SIĞORTA

Əvvəlki illərdə sığortaya niyə inanmırdıq? – SƏBƏBLƏR
28 İYUN
336

Əvvəlki illərdə sığortaya niyə inanmırdıq? – SƏBƏBLƏR

2018-06-28 12:05:00
Azərbaycanda əhalinin sığortaya olan inamsızlığı azalmağa başlayıb. Sığorta şirkətlərinin mövcud və potensial müştəriləri artıq anlayırlar ki, hadisənin fərqindən asılı olmayaraq sığorta hadisəsi baş verdiyi anda qanunvericilikdə nəzərdə tutulduğu müddətdə o öz sığorta ödənişini tam rahat şəkildə əldə edə biləcəklər. Təbii ki, bu inamın yaradılmasına tənzimləyici orqanların, ictimai birliklərin və xüsusi ilə də bəzi sığorta şirkətlərinin apardığı birgə maarifləndirici tədbirlərin nəticəsində nail olunmuşdu.

 Niyə inanmırdıq…, səbəb nə idi? 
 “İnamsızlığın” ilkin simptonları, hələ həyat sığortası bazarının yaranmadığı bir vaxtda, daha dəqiq desək 2000-ci illərdə banklar tərəfindən avto-kreditlərin daha çox təklif olunduğu vaxtdan başlamışdı. Sual yaranır ki, bəs bankların “kimə gəldi” kredit verdiyi bir vaxtda “inamsızlıq” niyə yaranırdı. Bu məsələyə aydınlıq gətirmək üçün sadəcə həmin illərdə fəaliyyət göstərən bankların kredit şərtlərini, eləcə də sığorta şirkətlərinin avtokreditklər üzrə təklif etdiyi yüksək franşiza məbləğlərini yada salmaq kifayət edər.
 Həmin illərdə daha doğrusunu desək, kredit bumu yaşanan dövrdə elə bir şəxs yox idi ki, kreditə avtomobil əldə etməsin. Kimisi avtomobilini yenisinə dəyişir, avtomobili olmayanlar isə özünə yeni avtomobil alırdı. Həmin dövrdə bu proses artıq adi hala çevrilmişdi. Sadəcə banka yaxınlaşaraq adi tikintidə işləyən fəhlə belə avtomobilə sahib ola bilirdi.
 Franşiza məbləği daha çox idi..  
 Həmin dövrdə adi Rusiya istehsalı olan VAZ 2107 markalı avtomobil üçün sığorta şirkətləri tərəfindən müqavilə üzrə 400-500 manat məbləğində franşiza tətbiq edilirdi. Müştəri avtomobili alarkən sevincindən sığorta müqaviləsini oxumadan belə müqaviləni sadəcə maşının bir hissəsinə ataraq lazımsız olduğunu, bankın kredit şərtlərindən biri kimi zənn edirdilər. Bir müddətdən sonra avto-qəza hadisəsi baş verdikdə isə avtomobil sahibi artıq kənara atdığı həmin sığorta müqaviləsini axtarmağa başlayır, bəziləri tapır bəziləri isə tapa bilmirdilər.
 Müştəri əsassız olaraq “sığorta şirkəti pulumu ödəmədi” deyirdi...
 Sığorta hadisəsi araşdırılır və nəticədə avto-qəza üzrə zərəçəkmiş şəxsə dəymiş məbləğ franşiza məbləğindən aşağı olduğu halda sığorta şirkəti haqlı olaraq müştəriyə 400 və ya 500 manatdan aşağı zərəri özü qarşılayacağını bildirir. Artıq prosesin bu anından etibarən müştəridə sığorta şirkətinə qarşı aqressiya və inamsızlıq yaranırdı. Sığorta müqaviləsini oxumayan, müqavilənin harada olduğunu bilməyən müştəri ona əsaslı imtina verildiyi gündən etibarən dost-tanışlarının yanında sığorta şirkətinin ödənişdən yayınması hallarından danışmağa başlayır. Və bununla da həmin dövr üçün bu kimi müştərilər sığorta şirkətləri haqqında “neqative word of mouth” yaradırdılar. Yəni əsaslı imtina olduğu halda müştəri hamının yanında “sığorta pulumu vermədi” deyərək sığorta şirkətinə, eləcədə sığorta sektoruna qarşı kütləvi “inamsızlıq” yaradırdı. Bunun da başlıca səbəbi kimi insanların sığorta haqqında məlumatlarının olduqca az olması, ümumiyyətlə sığorta mədəbniyyətinin zəif olması ilə izah etmək olar.
 İnamsızlıq azaldı, sürətli inkişaf başladı… 
 Artıq o dövr arxada qaldı. Təbii ki, istənilən bir sahədə uğur və nailiyyət qazanmaq üçün zamana ehtiyac duyulur. Zaman keçdikcə bu sahədəki inkişaf da özünü göstərdi. İqtisadi inkişafın sürətləndiyi bir vaxtda dövlət sığorta sektoruna da öz diqqətini artıraraq bu sahənin inkişafı istiqamətində bir çox islahatlar həyata keçirdi. Bu sahənin inkişafına nəzarətedici qurumun (Maliyyə Bazarlarına Nəzarət Palatası), İcbari Sığorta Bürosunun, ictimai qurum kimi Azərbaycan Sığortaçılar Assosiasiyasının həyata keçirdikləri inkişaf proqramları danılmazdır.
 Tək İcbari Sığorta Bürosunun fəaliyyəti nəticəsində sığorta şirkətlərinin müştərilərə qarşı çıxardığı əsassız qərarlar, o cümlədən ödənişlərdən əsassız imtina halları əvvəlki illərlə müqayisədə dəfələrlə azalmışdır. Bu isə cəmiyyətdə sığortaya qarşı inam və etibarın daha da artmasına, eləcə də sığortanın insanlar üçün böyük faydasının olduğunu təsdiqləmişdir. Artıq cəmiyyət anlayır ki, sığorta şirkətinə müəyyən həcmdə az məbləğ ödəməklə şirkət onun bütün risklərini qarşılayır. Və sabah bir hadisə olduğu halda şirkətdən asan şəkildə sığorta ödənişini ala biləcək.
 Həyat sığortası xidmətləri bazarı canlandırdı...
 Azərbaycanda həyat sığortası bazarının yaranması ölkənin sığorta sektorundakı inkişafı daha da sürətləndirdi. Həyat sığortası üzrə ixtisaslaşan şirkətlər ümumi sığorta bazarı ilə yanaşı həyat sığotası xidmətləri haqqında maarifləndirmə işlərinə başladılar.
 Həmçinin, həyat sığortası növlərində baş verən sığorta hadisələri və bu hadisələrə görə ödənilən vəsaitlər müştərilərdə sığortaya qarşı bir daha inam yaradaraq onların həyat sığortasına marağını daha da artırdı.
  Düşünürəm ki, Azərbaycanda sığorta bazarının inkişafını daha sürətləndirmək və əhalinin həyat və qeyri-həyat sığortasına olan marağını artırmaq üçün güclü maarifləndirmə layihələri həyata keçirilməli, bazara müştəri seqmentinə uyğun sərfəli şərtlərlə həyat sığortası məhsulları təklif edilməlidir.  (Fed.az)

Elnur Hüseynquliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255