SIĞORTA

Təkrarsığorta şirkəti, yoxsa sığorta bazarı?!
08 APREL
1179

Təkrarsığorta şirkəti, yoxsa sığorta bazarı?!

2019-04-08 09:58:00

Hörmətli sığorta peşəkarları!                                                                                                                

Söz yox ki, hamınız zəruri hallarda öz risklərinizi tam və ya onların müəyyən bir hissəsini Lloyd bazarında yerləşdirirsiniz. Lakin Siz bunu, bir qayda olaraq, ixtisaslaşmış sığorta brokerlərinin vasitəçiliyi ilə edirsiniz. Elə bu səbəbdən də, onu dərindən tanımağa sanki ehtiyac duymursunuz. Razılaşaq ki, biz ən böyük risklərimizə təminat aldığımız bir qurumu yaxşı tanımalıyıq. Əgər belədirsə, o zaman bu yazını diqqətlə oxuyun və Lloyd haqqında məlumatınızı artırın.

London Lloydunun əsası 1689-cu ildə  Londonun Siti hissəsində, Touer küçəsində yerləşən qəhvəxanada qoyulmuşdur. O,  dəniz sığortası aparmaq, dəniz gəmiçiliyi, yük, fraxt sahəsində korporasiya üzvlərinin maraqlarını qorumaq, dəniz gəmiçiliyi üzrə məlumatları toplamaq və yaymaq hüququ əldə etmişdir. Qurumun adı qəhvəxananın sahibi Edvard Lloydun adı ilə bağlıdır. Edvard Lloyd 1774-cü ildə artıq Kral birjasında möhkəm mövqe qazanmışdı. 

Lloydun sonrakı fəaliyyəti 1871-ci ildə qəbul edilmiş parlament aktı ilə rəsmiləşdirilmişdir. 1911-ci ildə isə Böyük Britaniya parlamenti tərəfindən həmin Qanuna əlavə və düzəlişlər edildi və yalnız bundan sonra o, bütün digər sığorta növləri üzrə müqavilə bağlamaq və fərqli riskləri öz üzərinə götürmək səlahiyyəti qazanmış oldu. Halbuki, o vaxtadək Lloyd uzun müddət və ənənəvi olaraq yalnız dəniz sığortasında ixtisaslaşmışdı. Həmin tarixdən etibarən Lloyd korporasiyası fərdi sığortaçılar və anderrayterlər qrupunun birliyi olmaqla, nəhəng və mükəmməl sığorta və təkrarsığorta bazarına çevrildi və uzun illər bu sahədə dünya liderliyini özündə saxlaya bildi. Hazırda London Lloydu dünyanın yüksək ixtisaslaşmış aparıcı sığorta bazarlarından olub, 200-dən çox ölkə və ərazilərdən sığorta risklərini qəbul edir.

Lloydun fəaliyyəti ilə əlaqədar son qanunvericilik sənədi 1982-ci ilin iyul ayında qəbul olunmuş Qanundur. Bu Qanuna əsasən Lloydun yeni Şurası yaradılmışdır. Şura çox geniş səlahiyyətlərə malikdir və sığorta qaydaları və şərtlərinin yaradıcılığı, intizam məsələləri daxil olmaqla, Lloydun bütün işlərinə nəzarət edir. Şura 28 üzvdən ibarətdir. Bu, əsasən Lloydun işçi üzvlərindən və kənar üzvlərdən təşkil olunmuşdur.    

