SIĞORTA

Artıq 42 min ailəyə 100 manat yardım edilib - Nazir
26 DEKABR 2018
363

Artıq 42 min ailəyə 100 manat yardım edilib - Nazir

2018-12-26 10:56:00

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli Sərəncamı aztəminatlı ailələrə daha bir qayğıdır. Fins.az xəbər verir ki, Sərəncam ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat birdəfəlik yardım verilməsini nəzərdə tutur ki, bu da həmin ailələrin, yəni 50 minədək ailənin (200 mindən çox ailə üzvünün) bayram ərəfəsi maddi təminatlarına bir dəstəkdir. S.Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial müdafiə və reabilitasiya sahələrində aparılan işlərə dəstək məqsədli layihələrindən bəhs edib, xüsusilə də bu layihələrin həssas qruplara, sağlamlıq imkanları məhdud uşaqlara, valdeyn himayəsindən məhrum gənclərə qayğının artırılmasında mühüm rol oynadığını vurğulayıb. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması işlərindən bəhs edən S.Babayev bu işlər, həmçinin məqsədyönlü stimullaşdırıcı tədbirlər nəticəsində cari ildə əmək müqaviləsi ilə işləyənlərin sayının 100 min nəfər artdığını deyib. Nazir sosial yardım sisteminin optimalaşdırılması, bu sahənin şəffaflaşdırılması istiqamətində cari ildə görülən islahat tədbirlərini qeyd edib. S.Babayev əlillik təyinatlarında şəffaflığın və qanunvericiliyin tələblərinin təmin edilməsi yönündə aparılan işləri də diqqətə çatdırıb. O, görülən tədbirlərin nəticəsi olaraq, 2018-ci ilin III rübündə ilkin əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayının ilin birinci rübünə nisbətən 61,3 faiz, həmçinin I qrup əlillik üzrə 76 faiz azaldığını bildirib. Fiziki məhdudiyyətli insanların sosial yönmülü reabilitasiya tədbirlərinə cəlb olunması işlərinin genişləndirildiyini qeyd edən nazir bildirib ki, Nazirliyin sosial xidmət müəssisələrinin istedadlı sakinləri, onların yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin məlumatları əhatə edən ilk kitab-albom- “Əlillik qüsur deyil” kitab-albomu Azərbaycan və ingilis dillərində hazırlanaraq nəşr etdirilib. Həmçinin əsasən əlilliyi olan yaradıcı insanları birləşdirən ƏSA teatrına müvafiq dəstək verilir. S.Babayev qeyd edib ki, 2018-ci ildə ölkədə ilk dəfə olaraq elektron sosial reyestr, yəni e-sosial internet portalı yaradılıb. Vətəndaşlar bu portal vasitəsilə nazirliyin informasiya ehtiyatlarında və sistemlərində onlar barədə formalaşmış və saxlanılan məlumatlara çıxış imkanı əldə edə, nazirliyin aidiyyati qurumlarına müraciət və sorğular göndərə, elektron xidmətlərdən real rejimdə yararlana bilərlər. Həmçinin hazırda vahid məşğulluq portalı, habelə onun tərkib hissəsi kimi nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində məşğulluq altsistemi yaradılır. Nazir vurğulayıb ki, Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılmasını nəzərdə tutmaqla bu istiqamətdə mühüm innovativ yeniliyə yol açıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olaraq reallaşdırılan DOST layihəsi dövlət sosial xidmətlərinin, yəni nazirlik üzrə artıq pasportları hazırlanmış 124 xidmətin bir pəncərədən, tam şəffaf, vətəndaş rahatlığı prinsipi və sadə prosedurlarla təqdim olunmasına, ölkəmizin yeni bir brendinin formalaşmasına imkan verəcək. DOST layihəsinin reallaşdırılması üçün bütün hüquqi, institusional, texniki hazırlıq işləri başa çatmaqdadır və 2019-2025-ci ildə paytaxtda və bölgələrdə ümumilikdə 31 “DOST” mərkəzi açılacaqdır. S.Babayev vurğulayıb ki, beləliklə, bu gün nazirlik 100 illik yubileyini Prezident cənab İlham Əliyevin təkmil sosial islahatlar proqramının işgüzar ruhunda, əmək, məşğulluq, sosial təminat sahələrində innovativ yanaşmalara əsaslanan mütərəqqi, şəffaf, ədalətli və çevik sistemlərin qurulmasına doğru mühüm addımlarla qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2018-ci il tarixli Sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin bir qrup əməkdaşının fəxri adla və “Tərəqqi” medalı ilə təltif edilmələri də dövlət başçısının bu sahədə çalışan insanların əməyinə yüksək dəyər verdiyini göstərir.

 

                                                                                                                            Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264