SIĞORTA

“Sığorta ödənişinin təmirlə əvəzlənməsi özünü doğrultmayacaq”- MÜSAHİBƏ
11 OKTYABR
528

“Sığorta ödənişinin təmirlə əvəzlənməsi özünü doğrultmayacaq”- MÜSAHİBƏ

2017-10-11 15:40:00

Fins.az sığorta eksperti Xəyal Məmmədxanlı ilə olan müsahibənin 2-ci hissəsini təqdim edir:

-Son zamanlar avtomobillərin icbari sığortasında ödənişin birbaşa təmirlə əvəzlənməsi müzakirə edilir. Sizcə bu nə dərəcədə mövcud problemləri aradan qaldıra bilər?

- Hesab edirəm ki, bu sistem özünü doğrultmayacaq. Ümumiyyətlə bütün dünya artıq təmirdən imtina edir. Baxmayaraq ki dünyanın əksər ölkələrində təmir məsələri var. Amma sığortanın mahiyyəti nədir? Sığorta müəyyən zərərlərin qarşısında sığortalıya ödənilən maliyyə kompensasiyasıdır.Belə olan halda biz nə üçün müştərini servislə məhdudlaşdırmalıyıq. Gəlin, belə düşünək. Avtomobili təmir etdik, vətəndaş bəyənmədi. Biz nə etməliyik? Yəni, qanunda vətəndaşın bəyənməmək kimi bir hüququ da var. Avtomobilə dəyən zərərin qiymətləndirilməsi ilə bağlı istənilən metodika hazırlanması ilə razıyam. Maşınların qiymətləri dəqiq qoyulsun, təmir qiymətləri, təmir xərcləri istənilən proqram vasitəsilə və yaxud “Audatex”in vasitəsilə dəqiq müəyyən edilsin. Qoy, qiymətləndirmə üzrə vahid qaydalar, vahid normativlər müəyyən edilsin və təmir məntəqələri üçün standard olsun, mən bunun tərəfdarıyam. Məlum olsun ki, məsələn, avtomobilə dəyən zərərin məbləği 1500 manatdır. Ondan sonra sığorta şirkəti bunu pul şəklində ödəsin. Artıq vətəndaş özü avtomobili harda təmir etdirəcəyini müəyyən edə bilər.

Sığortaçı sığorta işi ilə məşğul olmalıdır. Sığorta şirkəti təmir, ehtiyat hissəsi işi ilə məşğul olmalı deyil. Bu gün elə sığorta şirkətləri var ki, komandada sırf 30 nəfərə yaxın işçi təmir, ehtiyat hissəsi məsələsi ilə məşğul olur. Amma belə olmalı deyil.

Vətəndaş təmir məntəqəsini qəbul etməsə nə baş verəcək? Bu da məsələnin digər tərəfidir. Bəzən olur ki, sığortalı müştəri rəsmi servisə və yaxud özünün güvəndiyi təmir məntəqəsinə getmək istədiyini bildirir. Hesab edirəm ki, ən önəmli məsələ müştəri məmnuniyyətidir. Müştəri əgər bir şeydən razı deyilsə, müştərini hansısa addımı atmağa məcbur ediriksə, bu yanlış addımdır. Çünki müştəri pul ödəyib və bunun qarşılığında normal xidmət almaq istəyir. Təbii ki, dələduzluq, saxtakarlıq, bazarlıq hallarının qarşısının alınmasının tərəfdarıyam. Amma vətəndaşın konkret bir təmirlə məhdudlaşdırılması modern deyil.

Azərbaycan qanunvericiliyi sığorta zərərinin qarşılanması ilə bağlı 3 hal müəyyən edib. Zərərin əvəzi pulla, təmirlə və dəyişidirilmə yolu ilə qarşılana bilər. Hər 3 variantdan sığortalı müştərilər istifadə edir. Hesab edirəm ki, yenə də zərərin hansı şəkildə ödənilməsini vətəndaş özü seçə bilməlidir.

- Sığorta şirkətlərinin yaradılan narazılıqlar necə aradan qaldırıla bilər?

- Bazar iqtisadiyyatı, böhran şəraitində sığorta şirkətlərinin bir çoxunun bazarı tərk etməsi, birləşməsi şəraitində vətəndaşların şirkətlər tərəfindən incidilməsi, narazılıq hallarının sayı xeylli azalıb. Amma hələ də insanların əsassız incidilməsi halları var. Xüsusilə də agentlərin fəaliyyəti ilə bağlı ciddi narazılıqlar var. Bundan əlavə, sığorta şirkətlərinin hamısı icbari sığortanın üzərinə fokuslanırlar ki, bu da başqa bir anormal vəziyyəti ortaya çıxarır. Düşünün, dünyada 100-ə yaxın sığorta növü var. Azərbaycanda kasko və digər maraqlı sığorta məhsulları kənarda qalıb. Amma sığorta şirkətləri icbari sığorta üzərində bir-birilə mübarizə aparır. Məsələn, elə vaxt olub ki, bir saat ərzində icbari avtomobil sığortasıı ilə bağlı 3 sığorta şirkətindən zəng gəlib. “Sizin avtomobilinizin sığortası yaxınlaşır.”-deyə müraciət edirlər. Şəxsi məlumatları necə əldə edirlər, bu da bir başqa məsələdir. Əslində bunun özü də bir hüquq pozuntusudur. İnsanları bu qədər narahat etmək olmaz.

Digər tərəfdən, icbari sığortaya sığorta məhsulu kimi baxmıram. Bu, bütün şərtləri bəlli olan fiks bir məhsuldur. Elə bilin ki, marketdən nəsə alıb çıxırsınız. Hesab edirəm ki, sığortaçılıq daha çox digər sahələri əhatə etməlidir. Bu gün Azərbaycanda binalar tikilir, amma heç birinin sığortası yoxdur. Layihələr həyata keçirilir, heç birinin məsuliyyət sığortası yoxdur. Bu gün küçələrdə ağır təhlükə potensiallı ağır tonnajlı maşınlar hərəkət edir, heç birinin məsuliyyət sığortası yoxdur. Fermerlər əkib-biçirlər, amma sığortaları yoxdur. Həkimlər hər gün nə qədər insanı şikəst edirlər, heç biri məsuliyyətini sığortalamırlar. Onlarla bu kimi məsələlər var ki, sığorta şirkətləri bunlarla məşğul olmalıdırlar. Həyat sığortasında da təəssüf ki, vəziyyət belədir. Həyat sığorta şirkətləri də icbari sığorta növlərinin üzərinə düşüblər. Onlar da könüllü həyat sığortası ilə bağlı normal bir sığorta məhsulu ortaya çıxara bilmirlər. Nə normal şəkildə bazarda pensiya sığortası, nə yığım sığorta məhsulu, nə də normal təhsil sığortası var. Düzdür, bazarda müəyyən “copy-paste”lər var. Amma bunların bir çoxu Azərbaycanın reallığına uyğun gəlmir. İnsanlar arasında maarifləndirmə aparılmır.

Hesab edirəm ki, sığorta problemlərinin kökündən həlli üçün insanlar özləri onlayn rejimdə sığorta almağa meylləndirilməlidir. Ən yaxşı həll yolu innovativ texnologiyalardır. Digər tərəfdən nə qədər insan faktoru var, xüsusilə də agentlər varsa bu məsələnin qarşısını almaq mümkün deyil. Hətta keçən il xeyli sayda sığorta agentinin lisenziyası ləğv edildi. Amma müştəri uğrunda yenə də mübarizə gedir. Zamanla neqativ hallara yol verən sığorta agentləri bazardan çıxacaq. Bundan əlavə insanlar da maariflənməlidirlər, artıq nəyə və necə pul ödədiklərini özləri müəyyən etməlidirlər.

Eləcə də bax: “86% sığortaya inanmırsa, bu çox ciddi xidmət nöqsanları deməkdir” – MÜSAHİBƏ

 Müəllif: Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296