SIĞORTA

Beynəlxalq sığorta və təkrarsığorta terminləri (II Yazı) - ŞÜKÜR HÜSEYNOV
04 İYUL
1800

Beynəlxalq sığorta və təkrarsığorta terminləri (II Yazı) - ŞÜKÜR HÜSEYNOV

2018-07-04 10:33:00
  1.     İMİC (KORPORATİV İMİC (Eng.: CORPORATE İMAGE)

Korporativ imic hazırda şirkətin reputasiyasını bildirən ümumi ifadə kimi işlədilir. Korporativ imic şirkətin kütlə tərəfindən necə qəbul edilməsinin bir işarəsidir. Şirkətin menecmenti müsbət imicin formalaşdırılması, brendin yaradılması, təbliğat və təşviqat, simvolların istifadəsi və fəaliyyətin ictimailəşdirilməsi üçün davamlı olaraq səy göstərir. Bir çox hallarda işçinin tələsik və ehtiyatsız bir hərəkəti, yaxud səhv telefon cavabı müştərilərin nəzərində şirkətin imicini zədələyə və ona xələl gətirə bilər. Lakin bütövlükdə imic bir sıra elementlər kompleksinin mövcudluğunu özündə ehtiva edir. Vacib imic elementləri bunlardır: 1) şirkətin əsas biznes və maliyyə göstəriciləri, 2) reputasiya və brend göstəriciləri, 3) konkret işlərə əsaslanan innovasiya və texnoloji proseslərə görə reputasiya, 4) şirkətin öz əməkdaşlarına münasibətdə siyasəti, 5) şirkətin müştərilərlə, tərəfdaşlarla, səhmdarlarla və geniş əhali kütləsi ilə nümunəvi xarici münasibətləri, 6) işlərin, fəaliyyətin potensial müştərilərin qəbul edəcəyi yönümdə qurulması.  Bəzən xarizmatik lider o dərəcədə məşhur olur və tanınır ki, o, şirkətin adına və imicinə öz şəxsi töhfəsini verir. Korporativ imicdə ən vacib faktor şirkətin əsas biznes göstəriciləridir; biznes göstəriciləri ilk öncə maliyyə göstəricilərini, o cümlədən  maliyyə sabitliyini, ödəniş qabiliyyətliliyini, müsbət biznes tarixini, sabit əmək haqqı tarixini əhatə edir.  Buraya biz, fəaliyyətin müştəri yönümlülüyünü və müştərilərin məmnunluğunu, şirkətin uzunmüddətli dinamik inkişafını, onun loqosunu, brendini, pərakəndə satış nöqtələrinin, ofislərin mükəmməlliyini, hətta biznes və danışıq kartlarının forma və məzmununu da daxil edə bilərik.  İmic sığorta bazarının iştirakçısı olan sığortaçının barəsində formalaşan ümumi müsbət fikir, onun müsbət obrazı deməkdir. Müsbət imicin nəticəsi – sığorta məhsullarının satışının artması, mükəmməl agent şəbəkəsi və işçilərin işə götürülməsi zamanı problemin olmaması ilə sonuclanır.

Beynəlxalq sığorta və təkrarsığorta terminləri – ŞÜKÜR HÜSEYNOV

İNDEKSASİYA (ENG. INDEXING)İndeksasiya qiymət indeksini tətbiq etmək yolu ilə inflyasiyanı və nəticə etibarı ilə vergi ödəmələrini tənzimləmək üçün istifadə olunan bir üsuldur. Başqa sözlə, indeksasiya – aktivi aldığınız andan onu satdığınız anadək inflyasiyanı nəzərə alan bir prosesdir. İndeksasiyanın əsas iş prinsipi ondan ibarətdir ki, o, inflyasiyanın təsirini nəzərə almaq üçün aktivin alış qiymətini şişirtməyə imkan verir. Nəticə etibarı ilə siz, öz vergi öhdəliklərinizi aşağı salmağa imkan əldə edirsiniz. Bir qayda olaraq, ölkədə inflyasiya indeksi hökumət səviyyəsində müəyyən olunur və hər il onun dəyişmə tendensiyasına uyğun olaraq artırılır. Bu isə pensiya və müavinətlərin, habelə digər ödəmələrin adekvat şəkildə tənzim edilməsinə imkan yaradır. Sığortada indeksasiya sığorta xərclərinin və ya sığorta ödənişlərinin istehlak qiymətləri indekslərinə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.                                          

