SIĞORTA

Sığorta şirkətləri subagent adından necə istifadə edir? – KÖŞƏ YAZISI
25 SENTYABR
473

Sığorta şirkətləri subagent adından necə istifadə edir? – KÖŞƏ YAZISI

2017-09-25 10:52:00

24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsini ölkəmizin sığorta bazarı üçün əlamətdar hadisə hesab etmək olar. Həmin qanun qüvvəyə minəndən sonra həm də 25 dekabr 2007-ci il tarixli “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi müddəaların, xüsusiylə də sığorta vasitəçilərinə dair tələblərin yerinə yetirilməsi aktual oldu. Ən əsası isə bundan sonra fiziki şəxs olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sayında əsaslı surətdə artım müşahidə olunmağa başladı. Sığorta nəzarəti orqanı tərəfindən təşkil edilən attestasiyalarda iştirak edib müvəffəqiyyət qazanan şəxslərin çox böyük həvəslə sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olmaları sığorta satışının təkcə kəmiyyət etibarı ilə deyil, həm də keyfiyyət etibarı ilə yüksəlməsinə səbəb oldu. Lakin çox təəssflər olsun ki, bir müddət sonra sığorta vasitəçiliyi ilə məşğul olmaq istəyənlər üçün alternativ bir variant olan subagentliklər “kəşf edildi”. Bu da öz növbəsində sığorta bazarında çoxlu sayda neqativ halların meydana gəlməsi ilə nəticələndi. Baş verən proseslər göstərdi ki, hətta bəzi sığorta şirkətləri “subagent” şəbəkəsinin genişlənməsində maraqlıdır və bu qeyri-qanuni satış şəbəkələrinə himayədarlıq edirlər.

Aparılan araşdırmalar zamanı bəzi sığorta şirkətlərinin bir sığorta agentinin lisenziyasına əsasən onlarla subagentlik açdığı məlum olmuşdur. Bəzən isə subagentliklərin şirkət rəhbərləri tərəfindən dəbdəbəli açılışı həyata keçirilərək yeni satış nöqtəsinin və ya nümayəndəliyin açılması adıyla mətbuatda işıqlandırılmasına rast gəlinir. Hətta subagentin şəxsi avtomobilinin şirkətin reklamı ilə bəzədilərək, subagenti şirkəti rəsmi qaydada təmsil etdiyi görüntüsü də yaradılır. Bundan başqa “icbari sığorta burada” reklamlarının hara gəldi qoyulması və bununla da harada gəldi sığortanın satılması da adi hala çevrilmişdir.

Şəhadətnamə məlumatlarının bilərəkdən sistemə səhv daxil edilməsi, bonus tətbiq olunsun deyə müqaviləni aidiyyəti olmayan şəxslərin adına buraxılması, sığortalıları bezdirən ardıcıl zənglərin edilməsi, qaydalar barədə düzgün məlumatların verilməməsi və s. neqativ hallara da əsasən subagentliklərdə rast gəlinir.

Məlum olduğu kimi, bonus-malus sisteminin tətbiq edilməsi nəticəsində avtomobillərin icbari sığorta haqlarında 25 faizə qədər qanuni endirimlər tətbiq edilir. Bu da öz növbəsində icbari sığorta haqlarından daxil olan vəsaitin azalmasına səbəb olur. Eyni zamanda devalivasiyalardan sonra avtomobillərin ehtiyat hissələrinin qiymətlərinin artması nəticəsində şirkətlərin təmir xərcləri çoxalmışdır. Məsələyə məntiqlə yanaşanda məlum olur ki, sığorta şirkətləri sığortalılar qarşısında öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkməmələri üçün xərclərini optimallaşdırmaları tələb edilir. Çox təəssüflər olsun ki, bəzi şirkətlər öz xərcləri optimallaşdırmağın ən pis yolunu seçirlər. Misal üçün dəyən zərərin məbləğinin az hesablanması, hadisə zamanı təqsirin qarşı tərəfə verilməsi üçün YPX əməkdaşının ələ alınması, sosial layihələrin təxirə salınması və s. hallara rast gəlinir. Lakin bəzi sığorta şirkətləri öz xərclərini azaltmaq üçün qeyri-qanuni yollarla verdikləri əlavə komissiyaları ləğv etmək barədə hələ də düşünmürlər. Hətta sığorta nəzarəti orqanının da bununla bağlı qərarları yerinə yetirilmir. Bəzi sığorta şirkətlərinin əlavə komissiyaların ləğv edilməsinə dair çağırışlarına da digər şirkətlərin əhəmiyyət verməmələri sığorta bazarında çoxlu sayda neqativ halların yaranmasına və o cümlədən də qeyri-qanuni faəliyyət göstərən subagantlik şəbəkəsinin genişlənməsinə münbit şərait yaradır.

