SIĞORTA

Sığortanı agentdən yoxsa, onlayn alaq? – MÜSAHİBƏ
17 OKTYABR
707

Sığortanı agentdən yoxsa, onlayn alaq? – MÜSAHİBƏ

2017-10-17 17:54:00

Fins.az sığorta eksperti, “Beyli Group” şirkətinin rəhbəri Mustafa Abbasbəyli ilə olan müsahibəni təqdim edir:

-Mustafa bəy, artıq bir ilə yaxındır ki, onlayn sığorta satışı həyata keçirilir. Agentlərin endirim etməsi, birbaşa onlayn satışlara necə təsir edir?

- Avtomobillərin icbari sığortasında onlayn sistemə keçiddən sonra kağız müqavilə anlayışı ləğv edildi. Bunun üstün cəhətləri ondan ibarət oldu ki, onlayn şəkildə bağlanan müqavilələrdə saxtakarlıqların sayı azaldı. Müqavilə sistemə vurulmadan sığorta haqqının alınması və digər kimi problemlər demək olar ki, aradan qalxdı. Amma bu onlayn şəkildə əldə edilirsə. Təəssüf ki, yenə də müəyyən sığorta agentləri tərəfindən əldən satışlar yenə də davam edir. Yəni, agent nağd şəkildə sığorta ödənişini müştəridən alır və öz bank kartı vasitəsilə ödəniş edərək müqaviləni sistemə daxil edir. Bu halda yenə də hansısa formada saxtakarlıq, dələduzluq halları ola bilər. Onlayn sığortanın üstünlüyü ondan ibarətdir ki, məlumat bazadan dəqiq şəkildə gəlir. Bu qayda ilə mühərrikin həcmini azaltmaq, hər hansı bir məlumata müdaxilə etmək mümkün olmur və bazada müştəriyə aid məlumatlar olduğu kimi götürülərək sığorta etdirilir. Bu halda gələcəkdə sığorta hadisəsi baş verdikdə müştəri hər hansı problemlə rastlaşmır. Məsələn, bəzi sığorta agentləri sığorta haqqını azaltmaq, müəyyən endirimlər etmək üçün avtomobilin mühərrikinin həcmini azaldırdılar. Hadisə baş verdikdə məlumatlar düzgün olmadığı üçün müştəri ilə sığorta şirkəti arasında problem yaranırdı. Sığorta şirkəti ödənişi verməkdən imtina edirdi. Burada sığorta agentinin hərəkətləri araşdırılmağa başlayırdı. Bir sözlə, hadisə baş verəndə müəyyən problemlər yaşanırdı. Bütün bunların baş verməməsi üçün ən yaxşı yol onlayn şəkildə, heç bir vasitəçi olmadan müştərinin sığortanı birbaşa əldə etməsidir. Bu gün sığorta agentlərinin sadalanan şəkildə satış həyata keçirməsi birbaşa onlayn satışların həcminə təsir edir. Amma ümid edirəm ki, bir müddət sonra onlayn satışa etibar daha da artacaq.

Hansı müştərilər endirimdən keçib sığorta agentinə deyil, onlayn sığortaya müraciət edir?

- Bəzi müştərilər 10-20 manat endirim üçün sığorta agentinə müraciət edir. Belə müştərilər xidmət səviyyəsinə önəm vermirlər. Daha az pul ödəməklə xidmətin aşağı düşməsinə razı olurlar.

Digər kateqoriya müştərilər isə normal sığorta haqqı ödəyib servis xidmətini normal şəkildə alıb bunun müqabilində də normal pul ödəmək iqtidarında olan insanlardır. Bütün dünyada belədir. Insanlar yaxşı servisə görə pul ödəməyə hazır olurlar. Azərbaycanda da istiqamət buna doğru gedir. Ümid edirəm ki, bir müddətdən sonra 3-5 manat endirimə önəm verən müştərilərin sayı azalacaq.