İNDOSSAMENT (ENG. ENDORSEMENT)sığorta polisində, konosomentdə, digər mal bölüşdürücü və pul sənədlərindəəlavə qeyd (müqaviləyə və ya sığorta şəhadətnaməsinə sığorta şərtlərinin dəyişməsi ilə bağlı daxil edilən bütün düzəlişlər). Bu halda əlavə sığorta haqqının ödənilməsi və ya ödənilmiş sığorta haqqının bir hissəsinin qaytarılması tələb olunur.                                                    

İRREYTA rəsmiləşdirilmə zamanı sığorta sənədində (sığorta müqaviləsində, sığorta şəhadətnaməsində və s.) yol verilmiş cüzi səhvin (xətanın) düzəlişini təsdiq edən qeyd.                                                                                                                                       

INVENTAR RİSKİ (INVENTORY RISKS)şirkətin ehtiyatlarının saxlanması zamanı qiymətlərin aşağı düşməsi, əmtəənin mənəvi köhnəlməsi nəticəsində dəyərsizləşmə riski.                                                                                KALKULYASİYA (ENG. CALCULATİON) Hesablama texnikası (kompüter) vasitəsilə hesablayıb dəqiqləşdirmənin aparılmasını nəzərdə tutur. Bu söz İngilis dilinə latın mənşəli calculus sözündən keçmişdir və ilkin mənası öd kisəsində xırda daş deməkdir. Qədim zamanlarda latın mənşəli ölkə xalqları və qədim yunanlar adi hesablamaları məhz daşlar vasitəsilə edirdilər. Beləliklə, kalkulyasiya calculattio sözündən olub, hesab, hesablama deməkdir. Bu söz termin kimi tək sığortada deyil, əksər digər fəaliyyət sahələrində də işlədilir.                                                                           

 KAPİTAL (ENG. CAPİTAL)İqtisadi yönümlü vəsaitlərdə “kapital” termininin çox mənalarını açıqlayırlar. Lakin onlardan sığortada da istifadə olunan üçünü özəlliklə qeyd etməliyik:

1. İqtisadi kapital. Bu, maliyyə kapitalını (fondlar, borclar, səhmlər, aktivlər və s., maddi kapitalı (zavodlar, fabriklər, avadanlıqlar, idarələr, maşınlar, kompüterlər, alətlər və s.) və  qeyri-maddi kapitalı (şirkətin brendinin dəyəri və s.) əhatə edir;

2. Natural capital.  Bu, bizim tanıdığımız bütün təbii ehtiyatları özündə ehtiva edir. Məsələn: neft, qaz, dəmir filizi, meşə, dağ-mədən ehtiyatları, yeraltı mineral sular və s. kimi təbii resurslar natural kapitaldır.

3. İnsan kapitalı. Bu, ixtisaslaşmış, həmçinin bilik, bacarıq, təcrübə, bütövlükdə peşəkar göstəriciləri ilə tələb olunan səviyyədə olan kadrları, işçi ehtiyatını, habelə ixtisasın artırılmasına çəkilən xərcləri nəzərədə tutur.

KOVERNOT (ENG. COVER NOTE): (cover – təminat vermək, sığortalamaq + note – qısa qeydiyyat) sığorta brokeri tərəfindən sığortalıya və ya təkrarsığortalıya verilən və onların tapşırığı ilə risklərin yerləşdirilməsini təsdiq edən sənəddir.

