SIĞORTA

Sığorta bazarının təhsil problemi necə həll edilməlidir? – ŞÜKÜR HÜSEYNOV
10 YANVAR
1652

Sığorta bazarının təhsil problemi necə həll edilməlidir? – ŞÜKÜR HÜSEYNOV

2018-01-10 11:02:00

Azərbaycanda keçirilən son Beynəlxalq Sığorta Forumlarında, habelə digər əlaqəli tədbirlərdə də vurğulandığı kimi, hazırda Azərbaycanın sığorta bazarı daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Məlumdur ki, sığorta bazarının nizama salınmasının ilkin mərhələsi 90-cı illərin sonunda başlanmışdır. Lakin sığorta sektorunda əsaslı islahatlar 2008-ci ilin 13 mart tarixindən, “Sığorta fəaliyyəti haqqında” AR Qanununun tətbiqi barədə ölkə Prezidentinin məlum Fərmanından sonra daha geniş vüsət almışdır. Sonrakı illərdə ölkənin sığorta sənayesi sistemli şəkildə formalaşmış, sığorta məhsullarının çeşidi və xidmətlərin həcmi artmışdır. Qanunvericilik bazası əsaslı şəkildə təkmilləşdirilmişdir - yeni qanunlar qəbul edilmiş, sığorta fəaliyyətinin əsas növləri üzrə qaydalar təkmilləşdirilmiş, elektron müqavilə, yeni onlayn satış sisteminə keçid və s. ilə əlaqədar texniki vasitələr və proqram təminatları ilə təchizat təmin edilmiş, ölkə Yaşıl Kart sığorta sisteminə qoşulmuşdur. Eyni zamanda bazarda rəqabət hiss olunacaq dərəcədə kəskinləşmiş və bu, əsasən hüquqi şəxs olan korporativ müştərilərin üzərində cəmlənmişdir. Sığortanın şəxsi növlərinin inkişafında da irəliləyiş olmuşdur və bu, daha çox həyat sığortası şirkətlərinin ayrıca lisenziyalaşdırılması sayəsində mümkün olmuşdur. Lakin bu istiqamətdə aktiv marketinq təhqiqatlarının aparılmasına ehtiyac qalmaqdadır. Əhali ilə fəal işləməyə səy göstərilməlidir. Əslində bu, heç şübhə yoxdur ki, həm sosial, həm də sığorta şirkətlərinin gələcək inkişaf perspektivləri baxımından ən vacib istiqamət hesab olunur. Həyat sığortasının bəzi növləri və tibbi sığorta zəif inkişaf etmişdir. Tibbi sığortanın inkişaf etdirilməsi, özəlliklə də icbari tibbi sığortanın tətbiqinə başlanması üçün dövlət səviyyəsində müəyyən addımlar atılmış, müvafiq qanunvericilikdə dəyişikliklər aparılmışdır. Görülən tədbirlər nəticəsində tibbi sığortada pilot layihələrin həyata keçirilməsi mümkün olmuşdur və əminliklə qeyd etmək olar ki, bu, yaxın perspektivdə onun daha da genişləndirilməsinə zəmin yaradacaqdır.

Milli sığortanın inkişaf yollarını və problemlərini təhlil edərkən, bu məsələyə, ümumilikdə, Respublikamızda özəl sektorun – sahibkarlığın inkişafı prizmasından yanaşmaq lazım gəlir. İndi ölkədə bazar iqtisadiyyatı siyasətinin dönməzliyi təmin edilmiş və bir sıra digər sahibkarlıq subyektləri ilə birlikdə sığorta sənayesinin də inkişaf etdirilməsi üçün münbit şərait yaradılmışdır.

Bununla belə, özünün yüksəliş dövrünü yaşayan Azərbaycan sığortasının qarşısında getdikcə daha çox mürəkkəbləşən idarəetmə problemləri dayanmaqdadır. Azərbaycan sığortaçıları sığorta biznesinin bölünməsi və ixtisaslaşdırılması, sığorta təşkilatında optimal idarəetmə modelinin yaradılması, satış sisteminin təşkil edilməsi və təkmilləşdirilməsi, müvafiq sığorta xidmətlərinin göstərilməsi sahəsində problemlərlə üzləşirlər

Bəs belə bir zəngin, lakin problemsiz olmayan lokal sığorta bazarı sistemini daha da inkişaf etdirmək üçün əsas vasitələrdən biri olan sığorta təhsil sistemi bu bazarın tələblərinə cavab verirmi? Axı, sığorta xidmətləri səviyyəsinin yüksəldilməsi, sığorta sahəsində ixtisaslı kadrların hazırlanması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi işində mövcud nöqsan və çatışmazlıqları hamımız görürük! Sığorta bazarı sisteminin peşəkar mütəxəssis və sığorta vasitəçiləri ilə komplektləşdirilməsi üçün müvafiq ixtisaslaşmış sığorta peşə təhsili sisteminin yaradılması vaxtı çatmış bir məsələdir. Belə ki, ASA-da təşkil olunan təlim kursları bütün sahələri əhatə etmir və sistemli xarakter daşımır. Hazırda bəzi akademik dövlət təhsil müəssisələrində və bir neçə özəl universitetlərdə “Sığorta işinin təşkili” ixtisası açılsa da, burada təlimin təcrübə ilə uğurlu əlaqələndirilməsi baş vermir. Böyük sığorta şirkətlərində fəaliyyət göstərən təlim mərkəzləri və ya təlimçilər isə olsa-olsa həmin şirkətlərin öz daxili tələbatlarını ödəyə bilirlər. Təlimlərin distant təlim metodu əsasında təşkili lazımi keyfiyyəti təmin etmir və s.

