SIĞORTA

İcbari sığortada tətbiq ediləcək mühüm yeniliklər – AÇIQLANDI
11 SENTYABR
575

İcbari sığortada tətbiq ediləcək mühüm yeniliklər – AÇIQLANDI

2017-09-11 13:56:00

“Ötən illər ərzində ölkədə icbari sığorta sektorunun həcmi də genişlənməkdə olmuşdur. Əgər 2010-cu ildə toplanmış sığorta haqlarına görə icbari sığorta sektoru ümumi sığorta bazarının 28%-nə bərabər idisə, 2016- cı ilin sonuna bu nisbət 35% təşkil edirdi. Cari ilin ilk 6 ayının nəticələrinə əsasən, ölkədə mövcud olan bütün icbari sığorta növləri üzrə sığortaçılar tərəfindən cəmi 82,356 mln. manat sığorta haqları toplanmışdır”. Fins.az xəbər verir ki, bu İcbari Sığorta Bürosunun yarımillik hesabatında deyilir.

Hesabtda bildirilir:

İcbari sığorta sektorunun inkişafı hədəf auditoriyaları ilə səmərəli ünsiyyət qurmaqdan keçir və bu istiqamətdə əsas yük məhz bazar iştirakçıları olan sığorta şirkətlərinin və vasitəçilərinin öhdəsinə düşür. İcbari sığorta növləri üzrə nəzarət-tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinə baxmayaraq, rəqabətli bazar şəraitində daha çox bazar payını ələ keçirmək məqsədi güdən iştirakçılar da müştərilərlə ünsiyyətin müxtəlif üsullarına əl atırlar. Bu, xüsusilə son illərdə daha kütləvi hal alan və bəzən qəbul edilmiş etik və biznes çərçivələrindən də kənara çıxaraq aqressiv xarakter alan telemarketinq üsullarından istifadə ilə bağlıdır. Daha çox sektorun miqyasının genişlənməsi ilə paralel müşahidə olunan bu hal bu genişlənmənin “yan təsirlərindən” biri kimi də qiymətləndirilə bilər.

Bütün bunlarla yanaşı, indiyədək təkamülünün bəlli bir mərhələsinə gəlib çatmış Azərbaycan icbari sığorta industriyası öz gələcək inkişaf yolunu hazırda hökm sürən mürəkkəb qlobal iqtisadi münasibətlər kontekstində davam etdirməli olacaqdır. Son illər dünyada müşahidə olunan iqtisadi böhran beynəlxalq bazarlarda əmtəə qiymətlərinin qısa zaman kəsiyində kəskin enməsi və bu fonda regional valyuta kurslarının çöküşü ilə səciyyələnmişdir. Bundan təsirlənən əksər dövlətlər öz büdcələrini konsolidasiya etməli olmuş, bu isə regional miqyasda maliyyə bazarlarında əhval-ruhiyyənin korrektə edilərək həcmlərin kiçilməsini qaçılmaz etmişdir. Ənənəvi maliyyə mənbələrinə çıxışın məhdudlaşdırılması maliyyə xidmətlərində dövriyyənin azalmasına gətirib çıxarmış, bu isə öz növbəsində maliyyə xidmətlərinin bir qolu olan sığortadan da yan keçməmişdir. Yuxarıda qeyd olunanlar növbəti dövr üçün icbari sığorta sisteminin qarşısında aşağıdakı çağırışları formalaşdırır:

 - İnstitusional çağırışlar

- Maarifləndirmə ilə bağlı çağırışlar –

- Bazar iştirakçılarının peşəkar davranışı ilə bağlı çağırışlar

Əsas çağırışlardan biri sığorta vasitəçiliyi təsisatı ilə bağlıdır.

