SIĞORTA

Müəssisələrdə işçilərin 5 faizinin əməkhaqqının 50 faizi işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdiriləcək
08 YANVAR
474

Müəssisələrdə işçilərin 5 faizinin əməkhaqqının 50 faizi işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdiriləcək

2018-01-08 15:58:00
İşsiz kimi qeydiyyata alınmış şəxslərin sığortaolunanların əməkhaqqının maliyyələşdirilməsi proqramında iştirak etmək hüquqları var

Nazirlər Kabineti “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nı təsdiq edib.

Fins.az-ın məlumatına görə, bu Qayda aktiv məşğulluq tədbiri kimi müəyyən müddət ərzində sığortaedənlərlə birlikdə sığortaolunanların əməkhaqlarının bir hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi şərtlərini və qaydasını müəyyən edir.

Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin göndərişi əsasında işə qəbul olunmuş sığortaolunanların əməkhaqlarının bu Qaydada nəzərdə tutulmuş hissəsinin müəyyən müddətə işsizlikdən sığorta vəsaiti hesabına ödənilməsidir.

Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi müddəti və məbləği müəyyənləşdirilib. Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi Dövlət Statistika Komitəsitərəfindən əvvəlki il üçün müəyyən olunmuş orta aylıq əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə, sığortaolunanın ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) və əməkhaqqına üstəliyin (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, şsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir. Əməkhaqqına əlavələr, mükafatlar və digər ödənclər işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilmir və bu ödənclər Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir. Əməkhaqqının maliyyələşdirilən hissəsi əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi aydan başlayaraq, hər ay işəgötürən tərəfindən razılaşmada nəzərdə tutulan müddətdə və məbləğdə ödənilir. Razılaşmanı imzalamış işəgötürənlər onun icrası və Xidmət tərəfindən Proqram üzrə ödəniləcək vəsait barədə hesabatı sonrakı ayın 5-dək elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə (MİS) təqdim edirlər. Hesabatın Xidmət tərəfindən qəbul olunması təsdiq edildikdən sonra, həmin ayın 10-dan gec olmayaraq, əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi üzrə ödəniş işəgötürənə ödənilir.

Xidmətdə işsiz kimi qeydiyyata alınmış şəxslərin sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramında iştirak etmək hüquqları var. Xidmətin göndərişi əsasında işəgötürənlə əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində işə qəbul olunmuş sığortaolunanların əməkhaqlarının bu Qaydada nəzərdə tutulmuş hissəsi işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir.  Proqramda iştirak edən işsizlərdən əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir. Proqramda işəgötürənlərin iştirakı üçün aşağıdakı şərtlər müəyyən edilir:

- son 1 ildə fəaliyyətdə olan və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan;

- son 1 ildə iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən);

- işçilərinin orta illik sayının 40 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil edən;

- vakansiya bankına müvafiq məlumatları təqdim edən;

- kiçik və orta sahibkarlıq subyekti hesab olunan və müflis elan edilməsi barədə müraciəti olmayan.

Hər bir işəgötürən üzrə əməkhaqlarının maliyyələşdirilməsi proqramına cəlb olunacaq sığortaolunanların sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 5 faizindən çox ola bilməz. Əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerləri üzrə vakansiyalar ən azı 3 ay əvvəl vakansiya bankına təqdim edilməlidir. Xidmət tərəfindən Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş məşğulluq təsnifatı üzrə müxtəlif vakant iş yerlərinə göndəriş işəgötürənə təqdim edildiyi halda, işəgötürən ilk növbədə, əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulmayan vakant iş yerlərinə, sonra isə əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulan vakant iş yerlərinə işçiləri qəbul etməlidir. İşəgötürən tərəfindən əməkhaqları maliyyələşdirilən iş yerləri üzrə əməkhaqqının məbləği maliyyələşdirilməsi nəzərdə tutulmayan iş yerləri üzrə əməkhaqqının məbləğindən 10 faizdən çox fərqlənə bilməz. Proqramda iştirak edən işəgötürənlər bu Proqram çərçivəsində Xidmətin göndərişləri əsasında işə götürdükləri işçilərlə əmək müqavilələrinə Proqram başa çatdıqdan sonra ən azı 1 il ərzində Əmək Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, xitam verdiyi halda, növbəti maliyyələşdirmə proqramında iştirak etmirlər. Büdcədən maliyyələşən təşkilatlar sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramında işəgötürən kimi iştirak etmirlər.

Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi üzrə aktiv məşğulluq proqramında iştirak etmək istəyən hər bir işəgötürən “Elektron hökumət” portalının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, “Elektron hökumət portalı” və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron xidmətlər” portalında yerləşdirilmiş “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramı” elektron xidməti vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (MİS) “Məşğulluq Alt Sistemi”ndə (MAS) “Müraciət - Ərizə”  formasını doldurub gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir. Elektron informasiya sisteminə məlumatlar bilavasitə işəgötürən tərəfindən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən ötürülür. İşəgötürən Proqramda iştirak məqsədi ilə mövcud informasiya ehtiyatlarında ona aid fərdi və kommersiya xarakterli məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sorğu edilərək əldə olunmasına dair Razılığını  gücləndirilmiş elektron imzası ilə təsdiq etməlidir. Elektron formada göndərilmiş müraciət qeydiyyata alındıqdan və Razılıq təsdiq edildikdən sonra, 10 iş günü ərzində həmin işəgötürənin bu proqramda iştirakının mümkünlüyü araşdırılır. Xidmət Razılaşma imzaladığı işəgötürənlərə əməkhaqqı maliyyələşdiriləcəyi iş yerləri üzrə müəyyən edilmiş qaydada göndəriş rəsmiləşdirir. İşəgötürən göndərişdən istifadə barədə məlumatda işaxtaranı vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarını verərək göndərişdə müvafiq qeydlər aparır və onu imzası və möhürü ilə təsdiqləyərək işaxtarana təqdim edir. Bununla yanaşı, işəgötürən qərarı barədə məlumatı müəyyən edilmiş qaydada MAS-a daxil edərək gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256