SIĞORTA

Özəl sığortaçılığın 25 ili – ŞÜKÜR HÜSEYNOV (II yazı)
06 FEVRAL
1956

Özəl sığortaçılığın 25 ili – ŞÜKÜR HÜSEYNOV (II yazı)

2018-02-06 10:53:00

Yaxın keçmişə tənqidi baxış (2-ci yazı)

Nələr edilmədi və etməliyik?!

Ölkə sığortası bütün dünyanı bürüyən son iqtisadi böhrandan müqayisədə az itkilərlə çıxa bildi. Sığorta bazarının və onun idarəetmə sisteminin yenidən formalaşdırılmasında, 1-ci yazıda da göstərildiyi kimi, müsbət addımlar atıldı. Lakin bütövlükdə maliyyə xidmətinin spesifik sahəsi kimi səciyyələndirdiyimiz sığorta xidməti sistemində hər şeyin yüksək səviyyədə olduğunu iddia etməkdən hələ çox uzağıq. Sığorta şirkətlərinin idarəetmə strukturunun daha da təkilləşdirilməsinə, hesabatlılığın inkişaf etdirilməsinə, maliyyə sabitliyinin davamlı olaraq gücləndirilməsinə ehtiyac vardır. Görünən odur ki, sığortaçılarda daxili nəzarət və risklərin idarə edilməsinin tam və mükəmməl sistemi yaradılmamışdı. Sığortaçının idarə heyəti ilə daxili audit xidmətinin fəaliyyət tandemi və onların hər ikisinin təftiş komissiyası ilə örnək ola biləcək birgə iş ənənələri yox dərəcəsindədir. Nə qədər təəccüblü olsa da, korporativ idarəetmədə bəzi ştat və digər vəzifə vahidləri yalnız kağız üzərindədir və ya aidiyyatı olmayan şəxslərdən ibarətdir. Bir sözlə, biz ən son innovativ texnologiyaları tətbiq edərək, idarəetmə mexanizmini tam modernləşdirdik və çevik, işlək idarəetmə və nəzarət sistemi yaratdıq deyə, öyünə bilmərik.

Sığortaçıların rəhbər işçiləri, o cümlədən yuxarı və orta menecerlərin bilik və peşəkarlıq qabiliyyətləri tələb olunan səviyyədə deyil. Bəzi üzdəniraq əhəmiyyətli nəzarətə malik səhmdarların qeyri-adekvat kadr siyasəti, başqa sözlə, öz adamını yuxarı başda oturtması “yükdaşıyıcı”, savadlı, məhsuldar işçilərin mənən sınmasına səbəb olur, onların əzmkarlığına və təşəbbüskarlığına mənfi təsir göstərir. Məncə, sığortaçılarda kadr siyasəti bütövlükdə yenidən işlənməli, kadrların seçilməsi və yerləşdirilməsi, habelə şirkətdənkənar əməkdaşların cəlb edilməsi prinsiplərinə və tələblərinə yenidən baxılmalıdır. Hər bir işçinin maksimum səmərəli fəaliyyətinin təmin edilməsi və əmək məhsuldarlığının artırılması üçün əməyin rasional təşkili ilə bərabər onun stimullaşdırılması və premiya sistemi həyata keçirilməlidir. Əməyin ödənilməsinin çevik və effektiv sistemi, eyni zamanda mükafatlandırma sistemi yaradılmalıdır. Bu zaman işçilərin bilik səviyyəsi, ümumi dünyagörüşü, təcrübəsi, iş stajı, kvalifikasiyası və digər sivil meyarlar əsas götürülməlidir. İşçilərə diqqət və qayğı insan resursları üzrə siyasətdə prioritet təşkil etməli və ən qabiliyyətli və perspektivli işçilərə məşğulluğun qarantiyası maksimum təmin edilməlidir.

