SIĞORTA

Sığorta hadisəsi zamanı əmlakın qiymətləndirilməsində yaranan çətinliklər
13 DEKABR 2018
214

Sığorta hadisəsi zamanı əmlakın qiymətləndirilməsində yaranan çətinliklər

2018-12-13 17:26:00

Hal-hazırda ölkəmizin sığorta sahəsində yaranan çətinliklərdən biri də odur ki, sığorta hadisəsi zamanı zədələnmiş əmlakın qiymətləndirilməsi prosedurası düzgün icra edilmir. Belə ki, hadisə baş verdikdən sonra ya sığorta şirkətləri, ya da sığortalılar (vətəndaşlar) üzərinə düşən işi lazımınca yerinə yetirmir.

Qanunu göstərişinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Lakin tərəflər “ən qısa müddət” göstərişinə həmişə riayət etmir.

Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Hal-hazırda bu cür ekspertlər Maliyyə Bazarlarına Nəzarət Palatasında reyestrdən keçən şəxslərdi. Bu şəxslər müxtəlif peşə sahibi olmaqla hadisənin baş vermə səbəblərini müəyyən edir, o cümlədən zədələnmiş əmlakı qiymətləndirir. Fins.az xəbər verir ki, bu sözləri vəkil Tural Şükürov qeyd edib. 

Bu ekspertlər sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi ilə bağlı sığortaçının (sığorta şirkətinin) malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.

Sığorta müqaviləsinin digər tərəfləri, yəni əmlak sığorta müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
2. sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.

Mübahisə bax elə bundan sonra başlayır. Sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmir. Bundan əlavə sığorta şirkətinin səlahiyyətli mütəxəssisi də əmlaka baxış keçirmir, müvafiq qiymətləndirmə işləri aparmır. Sığorta şirkətləri səbəb olaraq, dövlət orqanlarının arayışını, sənədlərin verilməməsini və s. halları əsas gətirir. Nəticədə sığorta hadisəsinin tənzimlənməsi prosedurası uzun vaxt ərzində uzanır. 
Ona görə də vətəndaşlar sığorta sahəsində əsasız süründürməçiliklərin olması qənaətinə gəlirlər.
Mütəxəssislər hesab edirlər ki, bunun üçün birinci növbədə sığorta sahəsində fəaliyyət göstərən ekspertlərin mərkəzləşdirilmiş idarəçiliyi olmalıdır. Eyni zamanda sığorta ekspertləri ilə bağlı normativlər hazırlanmalıdır ki, onların fəaliyyəti qanunamüvafiq tənzimlənsin. Bundan sonra əmlakın qiymətləndirilməsində hər hansı bir inkişafdan danışmaq olar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256