Qeyd edim ki, onlayn sığortanı alanlar internetdən normal şəkildə istifadə etməyi bacaran, istənilən bank kartında istifadə edən və onlayn alış-verişə etibar edən müştərilərdir. Bu gün onlayn alış-verişdə hər hansı problem yoxdur. Azərbaycanda son zamanlar onlayn alış-verişlə bağlı dələduzluq halı ilə rastlaşdığımı xatırlamıram. Yəni, kiminsə kredit kartından müəyyən bir məbləğ çəkilsin, amma əvəzi ödənilməsin. Belə hal yoxdur. Ona görə də onlayn ödənişlərdə problem görmürəm. Onlayn sığorta satışları artmalıdır.

-İcbari avtomobil sığortasından başqa hansı sığorta məhsullarını onlayn almaq mümkündür?

-insure.az onlayn sığorta platformasında səyahət sığortasının onlayn əldə etmək mümkündür. Əlavə olaraq, biz xüsusi sığorta məhsulu yaratmışıq. Azərbaycana səfər edən əcnəbilərin Azərbaycanda qaldıqları müddət ərzində tibbi sığortası məhsulu. Başqa sözlə, daxili səyahət sığortası yaratmışıq. Yəni, turistlər Azərbaycana gəldikləri zaman hər hansı bir tibbi xərc yaranarsa sığorta şirkətlərindən onu almaq imkanı yaranır. Bu sığorta kifayət qədər geniş istifadə edilir. Bundan əlavə səyahət sığortası uzun illərdir ki, onlayn şəkildə də satılır və bu sahədə də təcrübə var. Ona görə də səyahət sığortasının müştəriləri daha çox onlayn alışa meyllidir. Xaricə tez-tez gedənlər, bu təcrübəni görənlər, xarici mühiti yaxşı bilənlər onlayn alış-verişə, o cümlədən onlayn sığorta sifarişinə üstünlük verir.

- Sığortanı agentdən deyil, birbaşa onlayn əldə edənlərin sayında artım varmı?

- Qeyd edim ki, “İnsure.az” aktiv fəaliyyətə ötən ilin dekabr ayından başlayıb. Bu müddətdə platforma üzərində onlayn sığorta satışı hər ay 2 dəfə artır. Hazırda bizim onlayn icbari avtomobil sığortası satışlarımızın həcmi 1 milyon manat civarındadır. Ümumi sığorta haqqlarının həcmi isə 1 milyon 200 min manat təşkil edir. Nəzərə almaq lazımdır ki, səyahət sığortası bir neçə ay əvvəl saytımıza inteqrasiya olunub.

- Başqa hansı sığorta məhsulunun onlayn satışını planlaşdırırsız?

- Səyahət sığortasında sığorta şirkətlərinin sayını artırmaq istəyirik. Bizim əsas üstünlüyümüz sığorta şirkətlərinin arasında olan müqayisədir. Yəni biz istifadəçilərə, sığortalılara müqayisə imkanı veririk. Belə olan halda müştəri bir neçə şirkətdən eyni vaxtda bir neçə təklif əldə edir və daha çox etibar etdiyi, daha ucuz olan, daha yaxşı təminat verən sığorta şirkətindən sığorta məhsulunu əldə etmək imkanı yaranır. Səfər sığortası ilə yanaşı daşınmaz əmlakın icbari sığortasının da onlayn sığortasına başlamağı planlaşdırırıq.

- Azərbaycanda daşınmaz əmlakların böyük hissəsinin çıxarışının olmaması və sığortadan əvvəl daşınmaz əmlaka baxış keçirilməsi məsələsi onlayn satışda çətinlik yarada bilərmi?

Qanunverciliyə əsasən qəzalı vəziyyət olan əmlak sığortaya cəlb edilmir. Amma digər mənzillər, binalar, yaşayış evləri və s. sadə formada sığortaya cəlb edilir. Bakıda daşınmaz əmlakın sığortası 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər regionlarda isə 30 manatdır. Yəni, burda xüsusi bir hesablamaya ehtiyac yoxdur. Xüsusi hesablaması olan əmlakların onlayn satışı isə təbii ki, nisbətən çətin olacaq. “İnsure.az” ilk mərhələdə sığorta haqqı məlum olan daşınmaz əmlakların icbari sığortasının onlayn satışı təşkil edək.

Hesab edirəm ki, hazırda daşınmaz əmlak sığortası əmlak sahibləri üçün çox əlverişli sığorta növüdür. Təsəvvür edin ki, cəmi 50 manat sığorta haqqı ödəməklə 25 min manatlıq sığorta təminatı alınır və bütün risklər burada nəzərə alınır. Yanğın, subasma, təbii fəlakətlər və s. Düşünürəm ki, bu sığorta növünün də satışını uğurla həyata keçirə biləcəyik.

Bu gün sığorta məhsullarının onlayn satışının həyata keçirilməsində məhdudiyyət yoxdur. Bunu sadəcə olaraq doğru şəkildə müəyyən edib, doğru alqoritmlərlə həyata keçirmək lazımdır. Biz də hansı sığorta növlərini onlaynlaşdıra biləcəyimizi düşünüb və bununla bağlı addımlar atırıq.

- Sığorta bazarı 2015-2016-cı illərin iqtisadi təzyiqlərini indi hiss etməyə başlayır. İlin sonuna doğru bu sektor üzrə proqnozunuz necədir?

-Manatın devalvasiyasıından sonra yaranan iqtisadi vəziyyətin təsiri ilə sığorta bazarında da müəyyən azalmalar var. Bu sığorta bazarına yeganə təsir deyil. Əvvəlki illərdə sığorta bazarı kiçilməsə də sığorta şirkətlərinin zərərliliyi artmışdı. Devalvasiyadan əvvəl sığorta şirkətlərinin göstərdiyi xidmətlərin dəyəri daha aşağı idi. Bu həm tibbi sığortaya, həm avtomobil sığortasına aiddir. Məsələn, ehtiyat hissələri daha ucuz idi, tibbi avadanlıqlar, dərmanlar xaricdən daha ucuz alınırdı. Xaricdən idxal olunan sadalanan vasitələrin bahalaşması sığorta ödənişlərini artırdı. Bunun nəticəsində sığorta şirkətlərinin zərərliyi artdı. Bu il isə müəyyən miqdarda sığorta yığımları da azalıb. Bu da hiss olunur. Xüsusilə də son iki ayda satışlarda müəyyən azalmalar var. Ümid edirəm ki, ilin son 3 ayında bu kompensasiya olunacaqdır. Ümumi sığorta yığımları azalmasa bu 2017-ci ildə sığorta şirkətləri üçün nailiyyət olar.

- Devalvasiyadan sonra bəzi sığorta şirkətləri bağlandı, bəziləri birləşdi. Sizcə, proses davam edəcəkmi?

- Yəqin ki, olacaq. Sadəcə olaraq mənim tövsiyyəm sığorta şirkətlərinə ondan ibarətdir ki, kiçik şirkətlər bağlanmaq əvəzinə müəyyən birləşmələrə getsinlər. Böyük holdinqlərin sığorta şirkətləri müəyyən bazar sıxıntısı şəraitində işləyirlər. Bu şirkətlərin də digər sığorta şirkətləri ilə birləşməsi məqsədəuyğun olar. Azərbaycanda biznes yanaşması bir qədər fərqlidir. Hesab edirəm ki, hər bir holdinqin özünün fəaliyyət istiqaməti olmalıdır. Şərt deyil ki, hər bir qrupda həm bank, həm sığorta şirkəti, kənd təsərrüfatı, həm istehsal olsun. Holdinqlər seqmentləşməlidirlər, yəni maliyyə holdinqlərində sığorta şirkəti, bank, sənaye holdinqlərində isə başqa xidmətlər olsun. “Məndə hamısı olsun” yanaşmasından uzaqlaşmalıyıq. Çünki çox işlə birdən məşğul olmaq mümkün deyil. Sığorta şirkətləri də, o cümlədən digər şirkətlər də əsas istiqamətləri nədirsə onunla məşğul olmalıdırlar. Ümumiyyətlə, biznesdə “outsource” mədəniyyətinin inkişafına ehtiyac var. Bütün digər yardımçı xidmətlər isə onun peşəkarlarından almalıdır. Belə olan halda öz işimizin kefiyyətini dəfələrlə artıra bilərik.

Müəllif: Rahim Tarıverdiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285