SIĞORTA

Sığortada mediasiya "şirin çay" effekti verə biləcəkmi?
16 MAY
523

Sığortada mediasiya "şirin çay" effekti verə biləcəkmi?

2018-05-16 11:52:00

Son günlərin başlıca və maraq doğuran məsələlərindən biri də mediasiya barədədir.
Əksər media qurumlarında Azərbaycan Sığortaçılar Assosiasiyasının təklif etdiyi pilot layihə kimi qeyd edilən mediasiya sığortaçılarla zərərçəkmiş şəxslər arasında barışdırıcı funksiyanı yerinə yetirəcək bir mərhələ olaraq qəbul edilir. Yeni bir termin kimi cəmiyyətdaxili münasibətlərə şamil edilməsi nəzərdə tutulan mediasiya barədə doğru olardı ki, ətraflı məlumat verilsin.
Təəssüf olsun ki, hazırda bu proses sadəcə olaraq iki problemli tərəf arasında "şirin çay" təklifi verən bir proses kimi təqdim edilmişdir və bu heç də düzgün sayılmır.
Ona görə ki, mediasiya heç də "göydən düşmə" bir anlayış deyil.

“Günay Sığorta”nı peşəkar komanda idarə edəcək” –İddialarla bağlı rəsmi açıqlama


Mediasiyanın tarixinə diqqət yetirdikdə məlum olur ki, bu institut hələ qədim Babildə, Roma (Justinian əsərləri ilə tanınmış, ilk vaxtlar medium, interpres kimi adlanmışdır) və Yunanıstanda ailə münaqişələri zamanı barışdırıcılıq üçün tətbiq edilmişdir. Mediatorlar tarixən yalnız yüksək savada və istedada malik şəxslər sırasından seçilmişdir.
Mediasiya müasir dövrdə münaqişənin alternativ həlli (Alternative dispute resolution) üsulu kimi qəbul olunur. Qonşu Türkiyədə 22.06.2012-ci ildə qüvvəyə minən 6325 saylı qanunla, Rusiyada isə 27.07.2010-cu il tarixli 193 saylı qanunla mediatorlar müstəqil ixtisas sahibləri kimi tanınmışdır.
"Mediatorların fəaliyyətləri haqqında
Mediasiyanın bir neçə üsulunun mövcud olması bəllidir ki, asanlaşdırıcı mediasiya (facilitative mediation) adlanan üsula görə mediator heç bir təklif vermir, qərar qəbul etmir, tərəflərin öz təkliflərini verməsini və ortaq qərar qəbul etmələrinə çalışır.
Dəyərləndirici mediasiyaya (evaluative mediation) görə isə mediator mübahisənin həlli üçün uyğun bilinən üsulu tərəflərə məsləhət görür.
Həlledici mediasiya üsulunda mediator mübahisə edən tərəflərin görmədiyi halları görərək barışıq təklif edir.


Azərbaycanda isə təklif edilən mediasiyanın hazırda hansı qaydada fəaliyyət göstərəcəyi tam aydın olmasa da mediasiyanın başlıca prinsiplərindən sayılan bərabərhüquqluluq prinsipini rəhbər tutmaqla hər iki tərəf üçün sərfəli olacaq təklif üzrə barışığın əldə olunmasından ibarət olacağı müəyyən edilir.
Daha aydın desək prosesin aşağıdakı kimi olması ehtimal edilir:
A adlı şəxs əmlakını könüllü qaydada sığorta müqaviləsində müəyyən edilmiş hadisələr nəticəsində dəyəcək zərərlərdən sığortalamış, B isə sığorta şirkəti qismində çıxış edir.
A-nın əmlakına qaz xəttində baş vermiş sızma səbəbindən baş vermiş partlayış və yanğın nəticəsində zərər dəymiş, B tərəfindən isə hadisə yerinin şəkilləri çəkilmiş, səlahiyyətli quruma sorğular verilmiş, dəymiş zərər qiymətləndirilmiş və zərərin hesablanmış məbləği A-ya təklif edilmişdir.
A isə zərərlə razılaşmamışdır. Öz hesabladığı məbləği təkidlə B-dən tələb etmişdir.
Bu halda ya A, ya da B təklif irəli sürür ki, mediatorla bu məsələni həll edək.
Tərəflər razıdırsa, hər iki tərəf öz mülahizələrini C adlı mediatora təqdim edərək barışığa gəlmək istədiyini bildirir.
Burada mütləq tənzimlənməli məsələ mediatora ödəniləcək xidmət haqqının məbləği və ödənilməsi qaydasından ibarətdir. Əgər bu hal doğru tənzimlənməzsə, A, B və C üçün də ayrıca bir mediatora ehtiyac olacaqdır.
Mediasiyanın sığorta sistemində tətbiqi ilə bağlı qeyd edə bilərik ki, əvvəla mediator qismində çıxış edəcək şəxslərin sığorta qanunvericiliyini və psixoloji prosedurları mükəmməl bilməsinə zərurət vardır. Həmçinin mediatora ödəniləcək xidmət haqqı və ödənişin edilmə qaydası mütləq dəqiq şəkildə müəyyən edilməlidir.
Qeyd etmək lazımdır ki, mediasiya bir gün ərzində bir çox mübahisənin həllinə gətirib çıxara bilər, lakin baş vermiş yol-nəqliyyat və ya digər sığorta hadisəsi nəticəsində onsuz da əsəbləri tarıma çəkilmiş, xərcləri kifayət qədər çox olan zərərçəkmişin mediator üçün ödəyəcəyi xərclərin miqdarı əhəmiyyət kəsb edir. Ona görə ki, şəxsin məhkəməyə verəcəyi iddia ərizəsi üçün ödəyəcəyi dövlət rüsumunun məbləği artıq məlumdur. Bunun üçün heç də iddia edildiyi kimi mütləq hüquq şirkətinə getməsinə də ehtiyac yoxdur.
Mövzu çərçivəsində bildirmək lazımdır ki, mediator sığortaçının hadisə barədə məlumatları olan əməkdaşları, hüquqşünasları kimi işin hallarından ətraflı məlumatlı olmadığından onun da işin hallarını öyrənməsi üçün müəyyən müddət lazımdır. Bu isə zərərçəkənin müəyyən müddət gözləməli olacağı anlamına gələcəkdir. Həmçinin təcrübədə ən çox mübahisənin sığortaçının baş vermiş hadisəni sığorta hadisəsi hesab etməməsi və bu halın qanunvericilikdən irəli gəlməsindən yarandığı məlumdur ki, bu kimi hallarda mediatorun təkrar olaraq sığortaçının mövqeyini zərərçəkmişə bildirməsi bu mübahisənin bir daha məhkəmə yolu ilə tənzimlənəcəyini deməyə əsas verir.
Hətta belə bir situasiyada zərərçəkmişin ödəyəcəyi xidmət haqqını geri almaq üçün iddia verməsi də gözləniləndir.
Sırf bu kimi halları nəzərə alaraq yekunda mediasiya institutunun bütün münasibətlərdə deyil, yalnız bəzi hallarda tətbiq edilə biləcəyini demək mümkündür. Bu zaman isə mütləq qaydada mövzu üzrə qeyd edilən tənzimləmələrin dəqiq şəkildə aparılması zəruridir.

Şəhriyar Həbilov

Hüquqşünas (Fins.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259