Məlumat üçün bildirirəm ki, Birləşmiş Krallıqda 4770 broker şirkəti fəaliyyət göstərdiyi halda, onlardan yalnız 66-sı (Bu statistik məlumatlar bir neçə il öncəyə aid olduğundan, indi bu rəqəmlərdə müəyyən dəyişikliklər mümkündür) Lloydun brokeri səlahiyyətini əldə etmişdir. Böyük Britaniyada bütün brokerlər Sığorta brokerlərinin Qeydiyyat Şurasında qeydiyyatdan keçməlidirlər. Lloydun brokerləri də eynilə adi brokerlərin yerinə yetirdikləri funksiyaları yerinə yetirir. Lakin kimsə öz risklərini Lloydda yerləşdirmək istəsə, o, bunları yalnız Lloydun brokerləri vasitəsi ilə həyata keçirə bilər. Lloydun Komitəsi “Üzvlər”i müəyyənləşdirdikləri kimi, Lloydun brokerlərini də təsdiq edirlər.  Onlar öz təcrübələrinə, maliyyə dayanıqlılığı və düzlüklərinə görə Komitəni qane etməlidirlər. Brokerlər təsdiq edildikdən sonra öz adlarının qarşısında ‘and at Lloyds’ sözlərini işlədə bilərlər. Məsələn, “BGP Bennet Gould Partners & Brokers at Lloyds”, “The Miller İnsurance Group & Brokers at Lloyds”, “Underwriting Graduate & Brokers at Lloyds” və s.. Lloydun brokeri anderrayterlə əlaqələrin yaradılmasında sığortalını və ya təkrarsığortalını təmsil edir. Yalnız təsdiq edilmiş brokerlər “Otağa” (The Room) daxil ola və biznesi yerləşdirə bilərlər.  

Sığorta brokerləri Lloydun brokeri olmaqla fəxr edirlər və əslində bu, onlar üçün böyük şərəf işidir, onlara sığorta bazarında və deməli, digər sığorta brokerlərilə müqayisədə daha böyük rəqabət üstünlüyü yaradır və uğurlu fəaliyyətlərini stimullaşdırır.

Lloydun anderrayterlərinin sayı 30 000-dən çoxdur. Anderrayterlər korporasiyaya üzv olmazdan öncə hesaba müəyyən məbləğdə pul köçürməli və öz üzərlərinə qeyri-məhdud məsuliyyət götürməlidirlər. Onlar sindikatlarda birləşirlər. Sindikatın başçısı və ya aparıcı agent anderrayterlərin fəaliyyətinə rəhbərlik edir. Lakin sindikatın kontingentinin əksər hissəsini müstəqil adlar (the names) təşkil edir. Adlar təminat-zaminlik əməliyyatlarını aparan və onu imzalayan, lakin onun təşkili ilə bilavasitə məşğul olmayan üzvlərdir. Adlar həm sindikatın mənfəət və zərərini bölüşdürür, həm də risk kapitalını təmsil edirlər.

Lakin qeyd etmək lazımdır ki, adlar və anderraytinq üzvləri peşəkar sığortaçılar deyildir. Onlar həyatın müxtəlif sahələrini - əyləncə aləmini və aristokratiyanı təmsil edə bilirlər. Hər bir anderraytinq üzvünün iş aparan anderrayteri onun sindikatı adından rəsmiləşdirmiş olduğu bütün biznesə görə şəxsən və tam məsuliyyət daşıyır. Odur ki, anderraytinq üzvü olmaq istəyən hər bir şəxs üçün çox ciddi qaydalar mövcuddur. Cari qaydalar 1984-cü ildə Lloydun Şurası tərəfindən qəbul olunmuş nizamnamədə öz əksini tapmışdır. Lloydun üzvü olmaq istəyən hər bir şəxs Lloydun qanununun şərtlərinə riayət etmək haqqında anderraytinq razılaşmasına imza atmalıdır. Üzv olmaq istəyən şəxs həmçinin uyğun xarakterə malik olmalı, ona iki artıq mövcud üzv tərəfindən zəmanət verilməli və o, müvafiq vəsaiti nümayiş etdirməlidir.

Lloyda üzvolmanın üç forması vardır və onların hər biri üzrə xüsusi qaydalar tətbiq olunur.

