SIĞORTA

İşsizlik müavinətinin alınması qaydası və İşsizlikdən Sığorta haqqında AR Qanunun mühüm məqamları
28 AVQUST
863

İşsizlik müavinətinin alınması qaydası və İşsizlikdən Sığorta haqqında AR Qanunun mühüm məqamları

2017-08-28 12:41:00

 

İşsizliyin anlayışı, işsiz statusu almaq üçün tələblər

İnsanların üzləşdiri ən böyük problemlərindən biri də, işsizlikdir.İqtisadi münasibətlərin təməlində duran məşğulluq və işsizlik problemləri hər bir dövlətin, cəmiyyətin üzləşdiyi əsəs çətinliklərdəndir. İşsizlik özü bir problem olduğu kimi, insanlar arasında yaranan digər münasibətlərə də mənfi təsir göstərərək müxtəlif problemlərin yaranmasına da zəmin yaradır. Nümunə kimi qeyd edək ki, boşanmaların əsas səbəblərin biri də maddi vəziyyətin aşağı düşməsidir ki, bu da işsizlikdən törənən bir əsasdır. Həmçinin cinayət və cinayətkarlığın da yaranması əsasında maddi durumun aşağı olması, yoxsulluq durur.

Yuxarıda göstərilən səbəblərdən, işsizliyin aradan qaldırılması hər bir ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri sayılır və qarşısının alınması üçün bir sıra tədbirlər görülür. Bu tədbirlərdən biri də, “işsizlik müavinəti”nin verilməsidir. Bu məqalədə əsasən, işsizliyin statusunun anlayışından, kimlərin işsizlik statusu əldə edə bilməsindən, işsizlik müavinətinin verilməsi üçün müraciət zamanı lazım olan sənədlərdən, ödənilmə qaydasından, müddətindən və s. işsizliklə əlaqədar digər vacib məqamlardan məlumat veriləcək.

Azərbaycan Respublikası “Məşğulluq Haqqında” Qanunun 1.0.4-cü maddəsində işsiz vətəndaşa belə anlayış verilir: “işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir”. “Məşğulluq Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi bərədə AR Prezidentinin Fərmanına əsasən, bu maddədə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı dedikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaDövlət Məşğulluq Xidməti və onun yerli orqanları başa düşülür. Həmin qanunun 4.5-ci maddəsinə əsasən, aşağıdakı vətəndaşlardan başqa bütün vətəndaşlar işsizlik statusu üçün müraciət edə bilərlər:

  • 15 yaşına çatmayanlar;

  • pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar;

  • qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzürsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz);

  • ilk dəfə işaxtaranlar;

  • azadlıqdan məhrum etmə cəzasını çəkənlər.

Bundan əlavə olaraq qeyd edək ki, “İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli 14 saylı qərarının 2.2-ci maddəsində yuxarıda göstərilən siyahı daha da genişləndirilərək aşağıda qeyd olunmuş kateqoriya vətəndaşlar əlavə edilmişdir:

  • muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) ilə tam və tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar;

  • sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar;

  • haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər;

  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;

  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayandırılması və ya başqa səbəblərlə əlaqədar iş yerində müvəqqəti olmayanlar;

  • Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

  • Azərbaycan Respublikası hüdudlarından kənarda qanuni əsaslarla əmək faəliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.

    İşsizlik müavinətinin alınması üçün müraciət qaydası və tələb olunan sənədlər

İşsizlik müavinətinin alınması prosesini iki mərhələyə bölə bilərik. Birinci mərhələdə şəxs yaşadığı ərazi üzrə şəhər, rayon məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmalıdır. İşxtaran kimi qeydiyyata alınmaq üçün aşağıdakı sənədlər şəxsən müvafiq məşğulluq orqanına təqdim edilməlidir:

  • Şəxsiyyətini təsdiq edən sənəd;

  • əmək kitabçası (yaxud onu əvəz edən sənəd);

  • peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda).

Adları qeyd olunmuş sənədlər yerli məşğulluq orqanına təqdim edildikdən sonra müraciət edən şəxs üçün işaxtaranın fərdi qeydiyyat vərəqəsi açılır. Bununla da, birincə mərhələ tamamlanmış olur.

