SIĞORTA

Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi müzakirə edildi
19 FEVRAL
477

Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi müzakirə edildi

2018-02-19 15:51:00

 Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə 15 Fevral 2018-ci ildə “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupunun ilk görüşü keçirildi. Görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyasının, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və sığorta şirkətlərinin nümayəndələri, həmçinin bu sahə üzrə ekspertlər iştirak etdilər.

Görüş zamanı Azərbaycan Respublikası Strateji Yol Xəritələri və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələrək Palata tərəfindən görülmüş işlər barədə məlumat verildi. Qeyd edildi ki, Palatanın təşəbbüsü ilə Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin iştirakı ilə işçi qrup formalaşdırılmış, kənd təsərrüfatı sığortası sahəsində cari vəziyyətin diaqnostikası aparılmış, mövcud qanunvericilik təhlil edilmiş, beynəlxalq təcrübə araşdırılaraq öyrənilmişdir (ABŞ, Türkiyə, İspaniya, İsrail, Kanada, Avstriya və s.).

Görüşdə həmçinin, Türkiyə modeli olan “TARSİM”-in yerində öyrənilməsi, “Kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin hazırlanması məsələləri də müzakirə predmeti oldu. Müzakirələrin yekununda sığortaçılar tərəfindən Qanun layihəsinə baxılaraq, qısa müddət ərzində rəy və təkliflərinin təqdim edilməsi qərara alındı.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş Azərbaycan Respublikasında kənd təsərrüfatı sığortası mexanizminin yaradılması ilə bağlı tədbirlərin Palata tərəfindən icrasına dəstək məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə İşçi Qrup formalaşdırılmışdır. İşçi Qrupuna Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi də daxil olmaqla, sığorta şirkətlərinin nümayəndələri, həmçinin, bu sahədə ekspert şəxslər daxil edilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259