Hal-hazırda hətta lisenziyası olan sığorta agentlərinin bir çoxu da subagent olaraq fəaliyyət göstərməyə üstünlük verirlər. Çünki, çoxlu sayda subagantin satışını 1 lisenziyalı agentin adına vuraraq, bəzi şirkətlərdən elə yüksək həddə komissiya almaq mümkündür ki, 1 agent özü təkbaşına işlədikdə belə yüksək gəlir əldə edə bilmir. Hələ bundan da başqa agent qanunla işlədikdə vergi və digər qanuni ödənişlər də etməyə məcbur olur. Ona görə də qanuni fəaliyyət göstərmək istəyən sığorta vasitəçiləri üçün elə bir qaydalar tətbiq edilməlidir ki, qanunsuz fəaliyyət göstərmək istəyənlər də qanuni fəaliyyət göstərməyə can atsınlar. Misal üçün aylıq satışı 5.000 manat olanlar, aldıqları komissiyanın 2 %-ni vergi şəkilində ödəyirlərsə, 5.000 manatdan 10.000 manata qədər satış edənlərə, 3 %, daha çox edənlərə 4 % və s. vergi tətbiq edilsin. Bu da öz növbəsində daha çox lisenziyaya tələbat yaradar və daha çox agentin qanuni fəaliyyət göstərməsinə gətirib çıxarar. Bundan başqa, hər bir agentliyin üzərinə agentin adının, soyadının və lisenziya nömrəsinin yazılması təmin edilsə, lisenziyası olmayanlar daha tez üzə çıxa bilər. Sığorta agentlərinin aldıqları komissiyalara görə ödəyəcəkləri vergilər də ödəmə mənbəyindən tutulsa, hansısa agent vergidən yayınmaqla, süni üstünlük əldə edə bilməz. Sığorta agentlikləri üçün müəyyən standartlar da tətbiq edilsə, harada gəldi və necə gəldi sığorta satışının qarşısını almaq mümkün olar.

Nəzərə alaq ki, sığorta agenti qanuni fəaliyyət göstərirsə, vergi və digər qanuni ödənişləri həyata keçirməyə məcbur olar. Subagentin isə belə bir öhdəliyi, başqa sözlə xərci yoxdur. Agent qanuni fəaliyyət göstərərək sistemə məlumatları öz adından daxil edirsə özü məsuliyyət daşıyar. Subagent isə başqa birisinin, bəzən isə heç tanımadığı sığorta agentinin adından sistemə sənəd daxil edir və yaranan problemlərə görə heç bir məsuliyyət daşımır. Deməli, sığorta şirkətləri qeyri-qanuni komissiyaları verməsələr, sığorta agentləri də komissiyanı da qanunda nəzərdə tutulan qaydada alar və xərclərini ödədikdən sonra qalan pul hesabına subagent şəbəkəsi yarada bilməzlər. Bu da öz növbəsində potensialı olan subagentlərin sığorta nəzarəti orqanı tərəfindən təşkil edilən attestasiyada iştirak edib, qanuni fəaliyyət göstərməsinə gətirib çıxarar. Eyni zamanda sığorta şirkətlərinin də izafi xərcləri azaldığı üçün göstərdikləri xidmətin keyfiyyəti yüksələ və müştəri məmnunluğu daha yüksək səviyyədə təmin oluna bilər.

Məmməd Məmmədov, sığorta eksperti

Fins.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297