SIĞORTA

“2018 sığorta sektoru üçün daha canlı il olacaq” – MÜSAHİBƏ
06 NOYABR
1187

“2018 sığorta sektoru üçün daha canlı il olacaq” – MÜSAHİBƏ

2017-11-06 10:07:00

 Fins.az “AtəşgahSığorta Şirkətinin sədr müavini Fərid Quliyevlə olan müsahibəni təqdim edir:

-Son iki ildə baş verən iqtisadi proseslər sığorta bazarına da təsir edib. “Atəşgah SŞ bu təsiri öz üzərində necə hiss edib?

- Ümumiyyətlə desək, “Atəşgah” SŞ qrupu bu gün özünü kifayət qədər stabil və rahat hiss edir. Amma etiraf etmək lazımdır ki, 2015-2016-cı illərdə yaranan iqtisadi durğunluq sığorta bazarına təsirsiz keçməyib. Bu məsələlər hətta sığorta hadisələrinin tənzimlənməsi baxımından da sığorta bazarına böyük çətinliklər yaratdı. Avtomobil sığortaları üzrə sığorta hadisələrinin tənzinlənməsi hallarını bir misal kimi göstərmək olar. Çünki sığorta ödənişlərinin orta məbləği kifayət qədər artdı. Dolların manat qarşısında bahalaşması fonunda ölkəyə xaricdən idxal olunan ehtiyat hissələrinin qiyməti kifayət qədər artıb və bu da birbaşa olaraq sığorta ödənişlərinə öz təsirini göstərdi ki, daha sonra sığorta şirkətinin gəlirliliyində öz əksini tapmağa başladı. Biz maddi baxımdan daha çox itiririk, bu reallıqdır. Amma müştərilər bunu hiss etmir və  son iki ildə daha da yaxşı xidmət alırlar.  

- Şirkətinizin, 2017-ci ilin əvvəlindən etibarən yığımlarında da azalma hiss olunur...

- Bu da təbii yaranan iqtisadi vəziyyətin nəticəsidir. Bu gün biz pərakəndə sığorta bazarından danışsaq, vətəndaş əgər iş yerini itirirsə, sığorta məhsulu icbari olsa belə onu almaqda çətinlik çəkir. Yəni, müştəri bir müddət avtomobil sürməkdən imtina edə bilər, o cümlədən sığortanı da almaya bilər. Bu da ümumi nəticə olaraq bizim yığımlarda öz əksini tapır. Sığorta şirkətində hər bir istiqamət üzrə eyni qayda ilə azalma var. Amma “vəziyyət çox pisdir” demək doğru olmaz. 2017-ci illə müqayisədə düşünürük ki, 2018-ci sığorta sektoru üçün daha canlı il olacaq və yığımlar özünü yaxşı tərəfdən göstərə biləcək.

- Durğunluq şəraitində sığorta şirkətləri müəyyən planlar hazırlayaraq buna uyğun fəaliyyətlərini davam etdirməyə başladı. “Atəşgah” SŞ bu dövr üçün fəaliyyəti üzrə  hər hansı bir plan hazırlayıbmı?

- Sadaladığınız planın nəticəsi nə ola bilərdi? Yığımların azalması fonunda xərclərin optimallaşdırılması, o cümlədən işçilərin ixtisarı. “Atəşgah”da belə bir addım atılmayıb. Təbii ki, bunlar xərclərin artmasında öz əksini tapır. Amma ümumi olaraq xərclərin azaldılması ilə bağlı radikal addım atılmayıb.

Bununla belə, hazırkı böhran dövrü bizə göstərdi ki, daha az xərcli satış kanallarına yönəlməliyik. Bu gün biz də bu strategiya üzərində işimizi qururuq. Daha az xərc nə deməkdir? Bu daha çox elektron, alternativ satış  və İT platformalar üzərindən olan satışlar deməkdir. İşimizi bu istiqamətə yönəltmişik və görürük ki, o kanaldan müştərilər qazana bilirik.

-Agentlərin endirim etdiyi bir dönəmdə elektron satışları inkişaf etdirmək mümkündürmü?