Özəl sığortaçılığın ilkin mərhələsində sığortaçıların kapitallaşması ilə bağlı müəyyən problemlər vardı. Səhmdarlar heç bir real kapital yatırımı etmədən, sadəcə, məsələn, AR TSP-nın qiymətləndiricilərindən likvidliyi aşağı olan öz daşınmaz əmlaklarına əldə etdikləri qiymətləndirilmə sertifikatlarını nizamnamə kapitalı kimi qoyurdular. Sığorta yığımlarının həcmi aşağı olduğundan sığorta ehtiyatlarının da tam mükəmməl şəkildə yaradıldığını söyləmək olmazdı.

Sığortada qanun yaradıcılığında ləngimələr vardı. Qanunvericilikdə dəyişikliklər aparılarkən qanun layihələri geniş müzakirə olunmur, əlaqəli sahələr üzrə ekspert və mütəxəssislərin təklif və ideyaları kifayət qədər nəzərə alınmır. Son dövrlərdə sığorta bazarında bəzi çatışmazlıqların aradan qaldırılması üçün ictimai təşkilatların verdiyi təkliflər adekvat şəkildə cavablandırılmamışdı. Bildiyiniz kimi, eyni daşınmaz əmlakın icbarı sığortasında əhatə olunan risklər üzrə azadolma məbləği standartdır. Məsələn, subasma ilə zəlzələ riskinin vura biləcəyi zərər arasında fərq böyük olduğundan sığortalılar əhatə olunan bütün risklər üzrə eyni azadolma məbləğinin tətbiq edilməsinə narazılıqlarını bildirir. Burada şikayətlərin obyektiv olduğunu nəzərə alsaq, bu hal bizi narahat etməyə bilməz. Vaxtilə ASA-nın icbari sığortalar komissiyasında qaldırılan bu məsələ, yəni diferensial azadolma mexanizminin tətbiqi məsələsi bu günədək öz həllini tapmamışdır.

Bu gün sığortaçılar üçün ən böyük problemlərdən biri daşınmaz əmlakın icbari sığortası üzrə yaranan akkumulyasiyaya nəzarət və buna qarşı etibarlı təkrarsığorta mexanizminin yaradılmamasından ibarətdir. Bizi narahat edən digər bir məsələ sığorta risklərimizi beynəlxalq təkrarsığorta bazarlarında yerləşdirərkən üzləşdiyimiz çətinlikdir. Belə ki, beynəlxalq təcrübədə təkrarsığortaçıların sığorta ödənişi üçün istisna kimi qəbul etdikləri bir sıra hallar (tüstünün uzun müddətli təsiri nəticəsində dəymiş zərərlər, süni şəkildə yaradılmış aşağı temperatur (şaxta) nəticəsində dondurucu qurğuların səbəb olduğu zərərlər, vаkuum və yахud qаzın rеzеrvuаrdа sеyrəkləşməsi nəticəsində yаrаnаn pаrtlаyış, yаnmа mühərriklərinin və аnаlоji mаşın və аqrеqаtlаrın yаnmа kаmеrаsındа bаş vеrən pаrtlаyış, suyun təsiri nəticəsində əmələ gələn gеnişlənmə və şişmədən yаrаnаn pаrtlаyış, radioaktiv çirklənmə, bioloji çirklənmə, konfiskasiya, müsadirə və s.) ‘‘İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci və Xüsüsi hissənin 36.2-ci maddəsində əhatə edilməmişdir. Təbiidir ki, bu, biznesin bundan sonra daha səmərəli şəkildə davam etdirilməsində yerli sığortaçı üçün arzu olunan hal deyildir.

Eləcə də bax: Özəl sığortaçılığın 25 ili – ŞÜKÜR HÜSEYNOV YAZIR

Məsələnin bizim üçün vacib tərəfi ondan ibarətdir ki, yuxarıda sadalanan risklərin beynəlxalq təkrarsığorta bazarlarında ümumi istisna kimi qəbul olunması daşınmaz əmlakın icbari sığortası ilə sığortalanan risklər üçün təkrarsığorta təminatının əldə olunmasında əngəllər yaradır. Nəticə etibarı ilə yuxarıdakı risklər nəticəsində yaranacaq hər hansı hadisə zamanı təkrarsığorta ödənişinin həyata keçirilməməsi sığorta bazarının ciddi şəkildə maliyyə itkisinə məruz qalması ilə nəticələnə bilər.