Kovernotda sığortanın şərtləri və tarif dərəcəsi də göstərilir. Sığorta brokerinin verdiyi kovernota görə sığortaçı hüquqi məsuliyyət daşımır. Belə ki, kovernot hələ sığorta müqaviləsinin bağlanmasının təsdiqi deyildir və o, sığorta müqaviləsi (sığorta şəhadətnaməsi, sığorta polisi) ilə əvəz edilməlidir.                                                

Kovernot təkrarsığortada da tətbiq olunur və təkrarsığorta müqaviləsini (təkrarsığorta slipini) əvəz edərək, bütün tərəflər üçün hüquqi sənəd qüvvəsinə malik ola bilər.                                                                                           

 Kovernot nəqliyyat yükdaşımalarında geniş tətbiq olunur.                                       

Nümunə: Fərz edək ki, sahibkar satış üçün Fillandiyadan Azərbaycana il ərzində ümumi dəyəri 60 milyon dollar təşkil edən digital fotoaparatlar gətirməlidir. O, hər ay malın  5 milyon manatlıq hissəsinin TİR vasitəsilə daşınmasını planlaşdırır. Bu məqsədlə o, sığortaçı ilə 60 milyon manat sığorta məbləğinə bir ümumi sığorta müqaviləsi bağlayır. Lakin razılaşdırılır ki, hər bir daşınan 5 milyonluq mala görə sığortaçı tərəfindən öncədən kovernot yazılacaqdır. Bu cür sürətli rəsmiləşdirmə  yük sahibinə imkan verir ki, o, yüklə bağlı bütün sənədləşmə işlərini, o cümlədən gömrük rəsmiləşdirmələrini heç bir maneə olmadan vaxtlı-vaxtında yekunlaşdıra bilsin.                                                                                                                                   

КVOTA (ENG. QUOTA) Bu, müəyyən obyektin və ya riskin eyni zamanda bir neçə sığortaçı tərəfindən şərikli sığorta formasında sığortalanmasında hər bir sığortaçının iştirak payıdır. Vahid sığorta müqaviləsi kimi rəsmiləşdirilir və həmin müqavilədə hər bir sığortaçının məsuliyyət limiti dəqiq göstərilir və ya hər bir iştirakçı sığortaçıya öz üzərinə götürmüş olduğu məsuliyyət limitinə adekvat sığorta polisi verilir.                                                                                                           

КVOTALI TƏKRARSIĞORTA (ENG. QUOTA-SHARE REİNSURANCE - PAY TƏKRARSIĞORTA MÜQAVİLƏSİ) Təkrarsığortaçının riskin və ya risklər toplusunun təkrarsığortalanmasında iştirak payıdır. Müxtəlif təkrarsığorta müqavilələri formaları əsasında rəsmiləşdirilir.

Nümunə 1: Sığortaçı (təkrarsığortalı) sığortalamış olduğu və dəyəri 100 min manatdan yuxarı olan bütün avtomobillərə görə riskin 50%-ni mütləq qaydada X təkrarsığortaçıya ötürür. Bu halda sığorta haqqının da 50%-i təkrarsığortaçıya ödənilməlidir.                                                                                                                        

Nümunə 2: Sığortaçı (təkrarsığortalı) daşınmaz əmlak sığortası üzrə bütün könüllü portfelinin 50%-ni hər birinə 10% olmaqla A, B, C, D və E təkrarsığortaçıları arasında bölüşdürür. Başqa sözlə, həmin təkrarsığortaçılar (payçılar) sığorta obyekti ilə bağlı risk(lər)i eyni zamanda sığortalamaqla, müvafiq sığorta ödənişi üzrə (gələcək ödənişlər üzrə) öhdəlikləri də həmin nisbətdə bölüşdürürlər. Bu halda hər bir təkrarsığortaçıya çatası sığorta haqının  müvafiq olaraq 10%-i də onların hesabına ödənilməlidir. Yeri gəlmişkən, sığortaçı (təkrarsığortalı) bu ödəmələri razılaşma əsasında hər rübdə bir dəfə ödəmək şərtilə də həyata keçirə bilər.

