SIĞORTA

"Cəmiyyətdə sığorta mədəniyyəti formalaşmalıdır" MÜSAHİBƏ
15 NOYABR
2104

"Cəmiyyətdə sığorta mədəniyyəti formalaşmalıdır" MÜSAHİBƏ

2018-11-15 11:07:00

 "Rəvan Sığorta" şirkətinin sədr müavini Fuad Əliyev Fins.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: 

Şirkətin fərdi müştərilərlə bağlı bir hədəfi varmı?

Bildiyiniz kimi cəmiyyətimiz 1998-ci ildən yaranıb və artıq 20 ildən çoxdur ki, sığorta bazarında fəaliyət göstərir. Bu illər ərzində keçdiyimiz yola nəzər salsaq xidmətimizin daha çox fərdi müştərilərin sığorta ehtiyaclarının ödənilməsinə yönəlmiş olduğunun şahidi olarıq. Sığorta portfelimizin böyük əksəriyyəti fiziki şəxslərlə bağlanan müqavilələrin təşkil etməsi, bizim fərdi müştərilərlə daha çox işlədiyimizin göstəricisidir. Düzdür korporativ satışlar hər zaman daha əlverişli və səmərəli olurlar, ancaq fərdi müştərilərə xidmət göstərmək “Rəvan Sığorta” ASC-nin deyərdim ki, bu illər ərzində əsas fəaliyyət istiqamətinə çevrilib.  Sizə bir statistika açıqlayım: Cari ilin 9 ayında bağlanan 1844 müqavilədən 1417-si  fərdi şəxslərlə bağlanan müqavilələridir və bu nisbət son illərdə daha da artmaqdadır. 2015-ci ildə biz sığorta bazarının sosial-iqdisadi əlamətlərə görə mikroseqmentləşdirməsini həyata keçirdik və əsasən fərdi müştərilərin tələblərini nəzərə alaraq 99 manatlıq kasko sığorta məhsulunu hazırladıq. Təsəvvür edin ki, 99 azn ödəməklə insanlar 2500 azn təminat əldə edirlər. Bu məhsulun zərərsizlik  səviyyəsi, işlərin aparılması xərclərini də nəzərə alsaq 30/1 nisbətindədir. Bu o deməkdir ki, hər 30 avtomobildən birinə 2500 azn ödəniş olunsa sığortaçı bu məhsuldan gəlir əldə edə bilmir. Ancaq biz, son zamanlar sürücülərimizin mariflənməsini və artıq qaydalar çərçivəsində avtomobil idarə etmək vərdişlərinin artmasını nəzərə alaraq bu məhsulu bazara çıxardıq və bu gün bu məhsul özünü doğrultmaqdadır. Bundan başqa 39azn sığorta haqqı olmaqla 15000azn təminat məbləği olan daşınmaz əmlak sığortası və bir çox bu kimi xidmətlərimizi fərdi müştərilər üçün təklif edirik və yeni məhsulların hazırlanması üzərində çalışırıq.

Sizcə insanların imkanlarımı yoxdur sığorta etdirməyə, yoxsa qənaət üçün bunu etmirlər?

Yaxşı sualdır. Mən məsələyə bir az geniş prizmadan yanaşmaq istərdim. Məlumdur ki, possovet ölkələrində özəl sığortaçılığın tarixi, müstəqilliyin tarixindən çox deyil. Ölkəmizdə bütün sahələrdə olduğu kimi bu gün sığorta və sığortaçılıq öz inkişaf və eyni zamanda təkamül dövrünü yaşamaqdadır.  İnkişaf etmiş dövlətlərin təcrübəsində olduğu kimi cəmiyyətdə birinci növbədə sığorta mədəniyyəti formalaşmalıdır. Burda sığorta şirkətlərinin sığorta məhsullarını və onların faydalarını, istifadəçilərə düzgün və doğru şəkildə çatdırmaqları böyük əhəmiyyət kəsb edir. Sığorta bazarının inkişafı könüllü sığortanın ümumi daxılda xüsusi çəkisi ilə ölçülür. Bu göstəricini  insanların sığortaya marağının və etibarının bir ölçü meyarı hesab etmək olar. Sığorta risklərin ötürülməsi sistemidir, Amerika va Avropa mütəxəsisləri tərəfindən risk amilinin müxtəlif cür tərifləri verilib. Mənim daha çox qəbul etdiyim “Risk - arzuolunmaz hadisələrin baş vermək ehtimalıdır” tərifidir. Məhs arzuolunmaz hadisələrin baş verməsi zamanı ehtimal olunan zərərlərin qarşılanması üçün hər bir vətəndaşımıza aylıq gəlirlərindən sığorta haqları  üçün müəyyən bir vəsait ayırmalarını tövsiyyə edərdim. İnsanlar sığortanın mahiyyətini anlamalı və sığortaya ödənilən vəsaitlərin elə əslində ən yaxşı qənaət olmasını bilmələri vacibdir. Ümid edirəm ki, vətəndaşlarımız internetə, mobil rabitəyə, komunal ödənişlərə, geyimə və s. hər ay vəsait ayırdıqları kimi şəxsi və əmlak sığortalarına da eyni qaydada pul ödəməyə adət edəcəklər.

Şirkətinizdə hansısa bir dəyişiklər baş veribmi?

