SIĞORTA

Dünya nəhəngi Azərbaycana razılıq verdi
21 SENTYABR
1561

Dünya nəhəngi Azərbaycana razılıq verdi

2018-09-21 09:32:00

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) və Almaniyanın "Genillard & Co." Sığorta brokinq və konsaltinq şirkətinin təşəbbüsü ilə "Azərbaycanda aqro-sənaye holdinqlərinin sığorta ehtiyacı" mövzusunda geniş tərkibli seminar təşkil olunub.

ASA-nın mətbuat xidmətindən Fins.az-a bildiriblər ki, seminar "Kənd təsərrüfatı istehsalatında risklərin idarə edilməsinin məqsəd və dəyəri", "Azərbaycan kənd təsərrüfatı sığortasının inkişafı", "Biznes prosesləri, məlumatların mövcudluğu və məlumatların idarə edilməsi", "Anket sorğusu və sahə üzrə sorğu", "Sığorta və təkrarsığorta xidmətləri" kimi mövzuları əhatə edib.

Seminarda "Genillard & Co." və "Swiss Re"nin əməkdaşları öz nəzəri və praktiki biliklərindən istifadə edərək kənd təsərrüfatı sığortası üzrə risklərin müəyyən edilməsi metodları, məlumatların və risklərin idarə edilməsi, həmçinin Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi və inkişafı, təkrarsığortası kimi məsələlərlə bağlı geniş və ətraflı məlumat verib, təqdimatlarla çıxış ediblər.

Seminar daha sonra iştirakçıların mövzu ilə bağlı müzakirələri və fikir mübadiləsi ilə davam edib. Azərbaycanda kənd təsərrüfatı risklərinin əvvəllər sığortalanmaması, bu risklərlə bağlı zəruri məlumatların məhdudluğu xarici təkrarsığorta şirkətlərinin əməkdaşlığı məsələsində müəyyən problemlər yaradır. Ancaq "Genillard & Co." şirkətinin Azərbaycan kənd təsərrüfatı sığortası mexanizminə verdiyi dəstəyin nəticəsi olaraq İsveçrənin nüfuzlu təkrarsığorta şirkəti "Swiss Re" kənd təsərrüfatı üzrə riskləri təkrarsığorta etdirməyə razılıq verib.

Xatırladaq ki, bu ilin əvvəlindən etibarən "Azərbaycanda kənd təsərrüfatı sığortası haqqında" Qanun layihəsi və bunun tətbiq mexanizmlərinin müzakirəsi məqsədilə ASA nəzdində Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi, sığortaçılar və müstəqil ekspertlərdən ibarət işçi qrupunun çoxsaylı görüşləri baş tutub. Bu müzakirələrin yekunu olaraq "Azərbaycanda kənd təsərrüfatı sığortası haqqında" Qanun layihəsinə bir sıra dəyişikliklər edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255