SIĞORTA

"İşsizlik müavinəti ləğv edilmir, işsizlikdən sığorta ilə əvəzlənir"
05 YANVAR
1094

"İşsizlik müavinəti ləğv edilmir, işsizlikdən sığorta ilə əvəzlənir"

2018-01-05 17:06:00

Bir sıra KİV-lərdə işsizlik müavinətinin ləğv olunması barədə yayılan məlumatlar məsələyə yanlış yanaşmanın olduğunu göstərir. Əksinə, bu ildən ölkəmizdə tətbiqinə başlanan “İşsizlikdən sığorta haqqında” Qanun müasir dünyada işsizlikdən sığorta sahəsində mövcud olan mütərəqqi cəhətlər əsas götürülməklə ölkəmizdə işsizlikdən müdafiə və işsizliyə görə sığorta ödənişi sisteminin formalaşdırılmasına imkan yaradır.

Fins.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev ayrı-ayrı mətbuat orqanlarında işsizlik müavinətinin ləğv olunması barədə yayılan məlumatlarla əlaqədar olaraq deyib.

Onun verdiyi məlumata görə, “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin bir sıra qərarlarını ləğv etməsini işsizlik müavinətinin ləğv olunması kimi başa düşmək qətiyyən düzgün deyil: “Məqsəd müvafiq sahədə qanunvericilik aktlarında uyğunluğun təmin olunması və müvafiq texniki təkmilləşdirmələrin aparılmasıdır. Eyni zamanda işsizliyə görə müavinət anlayışının işsizlikdən sığorta anlayışı ilə əvəzlənməsi də aparılan təkmilləşdirmələrin əsas məqsədidir, çünki “İşsizlikdən sığorta haqqında” Qanunda həmin Qanunla nəzərdə tutulan hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması kimi işsizlikdən sığorta nəzərdə tutulub. İşsizlikdən sığorta ödənişinin isə üç növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən olunub”.

Şöbə müdiri onu da söyləyib ki, 2018-ci ilin əvvəlindən Azərbaycanda tətbiqinə başlanan işsizlikdən sığorta sistemi işsizlərin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiya edilməsinə, onun əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsinə xidmət edəcək. “İşsizlikdən sığorta haqqında” Qanunla bu ilin əvvəlindən yaradılan İşsizlikdən Sığorta Fondunda cari ildə toplanması nəzərdə tutulan 89 milyon manat vəsaitin 37,6 faizi və ya 33,5 milyon manatı məhz işsizliyə görə sığorta ödənişlərinə yönəldiləcək, halbuki 2017-ci ildə həmin məqsəd üçün cəmi 17,5 milyon manat vəsait ayrılmışdı: “Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizliyə görə sığorta ödənişi ilə təmin olunacaqlar. Aktiv əmək bazarı tədbirləri kimi, bu sahəyə yönəldilən vəsaitin məbləği də cari ildən əhəmiyyətli şəkildə artırılıb”.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259