 

İkinci mərhələdə şəxsin işsizlik statusunun alınması proseduru durur. İşaxtaran kimi qeydiyyata alınmış və işsiz statusu almaq hüququna malik olan şəxs aşağıdakı sənədləri təqdim etdiyi andan ona münasib iş təklif edilmədiyi halda müvafiq məşğulluq mərkəzi 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi və müavinət təyin edilməsi haqqında qərar qəbul edir:

  • mərkəzlərindən pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla), yaşa görə və əlilliyə görə sosial müavinət almaması haqqında arayış; -qeydiyyatda olduğu rayonun yerli DSMF orqanından;

  • yaşadığı yer üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış; - qeydiyyatda olduğu rayonun ərazi üzrə Vergi İdarəsindən;

  • yerli icra hakimiyyətinin ərazi üzrə nümayəndələyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış; -qeydiyyatda olduğu rayonun icra nümayəndəliyindən;

  • himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti; - əgər yoxdursa təqdim olunmur;

  • qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əmək haqqı barədə arayış. – sonuncu iş yerindən;

Göstərilmiş sənədlər yerli məşğulluq orqanına təqdim olunduqdan sonra şəxsə işsiz statusu təyin olunan gün qeydiyyat günü hesab edilir. İşsizlik müavinəti alan vətəndaşlar ayda bir dəfə əmək kitabçası (və ya onu əvəz edən) təqdim etməklə şəhər, rayon məşğulluq mərkəzində müvafiq qeydiyyat kitabında yenidən qeydə alınmalıdırlar. Həmçinin onu da qeyd edək ki, işsizlik müavinətinin başlanması, dayandırılması və başa çatdırılması haqqında əmrlərə əsasən vətəndaşın əmək kitabçasında müəyyən olunmuş qaydada qeydlər aparılır. Əgər işaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün yerli məşğulluq orqanına müraciət edə bilər.

İşsizlik müavinətinin hesablanması qaydası və minimum məbləği

İşsiz statusu almış vətəndaşa işsizlik müavinəti (təkrar müavinət alınan hallar istisna olmaqla) ona işsiz statusu müəyyən edildiyi gündən hesablanır.

İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (şəhər, rayon məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olduqda, onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay üzrə hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir. Əgər vətəndaş axırıncı iş yerində 12 aydan az işləmişdirsə (lakin 12 ay ərzində o, 26 təqvim həftəsindən az olmayan müddətdə axırıncı, həmçinin əvvəlki iş yerləri üzrə haqqı ödənilən işə malikdirsə), bu halda işsizlik müavinəti üçün orta aylıq əmək haqqı axırıncı iş yerində faktiki işlədiyi aylarda hesablanmış əmək haqqının cəmlənmiş məbləğinin faktiki işlənmiş ayların sayına bölünməsi ilə hesablanır.

Həmçinin qeyd edək ki, işsizin himayəsində 18 yaşa çatmamış uşağı olduqda, işsizlik müavinətinin məbləği hər bir uşaq üçün müavinətin 10 faiziməbləğin, lakin 50 faizindən artıq olmamaq şərti ilə artırılır. Əgər ailədə hər iki valideynə işsizlik müavinəti müəyyən edilmişdirsə, hər uşaq üçün10 faiz artım valideynlərdən birinə şamil edilir.

Müavinət 12 aylıq dövr ərzində 26 təqvim həftəsi üçün nəzərdə tutulur. Əgər şəxs işsiz statusu aldıqdan sonra 12 ay keçdikdən sonra hələ də münasib işlə təmin olunmayıbsa, onun təkrarən müavinət alması hüququ vardır. Bu zaman həmin şəxsə müavinət minimum məbləğdə təyin olunur.İşsizlik müavinətinin minimum məbləği “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 23 iyun 2004-cü il tarixli, 84 saylı qərarının 1-ci maddəsinə əsasən, 75 manat təşkil edir.

Vətəndaşlara işsizlik müavinətləri qeydiyyatda olduğu şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən yalnız nağdsız qaydada ödənilir.

