SIĞORTA

Sığorta şirkətləri ödənişləri niyə gecikdirir?
29 AVQUST
497

Sığorta şirkətləri ödənişləri niyə gecikdirir?

2017-08-29 15:05:00

Sığorta hadisələrinin tənzimlənməsi bəzən 15-25 gün vaxt aparır ki, bu da sığortalı vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Eyni zamanda sığortanın inkişafını ləngidir. Bunu Fins.az-a müsahibəsində “AtaSığorta” şirkətinin idarə heyətinin sədr müavini Orxan Məmmədov deyib. Onun sözlərinə görə, burada sığorta şirkətlərindən asılı olan və asılı olmayan səbəblər var. Asılı olmayan səbəblər qəza barəsində müvafiq arayışların sürətləndirilməsi məsələsidir. Xarici təcrübədə bu tipli arayışlar elektron qaydada təqdim edilir. Kağız sənədi gözləməyə ehtiyac qalmır. Hadisə baş verdiyi gün və yaxud 1 gün sonra aidiyyatı dövlət orqanının veb portalında bu barədə arayış yerləşdirilir: “Bu arayışı həm vətəndaş, həm də sığorta şirkəti dərhal əldə edə bilirlər. Azərbaycanda da belə bir sistemin tətbiqi problemi aradan qaldıra bilər və sığorta ödənişinin operativ verilməsini təmin etmiş olar”.

O.Məmmədovun sözlərinə görə, sığorta şirkətlərindən aslı olan səbəblər isə əsasən qiymətləndirmə ilə bağlıdır: “Bəzi hallarda qiymətləndirmə işi gecikir. Bəzən vaxt azlığından avtomobili təmir müəssisəsinə yerləşdirmək olmur. Bundan əlavə sənədləşmə proqram təminatında problemlər ola bilir”. Sədr müavini bildirib ki, “AtaSığorta” bu gün bu problemlərin heç biri ilə qarşılaşmır: ” Proqram təminatımız bir neçə dəqiqə ərzində bu prosesi yekunlaşdırmağa imkan verir. Son sənəd daxil olduqdan sonra əməliyyatçılar dərhal sistemə işləyirlər, hüquq departamentinin əməkdaşları baxıb müsbət rəy verdikdən sonra maliyyə departamenti ödənişi təmin edir. Bu proses cəmi bir neçə dəqiqə çəkir. Sadəcə sənədin gəlməsi bir neçə gün gecikə bilər. Bəzən zərərin həcmi böyük olduqda onun qiymətləndirilməsi və yaxud ehtiyat hissələrinin dilerlər tərəfindən qiymətləndirilməsi müəyyən vaxt aparır”.

O.Məmmədov hesab edir ki, zamanla bu prosses də sürətlənəcək: “Əvvəlki illərlə müqayisədə deyə bilərik ki, bu sahədə də inkişaf var. Sığorta şirkətləri artıq ciddi rəqabət şəraitində işləyirlər. Çalışırlar ki, bir neçə günə, hətta bir neçə saata prosesi tənzimləyib müştəriyə ödəniş versinlər. Amma bu sahədə də şirkətlər müəyyən infrastruktur qurub onu davamlı inkişaf etdirməlidirlər. Yoxsa, artan sığorta hadisələri ilə bağlı tələbi vaxtında tənzimləmək çətin ola bilər”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0160
  • ₽ RUB
    0.0296