SIĞORTA

Azərbaycanda aktuari fəaliyyəti necə təşkil edilir? – MƏQALƏ
11 SENTYABR
289

Azərbaycanda aktuari fəaliyyəti necə təşkil edilir? – MƏQALƏ

2017-09-11 09:47:00

Təsadüfi deyil ki, inkişaf etmiş beynəlxalq təcrübədə olduğu kimi Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” Qanununda da aktuari fəaliyyəti ilə bağlı böyük bir fəsil mövcuddur. Bunun səbəbi başqa xidmət sahələrindən fərqli olaraq, sığorta xidmətinin xalis dəyərinin gələcəkdə baş verəcək hadisələrin cari dəyərinin proqnoz qiyməti ilə ölçülməsidir. Bu səbəblə də aktuari tərəfindən hesablanan aşağıdakı riyazi ölçülərin dəqiq ifadəsi sığortaçıların gəlir və mənfəətinin formalaşmasına birbaşa təsir edir. Belə ki,

  1. Sığorta haqlarının ən yaxşı həqiqətəoxşar metodlarla hesablanmaması nəticəsində sığorta haqları xalis dəyərindən az ola bilər ki, bu da sığortaçıları müflis edə bilər, ya da çox ola bilər ki, bu da əksər müştərilərinin itirilməsinə səbəb ola bilər.

  2. Sığorta öhdəliklərinin (ehtiyatların) düzgün qiymətləndirilməməsi sığortaçının lüzumsuz mənfəətə çıxaraq, artıq vergi və dividend ödəyib ödəmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilər, ya da artıq ehtiyat hesablanması sığortaçının mənfəətsiz işlədiyinə sui-zənn yarada bilər ki, bu da onun fəaliyyətini daraltmaq qərarı almasına səbəb ola bilər. Hər iki hal həmçinin sığortaçının sığortalılara keyfiyyətli xidmət göstərməməsi ilə nəticələnə bilər.

  3. Ödəmə qabiliyyətinin düzgün ölçülməməsi yüksək risklərin qəbul edilməsinə, ya da aşağı risklərdən imtina edilməsinə gətirib çıxara bilər və s.

Qeyd edilən bu və ya başqa risklərdən qaçınmaq, daha çox etibarlı, gəlirli və mənfəətli işləməsi üçün sığortaçılarda peşəkar aktuarilərin varlığı zəruridir.

Aktuarilər öz peşə bacarıqları ilə yanaşı sığortaçılar üçün digər istiqamətlərdə də olduqca vacib məsləhətlər verə bilirlər. Belə ki, aktuarilər öz peşə bacarıqlarına yiyələnmək üçün olduqca uzun yol keçərək, yüksək analiz etmək qabiliyyətinə sahib olur. Bu səbəblə də başqalarının bir neçə günə gördüyü işi, onlar kiçik bir vaxt intervalında görə bilirlər.

Elə bu səbəbdir ki, bir çox hallarda sığorta menecerlərinin təcrübəli aktuariləri başqa vəzifəyə çəkmək marağı olur. Aktuarilər bəzi hallarda maddi maraq, bəzi hallarda başqa sahələrdə də özünü sınamaq, bəzi hallarda da aktuari olaraq fəaliyyətini davam etməkdən qorxduğu üçün buna razılıq verirlər. Bəli, qorxduğu üçün! Əsasən riyazi biliklərinə güvənməyən və ya biliklərini artırmağa əzmi olmayan şəxslər aktuari kimi inkişaf etməkdən qorxurlar. Düzdür, bizim ölkədə aktuarilərin mövqeyi və gəliri sığortaçının başqa rəhbər işçilərindən ümumilikdə az olsa da, heç də inkişaf etmiş beynəlxalq təcrübədə belə deyil, bizdə də zaman zaman bu öz yerini tapmaqdadır.

Azərbaycanda aktuari fəaliyyətinin təməli 2008-ci ildən qoyulduğundan hələki aktuari hesablamaları stoxastik (ehtimal metodlara) əsaslar üzrə deyil, daha çox determinestik (sabit əmsallarla hesablama) əsaslar üzrə qurulmuşdur. Lakin aktuarilərimizin bilik və bacarıqları artdıqca, inkişaf etmiş beynəlxalq təcrübə öyrənildikcə həm sığorta fəaliyyəti üzrə nəzarət orqanının aktuar fəaliyyəti üzrə qaydaları, həm də sığortaçıların daxili qaydaları daha çox stoxastik metodlara əsaslanacaqdır. Məhz o zamandan sonra Azərbaycanda könüllü sığorta bazarının formalaşması geniş auditoriyada danışılacaqdır.

Gündüz Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293