1)    Peşəkar üzvlər

Bunlar Birləşmiş Krallıqda yaşayan və ən azı beş il müddətində Lloydda anderraytinq agenti, yaxud brokeri ilə işləmiş şəxslərdir. Peşəkar üzvlər biznes fəaliyyətinə başladıqları 15 ay ərzində Lloydun Giriş Testini keçməlidirlər. Bu test sığortanın əsas prinsiplərini, Lloyd bazarının strukturunu və Lloydda biznes praktikasını əhatə edir. 1992-ci ildən etibarən risk sığortalamaq istəyənlər eyni zamanda Lloydun Market Sertifikatını almaq üçün xüsusi kurs keçməlidirlər. Həmin kursların təlim proqramları müvafiq qanunvericilik, sığortanın prinsip və praktikası və Lloydun qaydaları əsasında tərtib olunur. Peşəkar üzvlər tərəfindən 100 000 funt sterlinq məbləğində vəsait qoyulması tələb olunur.

2)    Assosiativ adlar

Lloyd bazarında fəaliyyət göstərən, lakin peşəkar adların tələblərinə cavab verməyən firmaların işçiləri, yaxud rəhbərləri bu ad altında qəbul oluna bilərlər. Onlar 30 000 funt sterlinq vəsait qoymalıdırlar.

3)    Digər adlar

Bunlar yuxarıdakı iki kateqoriyaya aid olmayan kənar üzvlərdir. Onlar da 100 000 funt sterlinq vəsait qoymalıdırlar. Üzvün yaza biləcəyi premiya məbləği üzvlük kateqoriyasına, qoyulan vəsaitə və depozit səviyyəsinə əsasən müəyyənləşdirilir. Depozit üzv tərəfindən yazılan sığorta müqavilələrindən daxil olan sığorta haqlarına aiddir. Burada faktiki rəqəmlərdən daha çox onun konsepsiyası bizim üçün vacibdir. Əsas məsələ bütün mərhələlərdə maliyyə təhlükəsizliyinin təmin edilməsindən ibarətdir və həyata keçirilən müxtəlif tədbirlər də məhz bu ümumi məqsədə xidmət edir.

Lloydda biznesin aparılması

Sadəcə Lloyd kimi tanıdığımız London Lloydu müasir sığorta sənayesinin əsasıdır, desək, səhv etmərik. Lloyd Londonun mərkəzində, onun Siti hissəsində müasir, məqsədəuyğun şəkildə tikilmiş binada qərarlaşmışdır. Bu məkan alıcıların və satıcıların bir araya gəldiyi möhtəşəm bir bazardır. Lloyd bazarında sığortanın aparılması proseduru və praktikası hər hansı bir digər sığorta şirkətindən kifayət qədər fərqlidir. Bunlar uzun illərin təcrübəsi əsasında yaranaraq formalaşmışdır. Lloydun təcrübə keçdiyim çoxmərtəbəli binasının hər mərtəbəsində qızğın iş gedirdi. Anderrayterlər və onların heyəti nömrələnmiş bokslarda oturur və Lloydun brokerləri həmin bokslarda anderrayterlərlə öz kontraktlarını müzakirə edirlər. Onlayn qaydada biznes sövdələşmələrini sona çatdıra bilməyən brokerlər qoltuqlarında notebook və portfellərlə anderrayterlərlə bəzən mübahisə edir, onları inandırmağa çalışır, riskləri yerləşdirmək üçün dəridən-qabıqdan çıxırlar. Brokerlər çalışırlar ki, bir anderrayterlə işi başa çatdırsınlar. Lakin bu baş tutmadıqda, onlar riski tam yerləşdirənədək bir boksdan digər boksa keçir, növbəti anderrayterlərə yaxınlaşır, sövdələşmələri davam etdirirlər.

