SIĞORTA

Sığorta bazarını 2018-ci ildə nə gözləyir? – CEO-ların PROQNOZLARI
26 DEKABR 2017
670

Sığorta bazarını 2018-ci ildə nə gözləyir? – CEO-ların PROQNOZLARI

2017-12-26 14:21:00

2017-ci il bütün maliyyə bazarında olduğu kimi sığorta sektorunda da hadisələrlə yadda qaldı. 2015-2016-cı illər iqtisadi böhranının küləyi sığorta bazarında bu il də hiss edildi. Bəzi şirkətlər ləğv edildi, bəzilərinin durumu bir qədər də pisləşdi. Bəziləri isə mövcud vəziyyətdən çıxış yolu axtarmağa başladılar. Bəs, 2018-ci ildə sığorta şirkətlərini və ümumilikdə sığorta bazarını nə gözləyir? Fins.az bununla bağlı sığorta bazarında aparıcı şirkətlərin CEO-larının gözlənti, hədəf və proqnozlarını öyrənməyə çalışıb.

"Atəşgah" SŞ İsədri Azər Əliyev: “2018-ci ildə sığorta bazarı canlanacaq”

"Atəşgah" SŞ İdarə heyətinin sədri Azər Əliyev Fins.az-a açıqlamasında 2018-ci ildə sığorta bazarı ilə bağlı pozitiv düşüncədə olduğunu deyib: ”Azərbaycan sığorta bazarı, bütün dünyada müşahidə olunan qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, nəinki stabil, hətta artım nümayış etdirir. Bu özünü yalnız statistik göstəricilərlə deyil,  bazarda yenı sığorta xidmətlərinin tətbiqi ilə göstərir. 2018-ci ildə də Azərbaycan sığorta bazarının inkişafı davam edəcək, lakin yeni iştirakçıların və yaxud məhsulların çeşidində ciddi dəyişikliklər gözlənilmir. Bazarın bir il içində canlanacağını düşünürəm"

AtaSığorta” şirkətinin İH sədri Müseyib Əliyev: “2018-ci ildə şirkətimiz dinamik inkişaf edəcək”

AtaSığorta” şirkətinin idarə heyətinin sədri Müseyib Əliyev isə Fins.az-a açıqlamasında 2018-ci ildə sığorta şirkətinin fokuslanacağı sahələri açıqlayıb: “ Əsas məqsədlərimiz “AtaSığorta”da dinamik inkişafı davam etdirməkdir. Bunun üçün 2018-ci ildə könüllü sığorta növləri üzrə yığımları artırmağı planlaşdırırıq. Bundan əlavə, regionlarda sığorta xidmətləri spektorunu genişləndirəcəyik, o cümlədən sığorta hadisələrinin tənzimlənməsi sistemini daha da təkmilləşdirəcəyik”.

Qala Həyat” SŞ-nin İH sədri vəzifəsini müvəqqəti icra edən Azər Əlizadə: “Həyat sığortası bazarında iri addımlarla irəliləyəcəyik”

 “Qala Həyat” SŞ-nin İH sədri vəzifəsini müvəqqəti icra edən Azər Əlizadə də Fins.az-a şirkətlə bağlı proqnozunu bildirib:“Qala Həyat” əməkdaşlarının profesionallığı, illərdir davam etdirdiyi işin keyfiyyəti, daima innovasiyalara doğru irəliləyən komandaya malik olması, müştərilərə göstərilən yüksək xidmətiylə və ildən ilə nəticələrin və xidmətlərin artırılması ilə  sığorta bazarında fərqlənən şirkətdir.

2017-ci ildə çətinliklərlə rastlaşsaq  da, mənim fikrimcə,  “Qala Həyat” Sığorta Şirkəti bu çətiniklərin öhdəsindən müvəfəqiyyətlə gəlib.

