SIĞORTA

Qəssablar, “moyşiklər” daha sığorta sata bilməyəcək – ÖNƏMLI YENILIK
16 APREL
1136

Qəssablar, “moyşiklər” daha sığorta sata bilməyəcək – ÖNƏMLI YENILIK

2018-04-16 15:07:00

Xəbər verdiyimiz kimi, İSB tərəfindən icbari avtomobil sığortası üzrə yeni müqavilə qeydiyyatı sisteminin tətbiqinə başlanılıb. Aprel ayının 15-dən etibarən yeni sistemdə avtomobilllərin icbari sığortasının satışı üzrə fəaliyyət göstərən sığorta vasitəçilərinin qeydiyyatına başlanılıb. 13 sığorta şirkəti artıq bu sistem üzərindən müqavilə buraxır və sığorta agentləri İSB-nin sisteminə veb qoşulma ilə daxil olaraq və yaxud müvafiq mobil tətbiq vasitəsilə avtomobilllərin icbari sığortasının satışını həyata keçirə bilərlər. Bəs yenilik, sığorta bazarına necə təsir edəcək?

Eləcə də bax:İcbari avtosığorta üzrə yeni sistemə keçildi –EKSKLÜZİV

Saxtakarlıq edən sığorta vasitəçisi bloklanacaq

Fins.az-ın əldə etdiyi məlumata əsasən,yeni sistemdə iki əsas yenilik diqqəti cəlb edir. Birincisi, avtomobil və sürücüyə aid məlumatlar müvafiq dövlət informasiya sistemindən götürüldüyü üçün bu məlumatları saxtalaşdırmaq mümkün olmayacaq. Digər tərəfdən, sığorta vasitəçilərinin, yəni agentlərin satışları e-İmza və ya ASAN İmza ilə etdikləri üçün onların bütün fəaliyyətinin İSB-nin sistemi vasitəsilə  izlənməsi mümkün olacaq. Bu isə o deməkdir ki, sığortanı satan vasitəçi, hər hansı bir agent artıq öz məsuliyyətini tam dərk edərək fəaliyyətini buna uyğun icra edəcək. Ümumilikdə isə yeni sistemdə bütün bazar iştirakçılarının (sığorta şirkətlərinin və vasitəçilərinin) qeydiyyatı aparılır. Hər hansı arzuolunmaz hal, düzgün olmayan davranış aşkar edilərsə, buna yol vermiş subyektlər barəsində tənzimləyici və nəzarətedici orqan olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvafiq ölçü götürüləcək.

Tədricən bezdirici sığorta zəngləri də aradan qalxacaq

Gözləntilərdən biri də odur ki, yeni sistem eyni zamanda tədricən sürücülərin sığorta zəngləri ilə bezdirilməsi hallarını da aradan qaldırılmasına töhfə verəcək. Ümumilikdə isə sığorta bazarında şəffaflığın təmin edilməsin istiqamətində əsas addımlardan biri olacaq.

Sığorta bazarı üçün müsbət addım olacaq

Sığortaçılar da yeni sistemə keçidin bazar üçün müsbət addım olduğunu bildirirlər. “AtaSığorta” şirkətinin Bakı filialının müdiri Nicat Əlibəyli Fins.az-a bildirib ki, əvvəllər icbari avtosığorta satışlara nəzarət birbaşa sığorta şirkətlərində idi. Lakin indi İSB özü yeni sistem yaratdı. Bu sistemdən sığorta agentləri faydalana bilir və nəticədə müəyyən bir faiz əldə edir. Yəni sığorta agentləri birbaşa İSB-nin sisteminə qoşulur və Büro da artıq bunu sığorta şirkətlərinə yönləndirir.

Image result for Nicat Əlibəyli sığorta
Image result for Nicat Əlibəyli sığorta

“Qəssablar, “moyşiklər” sığorta sata bilməyəcək”

O bildirib ki, yenilik bir sıra neqativ halları aradan qaldıracaq: “Məsələn, əvvəl sığortanı hamı yazırdı. Qəssab ətini satıb qurtarandan sonra, çəkməçi ayaqqabını tikəndən sonra telefonda sığorta satırdı. İndi bu hallar tamamilə aradan qalxır. Yəni, lisenziyası olmayan agent hazırda sığorta sata bilməz. Sadaladığımız sığortadan kənar şəxslər yalnız lisenziyalı sığorta agentini tapa bilər, zəng edib sənəd göndərə və onların vasitəsilə sığortanı rəsmiləşdirə bilərlər”.

“Endirimə görə sistemi aldatmaq olmayacaq”

N.Əlibəyli deyib ki, subagentlərlə (lisenziyası olmayan şəxslərlə) yanaşı, lisenziyalı bəzi agentlər də sığorta haqqını müştəriyə az demək üçün avtomobilin mühərrik həcmini sistemdə kiçik göstərirdilər: “Yük avtomobillərinin kütləsini 7 tondan yüksək olduğu halda aşağı salıb dırnaqarası endirim edirdilər. Amma indi İSB-də avtomobillərin məlumat bazası DYP-yə inteqrasiya edildiyi üçün avtomobilin nömrəsi və texniki pasport nömrəsini sistemə daxil etdikdə birbaşa sistemdə hansı məlumatlar varsa  o məlumatlar çıxır. Bu məlumatlara isə müdaxilə etmək olmur. Yəni, sistemdə avtomobilin mühərriki 3.5 l-dirsə, endirimə xatir onu 2.0 l etmək olmur. Digər tərəfdən sürücülərin məlumatları DİN-ə inteqrasiya edildiyi üçün burada da hər hansı problem yoxdu”. Ümumiyyətlə qeyd olunmalıdır ki, qeydiyyat məlumatlarının təhrif edilərək bu kimi endirimlərin alınması özü-özlüyündə ona görə yolverilməzdir ki, bu gələcəkdə sığortalının sığorta təminatını sual altına alır. 

N.Əlibəyli hesab edir ki, ümumilikdə yenilik agentlər tərəfindən dələduzluq və saxtakarlıq hallarının qarşısını alacaq və tədricən vətəndaşlara daha sağlam xidmət edən vasitəçilik institutunun formalaşmasına müsbət təsir edəcək.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254