“Rəvan Sığorta” ASC-də 2018-ci ilin yanvar ayından illik fəaliyyət planına uyğun olaraq xidmətimizin əhatə dairəsini genişləndirmək, sığorta satışlarını və investisiya yatırımlarını artırmaq məqsədi ilə yeni departament, şöbələr yaradılmış və işçi personalın sayı artırılmışdır.  Gələn il üçün yeni filial və nümayəndəliklər açmaqla, könüllü sığortanı reqionlarda daha əlçatan etmək niyyətimiz var.

 Hər ay Palata tərəfindən şığorta şirkətlərin reytinqi açıqlanır. Razı qalırsınız göstəricilərdən?

Sığorta cəmiyyəti içtimai əhəmiyyətli maliyyə qurumudur. Dövrü olaraq qanunvericiliyə uyğun  şəkildə maliyyə göstəricilərinə dair hesabatlarını dərc etməlidirlər. Sığortaçılar aylıq, rüblük və illik olaraq nəzarət orqanına müvafiq hesabatlar təqdim edirlər. Bəhs etdiyiniz reytinqlər həmin hesabatların statistikasından formalaşır və hər bir sığortaçının bu reytinqdə tutduğu mövqe onun fəaliyyətinin rəqəmlərlə ifadəsidir. Son açıqlanan reytinq cari ilin 9 ayını əhatə edir. Keçən ilə nisbətən 2018-ci ildə reytinqdə bir pillə irəliləmişik. Sığorta satışı üzrə 18-ci, zərərlilik dərəcəsinə görə 6-cı sıradayıq. Keçən ilin analoji dövrü ilə müqaisədə bağladığımız sığorta müqavilələri məbləğ olaraq 277%, müştəri sayı olaraq 237% artıb. İnvestisiya gəlirlərində 30 % artım baş vermişdir. Əlbətdə nəticələrimiz yaxşılaşması bizi sevindirir, lakin qane etmir. Növbəti ildən yeni satış nöqtələri açmaq, personalın sayını artırmaq və xidmət növlərimizi çoxaltmaq niyətindəyik.  

Şirkətin əsas məqsədi nədir?

Sığorta cəmiyyətinin əsas fəaliyyəti sığortalamaq və investisiyalaşdırmaqdır. Sığortaçılar sığorta haqlarının alınması ilə ödənişlərin həyata keçirilməsi intervalında olan zaman fərqindən istifadə edərək həmin məbləğləri müxtəlif  maliyyə alətləri vasitəsi ilə investisiyaya yönəldirlər. İnvestisiya şirkətləri öz növbəsində bu vəsaitlərdən fərqli sektorların maliyələşməsində istifadə edirlər.  Güclü sığorta bazarı Milli İqdisadiyyatın dayanıqlığında əhəmiyyətli rola malikdir. “Rəvan Sığorta” ASC-nin məqsədi müxtəlif növdə sığorta məhsullarının fərqli maliyyə resurslarına malik olan insanlar üçün əlçatan edərək sığorta istifadəçilərinin sayının artırılması və onları sığortadan istifadə  etmələrinə təşviq etməkdir. Sığorta satışlarının artırılması və gəlirlərin bir hissəsinin xidmətin yaxşılaşdırılmasına yönəldilməsi bizim üçün əsas inkişaf mexanizmidir.

Bu ilin sonuna qədər şirkətin hədəfi nədir?

Cari ilin sonuna iki aydan da az qalıb, hədəfimiz bu müddət ərzində keçən ilin noyabr, dekabr ayları üzrə bütün göstəricilərimizi yaxşılaşdırmaqdır. Səfər sığortaları üzrə xidmət əhatəmizi genişləndirməyə başlamışıq, bunun üçün bizim bütün tələblərə cavab verən “online səyahət” modulumuz var. Aşağı büdcəli kasko sığorta məhsullarını bazarda tanıtmağa davam edirik. Vətəndaşların tələb meyarları üzərindən yeni məhsullarımızı hazırlayırıq.  

9 ay ərzində ən çox yığım hansı sığorta növü üzrə olub?

Son doqquz ay ərzində ən çox sığorta satışı “kasko” sığortası üzrə olmuşdur. Sözü gedən dövr ərzində kasko sığorta satışları ümumi satışın 68% təşkil edib.

Ən çox sığortalananlar hansı sahəyə aiddir ?

“Rəvan Sığorta” ASC-nin fəaliyyət istiqaməti qeyri həyat (ümumi) sığorta sahəsidir. Sığorta növü üzrə könüllü, sığorta obyekti baxımından həm şəxsi, həm də əmlak sığortaları təklif edirik. 17 müxtəlif növdə sığorta xidmətləri göstəririk. Bağladığımız müqavilələrin böyük əksəriyyəti əmlak sığortaları üzrədir.

Ən çox geri dönüşü (feedback) hansı reklam daşıyıcısından  əldə etmisiniz?

Dünyada internet istifadəçilərinin getdikcə artması fonunda reklamların bir hissəsi sosial mediaya transfer olunur. Ətrafımızda demək olar ki, hər şey rəqəmsallaşır və mobil reklam dinamik şəkildə inkişaf etməkdədir. Əvvəllər küçə reklamlarından istifadə edirdik. Hazırda internet, radio ilə yanaşı çap məhsulları üzərində reklamlardan da yararlanırıq. Müxtəlif tədbirlədə təmsil olunuruq, bəzilərində sponsor qismində çıxış edirik. Ən çox geri dönüş sosial media reklamlarından əldə olunur. Fikrimcə bunu elektron medianın auditoruyasının ənənəvi mediadan daha geniş olması ilə əlaqələndirmək olar.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256