SIĞORTA

"Bahalaşmaya uyğun sığorta ödənişləri də avtomatik olaraq artmalıdır"
18 APREL
256

"Bahalaşmaya uyğun sığorta ödənişləri də avtomatik olaraq artmalıdır"

2019-04-18 16:09:00

"Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) açıqladığı statistikaya əsasən 3 illik müddətdə daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişlərindəki artım çox aşağıdır".

Fins.az xəbər verir ki, bunu sığorta üzrə ekspert İlkin İbrahimov deyib. O, bildirib ki, bir neçə il öncə ölkəmizdə yaşanan devalvasiya hadisəsi və inflyasiya artımını nəzərə alaraq, bir çox məhsulun, eləcə də, tikinti materiallarının qiymətlərində artım olduğunu deyə bilərik: "Məntiqi olaraq, bahalaşmaya uyğun sığorta ödənişləri də avtomatik olaraq artmalıdır. Digər sığorta sahələrində artım görünsə də, daşınmaz əmlakın icbari sığortası üzrə bu hal müşahidə olunmur".

İ. İbrahimov əlavə edib ki, gələn şikayətlər bu sığorta növü üzrə sığorta şirkətlərinin süründürməçilik hallarına yol verməsi yönündədir: "Belə ki, sığorta hadisəsi baş verdikdə vətəndaşlardan əsassız olaraq müəyyən arayışlar və sənədlər tələb olunur. Əslində, bu sənədlər "İcbari sığortalar haqqında" qanunun 17-ci maddəsində nəzərdə tutulub. Burada mübahisə doğuran məqam müvafiq icra hakimiyyəti orqanından arayışın alınması ilə bağlıdır. Daşınmaz əmlakla bağlı, məsələn sel, daşqın kimi hadisələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturlarından sənəd alınmalıdır. Nazirlik strukturları isə yerlərə getmir, sədəddə qeyd olunan göstərici isə ödənişlidir. Məsələn, yağıntının olub-olmaması ilə bağlı bir günlük məlumat 36,6 manatdır. Əgər siz hansı gün leysan yağışları olduğunu dəqiq bilmirsinizsə və 10 günlük məlumat almaq istəyirsinizsə, bu sənədi almaq 366 manata başa gələcək. Ya da, digər variantda sığorta şirkəti özü nazirliyə məktub göndərir. Bəzi hallarda bu məktublaşmaların müddəti uzanaraq 6-7 aya, bəzən isə bir ilə qədər davam edir. Bir sıra hallarda isə müştərilər get-gəl işlərindən bezərək prosesin arxasınca düşmürlər".

Ekspertin sözlərinə görə, digər tərəfdən sığorta şirkəti özü qurumlara müraciət edərkən həmin əmlakın cari vəziyyətinə baxılmadan sənəd verilir: "Bu zaman biz subyektiv məsələlərdən kənara çıxırıq və məsələni ümumiləşdiririk. Qurumun verdiyi sənəd əsasında isə sığorta şirkəti vətəndaşa imtina məktubu göndərir. Bundan sonra vətəndaş məhkəməyə müraciət etməli, bununla bağlı sübutları yenidən formalaşdırmalı və yenidən həmin qurumlara müraciət olunmalıdır. Bu isə uzun proses olur".

"Hesab edirəm ki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı məsələlərdə sığorta ödənişləri çox əhəmiyyətli rol oynayır. Məsələn, bölgədə yaşayan bir vətəndaşa sığorta ödənişi verilirsə, onun ətrafındakı şəxslər daşınmaz əmlakın sığortası ilə maraqlanacaq. Bu, həmin şəxslərdə stimul və motivasiya yaradacaq ki, ən böyük maarifləndirmə də əslində budur. Bunun əksi olaraq, sığorta hadisələrindən sonra şirkət sığorta ödənişini etmədikdə narazı vətəndaşlar ətraflarındakı şəxslərə də sığortaya müraciət etməməyi məsləhət görəcək", -deyə ekspert fikrini davam etdirib.

© Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263