SIĞORTA

"A-Qroup"dan unikal “Ailə” sığorta paketi
12 SENTYABR
256

"A-Qroup"dan unikal “Ailə” sığorta paketi

2017-09-12 10:46:00

Ekologiyanın korlanması, artan stresslər və sürətlə dəyişən dünyanın həyatımıza göstərdiyi mənfi təsiri nəticəsində xəstələnmə hallarının sayı kəskin sürətlə artıb və indi xəstəliklərə daha çox gənclər düçar olur. Eyni zamanda insanlar daha çox məlumatlı olduğundan həm özünün, həm də ailə üzvlərinin sağlamlığı haqqında düşünərək müxtəlif profilaktik müayinələr (check up) keçməyə qərar verirlər. Bu əsnada özəl səhiyyənin sürətli inkişafı özəl tibb mərkəzlərinə müraciətlərin sayının artmasına gətirib çıxardığına görə əhalinin tibbi məsrəfləri də xeyli artmışdır. Bu isə onunla nəticələnir ki, insanlar ərzaq, geyim və istirahət kimi əsas xərclərlə yanaşı öz ailələrini gözlənilməz tibbi məsrəflərdən necə qorumaq barədə düşünməyə başlayırlar. Gözlənilməz məsrəflərdən ən əsas çıxış yolu tibbi sığortadır. Bəs, sadə vətəndaş ailəsini necə tibbi sığortalaya bilər?

Fins.az bununla bağlı "A-Qroup Sığorta" şirkətinin tibbi sığorta departamentinin müdiri ilə Yalçın Niftiyevlə olan müsahibəni təqdim edir:

Bir aparıcı tibbi sığorta şirkəti olaraq siz bununla bağlı əhaliyə nə təklif edə bilərsiniz?

Biz özünə görə unikal olan “Ailə” sığorta məhsulunu təklif edirik.  Bu məhsul ailənin bütün üzvləri üçün tibbi sığorta təklif edir və son zamanlarda geniş vüsət almış ürək-damar xəstəlikləri, onkologiya, hepatit B və C kimi xəstəliklərin erkən diaqnostika edilməsinə kömək edən xüsusi olaraq işlənib hazırlanmış “check up” müayinələrini əhatə edir. “Check up” müayinəsinə yüksək ixtisaslı həkim tərəfindən aparılan müayinə, qan və sidik təhlilləri, döş qəfəsinin rentgen müayinəsi, EKQ, ən çox yayılmış onkoloji xəstəliklərin, qanda şəkərin, xolesterinin, hepatit B və C-nin aşkar edilməsi məqsədi ilə aparılan skrininq daxildir.

“Ailə” sığorta paketinin üstünlükləri nədən ibarətdir?

Birincisi, bu sığorta paketi bütün kəskin xəstəliklər halında ortaya çıxan tibbi xərcləri qarşılayır və ən yaxşı özəl klinikalarda tibbi yardımın əldə edilməsinə imkan verir. Bu, sutkada 24 saat, həftədə 7 gün fəaliyyət göstərən və pasiyentə uyğun vaxtda tibbi yardım göstərmək məqsədilə geniş siyahıdan müvafiq həkimi seçmək imkanı verən xüsusi yardımçı xidmətdir. Bu paket stomatoloji yardım, masaj və qrip virusu əleyhinə illik peyvənd kimi əlavə xidmətlərdən də istifadə etmək  imkanı verir. Məsələnin maliyyə tərəfinə gəlincə isə, bu paketin 400 manatdan başlayan və hissə-hissə ödənilə bilən qiyməti kifayət qədər cəlbedicidir. Paketə daxil olan təkcə “check up” müayinəsi pasiyentə ən azı 200-250 manata başa gəlir. Eləcə də qeyd etmək istəyirik ki, paket satın alındığı zaman biz həmin sığortalı şəxsi özümüzün xüsusi işlənib hazırlanmış məlumat bazamıza daxil edirik və beləliklə də pasiyent 60-dan artıq ən yaxşı klinikanın və 40-dan çox aptekin məlumat bazasına giriş imkanı əldə etmiş olur. Pasiyentin telefonuna yüklənən mobil tətbiq proqramımız vasitəsilə həmin şəxs tövsiyə etdiyimiz geniş siyahıdan istədiyi həkimi seçib onun qəbuluna onlayn rejimdə yazıla və ya sadəcə tək bir SOS düyməsini basmaqla MediClub klinikasından təcili yardım çağıra bilər. SOS düyməsi basıldıqda biz öz yardım şöbəmizdə pasiyentin coğrafi mövqeyini ekranda görür və təcili yardım avtomobilini hara göndərmək lazım olduğunu bilirik. Bütün bunlar yardım üçün müraciət etmək imkanlarını xeyli asanlaşdırır və tibbi yardımın təmin edilməsini sürətləndirir.

Bu paketin əhali üçün nəyə görə maraqlı olacağının zənn edirsiniz?

Səhiyyə daxil olmaqla yüksək texnologiyalar həyatımızın bütün sahələrinə nüfuz etmiş və özəl klinikalardakı qiymətlərin artmasına gətirib çıxarmışdır. Əgər əvvəllər cərrahiyyə əməliyyatları ənənəvi üsullarla aparılırdısa, indi laparoskopik əməliyyatlar həyata keçirilir. Əgər əvvəllər müxtəlif travmalar zamanı pasiyentlərə gips sarğılar qoyulur və yalnız medikamentoz müalicə yazılırdısa, indi belə hallarda mürəkkəb və bahalı travmatoloji əməliyyatlar edilir və xəstə daha tez sağalıb ayağa qalxır. Doğrudur, bütün bunlar daha keyfiyyətli tibbi xidmətlər göstərməyə imkan verir lakin eyni zamanda tibbi xidmətlərin qiymətini o qədər artırır ki, belə müalicə bir çox halda orta statistik Azərbaycanlı ailəsi üçün əlçatmaz olur. Qeyd olunan məsələlərin həlli olaraq “Ailə” sığorta paketi hər sığortalanan pasiyentə ildə 15000 manata qədər vəsait xərcləmək imkanı verir. “Ailə” sığorta paketinə daxil olan “check up” müayinəsi isə ciddi xəstəliklərin vaxtında aşkar edilərək aradan qaldırılması üçün zəruri tədbirlər görməyə imkan verir. Bu isə o deməkdir ki, ailə başçıları öz yaxınlarının sağlamlığından əmin ola bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293