SIĞORTA

Ənənəvi sığorta satış kanalları son günlərini yaşayır – İlkin Nəcəfov yazır
23 OKTYABR
1052

Ənənəvi sığorta satış kanalları son günlərini yaşayır – İlkin Nəcəfov yazır

2017-10-23 10:29:00

Cari ilin ilk 8 ayının icbari avtomobil sığortası üzrə satış dinamikasını təhlil etdikdə 2016-cı ilin analoji dövrü ilə müqayisədə həm keyfiyyət, həm də kəmiyyət baxımından müsbətə doğru əhəmiyyətli irəliləyiş olduğu meydana çıxır. Belə ki, 2016-cı ililn ilk 8 ayında 58 milyona yaxın vəsait toplanmışdısa, bu ilin eyni dövründə 65 milyon ətrafında sığorta haqqı yığılmışdır. Ötən ilin noyabr ayından pre paid sisteminə keçildiyindən bu növ üzrə sığorta şirkətləri üçün ən ciddi problem olan debitor və ümidsiz borclar maddələri öz aktuallıqlarını tamamilə itirmişdir. Digər ilk baxışdan mənfi görünsə də əslində pozitiv dəyişiklik kimi rəsmi yaxud qeyri-rəsmi holdinqlərə məxsus olan sığorta şirkətlərinin bu növ üzrə zərər və inzibatı xərcləri nəhayət sayaraq aqressiv bazar ekspansiyası siyasətindən əl çəkərək yalnız holdinq daxili, keptiv müştərilər xaric icbari avtomobil sığortası satışlarından imtina etməsini göstərə bilərik. Bazarın liderliyinə iddialı və ya sırf sərbəst bazar şirkəti kimi özünü təqdim edən şirkətlərin isə agent komissiyasını qanunun imkan verdiyi həddə-15%-ə endirməsi kimi təqdirəlayiq addımı xüsusi ilə vurğulamalıyıq. Bu qədər müsbət amilləri sadalamaqla yanaşı təəssüf ki, hələ də bazarda 3-5 şirkətin sığorta portfelində icbari avtomol sığortası növünün dominantlıq etməsi, müştəri məlumat bazalarının illeqal mübadiləsi, çağrı mərkəzlərindəki qızların dözülə bilməyəcək həddə cari müştərilərə diskomfort yaşatması, bəzi şirkətlərin maliyyə sabitlikləri qaydasında olmadığından zərər ödənişlərinin verilməsi və tənzimlənməsində gecikmələr, maliyyə vəsaitlərinin məhdudluğundan mərhələli olaraq ödənişlərin edilməsi, iritonnajlı avtomobilin qanunvericiliyə uyğun sığorta rüsumu əvəzinə ondan 5 dəfə az qiymətə sığortalanması kimi ciddi problemlər hələ də qalmaqdadır.

Böyük ehtimalla 2018-ci ilin əvvəlindən icbari avtomobil sığortasının həyata keçirilməsi “Yaşıl” sığorta üzrə tətbiq edilən ümumi daxıl qaydasına keçiləcəkdir. Yeni qaydaya əsasən artıq icbari avtomobil sığortası üzrə yığılan sığorta haqqları şirkətlərin hesabına deyil, İcbari Sığorta Bürosuna toplanacaqdır. Yeni qaydaya keçid bazarda ciddi çalxalanmalara, əhəmiyyətli dəyişikliklərə səbəb olacaqdır. Yığımlarında bu növün dominantlıq etdiyi sığorta şirkətləri artıq yeni reallıqları nəzərə alıb ya sığorta portfelini diversifikasiya etməli ya da bazarı tərk etmək kimi seçimlərdən birini etmək məcburiyyətində qalacaqlar. Mərkəzləşdirilmiş və vahid mərkəzdən koordinasiya edilən yeni qaydaların tətbiqindən sonra agent komissiyalarının faiz məbləğində ciddi azalma edilməsi labüdləşəcəkdir. Kiçik məbləğdə olan komissiya məbləği ilə isə artıq çağrı mərkəzi saxlayıb əmək haqqı, icarə və kommunal xərcləri qarşılamaq mümkünsüz olduğundan artıq gün ərzində operator qızlar tərəfindən bəzən 20 dəfəyədək edilən zəhlətökən telefon zəngləri öz aktuallığını itirəcəkdir. Əslində faktiki olaraq DYP və MMK-ların cəriməsinə görə satışı kütləviləşən, icbari avtomobil sığortası üzrə ixtisaslaşan “təmbəl” agentlər dilemma qarşında qalaraq ya peşələrini dəyişməli ya da könüllü sığorta növlərinin satışı kimi “məşəqqətli” işlə məşğul olmaq məcburiyyətində qalacaqlar. Tarif və qaydaları qanunla tənzimlənən icbari avtomobil sığortasının satışında anderraytinqə ehtiyac olmadığından, online xidmətlərdən faydalanan şəxslərin sayında əhəmiyyətli artım olduğundan, regionlarda isə bank, poçt şəbəkələri ilə etibarlı partnyorluq quran sığorta şirkətləri birbaşa satışları daha da intensivləşdirməkdə maraqlı olduqlarından bugünədək populyar olan satış kanallarının əksəriyyəti öz əhəmiyyətini itirəcəkdir.

İlkin Nəcəfov

Sığorta eksperti (Fins.az üçün)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285