İndi sığorta mütəxəssisləri tərəfindən göstərilən xidmətlər müasir tələblərə cavab verməli, onlar həm yerli, həm də əcnəbi müştərilərə yüksək səviyyədə xidmət göstərməli, öz fəaliyyətlərini daha çox mütərəqqi dünyəvi prinsiplər əsasında qurmalıdırlar.

Bu səbəbdən də, ilk növbədə, mütəmadi olaraq sığorta bazarı və sığorta sənayesi sistemində əsas simalardan olan bütün peşəkar iştirakçıların ixtisas səviyyəsinin davamlı olaraq artırılması ön plana keçir.

Bazarda çoxşaxəli agent şəbəkəsinin mövcudluğu bir tərəfdən, şirkətlərin işinə böyük təkan verir və bütün kateqoriyadan olan müştərilərə, özəlliklə kəndli-fermer təsərrüfatları, kiçik və orta sahibkarlıq subyektlərinin təsərrüfat risklərinin sığortalanması sahəsində onlara geniş əhatəli sığorta təminatının verilməsinə imkanlar yaradır, digər tərəfdən, sığorta xidmətlərini təklif edən əməkdaşların peşə hazırlıqlarının arzu olunan səviyyədə olmaması işin səmərəliliyinə və keyfiyyətinə mənfi təsir göstərir. Sığortaçıların, sığorta vasitəçilərinin, habelə sığorta bazarının digər iştirakçılarının ixtisas/peşəkarlıq səviyyəsinin qənaətbəxş olmaması hazırkı mərhələdə sığorta bazarının dinamik inkişafına mane olan başlıca səbəblərdəndir.

Sistemli peşəkar hazırlıq prosesini zəruri edən daha bir səbəb vardır – sığorta fəaliyyətinin beynəlxalq lisenziyalaşdırılması praktikasında sığorta şirkətlərinin rəhbərlərinin peşəkar hazırlıqlarının tələb olunması nəzərdə tutulur. Belə ki, sığorta şirkəti formal olaraq lisenziya almaq üçün idarəetmənin yüksək həlqəsində çalışan kadrların, rəhbər işçilərin peşəkar hazırlıq səviyyəsini göstərməlidir. Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyası, Dünya Bankı və Avropa İttifaqının hökumətlərə təkidli tövsiyyələrindən sonra bu tələb sığorta şirkətlərinin lisenziya almaları üçün tələb olunan şərtlərin siyahısına daxil edilmişdir. Burada formal olaraq, sanki hər şey qaydasındadır. Belə ki, ölkədə qüvvədə olan sığorta qanunvericiliyinə əsasən sığorta vasitəçiləri ilə yanaşı sığortaçının rəhbər işçiləri də müvafiq vəzifəyə təyin olunmaq üçün attestasiyadan keçməli, test imtahanında uğurlu nəticə əldə etməlidirlər. Lakin görünən odur ki, məsul aktuarilər istisna edilməklə, bütövlükdə sığortaçılarda çalışan yuxarı həlqə əsas menecerlər kütləsi adekvat sığorta təhsilinə malik deyillər.

Ümidvarıq ki, müstəqil sığorta təhsil strukturunun yaradılması ilə başqa bir problem də öz həllini tapacaqdır. Bildiyiniz kimi, yuxarıda sadaladığımız mövcud qurumların təlim proqramlarında əsasən sığorta işinin əsasları və sığorta qanunvericiliyi ilə bağlı mövzular üstünlük təşkil edir. Lakin sirr deyil ki, əsil sığorta əməkdaşı olmaq üçün bunlar kifayət deyildir. Bir sıra digər əlaqəli mövzular, o cümlədən, sığortada satışın təşkili və idarə edilməsi, sığortada marketinq, xidmət satışının səciyyəvi xüsusiyyətləri, sığorta hadisələrinin tənzimlənməsində hüquqi mübahisələr və problemlərin çözülməsi qaydaları, işgüzar yazışma qaydaları və işgüzar ünsiyyət etikası, anderraytinq və təkrarsığorta, şirkətdaxili uçotun xüsusiyyətləri, gəlir və xərclərin uçotu, marketinq və kommunikasiya, telefon satış bacarıqları, etirazlarla iş qaydası, beynəlxalq maliyyə hesabatları standartları və s. üzrə bilikləri olmayan sığorta meneceri və ya satıcısının mükəmməl kadr olduğunu iddia edə bilmərik.