- Ən uyğun yol odur ki, hamı qanuna uyğun işləsin və heç kim endirim etməsin. Bu halda bütün bazar rəqabət şəraitində olur və hansı müştəriyə daha uyğundursa, hansı daha rahatdırsa onu seçir. Amma madiyyat daha çox cəlbedici olduğundan endirim olduğu təqdirdə müştəri agentə yönəlir. Endirim bazara dağıdıcı təsir göstərən haldır. Bu sığorta bazarının ən yaralı yerlərindəndir. Sığorta şirkətləri buna yol verməməlidirlər. Digər tərəfdən, icbari avtosığortada endirim qanun pozuntusudur. Bazarın gəlirliliyini aşağı salan, onu korlayan əsas amillərdən biridir. Amma bunlara baxmayaraq, Azərbaycanda onlayn satış mədəniyyəti getdikcə inkişaf edir. O cümlədən,görürük ki, endirimlərə baxmayaraq sığortanı onlayn alan insanlar da var və bu sistemə maraq getdikcə daha da artır. Konkret addımlardan danışsaq,  sayt üzərindən satışlara başlamışıq. Elektron sistemə keçdikdən sonra   icbari avtosığorta üzrə satışlar 10 dəfə artdı. Satışları təmin edən iki məqam var. Birincisi “Atəşgah” brendi və çox rahat satış platformasının olması. Müştəri çox qısa zamanda sayt üzərindən sığorta əldə edə bilir.

-Digər sığorta şirkətlərinin agentlər vasitəsilə təşkil etdikləri motivasiyalar “Atəşgah” SŞ üçün disbalans yaradırmı?  

- Sığorta şirkətləri hansı şəraiti yaradırsa, hansı mədəniyyəti təbliğ edirsə təmsilçi şəbəkəsi də həmin mədəniyyəti bizdən sonra reallaşdırırlar. Sığorta şirkəti daha çox faiz verməklə endirimə şərait yaradırsa, təbii ki, həmin təmsilçi endirimə təşviq edilir və son nəticə olaraq bunu reallaşdırır. Bu gün sığorta bazarında agentlərə bu şəkildə verilən komissyon haqq endirimə çevrilirsə, bu sığorta məhsulunu daha zərərli edir və gəlirliliyi aşağı salır. Hesab edirəm ki, icbari avtosığorta üzrə endirimlər yalnız “Atəşgah”a yox,  bütün sığorta bazarı üçün problem yaradır. Sığorta təmsilçiləri ilə işin düzgün qurulması uzunmüddətli tənzimlənmiş siyasət aparmaq daha doğru olar. 

-“Atəşgah” SŞ -nın satışda fokuslandığı hansısa istiqamətlər varmı?

- Regionlarda şəbəkəmizi genişləndirməkdə davam edirik. Bu il ərzində biz bir sıra yeni təmsilçi ofislərimizi açmışıq. Məsələn, Lənkəran, Masallı, Zaqatala və Qubada bir sıra ofislər fəaliyyətə başlayıb. Bunlar agent ofisi deyil, rəsmi olaraq şirkətin nümayəndəlikləridir. Təbii ki, nömrə bir məhsul icbari avtomobil sığortasıdır. Çünki bunun üzərindən digər sığorta məhsullarının satışı qurulur. Fokuslandığımız sahədən söhbət gedirsə, bu əsasən standart sığorta məhsullarıdır. Məsələn, bunlardan biri kasko sığortasıdır. Yaxın zamanda daha böyük kütləni əhatə edə bilən yeni kasko sığorta məhsulu buraxacağıq. Məhsul klassik kasko sığortanın bütün şərtlərini təkrarlayır, bununla belə daha ucuz təklif ediləcək.    

- “Atəşgah” SŞ  9 ayda 10 milyon manatdan çox ödəniş edib.  Statistikaya əsasən kifayət qədər ödəniş verilib, bəs müştərilər niyə şikayət edir?

- Çox maraqlı sualdır. Bu gün icbari sığorta bazarının həcmi 100 milyon manat civarındadır. Bu bazarın 20%-ə yaxını “Atəşgah”ın payına düşür. Bu isə sığorta şirkətinin say olaraq böyük bir müştəri kütləsinə sahib olması deməkdir. Böyük bir kütlənin içində il ərzində  100 şikayət olmalıdır, ya yox? Bu da təbii haldır. Faiz baxımından diqqət yetirsək, cəmi 3-5% müştəri şikayətçidir.

- Son iki ildə sığorta bazarında bağlanan və yaxud birləşən sığorta şirkətləri oldu. Proses yenə də davam edir. Son dövrlər isə 2018-ci ildə “Paşa Sığorta” və “Atəşgah Sığorta Qruplarının birləşməsi müzakirə edilir. Ümumiyyətlə belə bir birləşmə mümkündürmü?

- Konsolidasiyalar, ümumiyyətlə, maliyyə bazarının xeyrinə olan addımlardır. Yəni, təkcə sığortada deyil, həm də bank sektorunda. Amma iki sığorta qrupunun birləşməsi ilə bağlı məndə hər hansı məlumat yoxdur. Hesab edirəm ki, bu yalnız şayədir.