İcbari sığorta sisteminin funksionallığı bir neçə struktur elementinin interaktiv fəaliyyətindən asılıdır və bu elementlərdən biri də sığorta vasitəçiliyi təsisatıdır. Vasitəçilər icbari sığorta bazarının formalaşmasında əhəmiyyətli rola malikdir. Buna baxmayaraq, hazırda mövcud olan mühüm çağırışlardan biri məhz vasitəçilik institutun fəaliyyəti ilə bağlıdır. Səmimiyyət xatirinə qeyd etmək lazımdır ki, sığorta sahəsində daha çox “ön ofis” rolunu oynadığından, çatışmamazlıqların ən çox müşahidə edildiyi sahə də məhz sığorta vasitəçiliyidir. Sektorda fəaliyyət göstərən bir qrup sığorta vasitəçiləri zaman-zaman öz fəaliyyətlərində arzuolunmaz hallara yol verir: buraya müştərilərin sığorta satışı zamanı qeyri-qanuni sövdələşmələrə təhrik edilməsini, sığortalıların məlumatlarının sistemə qəsdən yanlış daxil edilməsini, vətəndaşların telefon nömrələrinə yersiz zənglər edərək onları narahat etməsi və digər sui-istifadə hallarını aid etmək olar. Belə hallar hazırda icbari sığorta sahəsində vasitəçilik təsisatı ilə bağlı narahatedici məqamlardır

Sığorta vasitəçiliyi təsisatının hal-hazırda sektorda müşahidə olunan elektronlaşma tendensiyası ilə ayaqlaşması da vacibdir. Büronun funksiyalarından biri hər bir icbari sığorta növünün 1) təqdim edilən məhsul; 2) məhsulun təchizatçısı və istehlakçısı; 3) məhsulun vasitəçisi elementləri üzrə fəaliyyətini təmin etməkdir. İcbari sığorta növlərinin elektronlaşması sadalanan bu üç komponentin bir-biri ilə əlaqəsinin rəqəmsal müstəviyə transformasiyasını nəzərdə tutur. Bu baxımdan, icbari sığorta sisteminin mühüm tərkib hissəsi olan sığorta vasitəçiliyi institutu bu transformasiyadan kənarda qala bilməz.

İstifadəçilərin müxtəlif xidmətlərə məsafədən və rahat şəkildə əlçatanlılığının təmin edilməsi müasir dövrün zərurətlərindən birinə çevrilmişdir. Maliyyə xidmətləri sahəsində idarəetmənin optimallaşdırılması və rahat istehlakçılığa nail olmaq məqsədilə İKT-nin nailiyyətlərindən geniş istifadə olunmaqdadır və icbari sığortalar sahəsi də bu tendensiyadan kənarda qalmamışdır. İcbari sığorta xidmətinin bütün tsikllərində sığortalı ilə ünsiyyətin sürətləndirilməsi və proseslərin təmərküzləşməsi bu gün sistemlərarası texniki əlaqəni zəruri edir. Artıq kağız daşıyıcıda icbari sığorta müqaviləsinin bağlanması arxada qalmaqda və dünənin təcrübəsinə çevrilməkdədir. Rəqəmsal sığortaçılıq nəinki xidmətlərin sığortalılara çatdırılmasında operativliyə, eləcə də daha səmərəli tənzimləməyə və şəffaflığa yol açır. Bu mənada İSB icbari sığorta növlərinin elektronlaşdırılmasındakı açar mövqeyini dərk edir və qarşıdakı dövrdə bu çağırışın öhdəsindən gəlmək üçün səylərini ortaya qoyur.

Məlum olduğu kimi, ən geniş yayılmış icbari sığorta növü olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) artıq bir ilə yaxındır ki elektronlaşdırılmışdır. Digər icbari sığorta növlərinin də rəqəmsal platformaya keçirilməsi hazırda İSB-nin texnoloji gündəliyində duran başlıca vəzifələrdəndir.