KİDNEPPİNQ (ENG. KİDNEPPİNG)Kid insanın oğurlanmasını nəzərdə tutan cinayət hərəkətidir. Bu, bir ingilis termini olmaqla daha çox uşağın oğurlanmasına aid edilir. Lakin əslində bu söz yaşından, cinsindən, dini mənsubiyyətindən və sair cəhətlərdən asılı olmayaraq, insanın oğurlandığı bütün hallarda məhkəmə və hüquq-mühafizə praktikasında istifadə olunur. Hər bir dövlətin qüvvədə olan cinayət qanunvericiliyinə əsasən insan oğurluğuna görə müxtəlif cəza tədbirləri nəzərdə tutulmuşdur.                                            Sığortada uşaqların və ya insanların oğurlanması ehtimalı bir risk olaraq nəzərdə tutulur. Bu ehtimalın həyata keçməsi və ya baş verməsi isə sığorta hadisəsi sayılır və sığorta ödənişinin həyata keçirilməsi üçün əsas olur.

KOMİSSİYA (ENG. COMMİSSİON)1)Komissiya həyata keçirilmiş satışın yekunlarına görə şəxsin aldığı pul məbləğidir. Uğurlu satışın nəticələrinə görə satış əməkdaşına onun standart maaşından əlavə ödənilən məbləğ; 2)sığorta, yaxud təkrarsığorta müqaviləsi bağlamış agent, broker və ya sığortaçı-sedentə ödənilən, sığorta haqqından müəyyən faizlə hesablanan premiya; 3) şirkətin yeni sığortalıların cəlb edilməsi xərclərini (akvizisiya) və digər qaimə xərclərini ödəmək üçün Sedentin təkrarsığortaçıdan aldığı məbləğ.                                                          KONTRAKT(ENG. CONTRACT) - iki və ya daha çox tərəf arasında hüquqi cəhətdən rəsmiləşdirilmiş saziş; onu bağlayan tərəflərin yazılı və ya şifahi formada ifadə olunmuş öhdəliklərini özündə əks etdirir.

Sığorta kontraktı (sığorta müqaviləsi) sığorta şirkəti ilə sığortalı arasında razılaşmanı əks etdirən sənəddir. Hər hansı bir sığorta kontraktının əsas qayəsi təminat verilmiş risklərin, müqaviləyə tətbiq edilən məhdudiyyətlərin və digər qaydaların müəyyən edilməsindən ibarətdir.

Beləliklə, bütün sığorta kontraktlarında aşağıdakılar mütləq əks etdirilməlidir:   

  • Kontrakt şərtləri,  sığortalının sığorta haqqının ödənilməsi, yaxud sığorta  hadisəsi haqqında məlumatın verilməsi və s. ilə bağlı vəzifələrini bildirir;
  • Məhdudiyyətlər, sığorta müqaviləsi üzrə məhdudiyyətləri, məsələn, sığortaçının ödəməli olduğu maksimum məbləği və s. göstərir;
  • İstisnalar, sığorta müqaviləsi üzrə təminat verilməyən halları göstərir.

Aydın məsələdir ki, sığorta kontraktının məzmunu sığorta polisinin növündən, sığortalının istəyindən və onun ödəməyə hazır olduğu sığorta haqqının məbləğindən asılı olaraq dəyişir.                                                                         

KUMULYASİYA (ENG. CUMULATİON)sığorta işində risklərin məcmusu, burada çox sayda sığortalanan obyekt eyni bir sığorta hadisəsi ilə əlaqəli ola bilər. Nəticədə çox iri həcmdə zərər yarana bilər (daşqın, zəlzələ, qasırğa).

KEPTİV (ENG. CAPTİVE)sığorta şirkəti – ana təşkilatın sığorta müdafiəsini təmin etmək məqsədilə sənaye və ticarət müəssisələri tərəfindən yaradılan qız sığorta şirkətləri. Sığorta məsrəflərinə, xüsusilə broker komissiyalarına qənaət edir.