İndi isə prosesi bir qədər daha dəqiq şərh etməyə çalışaq. Lloydun brokeri, bir qayda olaraq, öncədən hazırladığı Sliplə tələb olunan növ üzrə ixtisaslaşmış anderrayterə yaxınlaşır. Slip sığortalanacaq risk haqqında ətraflı məlumat verən bir vərəq kağızdar. Həmin vərəqdə sığortalının adı, tələb olunan təminat müddəti, risklər, sığortalanan əmlak, sığorta məbləği, xüsusi şərtlər, gözlənilən sığorta haqqı məbləği göstərilir. Təklif olunan riskin anderrayter tərəfindən bir yerdə, yaxud proporsional qaydada qəbul olunması mümkündür. Riskin digər aspektləri üzrə də müzakirələr aparılır və anderrayter, bəzən, slipin bir sıra şərtlərini dəyişdirmək məcburiyyəti qarşısında qalır. Slipin şərtləri üzrə ümumi razılıq əldə edildikdə, anderrayter onu möhürləyir və öz sindikatı üçün qəbul etməyə hazır olduğu proporsiyanı paraflayır. Həmin proporsiya çox az, deyək ki, 5% ola bilər və broker 100% sığortalananadək digər anderrayterlərə müraciət etməkdə davam edəcəkdir. Əgər broker yaxşı “lead” yarada bilsə, digər anderrayterlər aparıcı anderrayterin şərtlərini qəbul edəcəklər. Əks təqdirdə, broker yeni şərtlərlə hər şeyi sıfırdan başlamalı olacaqdır. Burada qeyd etmək yerinə düşər ki, Lloydda brokerlər üçün ən çətin an özlərinin hörmətli təkrarsığortalılarının nisbətən kiçik risklərini yerləşdirməklə bağlı olur. Çünki Lloyd anderrayterləri belə riskləri qəbul etməyə, ona vaxt və enerji sərf etməyə lüzum görmür və daha böyük məbləğləri özündə ehtiva edən qlobal risklərin sığortalanmasında maraqlı olurlar.

Polis imzalama ofisi

Slipi tamamlayandan sonra, broker öz ofisinə qayıdır və həmin slipə uyğun olaraq polis hazırlamağa başlayır. Bundan sonra polis və slip Lloydun Polis İmzalama Ofisinə təqdim olunur. Orada Polis Sliplə tutuşdurularaq yoxlanılır və bütün sindikatların adından imzalanır. Polis imzalama ofisində toplanan məlumatlardan sindikatlar və brokerlər üçün aylıq hesabatlar hazırlanır.

İddialar

Lloydun brokeri, eyni zamanda, öz müştərilərinə iddiaların tənzim edilməsi ilə bağlı xidmət göstərir. Dəniz sığortası iddiaları ilə əlaqədar olaraq o, Lloyd Anderrayterlərinin İddialar Ofisi adlanan mərkəzi ofisinin əməkdaşları ilə danışıqlar aparır. Qeyri-dəniz iddiaları isə birbaşa sindikatların iddialar üzrə rəsmiləri ilə “Otağın” bokslarında müzakirə edilir.

Lloydun digər funksiyaları

Lloydda məlumat və digər xidmətlər də göstərilir. Lloydda gündəlik qəzet-bülleten (Lloyds’ list) çıxır. Lloydun yük bülleteni (Lloyds’ Loading List) Qanunvericilik haqqında məlumat (Lloyds’ Law Report) və s. böyük əhəmiyyət kəsb edir.

Lloydun təşkilati strukturu da fərqlidir. Lloydun Şurası Tənzimləmə və Marketinq idarələrindən ibarətdir. Hər idarə müvafiq struktur bölmələrdən təşkil olunmuşdur. Tənzimləmə idarəsi Lloydun üzvlərinin mənafeyini qoruyan Qaydalar Toplusunu hazırlayır, inzibati işlərin icrasını həyata keçirir. Marketinq idarəsinin əsas məramı isə Lloydda biznesin inkişaf etdirilməsindən ibarətdir.

 (Bu yazı hazırlanarkən İngiltərənin Çarter Sığorta İnstitutunun professoru G.Dicksonun “Risk and Insurance” kitabından istifadə edilmişdir)

 

© Şükür Hüseynov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264