İcbari sığorta sektorunda göstərilən xidmətin keyfiyyəti məhz sığorta məhsulunun satışından sonrakı mərhələdə gedən proseslərin əsasında ölçülür və burada sığorta tələbinin nə dərəcədə sığortalını / faydalanan şəxsi razı salacaq qaydada təmin edilməsi həlledici rol oynayır. Maliyyə sektorunda müşahidə olunan konsolidasiya proseslərinə baxmayaraq, icbari sığorta seqmentində mövcud olan rəqabətlilik sığortaçıları satışdan sonrakı xidmət səviyyəsini axsatmamağa sövq edir. Bununla belə, sığortalılar və zərərçəkənlər heç də bütün hallarda irəli sürdükləri sığorta tələblərinə göstərilən xidmətin keyfiyyətindən razı qalmırlar. Bu kimi halların kökündə isə əsasən üç amil – bürokratiya, təmirin qiyməti və keyfiyyəti ilə bağlı narahatlıqlar və daha az məbləğin verilməsi dayanır. Belə bir şəraitdə çox mühüm çağırış meydana çıxır: kiçilən bazar həcmlərinə baxmayaraq, sığorta tələblərinə xidmətin keyfiyyətini necə artırmalı?

Sığortaçılar sığorta tələblərinin təmin edilməsi mövzusunda yüksək həssaslıqla yanaşmalı, dəymiş zərərin keyfiyyətli şəkildə aradan qaldırılması, yaxud əvəzinin tam ödənilməsi yolu ilə yaranmış vəziyyətin zərərçəkənin xeyrinə həll olunmasına çalışmalıdırlar. Əfsuslar olsun ki, bu gün bəzi sığortaçılar dəymiş zərəri qiymətləndirərkən reallıqla uyğun gəlməyən, aşağı məbləğlər hasil edirlər, bunun da bir səbəbi vaxtilə icbari sığorta satışı zamanı kütləvi şəkildə tətbiq edilən qanunsuz endirimlərdən qaynaqlanır. Sığorta tələblərinə keyfiyyətsiz xidmət göstərməklə sığortaçılar vətəndaşları nəinki özlərinə, həmçinin öz həmkarları olan digər sığortaçılara, ümumilikdə isə icbari sığorta sisteminə münasibətdə həvəsdən salır. Həmin sığortaçıların bu cür fəaliyyəti nəticə etibarilə icbari sığorta növlərinə ictimai etimadı sarsıdır və haqqında aşağıda bəhs olunan istehlakçı həvəssizliyinə rəvac vermiş olur.

Könüllü sığortadan fərqli olaraq əksər icbari sığorta növlərinin mahiyyəti insanların bir-biri qarşısında məsuliyyətinin sığortalanmasından ibarət olduğundan, burada cəmiyyətin davranışı ilə bağlı olan aspektlər özünü qabarıq şəkildə büruzə verir. Klassik mənada icbari sığortanın fəlsəfəsi “zərərçəkən azlığın təminatı üçün bütün digər insanların töhfəsi” ideyasına söykənir, yəni minlərlə sığortalıdan yığılan sığorta haqları onlarla zərərçəkənə dəymiş zərərin ödənilməsinə yönəldilir.

Hazırda müşahidə olunan çağırışlardan biri də insanlarda sığorta sahəsinə laqeyd münasibətin tədricən yaxşıya doğru dəyişilməsi ilə əlaqədardır. İcbari avtoməsuliyyət sığortasından başqa digər icbari növlər üzrə fəaliyyət göstərən sığorta şirkətləri sığorta məhsullarına əsasən həvəssiz olan auditoriya ilə işləmək məcburiyyətindədir. Əhali arasında icbari sığortaya etimadın yüksəldilməsi istiqamətində əsas iş həm sığorta şirkətlərinin, həm də onların bir araya gəldiyi peşəkar birliklərin üzərinə düşür. Sığorta şirkətləri çalışmalıdırlar ki, xüsusilə də sığorta tələblərinə xidmət göstərildiyi zaman müştəri məmnunluğuna xələl gətirən neqativ məqamlara yer verilməsin və tədricən insanlarda icbari sığortaya etimad artsın. Mütəşəkkil maarifləndirmə ilə cəmiyyətdə sığorta mədəniyyətinin yüksəldilməsi işinə liderliyi isə hazırda fəaliyyətdə olan peşəkar sığorta birlikləri öz üzərinə götürməlidir.