Bu məqamda bir hadisəni xatırlamaq yerinə düşərdi. Bir müddət öncə yerli sığortaçılardan biri Azərcell şirkətinə məxsus avtomobilləri kasko və onun sürücü və sərnişinlərini fərdi qəza sığortası üzrə sığortalamış və həmin risklərin əhəmiyyətli hissəsini Böyük Britaniyanın məşhur brokerlərindən biri vasitəsilə Lloydda yerləşdirmişdir. Müəyyən vaxtdan sonra avtomobillərdən biri Quba rayonunda körpüdən aşaraq qəzaya uğrayır və sürücü ölümcül yaralanır. Xəstəxanaya yerləşdirilmiş sığorta olunan sürücünün durumu ümidsiz olduğundan qohumları təkid edərək həkimləri yola gətirir və “müsəlman öz evində, öz ocağında, doğmalarının arasında ölməlidir” prinsipini əsas gətirərək, onu evə aparırlar. Çox keçmir ki, sürücü evində dünyasını dəyişir. Bundan sonra yerli sığortaçı sığorta ödənişi məbləğini mərhumun hüquqi vərəsələrinə ödəyir və təkrarsığortaçını ödənişə cəlb etmək üçün onunla yazışmağa başlayır. Lakin uzun yazışmalar və iddialar heç bir nəticə vermir, təkrarsığortaçı öz payına düşən ödəniş məbləğini köçürməkdən imtina edir. Səbəb isə sadə bir prinsipə bağlı idi, “xəstə və ya yaralı son anadək xəstəxanada, həkimlərin nəzarətində olmalı, öləndə də orada ölməlidir, evə aparılmasaydı, onun sağ qala bilməsinə hələ ümid etmək olardı, və s.” Bu, xarici sığortaçıların qaydaları ilə yerli sığortaçıların analoji qaydaları arasındakı uyğunsuzluğun yerli sığortaçıya vurduğu zərərlə bağlı faktiki baş vermiş hadisələrdən, əyani sübutlardan biri idi. 

Sığorta vasitəçilərinin, özəlliklə də sığorta agentlərinin miskin, zavallı durumu davam etməkdədir. Halbuki inkişaf etmiş dünyada oturuşmuş vasitəçilik institutları bəzən sığorta şirkətlərinin özündən də yuxarıda dayanır, elit statusda olur, böyük vergi ödəyiciləri kimi onlarla hesablaşırlar, işçiləri isə daha peşəkar, daha kübar və daha zəngin olurlar. Bizdə isə tam əksinədir. Heç kim bazarda bir dənə də olsun hamının tanıdığı, yüksək dərəcədə ixtisaslaşmış, tam peşəkar, reytinqli institusional hüquqi şəxs sığorta agentiliyinin adını çəkə bilməz. Fiziki şəxs sığorta agentlərinin durumu daha da acınacaqlıdır. Zaman-zaman lisenziyalı agentlərin lisenziyası kütləvi şəkildə ləğv olunur, yerdə qalan “incidilmiş” agentlər isə şirkətdən şirkətə “daha yüksək faiz axtarışı ilə” yerdəyişmələrə davam edirlər. Bundan başqa, bir sığortaçıda dələduzluğuna görə “ləkələnmiş” və qovulmuş sığorta agentinə başqa sığortaçıda qucaq açılır, onu güllə-çiçəklə qarşılayırlar, ona yüksək komissiya təklif olunur, hətta nə qədər təəccüblü olsa da, həmin agentlər bəzən irəli çəkilərək, onlara vəzifə də verilir. Bəzən adama elə gəlir ki, sığortaçıların əsas vəzifəsi sığortalıların qanuni iddialarını deyil, “sığorta agentlərinin qeyri-real, ambisiyalı iddialarını təmin etməkdən” ibarətdir.