-İnvestisiya baxımından sığorta şirkətinin maraqlandığı sahələr varmı?

- Azərbaycanda qiymətli kağızlar bazarında hansısa yeniliklər olanda buna maraq göstəririk. Məsələn, SOCAR istiqrazları bazara çıxarılan zamanmüəyyən bir həcmdə bu istiqrazlara yatırım etdik.Amma ümumilikdə biz bu gün şirkətə investisiya etməkdə maraqlıyıq.Çünki gəlirliliyin səviyyəsi maliyyə bazarlarına diqqət yetirməyə imkan vermir. Biz bu gün sığorta şirkətinin davamlı və dayanıqlı olmasına çalışırıq. Bunun üçün şirkətin inkişafına investisiya qoyuluşlarına maraqlıyıq. Bu baxımdan lider mövqelərimizi qorumaq üçün texnologiyalara daha çox investisiya edirik.

-Dünyada artıq sığorta hadisələrini dronlarla çəkib dəqiqələr ərzində ödəniş edirlər. Biz də müştəri 1000 manatlıq ödəniş üçün belə aylarla gözləməli olur. Nə baş verir?

- Təssüf ki, biz hələ bu qədər innovativ deyilik. Amma “Atəşgah”ın daxildə ödənişlərlə bağlı tənzimlənmə prosesi daha da sadələşdirilib. Tənzimlənmə tez həll olunan və daha uzunmüddətli həll olunan olmaqla iki hissəyə bölünüb. 1000 manata qədər ödənişlər bir gün ərzində müştəriyə verilir və yaxud avtomobil təmir edilir. 1000 manatdan çox olan ödənişlər üzrə daha çox sənəd tələb edilir. Amma hər şey qaydasındadırsa, mübahisəli hallar yoxdursa, 2-3 gün ərzində sığorta hadisəsi tənzimlənib ödəniş verilir.

- Böyük olmasına baxmayaraq daşınmaz əmlak sığortası bazarı niyə inkişaf etmir?

- “Atəşgah” olaraq biz bu sığorta məhsulunun satışında maraqlıyıq. Bizim müəyyən qədər daşınmaz əmlak sığortası ilə bağlı satışlarımız da var. Amma bazarın potensialı ilə müqayisədə bu, çox cüzi bir rəqəmdir. Bu gün əhaliyə əmlakını, evini sığortalamağı təklif edəndə ona əlavə xərc kimi baxırlar. İcbari avtosığorta niyə satılır? Çünki cərimə tətbiq edilir. Amma son nəticə olaraq bu müştərinin işini rahatlaşdırır. Biri var, qəza baş verəndə vətəndaş cibindən çıxarıb pul ödəyir, biri də var, həmin anda xərcləri sığorta şirkəti qarşılayır. Yəni, misal üçün 80 manatın müqabilində 5000 manat zərəri şirkət ödəyir. Bu eynilə daşınmaz əmlaka da aiddir. Hesab edirəm ki, icbari daşınmaz əmlak sığortası bazarının dirçəlməsi üçün qanunla nəzərdə tutulan cərimələrin tətbiqinə başlanılmalıdır. Son nəticə olaraq burada həm sığorta şirkətləri, həm də vətəndaşlar qazanmış olacaq. Bu həm də sığorta şirkətlərinə inamın artırılması üçün yeni platforma ola bilər

-2018-ci il üçün “Atəşgah” hansı yenilikləri planlaşdırır?

- Yığım tempi nisbətən azalsa da, şirkət üzrə qoyulmuş hədəflərimizə demək olar ki,çatmışıq. Həmçinin şirkətdaxili idarəetmədə kifayət qədər işlər görülüb ki, bu da xərcləri azaltmağa imkan verir. Bunlardan əlavə qeyd etmək vacibdir ki, Elektron satışlarla bağlı  da xeyli işlər görülüb.Bunun da effektini qarşıdakı dövrlərdə görəcəyik. Daha çox, az xərcli satış kanallarından istifadə edəcəyik. Klassik filial şəbəkəmizi bu il olduğu kimi gələn il də artırmaqda davam edəcəyik. Bundan əlavə daha böyük kütləyə hesablanmış, əhalinin orta təbəqəsinin tələbatını ödəyə bilən bazar üçün maraqlı bir neçə paket sığorta məhsulu buraxmağa hazırlaşırıq.  

 Müəllif: Rahim Tarıverdiyev

 

 

 

  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291