Hər bir fəaliyyət sahəsində olduğu kimi, icbari sığorta sahəsi də peşəkar davranış prinsiplərindən kənarda qalmır. İcbari sığorta bazarının iştirakçıları olan sığortaçılar və sığorta vasitəçiləri öz fəaliyyətlərində müştəri məmnuniyyətini rəhbər tutmalı və bu məmnunluğu zədələyəcək hər hansı hallara yol verməməlidir. İcbari sığorta bazarında fəaliyyətin yeganə məqsədi gəlir götürmək olmamalı, həmçinin bu bazarın ilk növbədə sosial həmrəylik prinsiplərinə əsaslanmasından irəli gələrək məsuliyyətli biznes və peşəkar davranış normalarına riayət olunmalıdır.

Bir sıra mövzularda sığortalılar məlumatsızlıq üzündən narahatlıqlarla, hətta maddi itkilərlə qarşılaşırlar. Bu boşluğu doldurmaq məqsədilə öz tərəfindən müəyyən addımlar atan İSB bazar iştirakçılarını sığortalıların maarifləndirilməsi işində daha fəal iştirak etməyə çağırır.

Bazar iştirakçıları nəinki icbari avtoməsuliyyət sığortası, eləcə də bütün digər icbari sığorta növləri üzrə mütəşəkkil maarifləndirmə öhdəliyini üzərinə götürməli və bu öhdəliyə sadiq qalmalıdır. Sığortalı ilə icbari sığorta müqaviləsinin bağlandığı andan etibarən bazar iştirakçıları davamlı məlumatlandırma dəstəyini təmin etməli və sığortalı ilə ünsiyyətini kəsməməlidir.

Bəzən sığortalılar qaldırdığı sığorta tələblərinə ədalətli və operativ baxılmamasından şikayətlənirlər və müəyyən hallarda bu iddialar haqlı olur. Sığorta şirkətləri sığorta tələblərinin ədalətli və şəffaf idarə edilməsi öhdəliyinə sadiq olmalıdır. Sığorta tələblərinin baxılması zamanı heç bir süründürməçilik və qeyri-obyektivlik hallarına yol verilməməli, sığorta ödənişinin verilməsindən imtina qərarları bütün hallarda mütləq şəkildə qanuni əsaslara söykənməlidir.

Peşəkar davranış kontekstində mühüm məqamlardan biri də bazarda müşahidə edilən müəyyən spekulyativ təzahürlərlə bağlıdır. Bazar iştirakçıları bilməlidirlər ki, ədalətli oyun qaydalarının pozulması nəticədə sistem xarakterli büdrəmələrə gətirib çıxaracaqdır ki, bunun fəsadlarını da hər bir bazar iştirakçısı bu və ya digər dərəcədə öz üzərində hiss edəcəkdir.

Geniş mənada icbari sığortalar sahəsində məsuliyyətli biznes yanaşmasından yayınan bazar iştirakçılarının etik və qanunverici normalar çərçivəsində tənzimləyicinin müvafiq cəza tədbirləri ilə üz-üzə qalacağı labüddür.

Qeyd edilən çağırışların həlli və icbari sığorta sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədilə Büro qarşıdakı dövrdə də gərgin iş qrafikində fəaliyyət göstərəcək. Bu istiqamətdə əsas işlərə artıq başlanılmış, bütün səylər yaxın və ortamüddətli perspektivdə onların həyata keçməsinə fokuslanmışdır.

Büronun fəaliyyət gündəliyinə daxil edilmiş tədbirlər texnoloji və normayaradıcı bloklar üzrə qruplaşdırılır. Aparılacaq islahatlar icbari sığorta sistemində infrastrukturun və istifadəçiyə yönümlü davranış meyllərinin daha da gücləndirilməsinə hesablanmışdır.