Elə bil, sığortaçılar özləri özlərinə qənim kəsilmişlər. Sığorta şirkətlərinin arasında sağlam tərəfdaşlıq münasibətləri, sağlam rəqabət mühiti yaradılmalıdır. Onlar öz fəaliyyətlərini qarşılıqlı hörmət, səmimiyyət və sağlam tərəfdaşlıq prinsipləri üzərində qurmalıdırlar. Sığorta şirkətləri arasında yüksək qarşılıqlı etimad mühiti yaradılmalıdır. Şirkətlərarası məlumat mübadiləsinin artırırılması məqsədilə vahid platformanın yaradılması bu istiqamətdə atıılmış ilk addım olardı. Yeri gəlmişkən, burada İSB-nin də ünvanına müəyyən qədər iradlar payı düşür. Belə ki, onun məlum funksiyalarından biri də, İSB-nin iştirakçılarının qarşılıqlı fəaliyyətini təmin etməkdən ibarətdir.

Sığorta bazarının sağlamlaşdırılması, sığorta dələduzluğu və fırıldaqçılığı hallarının aradan qaldırılması istiqamətində nəzarət orqanının sərt mövqeyi və atdığı addımlar tam bəhrəsini vermir. Təcrübəli sığorta işçiləri sığorta agentlərinin və bəzi digər şəxslərin keçən əsrin son illərindəki fəaliyyətini, cinayətkar hərəkətlərini yaxşı xatırlayırlar. O zaman bəzi agentlər sığorta şəhadətnamələrini kütləvi şəkildə saxtalaşdırırdılar. Bazarda üzdəniraq peyda olmuş “komputer biliciləri” əsil şəhadətnamələrin qoruyucu nişanlarının olmasına baxmayaraq, eynilə onların oxşarını yaradır, saxtakar agentlərə paylayır və o vaxtkı sığorta bazarını eybəcər bir duruma gətirirdilər. Demək olar ki, hamı - əmilər, dayılar, bibilər, xalalar, digərləri icbari sığorta məhsulu satırdı. Hərçənd ki, həm saxta polislər tərtib edənlərin, həm də onları sürücülərə “sırıyan” agentlərin bəzilərini hüquq mühafizə orqanlarının səyi ilə ifşa etmək, cəzalandırmaq mümkün oldu. Bununla belə, problemi köklü surətdə həll etmək mümkün olmurdu.

Eyni problem müəyyən şəkil dəyişikliyi ilə bu gün də qalmaqdadır. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bununla bağlı ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsini müşahidə etməkdəyik. Lakin problemi əsaslı şəkildə aradan qaldırmaq mümkün olmur ki, olmur. Dünənədək edilən saxtakarlıqlar, o cümlədən EİS-nin xanələrində bir sıra məlumatların dəyişdirilə bilməsi imkanları, güzəşt tətbiq edilməli olan şəxsin pinkodu ilə güzəşti olmayan digər sürücülərin mülki məsuliyyətinin sığortalanması, avtomobilin mühərrikinin silindrinin həcminin kiçildilməsi, müştərilərə qanunda nəzərdə tutulan komissiyadan əlavə endirimlərin təklif olunması, yük avtomobillərinin minik kimi göstərilməsi, hətta yük avtomobilinin əvəzinə qoşqulara dair məlumatların qeyd olunması düzgün işləyən bütün peşəkarlara toxunur və onları dərindən narahat edir. Hesab edirik ki, İSB-nin məlum Forumunda qeyd olunmuş dəyişikliklər agentlərin fəaliyyətinin izlənməsinin effektiv mexanizminin yaradılması istiqamətində vacib bir addımdır. Belə ki, istifadəçinin səlahiyyətliliyinin MBNP vasitəsilə avtorizasiya olunması, sistemə daxil olmaq üçün elektron imza, mobil vasitələrlə daxil olmaq üçün isə Asan imzanın tələb olunması, yeni sistemin DİN ilə bərabər DYP və DMX ilə də inteqrasiya olunmasından sonra yuxarıda sadalanan problemlərin aradan qaldırılmasına şahid ola biləcəyik.

