SIĞORTA

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəticələri açıqladı
27 DEKABR 2017
426

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəticələri açıqladı

2017-12-27 15:03:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda 2017-ci ilin oktyabr-dekabr ayları ərzində “Sabaha sağlam addımla” şüarı altında təşkil edilən sağlamlıq həftələri başa çatmışdır. Sağlamlıq həftələrinin həyata keçirilməsində məqsəd pilot ərazilərdə sağlam həyat tərzinin təbliği, sakinlərin sağlamlığının qorunması və maarifləndirilməsi, xəstəliklərin erkən aşkarlanması, ilkin səhiyyə xidmətinin, ailə həkimi institutunun inkişafı və möhkəmləndirilməsi olub. Həftələr çərçivəsində tibbi müayinələr pilot ərazilərdə fəaliyyət göstərən 7 Ailə Sağlamlıq Mərkəzlərində aparılmışdır.

Sağlamlıq həftələri çərçivəsində müayinələrdən keçənlərin sağlamlıq vəziyyətini və müalicə-profilaktik tədbirlərin səmərəliliyini qiymətləndirmək məqsədilə hazırlanan registr sisteminin məlumatları təhlil edilib.

Ümumilikdə sağlamlıq həftələri çərçivəsində, açılış mərasimi daxil olmaqla 19651 nəfər müayinələrə cəlb olunmuşdur. Onlardan 442 nəfəri sağlamlıq həftələrinin açılış mərasiminin, 552 nəfəri süd vəzisinin xərçəngi, 197 nəfəri prostat vəzi xəstəlikləri, 9519 nəfəri skolioz, 2314 nəfəri şəkərli diabet və sağlam qidalanma, 2804 nəfəri hipertoniya və sağlam qidalanma, 2674 nəfəri xolesterin və sağlam qidalanma, 1149 nəfəri isə tütün çəkmə ilə mübarizə üzrə sağlamlıq həftələrinin iştirakçıları olmuşlar.

Müraciət edən vətəndaşların yaş qrupları üzrə bölgüsünə gəldikdə 10084 nəfər 0-15 yaş, 1004 nəfər 16-25 yaş, 1517 nəfər 26-35 yaş, 1604 nəfər 36-45 yaş, 2023 nəfər 46-55 yaş, 2989 nəfər 56-70 yaş arasında, 430 nəfər isə 70 yaşdan yuxarı şəxslər olublar.

Müraciət edənlərin tibbi müayinələrdən keçmə tezliyinə görə bölgüsü aşağıdakı kimidir: 3830 nəfər son 1 ay, 2016 nəfər son 3 ay, 1263 nəfər son 6 ay, 857 nəfəri son 1 il, 821 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçmişdir. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 572 nəfər təşkil edib. 773 nəfər sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Qeyd edək ki, skoliozun profilaktikası üzrə sağlamlıq həftələri çərçivəsində (9519 nəfər iştirak edib) müayinələr əsasən orta məktəblərdə (Yevlax rayonu ərazisində 33 məktəb) keçirildiyindən iştirakçıların müayinə tezliyi haqqında məlumat əldə edilməmişdir.

Ümumilikdə 18664 nəfər ailə həkimlərinin, 941 nəfər isə ixtisas həkimlərinin qəbulunda olublar. Sağlamlıq həftələrinin açılış mərasimində həkim qəbulunda olmamış, yalnız çəki və boylarının ölçülməsi, qanda şəkərin miqdarını müəyyən etmək üçün müraciət edənlərin sayı 46 nəfər təşkil etmişdir.

Sağlamlıq həftələrinin açılış mərasimində aparılmış müayinələr zamanı müraciətçilər arasında bir sıra patologiyaların ilkin əlamətləri ilk dəfə olaraq aşkar edilmişdir. Belə ki, 29 nəfərdə hipertoniya xəstəliyinin ilkin əlamətləri, 5 nəfərdə süd vəzisi, 18 nəfərdə müxtəlif formada sidik–cinsiyyət sistemi ilə bağlı patologiyalar, 14 nəfər bir yaşınadək körpədə erkən raxit əlamətləri, 26 körpədə isə çəki ilə əlaqədar problemlər aşkar edilmişdir.

Süd vəzisi xərçənginin profilaktikası üzrə sağlamlıq həftələri ərzində 379 nəfərdə süd vəziləri ilə bağlı patologiyalar və yenitörəmələr aşkarlanıb.

Prostat vəzi xəstəliklərinin profilaktikası üzrə sağlamlıq həftələrində sidik-cinsiyyət sistemindən şikayətlərlə bağlı müraciət etmiş şəxslərin 110-da erkən mərhələdə müxtəlif xəstəliklər (prostatit, uretrit, prostat vəzin adenoması, sistit, pielonefrit və s.) aşkar edilmişdir.