LİKVİDLİK (ENG. LIQUIDITY)hər hansı bir aktivi nə qədər tez bir müddətə nağd pula satıb onu ödəmə vasitəsi kimi istifadə edə bilmənin ölçüsüdür. Pullar aktiv kimi daha likvidlidir. Onlar hər yerdə və ümumi ekvivalent kimi qəbul olunurlar. Əmlak aktivləri, xüsusilə avadanlıq daha az likvidlidir.Sığortaçının resurslarının likvidliyi aşağıdakı qaydada sıralana bilər: 1. Sığortaçının cari bank hesabındakı resurslar; 2. Sığortaçının banklardakı depozit hesablarındakı resurslar; 3. Sığortaçının digər hüquqi şəxs(lər)in kapitalında iştiraka yönəldilmiş resursları; 4. Sığortaçının daşınmaz əmlaka yatırılmış resursları. Beləliklə, sığortaçı cari bank hesabındakı vəsaiti istənilən bank günü ərzində çıxara və ödənişlə bağlı, habelə digər xərclərinin qarşılanması məqsədilə istifadə edə bilər. Lakin eyni məqsədlə sığortaçı daşınmaz əmlakını satışa çıxarsa, buna xeyli zaman itkisi tələb olunur. Deməli, sığortaçının cari hesabındakı vəsait daha çox likvidli olduğu halda, daşınmaz əmlakda olan kapitalı daha az likvidli hesab olunur.  

LATENT İDDİALAR (ENG/ LATENT CLAIMS)bəzən bir neçə il əvvəl baş vermiş, lakin uzun müddət ərzində identifikasiya olunmamış hadisələr üzrə iddialar. Bu terminlə “uzunmüddətli” risklər üzrə iddialar əhatə olunur. Məsələn, xəstəlik, ətraf mühitin çirklənməsi ilə əlaqədar risklər buna aid edilə bilər.                                                                                                                        

LİSENZİYA  (LAT. LİSENTİA - İCAZƏ)bu və ya digər təsərrüfat fəaliyyətini həyata keçirmək üçün icazə. Sığorta lisenziyalı fəaliyyət növlərinə aid edilir. Lisenziya müvafiq orqan tərəfindən sığortaçıya sığorta fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəddir. Eyni zamanda, təkrarsığorta, sığorta brokeri və sığorta agenti fəaliyyətini də həyata keçirmək üçün lisenziya alınması tələb olunur.

POLIS (İTAL. POLIZZA) sənəd. Sığorta fəaliyyətində bu, sığorta müqaviləsinin bağlanmasının hüquqi sübutudur.  Sığorta polisi sığortaçı ilə sığortalı arasında bağlanılan hüquqi öhdəlikləri özündə ehtiva edən kontraktdır. Sığorta polisi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma sənədidir.                                                                                      

PRİVENTİV TƏDBİRLƏR – (ENG. PREVENTİVE MEASURES)sığorta hadisələrinin baş verməsinin qarşısının alınması üçün həyata keçirilən tədbirlər.Sığortalı sığorta hadisəsinin qarşısını almaq üçün bütün mümkün tədbirləri görməlidir.

SIĞORTA PREMİYASI (ENG. İNSURANCE PREMİUM) sığortalının sığortaçıya müqavilə şərtlərində göstərilmiş sığorta hadisəsinin baş verməsi halında ona sığorta ödənişi verilməsi öhdəliyini öz üzərinə götürdüyünə görə verdiyi məbləğ. Bu, alınacaq sığorta təminatının maliyyə qiymətidir. Sığorta premiyası müqavilənin şərtlərindən asılı olaraq, həm sığorta müqaviləsi bağlanarkən birdəfəlik qaydada, həm də mərhələli şəkildə ödənilə bilər. Sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə əsasən sığorta haqqının və ya onun ilk hissəsinin sığortalı tərəfindən vaxtında ödənilməməsi, həmin sığorta müqaviləsinə sığortaçı tərəfindən vaxtından əvvəl xitam verilməsi ilə nəticələnə bilər.   

PUL (ENG. POOL)- sığorta daxılı   Bütün iştirakçıların mənfəətinin ümumi fondda toplandığı, sonra isə onların arasında əvvəlcədən razılaşdırılmış nisbət (kvota) üzrə bölüşdürüldüyü kartel növü.  Sığortada müəyyən risk növlərindən birgə sığorta olunmaq üçün (əsasən iri və az tanınmış) sığortaçıların müqavilə əsasında yaradılmış birliyi. Şərikli (birgə) sığorta prinsiplərinə əsaslanır.

