SIĞORTA

Bəzi sığorta şirkətləri yeniliklərdən geri qalır - EKSPERT
05 İYUL
586

Bəzi sığorta şirkətləri yeniliklərdən geri qalır - EKSPERT

2019-07-05 11:19:00

Sosial şəbəkələrin günümüzün ən vacib elementlərindən birinə çevrildiyi dövrdə demək olar, bütün şirkətlər, o cümlədən sığorta şirkətləri də işlərini bu media növünə uyğun görməyə çalışır.

Fins.az xəbər verir ki, yeni müştərilər qazanmaq, şirkətin piarını aparmaq, müştəriləri yeniliklərlə tanış etmək, maarifləndirmək kimi funksiyaları sosial şəbəkələr vasitəsilə həyata keçirmək daha əlçatan və funksionaldır. Lakin elə sığorta şirkətlərinin arasında da bəziləri bu yenilikdən geri qalırlar. Sosial hesabları olduğu halda ondan lazımı şəkildə istifadə edə bilmirlər. Görəsən bunun səbəbi nədir – yeniliklərdən geri qalmaq, yoxsa sosial mediaya inamsızlıq?

Bu mövzunu sığorta eksperti İlkin İbrahimovla müzakirə etdik. İ.İbrahimov da təəssüflə qeyd etdi ki, sığorta şirkətləri arasında reklam və maarifləndirmə işlərinə diqqət ayırmayanları var. Səbəbini isə belə açıqladı:

"Şirkətlərin bəziləri maarifləndirmə işlərini öz sığorta agentlərinə tapşırırlar. Bu sığorta agentləri isə bir çox hallarda reklam üçün ayrılan həmin məbləği müştəriyə güzəştə gedirlər. Bəzən də həmin agentlər özlərinə ya sub agent deyilən möhür, imza və səlahiyyətləri agentə aid bir neçə adamı özlərinə bağlı olmaqla, gətirilən müştəridən həmin şəxsə də qeyri-rəsmi ödəmələr vədi ilə işə cəlb edirlər. Nəticədə sığorta sektoru arzuolunmaz hala gəlib çıxır.”

Ekspert başqa bir səbəb ola biləcəyini də istisna etmir: “Digər tərəfdən, sığorta şirkətlərinin səhifələrdə aktiv olmaması onların sığorta ödənişləri ilə bağlıdır. Sığorta ödənişini normal verməyən sığorta şirkəti necə açıq və şəffaflıqdan danışa bilər? Bir çox hallarda yazılan şərhlər silinirsə, qiymət vermə bölümü silinmir və müştəri orada öz fikirlərini normal olaraq qeyd edir. Bu isə sığorta şirkətlərinin ümumi zərərinədir. Fikrimi ümumiləşdirərək qeyd edirəm ki, səhifədə tez tez paylaşımların olması və şəffaflığın təmin edilməsi üçün ilk növbədə sığorta şirkətləri də şəffaf ödənişlərə getməlidir.”

 

 

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır