SIĞORTA

“Sürücü qadınların sayı artsa da, qəzaların əsas səbəbkarı kişilərdir”
24 FEVRAL
663

“Sürücü qadınların sayı artsa da, qəzaların əsas səbəbkarı kişilərdir”

2018-02-24 10:53:00
Fins.az «Qala Sığorta» şirkətinin filial və nümayəndəliklərin idarə edilməsi şöbəsinin müdiri İlham Rzayevin müsahibəsini təqdim edir:

 İlham müəllim, bölgələrdə sığortaya münasibət necədir? Neçə illərdir ki, Azərbaycanda sığorta biznesi var və regionlarda da təbliğ olunur. Bütün bunların bir təsiri varmı? Yəni sığortaya münasibətdə bir dəyişiklik varmı? 
 
Sığortanın regionlarda inkişafı təxminən 2002-ci ildən başlayıb. Bu proses  regionlarda, demək olar banklarla eyni vaxtda aparıcı sığorta şirkətlərinin də öz filial və nümayəndəliklərinin yaradılmasına təsadüf edir. Təbii ki, sığorta şirkətlərinin marağı ilk öncə banklar tərəfindən yönləndirilən müştərilərə xidmət göstərilməsi idi. 2002-ci ildən başlayaraq qəbul olunmuş qanunlar, o cümlədən 2004-cü ildə Yanğından İcbari Sığorta haqqında, 2011-ci ildə İcbari Sığorta haqqında Azərbaycan Respublikasının qanunları sığortanın regionlarda inkişaf prosesini daha da sürətləndirmişdir. Bütün bu proseslər, həmçinin sığorta şirkətlərinin, müvafiq dövlət qurumlarının apardığı maarifləndirmə, təbliğat işləri vətəndaşlarda sığortaya marağı artırmışdır. Təəssüf ki, son illərdə dünyada neftin qiymətinin aşağı düşməsi səbəbindən baş verən maliyyə böhranı sığorta sektoruna da öz təsirini göstərmişdir. Ancaq buna baxmayaraq, inkişaf prosesi gedir və sığortaya marağın artması ümumilikdə davam etməkdədir.
 
Bunu nədən hiss edirsiniz?
Əvvələr vətəndaşlar tək icbari sığortaya müraciət edirdilərsə, bu gün az sayda olsa da digər könüllü sığorta növlərinə də müraciət etməyə başlayıblar. Maliyyə böhranının mənfi təsiri olursa, müsbət təsiri də olur. Belə ki, istər fiziki şəxs istərsə də sahibkarlar hadisə nəticəsində dəymiş zərərin çətinliklə öz vəsaitləri hesabına bərpa edə biləcəklərini düşünərək riski sığorta şirkətinə  ötürməyə üstünlük verməyə başlayırlar. Misal üçün bu gün avtomobillərin könüllü sığortasına, fermerlər tərəfindən kənd təsərrüfatı risklərinin sığortasına dair sorğular daxil olur.
 
Hansı sahədə çalışan fermerlər daha çox müraciət edirlər? 
Əsasən əkin və heyvandarlıq təsərrüfatı ilə məşğul olan olan fermerlər.
 
«Qala sığorta» belə xidmətlər göstərir?
 Bu sahə üzrə xidmətlərimizi planlaşdırırıq.
 
Bu sahədə işlərə nə vaxtdan başlamaq fikrindəsiniz?
Bu sahə xüsusi yanaşma tələb etdiyindən, addımlarımızı ehtiyatla atırıq. Amma cari il üçün kənd təsərrüfatı risklərinin sığortası üzrə xüsusi plan müəyyənləşdirmişik və yəqin ki, çox yaxın vaxtlarda bu sığorta növləri üzrə təkliflərimiz bazara təqdim olunacaq.
 
Bu baha başa gəlməyəcək ki? Yəni fermerin öz təsərrüfatını və ya əkin sahəsini sığortalatmağa gücü çatacaq? 
Təbii ki, baha başa gəlməyəcək. Ümumiyyətlə, kənd təssərrüfatı sahəsinin inkişafı üçün bu sahə üzrə sığorta şirkətlərinin xidmət göstərməsi olduqca vacibdir. İş adamları hər hansı bir sahəyə investisiya etməzdən öncə riskləri də nəzərdən keçirirlər, kənd təssərrüfatı isə çox riskli sahədir. Burda sığortasız hər hansı bir investisiyanı düşünmək çətindir. Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində də bu öz əksini tapmışdır və artıq kənd təssərrüfatı risklərinin sığortlanması üzrə qanun hazırlanır. Bu qanunun müəyyən etdiyi xüsusi proqram çərçivəsində və dövlətin xüsusi dəstəyi ilə sahibkarlara əlverişli şərtlərlə öz təssərrüfatlarını sığorta təminatına alma imkanları olacaq.
 
Amma məncə kənd təsərrüfatı üzrə sığortalananlar özləri də müəyyən şərtlərə, tələblərə əməl eləməli olacaqlar. Bunlar təhlükəsizlik, əkinə, heyvanlara qulluq və s. ola bilər. Elədirmi? 
Təbii ki, birinci növbədə sığorta qaydaları özü də tələb edir ki, fermer təsərrüfatları institutsional olaraq formalaşsınlar, inkişaf etsinlər.  Fermer təsərrüfatlarında mütləq şəkildə ixtisaslaşdırılma aparılımalıdır, misal üçün aqronomlar, baytarlar cəlb olunmalıdır.
Yəni fermer təsərrüfatı yaratmaq üçün bir sahibkarın müəyyən investisiya yatırıb bizneslə məşğul olması kifayət deyil. Burada bu sahənin spesifik işin təşkili forması da var. Burada mütləq şəkildə mütəxəssislər cəlb olunmalı, iş prosesi ciddi şəkildə aqrotexniki qayqalara uyğun aparılmalıdır, nəzarət olunmalıdır. Yəni bu işlər peşəkarların əlində olmalı.
 
Ən çox sığorta aktivliyi Azərbaycanın hansı bölgələrində hiss olunur?
Demək olar bütün bölgələrdə aktivlik var, təbii ki, sorğuların sayı bölgənin iqtisadi potensialından aslı olaraq dəyişir. Bu baxımdan Gəncə-Qazax, Aran, Lənkaran, Şəki-Zaqatala iqtisadi rayonlarını vurğulamaq olar.
 
Bəs bölgələrdə ən çox hansı sığorta şirkətlərinə maraq var? 
Bu gün daha çox icbari sığorta növlərinə tələbat olduğundan bu növlər üzrə xidmət göstərən sığorta şirkətlər daha çox tanınır.
 
Sığorta ödənişi alan müştərilər sığortanı davam etdirirlərmi? Yəni onlar bu hadisədən sonra əmin olurlar ki, sistem işləyir və onlar da bundan faydalanıblar. Bu vəziyyət onların sığorta xidmətlərinə marağını artırırmı?
Bir şeyi qeyd etmək istəyirəm ki, sığorta növlərindən istifadə regionlarda o qədər də inkişaf etməyib. Yəni icbari sığorta növlərindən başqa, digər sığorta növlərinə maraq bu gün sistematik deyil. Hətta vaxtilə əmlakına zərər dəymiş və buna görə sığorta ödənişi alan müştərilərin çoxu növbəti il  üçün sığorta müqaviləsinin uzadılmasına görə müraciət etmirlər.
 
Sizcə bunun səbəbi nədir?
Bilirsiniz, səbəblər müxtəlifdir. Bunu bilmək üçün vaxtilə kiçik bir sorğu da keçirmişik. Bəzi müştərilər sığortaya sadəcə lotereya kimi baxırlar. Yəni fikirləşirlər ki, bir dəfə sığortaladıq, hadisə oldu, ödəniş aldıq, ikinci dəfə isə çətin ki hadisə ola.  Bəzi müştərilər isə, nə qədər qəribə görünsə də,  sığorta ödənişi alandan sonra ikinci il sığorta şirkətinə ona görə müraciət etmir ki, sadəcə utanırlar. Hətta sığortanın düşər-düşməz olduğunu düşünən müştərilər də olub.  Bu da özlüyündə əhali arasında sığorta sahəsində maariflənmə işinin az aparılmasının göstəricisidir. Yəni müştərilər bilməlidirlər ki, sığorta fəaliyyəti də iqtisadi münasibətlərin bir növüdür, hər bir tərəf öz öhdəliklərini yerinə yetirir. Yəni müştəri sığorta haqqını ödədiyi kimi, sığorta şirkətidə də hadisə baş verdikdə sığorta ödənişini, öz öhdəliyini yerinə yetirir.  
 
Bölgələrdə ən çox hansı sığorta hadisələri baş verir? Avtomobillərlə bağlı vəziyyət aydındır – qəzalardır. Bəs əmlakla bağlı hansı hadisələr olur?
Əmlakla bağlı yanğın, subasma hadisələri daha tez-tez baş verir.  
 
Bəs sığorta fırıldaqçılığı halları olurmu? Belə işə əl atan müştərilər varmı? 
Təbii ki, belə hallar da olur. Ən çox avtomobil hadisələri ilə bağlı olaraq. Bunlar hadisədə, qəzada hansı sürücünün təqsirkar olduğunu gizlətmək cəhti və ya digər faktlar üzrə yalan məlumatın verilməsi. Sürücünün içkili olmasının gizlədilməsi, etibarnaməsiz avtombilin idarə edilməsi və digər halları misal gətirmək olar.
 
Belə halları aşkar edə bilirsiniz?
Əlbəttə, bu məsələlər bizim zərərlərin tənzimlənməsi departamentinin işidir, belə hallar araşdırılır, demək olar ki, əksər hallarda ortaya çıxır.
 
Sığorta hadisəsi baş verəndə dəyən zərər necə aradan qaldırılır? Məsələn avtomobilin və ya evin təmirinin pulu ödənilir, yoxsa özünüz təmir etdirirsiniz? 
Burada fərqli ola bilər. Əvvəla dəymiş zərər qiymətləndirilir, bu zərər müştəriyə pul şəklində də ödənilə bilər və ya bizim əməkdaşlıq etdiyimiz avto-təmir müəssisələrində təmir edilə bilər. Bu məsələ müştərinin istəyindən asılıdır.
 
Bəs evlərdə necə olur?
Burada da iki variant var. Ya zərənin məbləği ödənilir, ya da bu sahədə ixtisaslaşmış şirkətlərə müraciət edirik. Təmir etdirdiyimiz hallar da olur.
 
Qəsdən sığorta hadisəsinin törədilməsi: ödəniş almaq üçün belə hallar baş verirmi?
Xeyr, «QalaSığorta» Şirkəti bazarda yeni olduğu üçün xoşbəxtlikdən belə hallarla üzləşməmişik.
 
Son vaxtlar avtomobil idarə edən qadınların  sayı artır. Bu hal sığorta hadisələrində də qadınların payının artmasına səbəb olubmu? 
Xeyr, avtomobil sürən qadınların sayı artsa da, avtomobil qəzalarının əksəriyyətinin səbəbkarı kişi sürücülərdir.
 
Müsahibə üçün təşəkkür edirik. 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256