Vətəndaşların sığorta xidmətlərinə daha rahat və sürətli çıxışının təmin edilməsi məqsədilə icbari sığorta növlərinin mərhələli qaydada rəqəmsal platformaya keçirilməsi Büronun gündəliyində duran əsas məsələlərdəndir. Bu sahədə artıq uğurlu təcrübə mövcuddur: ən geniş əhatə dairəsinə malik olan AVSMMİS növünün 2016-cı ildə elektronlaşdırılması digər icbari növlər üzrə eyni işin aparılmasını stimullaşdırır. Elektronlaşma ötən bir ildən az müddət ərzində icbari avtoməsuliyyət sığortası sahəsində prosesləri təkmilləşdirməklə yanaşı kağız üzərində rəsmiləşdirmənin fəsadları olan bir sıra mənfi halların aradan qaldırılmasına da şərait yaratdı.

Ehtimallara görə, mülki məsuliyyətlə və daşınmaz əmlakla bağlı olan icbari sığorta növlərinin elektronlaşdırılması sığortalıların həmin növlərə çıxış imkanının sadələşdirilməsinə və nəticə etibarilə daha çox vətəndaşın icbari sığortadan bəhrələnə bilməsinə gətirib çıxaracaq. İcbari sığortalar üzrə informasiya sisteminin aidiyyatı qurumların məlumat bazaları ilə çarpaz əlaqəsinin yaradılması bütün maraqlı tərəflərin (“stakeholders”) prosesə cəlbini sürətləndirəcək və sektorda texnoloji təmərküzləşməni təmin edəcək. Bu, sektorda baş verən fəallığın qeydə alınmasına da mühüm töhfə verəcək – icbari sığorta ilə bağlı bütün iştirakçılar və sığortalılar tərəfindən aparılan tranzaksiyaların izlənməsi daha rahat olacaq.

Geniş mənada, sadalanan islahatların həyata keçirilməsi ilə qərar vermə prosesinin daha da optimallaşacağı və sektor üzrə artan müştəri məmnuniyyətinə səbəb olacağı proqnozlaşdırılır.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) cərimələrin qeydiyyatı sistemi ilə inteqrasiya

DİN BDYPİ ilə Büronun texnoloji müstəvidə birgə əməkdaşlığı səmərəli məcrada davam edir. Daha əvvəl BDYPİ-nin avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələri sistemi ilə əlaqələndirilmiş AVSMMİS sisteminin qarşıdakı dövrdə yol polisinin cərimələrin qeydiyyatı sistemi ilə inteqrasiyası da gündəmdədir. Belə bir inteqrasiyanın baş tutması sığorta tələblərinin idarə edilməsi sahəsində yeniliklərə yol aça bilər – belə ki, Büronun yol polisi tərəfindən yolnəqliyyat hadisələri üzrə tərtib olunmuş qəza protokollarına çıxışı AVSMMİS növü üzrə sığorta tələblərinin tənzimlənməsi prosesinin sürətləndirilməsinə təkan verə bilər.

Dövlət Gömrük Komitəsinə AVSMMİS informasiya sisteminə çıxışın təqdim edilməsi

AVSMMİS növü üzrə sərhəd sığortası və Yaşıl Kart müqavilələrinin mövcudluğuna nəzarət Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən həyata keçirilir. Hazırda DGK ilə Büronun aidiyyatı informasiya sistemləri arasında əlaqə olmadığından, gömrük sərhədlərində nəzarət işinin təşkili zamanı Büronun veb-səhifəsində yerləşdirilmiş müvafiq elektron xidmətə və ya Yaşıl Kart şəhadətnamələrinə istinad edilir. Bu prosesin avtomatlaşdırılması DGK-ya Büronun Yaşıl Kart sisteminə çıxışın təqdim edilməsi vasitəsilə mümkündür və bu istiqamətdə iki qurum arasında ilkin razılıq əldə olunmuşdur.