İşsizlik müavinəti işsizin şəhər, rayon məşğulluq mərkəzində ayda bir dəfə yenidən qeydiyyata alınması şərti ilə ayda bir dəfə ödənilir. Vətəndaşın işsiz statusu aldığı gün qeydiyyat günü hesab edilir. İşsiz yenidən qeydiyyatdan keçərkən əmək kitabçasını (yaxud onu əvəz edən sənədi) təqdim etməlidir

Qanunvericiliklə nəzərdə tutulan məsuliyyət;

İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli, 12 saylı qərarının 3.4-cü maddəsində nəzərdə tutulur ki, “İşsiz vətəndaş işsizlik müavinətinin saxta sənədlər təqdim etmək yolu ilə aldıqda, işsiz vətəndaş işsizlik müavinətini aldığı dövrdə işə düzəldikdə, sahibkarlıq və ya fərdi əmək fəaliyyəti ilə məşğul olduqda, mülkiyyətində torpaq parı olduqda, işsiz vətəndaş müvafiq qanunvericiliyə uyğun olaraq pensiyaya çıxdıqda (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) artıq ödənilmiş işsizlik müavinəti qanunvericiliklə müəyyən olunmuş qaydada geri alınır”.

Qanunvericiklə nəzərdə tutulan qaydaları pozmaqla günahkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyən müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. İşsizlik müavinətinin təyin olunmasına əsassız olaraq rədd cavabı aldıqda, onun ödənilməsi müddətləri başqa vaxta keçirildikdə, müavinətin məbləği ilə razılaşmadıqda işsiz vətəndaşlar şəhər, rayon məşğulluq mərkəzini işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) həmin mərkəzin yuxarı orqanlarına və ya müəyyən edilmiş qaydada məhkəməyə şikayət edə bilərlər.

O cümlədən, Sosial müavinətlər haqqında qanunvericiliyin pozulması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsində nəzərdə tutulur ki,

  • Müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə-

min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

  • Müavinət alan şəxs (onun ailə üzvləri) tərəfindən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumatın verilməməsinə görə-

səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası “Sosial Müavinətlər Haqqında” Qanunun 4.0.1.11-ci maddəsinə əsasən, işsizlik müavinəti sosial müavinət hesab olunur.

İşsizlikdən sığorta haqqında qanun və fərmanın qeyd olunmalı əsas məqamları;

Bildiyiniz kimi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə, bu ilin 30 iyun tarixində “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Məqalənin bu hissəsində həmin qanunda nəzərdə tutulan bir sıra əhəmiyyətli məqamlara toxunulacaq.

İlk öncə qeyd edək ki, bu qanun bütün işsizləri əhatə etmir. Yalnız, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Bu kateqoriyadan olan lakin siyasi vəzifə tutan şəxslərə şamil edilmir.

Digər əhəmiyyətli məqam isə sığorta tarifidir ki, bu məsələ qanunun 9-cu maddəsinə əsasən aşağıdakı kimi həll edilir:

sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;

  • sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

Qeyd edək ki, sığortaedən dedikdə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən işəgötürənlər başa düşülür. Sığortaolunan dedikdə isə, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər başa düşülür.

Bu qanunu şamil olunduğu şəxslərə sığorta ödənişinin miqdarı aşağıdakı qaydada tənzimlənir:

  • işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə: sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz; sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz;

  • işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə:minimum sığorta ödənişi.

Nəzərinizə çatdıraq ki, minimum sığorta ödənişi minimum əmək haqqıya bərabər tutulur. Hal-hazırda Azərbaycan Respublikasında minimum əmək haqqınının məbləği “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Repsublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli, 2608 saylı Sərəncamınaə əsasən, 116 manat müəyyən edilmişdir.

Həmin qanunun 17-ci maddəsinə əsasən, sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

  • ilk 2 təqvim ayı üçün – 100 faiz;

  • 3–4-cü təqvim ayları üçün – 80 faiz;

  • 5–6-cı təqvim ayları üçün – 70 faiz;

  • Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir

Sonda qeyd edək ki, bu qanunun qüvvəyə minməsi 2018-ci il yanvar ayının 1-nə nəzərdə tutulmuşdur.

Əmiraslan Yusifov
Hüquqşünas
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287