas gətirərək ödənişdən imtina edib. İmtina cavabından sonra sosial şəbəkədə qızğın mübahisə başlayıb.

“Zaman” sığorta brokeri qırmızı işıqda keçmə halında sığorta ödəməyi düzgün hesab etmir. Onlar fikirlərini belə əsaslandırırlar ki, bu halda bütün sürücülər qanun pozuntusu edib, əvəzində mükafat gözləyəcəklər. Qarşı tərəfdə duran sığorta ekspertləri isə qırmızı işıqda keçməni qəsd deyil, ehtiyatsızlıq hesab edirlər.

Mübahisənin əsas tərəfi “Zaman” sığorta şirkətinin baş direktoru Xəyal Məmmədxanlı fikirlərini belə əsaslandırır:

«Hansı şirkət avtoxuliqana pul verir? Bunu yazmaqla o adama avtoxuliqan demirəm,sadəcə analogiya aparıram ki, əslində qanuna görə avtoxuliqanlara da ödəniş düşür. Kasko ilə, bəs niyə ödəmir şirkətlər? Məhkəmə niyə təmin etmir? Avtoxiliqanlıq da, qarşı zolağa keçmək də, hərəkətin əksinə sürmək də eyni cür qiymətləndirilməlidir. Dünya sığorta elmində bir aksioma var, ingilis dilində belə deyilir: “insurance CANNOT (MUST NOT) be against public policy”, yəni sığorta ictimai fikrə, rəyə zidd olmamalıdır. Çünki əks halda sabah nə baş verəcək? Hamı rahatlıqla qırmızıda keçəcək, avtoxuliqanlıq edəcək, əks hərəkət edəcək, bizim ailə üzvlərindən kimisə öldürəcək. Siz də çıxıb deyəcəksiniz ki, düz edib, pulunu ödəyin? Nəhayət, bir vətəndaş kimi mövqeyimi deyirəm: ümumiyyətlə, yuxarıda sadaladığım əməlləri törədənlər nəinki sığorta almamalı, hətta cinayət məsuliyyətinə cəlb edilməlidir, Almaniyadakı kimi!”

Sığorta eksperti İlkin İbrahimov isə əksinə, sığortanın ödənilməsi tərəfdarıdır və şirkətin arqumentlərini qəbul etmir. Belə ki, o, “qəsdən” ifadəsini doğru hesab etmir:

“Qəsd - cinayət xarakterli işlərdə məsələn maşının qaçırılması, oğurluq və.s. kimi hallarda istifadə edilir. Hesab edirəm ki, bununla bağlı vətəndaşa imtina əsassızdır. Habelə, oxşar hallar üzrə məhkəmələrin bir neçə mübahisə üzrə çıxarılmış qətnamə və qərarları var.”

Qeyd edək ki, avtomobil, eyni zamanda icbari sığortasını da “Azsığorta” ASC-də etdirib. Bu şirkət qarşı tərəfə dəyən ziyanı ödəyəcəyini bildirib. 

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır