SIĞORTA

“86% sığortaya inanmırsa, bu çox ciddi xidmət nöqsanları deməkdir” – MÜSAHİBƏ
29 SENTYABR
799

“86% sığortaya inanmırsa, bu çox ciddi xidmət nöqsanları deməkdir” – MÜSAHİBƏ

2017-09-29 16:22:00

Fins.az sığorta eksperti Xəyal Məmmədxanlı ilə olan müsahibə təqdim edir:

-Xəyal bəy, sizin də iştirakınızla radioda yeni sığorta verilişi başlayıb. Verilişdə müzakirələr kasko sığorta ilə bağlıdır. Niyə yalnız kasko sığorta?

- Baxmayaraq ki, hər il icbari avtomobil sığortası artmaqdadır. Amma avtomobillərin könüllü sığortası hər ötən il azalır. Nəzərə alsaq ki, bu gün Azərbaycanda 1,3 milyon avtomobil var, bunun 8 yüz min ədədi minik avtomobilidir, amma ümumi statistikaya baxanda cəmi 25 minə yaxın avtomobil kasko sığortalıdır. Bunun da böyük qismi sığorta şirkətlərinin korporativ müştərilərinin payına düşür. Yerdə qalan hissəni bankdan kreditlə alınan avtomobillərə aid etsək, adi qaydada kasko sığorta alan avtomobil sahibləri çox azdır. Bizim araşdırmalarımız da göstərir ki, insanları sığortada ciddi narahat edən suallar var. Təbii ki, yük sığortasından şikayət edən yoxdur. İnsanlar daha çox avtomobil sığortası, tibbi sığorta ilə bağlı problemlərlə qarşılaşır. Bunu nəzərə alaraq insanların nə üçün kasko sığorta almamaları ilə bağlı sorğu keçirdik və çox maraqlı nəticələr ortaya çıxdı. Vətəndaşların böyük bir qismi sığortaya etibarının olmadığını bildirdi. Bir qism sığorta şirkətlərinin sığorta məhsulunu satanda onlara yaxşı davrandığını, hadisə baş verəndə isə müştərinin unudulduğunu, müqavilədə kiçik şriftlərlə hansısa gizli şərtlərin olduğunu və və s. problemlərin olduğunu dilə gətirdilər. Həqiqətən də, insanların böyük bir hissəsi sığortadan narazıdır. Müştəriləri incidən sığorta şirkətləri var, ödənişi gecikdirən müştərilər var, yeniliklərə açıq olmayan şirkətlər var. Amma təbii ki, narazılıqların hamısı sığorta şirkətlərindən aslı səbəblərlə bağlı deyil. Məsələn, müştəri bildirir ki, 10 gündür qəza baş verib sığorta şirkəti ödəniş vermir. Araşdırırsan, məlum olur ki, sığorta şirkəti yol polisinə sorğu göndərib amma 10 gündür ki, cavab verilmir. Sığorta şirkəti məcburdur ki, yol polisi sorğunu cavablandırandan sonrra ödənişlə bağlı qərar versin. Və yaxud bankla bağlı problem ortaya çıxır. Sığorta şirkəti ödənişi həyata keçirsə də, ödəniş müştərinin bank hesabına gec köçürülür. Sığorta şirkətlərindən bəzi məsələlər aslı olmasa da, ümumilikdə bütün problemlərin həllinin kökündə ünsiyyət dayanır. Sığorta şirkətləri elə etməlidirlər ki, müştəri narazı qalmasın.

Ona görə də qərara gəldik ki, Tural Yusifovla bərabər avtomobildən danışırıqsa, kasko sığortadan danışmamaq mümkün deyil. Yeni bir rublika -“Avtokasko”nu yaratdıq. Bütün dinləyicilərə açıq olacağıq. Dinləyicilərin marağından aslı olaraq bu verilişdə mən də sualları cavablandıracam.

- Kasko sığorta ilə bağlı veriliş nəyi dəyişəcək? Nə edəcəksiniz ki, əvvəl avtomobilini sığortalamayan vətəndaş indi avtomobilini sığortalamağa maraq göstərəcək?

-Hər şeyin kökündə bir az maariflənmə dayanır. Sorğularımızın da böyük qismi göstərir ki, vətəndaşların bir hissəsi kaskonun nə olduğunu belə bilmirlər. Ona görə də verilişdə kasko sığortasının əhəmiyyətindən də danışacağıq. “Kaskoda hansı şərtlər var, hansı xərcləri qarşılayır, nə üçün lazımdır?” kimi məqamlara toxunacağıq. Məlumat boşluğundansa, maariflənmə hər bir halda müsbət təsir göstərəcək. Ən azından işimiz ondan ibarət olacaq ki, insanların narahat edən məqamlara cavab tapaq. Bundan əlavə insanları narahat edən məsələlərin kütləviliyini nəzərə alaraq ola bilər ki, “Forma 4”lərin verilməsinin sadələşdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edək. Və yaxud müəyyən ödəmə sənədlərini, lüzumsuz sənədlər yığılır. Bəlkə də onların bir çoxuna ehtiyac yoxdur. Yəni, məqsəd ondan ibarətdir ki, bu gün dünyada tətbiq edilən qabaqcıl texnologiyaları sığorta bazarında tətbiq edək.

- Manatın devalvasiyasından sonra sığorta şirkətləri ödənişlərlə bağlı müştərilərə problem yaradırlar. Bəzi hallarda 250 manatlıq ödənişi belə vermək istəmirlər. Tələb edilmədiyi halda 1000 manatlıq ödənişə görə də yol polisindən arayış tələb edirlər. Bəs sizcə bu nə ilə bağlıdır?

- Düzdür, belə hallar var. Məsələn, müraciət edən sığortalılardan biri bildirirdi ki, bir ay müddətində 350 manatlıq sığorta ödənişi ala bilmir. “Belə olduğunu bilsəydim sığorta şirkətinə müraciət etməzdim”- deyə insanlar narazılıqlarını bildirirlər. Əminən ki, mövcud qanunvericiliyi pozmadan sığorta şirkəti çox rahat şəkildə həmin ödənişi verə bilərdi. İnsanları bu qədər bürokratiya ilə yormaq olmaz. Digər tərəfdən sizinlə tam razıyam ki, sığorta şirkətlərini ödənişi verməməyə çalışırlar. Bunun kökündə isə bir çox hallarda dempinq məsələsi dayanır. Yəni, sığorta şirkətləri çox aşağı qiymətlərlə bazara girirlər. Müştərini cəlb edirlər, hadisə baş verəndə isə detal yararsız hala düşdüyü halda onu dəyişmək əvəzinə təmir etdirəcəyini bildirirlər. Bəllidir ki, həmin ehtiyat hissəsi təmir ediləcəyi halda avtomobil əvvəlki vəziyyətinə qayıtmayacaq. Amma sığorta şirkəti avtomobili əvvəlki vəziyyətinə qaytarmaqla bağlı öhdəlik götürür.

Bəzi hallarda vətəndaş zəmanətli yeni avtomobil alır. Sığorta şirkəti isə avtomobili rəsmi servisdə deyil, özünün əməkdaşlıq etdiyi ucqar bir yerdə ucuz təmirxanaya aparmaq istəyir. Bu da müştəri hüquqlarının pozulmasıdır.

- Statistika göstərir ki, sığorta şirkətləri yığımları qarşısında kifayət qədər ödəsniş edir. Amma insanlar arasında elə təəsürat yaranıb ki, sığorta şirkətləri ümumiyyətlə ödəniş vermir. Sizcə bunu necə izah etmək olar?

- Məni də həmişə bu sual düşündürür. Bəzi hallarda bildirirlər ki, sığorta şirkətləri pul ödəmirlər. Diqqət yetirsək, bu gün Azərbaycan sığorta bazarının zərərlilik nisbəti 50%-ə yaxındır. Bunun üzərinə digər xərcləri, işçi xərclərini,agent komisyonlarını və s. əlavə etsək zərərlilik 70-75%-ə yüksəlir. Yəni, bazar təxminən 20-25%-lik marja ilə işləyir. Ümumilikdə məsələn, kasko sığortada 50%-dən çox zərərlilik var. Bunun müqabilində insanlar hələ də sığortadan narazıdırlarsa, hələ də sığorta şirkətinin ödəniş vermədiyini düşünürlərsə, demək ki, burada sığorta müştərilərinə xidmətlə bağlı çox ciddi problemlər var. Ya müştəri ödənişi çox əziyyətlə alır, ya da get-gəllə alır, ya da ödəniş onu qane etmir. Sorğuya əsasən insanların 86%-i sığortaya inanmadığını deyirsə, biz bu nisbəti gözardı edə bilmərik. Demək ki, çox ciddi xidmət nöqsanları var.

Digər tərəfdən, həmişə təbliğ edirik ki, insanlar əvvəlcə müqavilədəki tələbləri oxuyub başa düşsünlər. Başa düşmədikləri məqamları soruşsunlar. Buna baxmayaraq təəssüf ki, insanlar əksər hallarda müqaviləni oxumadan imza atırlar. Yəni, sığorta şirkətində filan qohum, yaxud dost var. Həmin qohumun, dostun qarşısına qoyduğu müqaviləyə imza çəkirlər. Sığorta şirkətləri özləri də müştərinin müqavilənin şərtləri ilə tam tanış olmasında maraqlı olmalıdırlar. Müqavilənin şərtləri insanlara nə qədər yaxşı aydın olsa daha sonra problem yaranmaz.

Bəzi hallarda məlum olur ki, sığorta şirkətləri əsassız olaraq ödənişdən imtina edirlər. Məsələn, müştəri sarı işıqda keçdiyinə görə qəza baş verib, ona görə ödənişdən imtina edilir. Bu kobud ehtiyatsızlıq olsa da, ödənişdən imtina üçün əsas deyil. Qəsd amili yoxdursa, sığorta şirkəti ödənişi təmin etməlidir. Beynəlxalq sığorta qaydalarında göstərilir ki, baş vermiş hadisə ilə sığortalının məlumat vermədiyini və yaxud gizlətdiyi faktlar arasında hər hansı əlaqə yoxdursa sığortaçı ödənişi verməlidir. “Vətəndaş avtomobilin yerini dəyişdiyini mənə deməyib” kimi imtinalar var. Bundan əlavə çox gülməli digər imtina halları ilə qarşılaşırıq. Məsələn, sığorta şirkəti avtomobilin sahibinə səlahiyyətli sürücülər siyahısında adı olmadığı üçün ödənişdən imtina edib. Qanuna əsasən isə səlahiyyətli sürücülər siyahısında sığortalıdan başqa digər şəxslərin adları qeyd edilməlidir. Və yaxud avtomobil sahibinin özünü canlı etibarnamə hesab etməyərək ayıq sürücü ilə bağlı sığorta şirkəti ödənişdən imtina edib. Qanun isə deyir ki, avtomobil sahibi avtomobildədirsə, maşını idarə edən şəxsin sürücülük vəsiqəsinin olması kifayət edir.

Və yaxud avtomobilin hadisə yerindən çəkilməsi. Vətəndaşlar iki yol ayrınca qalır. “Yol hərəkəti haqqınd” qanun deyir ki, siz qəzadan sonra dərhal yolu açmalısınız və nəqliyyatın hərəkətinə mane olmamalısınız. Amma şəhərin mərkəzində iki maşın yüngül şəkildə toqquşubsa, saatlarla dayanıb sığorta şirkətini gözləyirlər. Yolda hərəkət dayanır, insanlar stress keçirir. Nə ehtiyac var bunların hamısına?Yəni, sığorta şirkətinin niyyəti ödəniş vermək olsa, o zaman bunlar maneə olmamalıdır.

Bundan əlavə, Azərbaycan sığorta bazarında müasir texnologiyaların istifadəsi çox ləng gedir. Bilirsiniz, dünya sığortaçılığında artıq dronlardan istifadə edilir. Və yaxud bir sıra xarici sığorta şirkətləri hazırladıqları aplikasiyalar vasitəsilə müştərilərə dəyən ziyanı hesablamağa şərait yaradır. Azərbaycanda isə sığorta şirkətlərinin müştərilərinə, müştərilərin də şirkətə inamı yoxdur.

Çalışırıq ki, bu kimi məsələlərin müzakirəsi yeni radio layihə vasitəsilə genişləndirək.

Ardı var...

Müəllif: Rahim Tarıverdiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291