Problemin məğzi

Qeyd etmək lazımdır ki, işlərin bu şəkildə davam etdirilməsi çağdaş tələblərə cavab vermir. Bir tərəfdən durmadan genişlənən beynəlxalq sığorta sənayesi texnologiyasının mütərəqqi cəhətlərini Azərbaycanın sığorta bazarında ləngidilmədən tətbiq etmək, digər tərəfdən ölkədə iqtisadiyyatın və nəticə etibarı ilə həyatın inkişaf etməsi ilə yeni-yeni sığorta məhsullarının işlənməsi, sığorta sahəsində çalışan mütəxəssis və agentlərin peşəkar bilik və bacarıqlarının mütəmadi surətdə artırılması məqsədilə sığortada peşə təhsilini daimi və mütəşəkkil fəaliyyət müstəvisinə keçirmək zərurəti yaranmışdır.

Doğrudur, sığortanın sabit inkişafını təmin etmək üçün kapital, sığorta texnologiyaları, əlverişli mühit, sığortalının etimadı və bir sıra digər amillər də tələb olunur. Lakin bu gün ən böyük çatışmazlıq, yuxarıda da qeyd edildiyi kimi, sığorta biznesinin bütün həlqələrində çalışan menecerlərin bilik və peşə vərdişlərinin istənilən səviyyədə olmamasıdır. Azərbaycanda sığorta işinin dinamik inkişaf etdirilməsi, sığorta bazarı sisteminin müasir dünya standartlarına müvafiq qaydada formalaşdırılması və onun ardıcıl surətdə təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməlidir.

Azərbaycan sığortasında peşəkar təlimlə bağlı məsələlərin həll edilməsini, sığorta peşə hazırlıq subyektinin yaradılmasını zəruri edən amilləri aşağıdakı qaydada sıralamaq olar:

  1. Sığortada idarəetmənin səmərəliliyinin artırılmasına dəstək verilməsi;

  2. Sığorta bazarı sisteminin davamlı olaraq peşəkar mütəxəssis və vasitəçilərlə komplektləşdirilməsi - sığorta şirkətlərində fəaliyyət göstərən gənc kadrların ümumi peşəkarlıq səviyyəsinin qaldırılması, sığorta şirkətlərinin şirkətxarici əməkdaşlarının – sığorta agentlərinin və sığorta brokerlərinin sığorta sahəsində bilik və bacarıqlarının artırılması və onların vaxtaşırı təlimatlandırılması;

  3. Sığorta bazarı sisteminə daxil olan digər peşəkar və qeyri-peşəkar subyektlərin, o cümlədən, sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslərin, habelə fəaliyyəti bir çox hallarda sığortaçıların fəaliyyəti ilə bağlı olan bank, turist agentlikləri, nəqliyyat müəssisələri, daşınmaz əmlak üzrə agentliklər və s. işçilərinin sığorta işi üzrə müvafiq hazırlıqlarının təmin edilməsi;

  4. Ölkədə bazar iqtisadiyyatı siyasətinin dönməzliyi, özəl sektorun, sahibkarlıq fəaliyyətinin dinamik inkişafı fonunda sığortaya artan tələbatın adekvat qarşılanması;

  5. Sığorta vasitəçiləri ilə sığortalıların və sığortaçıların qarşılıqlı münasibətlərinin – hüquqi münasibətlərinin təkmilləşdirilməsi;

  6. Sığorta fəaliyyətinin daha çox nümunəvi dünyəvi prinsiplər əsasında idarə olunması, bu istiqamətdə Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının, Avropa İttifaqının və Dünya Bankının tövsiyyələrinin nəzərə alınması;

  7. Əhalinin sığorta sahəsində geniş kütləvi maarifləndirilməsi işinə köməklik göstərilməsi.

Sığorta sektorunda çalışan işçilərin, o cümlədən anderrayterlərin, sığorta vasitəçilərinin, sığorta ekspertlərinin və s. peşə hazırlığı üzrə daimi əsasda sistemli və ardcl peşə təhsili sisteminin yaradılması günün zəruri məsələsidir. Bu olmadıqda isə, biz, hələ uzun illər, nə qədər kədərli olsa belə, anderrayterlərimizin “sözəbaxan müdir xidmətçiləri”, mütəxəssislərimizin “müti icraçılar”, agentlərimizin “kolxoz bazarı dəllalları”, qəza ekspertlərimizin isə “bəd xəbər daşıyıcıları” statusu ilə barışmalı olacağıq.

P.S. Sözü gedən sistemin yaradılması kompleks yanaşma tələb etdiyi və spesifik sahə olduğu üçün bu məqsədlə dövlət və ya qeyri-dövlət səviyyəsində dəstəyin, təhsil strukturunun maddi-texniki və kadr bazasının formalaşdırılması üçün maliyyə dəstəyinin göstərilməsi vacibdir. Bu məqsədlə müvafiq grant layihəsinin işlənməsi və sponsorların axtarılması ağlabatandır.

Şükür Hüseynov (FİNS.AZ)

Sığorta eksperti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277