Sığortalı-vasitəçi münasibətlərinin elektronlaşdırılması

Əksər hallarda vətəndaşların sığorta məhsulu ilə bağlı ünsiyyətdə olduğu ilk instansiya məhz sığorta vasitəçiləridir. Hazırda icbari sığorta sektorunda vasitəçilik xidmətləri təqdim edən 1000-dən artıq sığorta vasitəçisi fəaliyyət göstərir. Lakin etiraf etmək lazımdır ki, bir sıra hallarda vasitəçilərin fəaliyyəti ilə bağlı çatışmamazlıqlar müşahidə edilir, hansı ki sonda müştəri məmnuniyyətinə mənfi təsir göstərə bilir. Bu çatışmamazlıqların bir qismi agentlərin özlərinin müştərilərlə ünsiyyət zamanı yol verdiyi nöqsanlarla bağlı olsa da, digər qismi də sığorta vasitəçiliyi institutunun icbari sığorta sistemində gedən elektronlaşma tendensiyasından indiyədək kənarda qalması ilə əlaqədar olmuşdur. Bu sahədə vəziyyəti yaxşılaşdırmaq məqsədilə Büro tərəfindən sığorta vasitəçilərinin elektron informasiya mühitində eyniləşdirilməsi imkanlarının tətbiqi istiqamətində çalışmalar aparılır.

Hazırda sığortalılarla bağlanmış icbari sığorta müqavilələri üzrə vasitəçilərə dair məlumatlar Büronun mərkəzləşdirilmiş müqavilələrin qeydiyyatı sistemində əks olunmur və buna əngəl törədən başlıca səbəb vasitəçilərin sistemdə eyniləşdirilməsi mexanizminin olmamasıdır. Optimal identifikasiya mexanizminin tapılması və tətbiqi hər bir icbari sığorta müqaviləsinin aidiyyatı üzrə konkret sığorta vasitəçisi ilə əlaqələndirilməsinə imkan yaradacaq. Bu yenilik texnoloji təkmilləşdirməyə səbəb olmaqla bərabər vasitəçiləri müştərilərlə satış öncəsi və satışdan sonrakı ünsiyyətlərində daha məsuliyyətli və hesabatlı davranmağa sövq edəcək.

Büronun mütəxəssisləri tərəfindən hazırlanan müvafiq proqram təminatının cari ilin sentyabroktyabr aylarında tətbiq edilməsi nəzərdə tutulur.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın elektronlaşdırılması

Qüvvədə olan qanunvericiliyə əsasən, müxtəlif hüquqi-təşkilati formalarda fəaliyyət göstərən bütün işəgötürənlər öz işçiləri qarşısında onların iş zamanı əmək qabiliyyətini itirməsinə görə mülki məsuliyyət daşıyırlar və bu məsuliyyət icbari qaydada sığortalanmalıdır. Göründüyü kimi, bu icbari sığorta növü ictimai əhəmiyyətinə görə heç də avtoməsuliyyət sığortasından geri qalmır, lakin ən aşağı nüfuzetmə göstəricisinə (10%-dən də az) malik növlərdən biridir.

Hazırda sığorta bazarında bu növ üzrə 3 həyat sığorta şirkəti fəaliyyət göstərir və bağlanılan icbari sığorta müqavilələri kağız daşıyıcıda qeydə alınır. Aidiyyatı qurumlar arasında texnoloji müstəvidə ünsiyyətin indiyədək lazımi səviyyədə olmaması bu icbari sığorta növü ilə bağlı mərkəzləşmiş elektron qeydiyyat sisteminin yaradılmasını əngəlləmişdir.

Bu istiqamətdə əhəmiyyətli irəliləyişə nail olmaqdan ötrü İSB əmək münasibətləri sahəsində tənzimləyici orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə sıx əməkdaşlığa başlamışdır. İki qurumun nəzdində olan informasiya sistemlərinin qarşılıqlı inteqrasiyası nəticəsində işəgötürənlərin icbari mülki məsuliyyət sığortasının mütəşəkkil elektron xidmət şəklində dizayn edilməsi planlaşdırılır. ƏƏSMN-nin idarə etdiyi “Əmək müqavilələrinə dair bildirişlərin onlayn qeydiyyatı sistemi” işəgötürənlərin öz işçilərini icbari qaydada sığortalamasında açar mövqeyə malik olacaq. Belə ki, işəgötürənlər öz işçiləri qarşısında mülki məsuliyyətini sığortalamaqdan yan keçə bilməyəcək, bu isə işçilərin sosial müdafiəsinin gücləndirilməsinə öz töhfəsini verəcək.

Bu məqsədlə hazırda İSB, ƏƏSMN və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) müvafiq sistemləri arasında real zaman rejimində texnoloji əlaqənin təmin edilməsi üzərində birgə çalışmalar aparılır. Yuxarıda qeyd edilən məsələlərin həllini tapması bu icbari sığorta növünün perspektivdə tamamilə elektronlaşdırılmasına və geniş tətbiqinə yol açacaq.

Daşınmaz əmlak və onun istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin elektronlaşdırılması

Daşınmaz əmlakla bağlı icbarı sığorta növləri də aşağı nüfuzetmə göstəricisinə malikdir, belə ki burada ümumi bazar potensialının cəmi 6% civarında olan göstəricidən söhbət gedir. Qeyd edilən növlərin elektronlaşdırılması Büro ilə müvafiq tənzimləyici qurumların qarşılıqlı əlaqəsi zəminində baş verəcəkdir. Elektronlaşmanın bu icbari sığorta növlərinin daha sürətli inkişafına təkan verəcəyi gözlənilir.

Hazırda ölkədə daşınmaz əmlakın dövlət qeydiyyatı və reyestrinin aparılması Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən həyata keçirilir. Büronun informasiya sisteminin ƏMDK-nin müvafiq resursları ilə inteqrasiyası elektron icbari sığorta müqavilələri bağlanarkən müqavilənin predmeti olan daşınmaz əmlakla bağlı dövlət reyestrindən çıxarışa, mülkiyyəti təsdiq edən digər sənədlərə və texniki qeydiyyat şəhadətnamələrinə dair məlumatların onlayn rejimdə, şəffaf və avtomatik şəraitdə əldə edilməsinə şərait yaratmalıdır. Sistemlərarası inteqrasiya sayəsində icbari sığorta müqaviləsi bağlanarkən daşınmaz əmlakın mülkiyyətçiyə, ünvana, istifadə təyinatına, texniki parametrlərə və digər meyarlara görə eyniləşdirilməsi mümkün olacaq.

Bu sahədə daha bir inteqrasiyanın daşınmaz əmlakla bağlı icbari sığorta müqavilələrinin mövcudluğuna nəzarəti həyata keçirən Fövqəladə Hallar Nazirliyinin müvafiq informasiya sistemi ilə aparılması nəzərdə tutulur. Bu, öz növbəsində, daşınmaz əmlakla bağlı icbari sığorta müqavilələrinin bağlanılmasına nəzarətin daha operativ təşkilinə imkan yaradacaq.

İcbari sığorta növləri üzrə sığorta haqlarının nağdsız ödənişə keçirilməsi

Hazırda icbari sığorta haqları əksər hallarda sığortalıların vəsaiti əlbəəl sığorta vasitəçilərinə verməsi yolu ilə ödənilir. Bu həm sığortalılar üçün qarşı tərəfdən asılı olmaq kimi müəyyən narahatlıqlar yaradır, həm də bəzi hallarda sığorta vasitəçilərinin bundan sui-istifadə etməsinə yol açır. Sığorta haqlarının ödənişi zamanı sığortalıların müstəqilliyini və rahatlığını təmin etmək, eləcə də vasitəçiliklə bağlı mümkün suiistifadə hallarının qarşısını almaq məqsədilə bağlanılan icbari sığorta müqavilələri üzrə sığorta haqlarının nağdsız ödənişinə keçirilməsi nəzərdə tutulmuşdur.

Sığorta haqlarının nağdsız ödənişi üsullarından biri kimi ictimai yerlərdə quraşdırılmış ödəniş köşklərinin istifadəsi nəzərdən keçirilir. Qeyd etmək lazımdır ki, hazırda AVSMMİS növü üzrə sığorta haqlarını Hökumət Ödəniş Portalının sisteminə qoşulmuş “Express Pay” ödəniş terminalları vasitəsilə ödəmək mümkündür. Bundan əlavə, vətəndaşlar müstəqil şəkildə Hökumət Ödəniş Portalına daxil olaraq orada sığorta haqlarını onlayn ödəyə bilər.

Ödəniş terminallarının kütləviliyini və əhalinin onlardan fəal istifadə etməsini nəzərə alaraq, Büro digər icbari sığorta növləri üzrə də sığorta haqlarının ödənişinin bu terminallar vasitəsilə qəbulu imkanının yaradılması üzərində çalışır. Həmçinin bu imkanın müxtəlif ödəniş sistemlərinə məxsus terminallarda mövcud ola bilməsi üçün hazırda həmin təşkilatlarla texniki müzakirələr aparılır.

Sığortalılar üçün mərkəzləşdirilmiş virtual istifadəçi kabinetinin tətbiqi

Bütün xidmət sahələrində olduğu kimi, sığorta sahəsində də istifadəçilərin istək və ehtiyaclarının çevik şəkildə təmin edilməsi vacibdir. Büro hesab edir ki, vətəndaşlar öz icbari sığorta müqavilələri və onların vəziyyətinə dair operativ qaydada xronoloji və cari məlumat əldə etmək, təqdim etdiyi sığorta tələblərinin icra statusunu izləmək, həmçinin sığortaçı, vasitəçi və tənzimləyici ilə əks əlaqə yaratmaq imkanına malik olmalıdır. Sadalananlara nail olmaqdan ötrü Büro sığortalılar üçün virtual rejimdə fəaliyyət göstərəcək mərkəzləşdirilmiş istifadəçi kabinetinin yaradılması və tətbiqi konsepsiyası üzərində işə başlamışdır. Hazırda onlayn kabinetə giriş zamanı istifadə olunacaq autentifikasiya üsulları, təqdim olunacaq alətlər çeşidi və funksionallıq dəqiqləşdirilir. İstifadəçi kabineti vasitəsilə sığortalılar icbari sığorta ilə bağlı bütün əməliyyatları heç bir yerə getmədən, eyni mərkəzdən idarə edə biləcəklər.

AVSMMİS üzrə zərərlərin birbaşa tənzimlənməsi mexanizmi çərçivəsində qarşılıqlı klirinq imkanın tətbiqi

Sığorta tələblərinin araşdırılması zamanı sığortaçıların riayət etməli olduqları başlıca şərt operativlikdir. Sığortaçılar sığorta hadisəsi nəticəsində əmlakına və ya sağlamlığına zərər dəymiş üçüncü şəxslərin maraqlarının təmin edilməsində maksimum çeviklik nümayiş etdirməlidirlər.

Hazırda qüvvədə olan qanunvericilik AVSMMİS növü üzrə sığorta tələblərinin operativ təmin olunması ilə bağlı müddəaları özündə ehtiva edir. “İcbari sığortalar haqqında” Qanunun 52.1-ci maddəsinə əsasən, ikidən artıq olmayan sığortalı avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş sığorta hadisəsi nəticəsində onlardan birinə (və ya hər ikisinə) zərər dəymişdirsə, zərərçəkən dəymiş zərərin əvəzinin ödənilməsini öz sığortaçısından tələb edir. Daha sonra isə hər iki avtonəqliyyat vasitəsinin sığortaçıları qarşılıqlı hesablaşma yolu ilə öz aralarında meydana gələn maliyyə münasibətlərini tənzimləyir. Bu mexanizm mümkün olan ən qısa müddət ərzində zərərçəkənlərin maraqlarının təmin edilməsinə xidmət edir. Həmçinin, zərərçəkənin yaranmış vəziyyəti öz sığortaçısı vasitəsilə həll etməsi prosesin rahatlığı baxımından da təqdirəlayiqdir.

Bununla yanaşı, sözügedən mexanizmin tam işlək hala gəlməsi bir sıra tədbirlərin icrasından sonra mümkün olacaqdır ki, bunlardan da biri sığortaçılar arasında maliyyə münasibətlərinin tənzimlənməsi məqsədilə qarşılıqlı klirinqhesablaşma funksionallığının təmin edilməsidir. Layihə çərçivəsində Büro iştirakçı sığorta şirkətləri ilə birgə müvafiq texniki modulun yaradılması və istismara verilməsi istiqamətində işləri davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285