2018 –ci ilin iş strategiyasına  gəlincə, qarşımıza qoyulan məqsəd işin keyfiyyətini daha da artırmaq, müştərilərimizə göstərilən xidmətimizi maksimum yüksəltmək, şirkətin  ümumi nəticələrini  artırmaq, həyat  sığortası üzrə müştərilərimiz üçün yeni və faydalı məhsullar yaratmaq, əhalinin həyat sığortası barəsində  mariflənməsində öz tərəfimizdən əlimizdən gələni etmək arzusunda və niyyətindəyik. Biz hər zaman irəliyə iri addımlarla addımlayırıq və bunun 2018-ci ildə belə davam edəcəyinə əminik”.

Azərbaycan Sənaye Sığorta” şirkətinin İH sədri Kamran Babayev: “2018-ci il üçün 2 gözləntimiz və 2 hədəfimiz var”

Azərbaycan Sənaye Sığorta” şirkətinin İH sədri Kamran Babayev 2018-ci il üçün əsas hədəf və sığorta bazarından gözləntilərini açıqlayıb: “Sığorta bazarı üzrə əsas gözləntilərimiz kənd təsərrüfatı sığortası üzrə mərkəzləşdirilmiş yeni sistemin yaradılması və sığorta haqlarının 50% dövlət tərəfindən qarşılanmasınıdır. Bundan əlavə hesab edirəm ki, məlumat təhlükəsizliyinin qorunması məqsədilə sığorta şirkətlərində “penetration test” yoxlamasının ildə bir dəfə məcburi olması vacibdir. “Azərbaycan Sənaye Sığorta”ya gəldikdə isə 2018-ci ildə əsas hədəflərimiz tibbi və kənd təsərrüfatı sığortası üzrə portfeli daha da artırmaqdır”.

Qala Sığorta” Şirkətinin İH sədri Fuad Allahverdiyev: “2018-ci ildə filialları artırıb yeni məhsullar buraxacağıq”

 Qala” Sığorta Şirkətinin İdarə heyətinin Sədri   Fuad Allahverdiyev Fins.az-ın sorğusuna əsasən 2018-ci ildə görülən işləri açıqlayıb: “Müştəri məmnuniyyəti hədəfini əldə rəhbər tutaraq regionlarda keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi məqsədi ilə 2018-ci il ərzində şirkətin filial və nümayəndəliklərinin sayının artırılması, eyni zamanda, şirkət tərəfindən göstərilən sığorta xidmətlərinin dairəsinin genişləndirilməsi üçün istehlakçılara yeni sığorta məhsullarının təqdim olunması nəzərdə tutulur”.

Azərsığorta” şirkətinin İH-nin sədr müavini Aftandil Hacıyev: “İcbari tibbi sığortada şirkətlərin də iştirak edəcəyini gözləyirik”

Azərsığorta” şirkətinin İH-nin sədr müavini Aftandil Hacıyev isə Fins.az-a bildirib ki, icbari tibbi sığortaya şirkətin də cəlb edilməsi bazar üçün məqsədəuyğun hesab edilir:“Azərbaycan sığorta bazarı inkişafdadır. Bəzi sığorta növlərinin inkişafını gözləyirik. Əsasən kənd təsərrüfatı sahəsində gözləntilərimiz böyükdür.Yaxşı olardı ki, icbari tibbi sığorta ölkə üzrə genişlənsin və sığorta şirkətləri də bu sistemdə iştirakçı olsun. Hesab edirəm ki, yenidən hansısa sığortaçı tapmaqdansa, icbari tibbi sığortanın da bu sığorta bazarında tanınmış, bazarda özünə yer tutan şirkətlərə həvalə edilməsi məqsədəuyğun olar. “Azərsığorta”ya gəldikdə isə, 2018-ci ildə də fəaliyyətimiz aktiv şəkildə davam edəcək. Müəyyən çətinliklər, problemlər olsa belə bazarda öz sözünü deyən şirkətlərdən biri olaraq qalacağıq. Geriyə yol yoxdur”.

Rahim Tarıverdiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273