Skoliozun profilaktikası üzrə sağlamlıq həftələrində 567 nəfərdə skolioz, 16 nəfərdə kifoz, 4 nəfərdə müxtəlif dərəcəli onurğa deformasiyaları, 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyillilik olduğu müəyyən edilib.

Şəkərli diabet xəstəliyi və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələrində 778 nəfərin 2-ci tip şəkərli diabet xəstəsi olduğu təsbit edilib. Ailə həkimləri tərəfindən 123 nəfərdə 2-ci tip şəkərli diabet xəstəliyi erkən aşkarlanaraq xəstələrin müvafiq müalicəyə başlaması təmin edilmişdir.

Hipertoniya və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələrində 984 nəfərin hipertoniya xəstəsi olduğu müəyyən edilib, 226 nəfərdə isə hipertoniya xəstəliyi ilkin aşkarlanıb.

Xolesterin və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələrində 383 nəfərdə isə qanda xolesterinin miqdarının yüksək olduğu (hiperxolesterinemiya) müəyyən edilmişdir. 35 müraciətçidə xolesistit (öd kisəsinin iltihabı), hepatosteatoz (qaraciyər piylənməsi), meteorizm (köp) əlamətləri müşahidə edilmiş və müvafiq tövsiyələr verilmişdir.

Tütün çəkmə ilə mübarizəyə həsr olunmuş sağlamlıq həftələrində 26 nəfərdə kəskin bronxit, 95 nəfərdə xroniki bronxit, 9 nəfərdə isə ağciyərlərin xroniki obstruktiv xəstəliyi müəyyən edilmişdir.

Beləliklə müayinədən keçən 4006 nəfərdə ilkin xəstəliklər və patologiyalar aşkar olunmuş və onların müvafiq müalicəyə başlaması təmin edilmişdir. Aşkar olunan xəstəliklərdən böyüklər arasında ən çox süd vəziləri ilə bağlı patologiyalar və yenitörəmələr, diabet, hipertoniya, yeniyetmələrdə isə skolioz kimi xəstəliklər üstünlük təşkil edir.

Ailə həkimləri tərəfindən sağlamlıq həftələrinin iştirakçılarının hər birinə xəstəliklərin profilaktikası və ilkin əlamətləri, sağlam həyat tərzinə və sağlam qidalanmaya dair tövsiyələr verilmiş və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış aşağıdakı maarifləndirici çap materialları paylanmışdır.

Sağlamlıq həftələri çərçivəsində əhalinin ixtisaslı tibbi müayinələrə əlçatanlığının təmin edilməsi, xəstəliklərin erkən aşkarlanması və ağırlaşmaların qarşısının alınması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Milli Onkologiya Mərkəzi (MOM) ilə birlikdə 10-12 oktyabr 2017-ci il tarixində Yevlax şəhər ASM-in ərazisində yerləşdirilmiş MOM-un Mobil Diaqnostik Kompleksində müayinələr təşkil etmişdir. Kompleksdə ginekoloq, mammoloq, onkoloq, uroloq, radioloq, endokrinoloq və LOR həkim konsultasiyaları verilib, rentgenoqrafiya, mammoqrafiya və ultrasəs müayinələri aparılıb.

3 gün ərzində davam edən müayinələr ərzində 482 nəfərə xidmət göstərilmişdir və ümumilikdə 1404 müayinə aparılmışdır. 88 nəfər mammoqrafiya, 77 nəfər rentgenoqrafiya, 298 nəfər isə ultrasəs müayinəsindən keçmişdir. Bu müayinələr zamanı 8 nəfərdə süd vəziləri, 24 nəfərdə qadın cinsiyyət üzvləri (uşaqlıq, uşaqlıq boynu, yumurtalıq və s.), 4 nəfərdə qalxanabənzər vəzi ilə bağlı patologiyalar və yenitörəmələr qeydə alınmışdır. Müxtəlif formada sidik-cinsiyyət sistemi ilə bağlı patologiyalar isə 10 nəfər vətəndaşda təyin edilmişdir.

Əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sağlamlıq həftələri çərçivəsində cari ildə 2 dəfə Yevlax rayonunda və Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərində çalışan ailə həkimlərinin şəkərli diabet xəstəliyinə dair bilik və bacarıqlarını təkmilləşdirmək üçün 2 dəfə, tənəffüsün həcmi və sürətinin təyini - spirometriyadan istifadə qaydalarına dair isə 1 dəfə təlim təşkil etmişdir.

Tütünlə mübarizə üzrə sağlamlıq həftələri ərzində isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Mingəçevir Dövlət Universitetində təhsil alan tələbələr üçün maarifləndirici aksiya da təşkil edilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255