Ölkədə fəaliyyət göstərən sığorta agentlərinin məlum dünya nümunələrində təşkilatlanması vacibdir. Dünya praktikasında sığörta vasitəçilərinin özlərinin ictimai birlikləri (QHT) mövcuddur və onlar həm də ümumdünya sığorta vasitəçiləri assosiasiyasının üzvü olurlar. Məncə, bu günkü tarixə ölkə üzrə faktiki fəaliyyət göstərən fiziki və hüquqi şəxs sığorta agentlərinin sayı və qarşılaşdığı problemlər, onların qeyri-hökumət təşkilatı formasında ictimai birliyinin yaradılmasını gündəmə gətiriir. Bu, gələcəkdə onların ən müxtəlif məsələlərinin səmərəli şəkildə həllinə kömək olar. Axı hər bir situasiyada agent günahkar olmur! Ayrı-ayrılıqda, pərakəndə şəkildə işləyən vasitəçilərin bəzən haqq səsi, “fəryadı” yuxarı instansiya hakimiyyət orqanlarına yetişmir. Onların peşə fəaliyyəti ilə bağlı məsələləri optimal və ədalətli şəkildə həllini tapmır. Sığorta vasitəçiləri ilə vergi orqanları arasında illərlə davam edən və bu yaxınlarda başa çatan məlum “çəkişmələr” buna əyani sübutdur. Halbuki sığorta vasitəçilərinin sadələşdirilmiş, yoxsa gəlir vergisi ödəyiciləri olmalarını aşağı səlahiyyətli orqanlar səviyyəsində dəqiqləşdirmək o qədər də çətin olmamalıydı. Məlum olduğu kimi, yalnız Konstitusiya Məhkəməsinin müdaxiləsindən sonra məsələ öz ədalətli həllini tapmış oldu.

Sığorta sahəsində istehlakçıların (sığortalıların) hüquqlarının qorunması sahəsində çatışmazlıqlar açıq-aşkar hiss olunur. İnkişaf etmiş Qərbdə uzun illərdir özünü doğrultmuş sığorta ombudsmanı institutunun bizdə hələ də yoxluğu, istehlakçıların hüquqlarının qorunması üzrə ixtisaslaşmış ictimai birliyin olmaması böyük problemdir. Bu, sığorta hadisələrinin araşdırılması, zərərlərin tənzim edilməsi, bütövlükdə sığortalıların və bazarın digər iştirakçılarının sığorta və digər əlaqəli tələblərinin düzgün çözülməsində əngəllər yaradır. Sığorta ilə əlaqədar öz həllini tapmamış çoxsaylı iddialar qalaq-qalaq kağız qovluqlara çevrilərək sığortaçıların, nəzarətçilərin və məhkəmələrin siyirtmələrində qalmaqdadır. İşlərin bu şəkildə davam etməsi isə bütövlükdə ölkə üzrə sığortanın gözdən düşməsinə səbəb olur.

Biz, daimi əsasda fəaliyyət göstərən peşəkar sığorta təhsil subyektini yarada bilmədik. Bu istiqamətdə müəyyən addımlar atılsa da, sonda heç bir nəticə əldə edilmədi. Belə ki, 2005-ci ildə Cənubi Qafqaz Sığorta İnstitutunun yaradılması layihəsinin birinci mərhələsi başa çatdırılmışdı. Azərbaycan Sığorta Cəmiyyətləri İttifaqının dəstəyi və iştirakı ilə, sözü gedən Cəmiyyətin o zamankı rəhbərliyi bu İnstitutun və onun Bakı filialının yaradılması üçün böyük iradə və əzmkarlıq nümayiş etdirərək, canla-başla çalışırdı. Bu məqsədlə onlar, Türkiyədə Sığorta İnstitutunda, AFR-də Almaniya Sığorta İnstitutunda (Hamburq) və Almaniya Sığortaçılar Assosiasiyasında (Berlin) çoxsaylı səmərəli görüşlər və seminarlar keçirərək, ABŞ-a işgüzar səfər edərək, ən qabaqcıl Qərb sığorta təhsil təcrübəsini israrla və inadla Azərbaycana gətirmək istəyirdilər. Nəticə isə bu oldu ki, o vaxt yaradılan Sığorta Tədris Mərkəzi bir çox obyektiv və subyektiv səbəblərdən, özəlliklə də bəlli bürokratik maneələr səbəbindən aktiv fəaliyyətə start verə bilmədi və kağız üzərindəcə qaldı. Çox təəssüf ki, sözü gedən problem bu gün də qalmaqdadır. Bu barədə bundan öncəki yazıda ətraflı və əsaslandırılmış şəkildə şərh verilmişdi.