RAN OF ÖHDƏLİYİ (ENG. RUN OFF)  Sığorta müqaviləsi qüvvədən düşdükdən sonra mütləq yerinə yetirilməli olan öhdəlik

REQRESS (ENG. REGRESS)günahkarın xətası üzündən üçüncü şəxsə verilmiş pul məbləğinin və ya digər əmlak dəyərinin geri qaytarılması haqqında tələb. Məsələn, reqress tələbinə görə zərərin törədilməsində təqsirkar olan şəxs, sığorta şirkətinin zərərçəkənə ödədiyi məbləği qaytarmalıdır. Bu, sığortaçının sığorta hadisəsinin baş verməsində təqsirkar olan üçüncü şəxsə qarşı dəyən zərər üzrə komissiya almaq məqsədilə iddia irəli sürmək hüququdur. Belə hüquq sığortaçıda yalnız qanuni zərəri tam ödədikdən sonra və məhz ödənilmiş məbləğ həcmində yaranır. AR-nın qüvvədə olan sığorta qanunvericiliyində bu məqsədlə “subroqasiya” anlayışından istifadə olunur.

RENTA 1) kapitalın borca, habelə əmlak və ya torpağın icarəyə verilməsindən əldə olunan sabit gəlir. Bu zaman gəlir alan heç bir əlavə sahibkarlıq fəaliyyəti ilə məşğul olmur; 2) bir çox ölkələrdə dövlət istiqraz vərəqələri üzrə ödənilən faizlər; 3) sığorta şirkəti tərəfindən sığortalıya ödənilən müəyyən illik məbləğ; 4) geniş mənada müxtəlif növ aktivlərdən əldə edilən gəlir 

RETROSEDENT  – təkrarsığortaya qəbul edilən riskləri retrosessiyaya verən sığorta və ya təkrarsığorta şirkəti. Məsələn: Fərz edək ki, B sığortaçı Azərbaycandakı “Hilton” otelin risklərini A sığortaçıdan qəbul edir. Lakin  sonradan B sığortaçı həmin risklərin onun özü üçün də təhlükəli olacağını düşünərək, A sığortaçıdan qəbul etdiyi risklərin müəyyən hissəsini C sığortaçıya təkrarsığortaya ötürür. Bu halda B sığortaçı retrosedentdir.  

RETROSESSIYAöncədən qəbul edilmiş risklərin təkrar verilmə prosesidir. Retrosessiya ilə riskin sonrakı bölünməsi və məsuliyyətin daha çox sayda sığortaçılar arasında paylaşdırılması mümkün olur. Tez-tez təkrarsığorta müqavilələrinə belə bir əlavə edilir: “retrosessiya hüququ olmadan”

RİSKziyan çəkmək və ya gəliri əldən buraxmaq ehtimalı. Sığorta işində “risk” termini bir neçə mənada işlədilir. Məsələn, bu anlayış adı altında baş verməsi güman olunan təhlükəli təsadüfi hadisə nəzərdə tutulur, yəni ümumiyyətlə hadisə baş verəcəksə, mənfi nəticə verəcək hadisə, halbuki, mütləq baş verməli deyil. Risk dedikdə, həmçinin sığortaçının məsuliyyəti başa düşülə bilər və s. Sığorta təminatı ilə əhatə olunmuş risklər dairəsi sığorta şərtlərində dəqiq aydınlaşdırılmalıdır. AR-nin qüvvədə olan sığorta qanunvericiliyinə görə risk – sığorta obyekti ilə bağlı zərər və itkilərin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının öz üzərinə götürdüyü öhdəlikdir.

RİTORNO (İTAL. RİTOMO)sığortalının sığortadan imtina etməsi (belə imtinaya hüquq verən hallar baş verdikdə), yaxud sığorta müqaviləsinə üzrsüz səbəblərdən xitam verilməsi hallarında sığortalının əvvəlcədən ödədiyi sığorta haqqının bir hissəsinin sığortaçı tərəfindən saxlanılması

Şükür Hüseynov

Sığorta eksperti (Fins.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258