Sığortaçıların mətbu orqanı yoxdur, sığortaya dair qəzet və jurnallar dərc olunmur. Halbuki əsrin əvvəllərində bir birinə rəqib olan iki ictimai təşkilatın adından və onların dəstəyi ilə qəzet və jurnal buraxılırdı. Belə ki, Azərbaycan Sığorta Cəmiyyətləri İttifaqının “Sığorta” qəzeti, Azərbaycan Sığortaçılar Birliyinın “Qarant” sığorta jurnalı və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının biznes bülletenləri sığortanın təbliğatı və kütləvi maarifləndirmə istiqamətində vacib alətlər hesab olunurdu. Hazırda radio proqramlarında KASKO və icbari sığortalara dair ara-sıra qısa məlumatlar verilsə də, telekanallarda bununla bağlı heç bir iş aparılmır.

Renkinq qurumları sığorta şirkətlərinin renkinqini apararkən, bir qayda olaraq və əksər hallarda sığorta haqlarının yığımına, sığorta ödənişlərinin həcminə və sığorta sinifləri üzrə yığımlara istinad edirlər. Halbuki sığorta şirkətlərini qanunvericiliyə əsasən sığorta sirri hesab edilməyən digər çeşidli göstəricilərə görə də fərqləndirmək əhəmiyyətli olardı. Məsələn, nəyə görə ictimaiyyət dövlət büdcəsinə ən çox vergi ödəmiş sığortaçını tanımamalıdır?! Nəyə görə ən çox iş yerləri yaratmış və bununla da dövlətin sosial siyasətinə öz töhfəsini vermiş sığortaçıların adı bilinməməlidir?! Eyni zamanda, təkrarsığortaya qəbul, internet satışın səviyyəsi və sığorta portfelinin çeşidli tərkibinə, yeni məhsulların tətbiqi həcminə görə də sığortaçıların renkinqinin aparılması maraqlı və faydalı ola bilərdi. Belə ki, qanunvericilik bazası yaradılmış titul sığortası, hüquqi xərclərin sığortası, kənd təsərrüfatı heyvanlarının və bitkilərinin sığortası potensialı böyük olsa da, bu siniflər üzrə portfellərin miskin görkəmi, müqavilələrin barmaqla sayıla bilməsi çox mətləblərdən xəbər verir.

Sığortada daxili bazarın qorunması ilə bağlı boşluqlar vardır. Ən böyük riski özündə ehtiva edən çox dəyərli tikili və binaları, kompleks və konstruksiyaları, digər “bahalı” sığorta obyektlərini sığortalayan yerli sığortaçılar onun böyük hissəsini xaricə təkrarsığortaya ötürməli olurlar. Nəticə etibarı ilə uduzan isə yerli sığorta şirkətləri və ölkə iqtisadiyyatı olur. Bunun bir bəsit səbəbi vardır – sığortaçıların məcmu kapitalı onların daha çox risk payına şərik olmalarına və ya risk saxlamalarına, digər hallarda isə daha çox şəxsi tutum etmələrinə imkan yaratmır. (Əslində bəzi sığortaçıların kapital resursları çox olsa da, həmin resursları qüvvədə olan norma və təlimatlara uyğun şəkildə diversifikasiya etməmələri səbəbindən onların bu aktivləri məcmu kapitalın hesablanmasında nəzərə alınmır.) Digər bir səbəb isə, bazarda böyük risklərin mükəmməl şərikli sığortalanmasını təmin edəcək sığorta daxilinin olmamasıdır. Ümumiyyətlə qeyd etmək yerinə düşər ki, Azərbaycanda nəinki yaxşı təşkil olunmuş sığorta daxili yoxdur, heç sadə iş prinsipinə əsaslanan şərikli sığorta mexanizmi də kifayət qədər tətbiq olunmur. Halbuki, özəl sığortaçılığın qısa tarixində bu cür təcrübə artıq mövcud olmuşdu. Belə ki, bir vaxtlar ölkədə fəaliyyət göstərən iri sığorta şirkətləri 12 aprel 2004-cü il tarixli “Yanğından icbari sığorta haqqında” AR Qanununun dolğun icrasını təmin etmək məqsədilə öz aralarında bağladıqları saziş əsasında sığorta daxili yarada bilmişdilər.

Kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsi, aqro-sığorta proqramının inkişafı istiqamətində səmərəli mexanizmin bugünədək tapılmasının müşkülə çevirilməsi məyusedicidir. Halbuki bu məqsədlə hələ 18 iyun 2002-ci ildə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdi. Sonrakı illərdə bu Qanunun həyata keçirilməsi ilə bağlı dəfələrlə tədbirlər keçirilmiş, 22 oktyabr 2013-cü il tarixdə isə həmin Qanuna sonuncu əlavə və dəyişikliklər edilmişdi. Hazırda bu yönümdə aidiyyatı qurumlar səviyyəsində işlərin aparılması barədə mətbuatda ara-sıra məlumatlar yer alır. Lakin görünən odur ki, ölkəmizdə kənd təsərrüfatı risklərinin sığortalanması, fermerlərin mənafelərinin daha dolğun şəkildə sığorta təminatı ilə əhatə edilməsi, aqrar sığortaya dövlət dəstəyinin artırılması sisteminin təkmilləşdirilməsi, bütövlükdə aqro-sığortada işlək bir mexanizmin yaradılması məsələsi bu günədək öz müsbət həllini tapmamışdı.

“Nələr edilmədi və etməliyik?!” adı altında paraqrafları bir az da uzatmaq olardı. Lakin sonda onlardan bir neçəsinin adını çəkməklə kifayətlənməli oluruq. Sığortaçıların kapitallaşma siyasətinin davam etdirilməməsi və onun davamlı bir prosesə çevrilməməsi, sığortada biznes proseslərinin tam rəqəmsallaşdırılmaması, düzgün marketinq siyasətinin aparılmaması, sağlam rəqabət prinsiplərinin gözlənilməməsi, sığorta bazarında satış nümayəndələrinin qeyri-peşəkar davranışı, zərər və sığorta ehtiyatları balansının pozulması, sığorta haqlarına əsassız endirimlərin tarifqoyma və müvafiq sığorta ehtiyatlarının yaradılması prinsiplərini alt-üst etməsi, müştəri xidmətlərinin yaxşılaşdırılması ilə bağlı cağırışlara cavab verən sığorta sisteminin formalaşdırılmaması, hüquqi aspekt – sığorta müqavilələrinin dilinin geniş potensial sığorta ictimaiyyatı üçün bəzən sadə olmayan, qəliz hüquqi terminlərlə tərtibatı, informasiya mülkiyyətinin lazımi qaydada qorunmaması və s. ümumi problemlərin siyahısındadır.

Hörmətli oxucular!

Göründüyü kimi, biz ¼ əsr ərzində sığorta işində bir sıra uğurlara imza atsaq da, hələ görüləsi işlərimiz də çoxdur. Sığorta işi və onun problemləri haqqında çox danışılmalı, çox yazılmalı və çox müzakirələr aparılmalıdır. Sığortaya dair mövzulara bütün informasiya vasitələrində yer ayrılmalıdır. Sığorta işinə dair sadə dərslik vəsaiti hazırlanmalı və onun əsasında məktəblilərə sığorta dərsi keçilməlidir. Sığortada kütləvi təbliğata çox yer ayrılmalıdır. Belə olduqda isə, onu saf-çürük etməyə və sağlamlaşdırmağa daha çox imkan yaranacaqdır. Burada vaxtilə Napoleon Bonapartın dilindən səslənən məşhur bir deyimi xatırlamaq yerinə düşərdi: “Müharibədə qalib gəlmək üçün bir qəzet üç polkdan üstündür.”

 

 

 

 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277