SIĞORTA

İşsizlik sığortası necə işləyəcək?
28 AVQUST
256

İşsizlik sığortası necə işləyəcək?

2017-08-28 09:35:00

Bazar münasibətləri şəraitində işsizlikdən müdafiə sistemi sosial-iqtisadi məsələlərin həllinə, əmək hüquqlarının qorunmasına, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılmasına, sosial ədalətin, ictimai birliyin və sabitliyin təmin edilməsinə yönəlmiş dövlət siyasətinin əsas elementlərindən biridir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev dünyada işsizlikdən sığorta sistemi barədə məlumat verərək bildirib ki, Azərbaycanda yeni tətbiq edilən sistem bu və ya digər formada 72 ölkədə fəaliyyət göstərir. Bu ölkələrin hər birində işsizlikdən sığorta sistemi ölkənin iqtisadi potensialından, əmək bazarının vəziyyətindən, işsizliyin xüsusiyyətlərindən, aztəminatlı əhaliyə münasibətdə digər sosial proqramların mövcudluğu vəziyyətindən və s. hallardan asılı olaraq yaradılıb. Azərbaycanın Dövlət Məşğulluq Strategiyasında da ölkəmizdə işsizlikdən sığorta sisteminin yaradılması məsələsi əksini tapıb. Beynəlxalq Əmək Təşkilatının Azərbaycan tərəfindən ratifikasiya edilmiş 88 nömrəli Konvensiyasında və 83 nömrəli Tövsiyəsində də işsizlikdən sığorta sisteminin tətbiqi məsələsi yer alıb. Qeyd edək ki, əmək bazarının tələblərinə cavab verən aktiv və passiv məşğulluq tədbirlərinin genişləndirilməsi, gənclərin məşğulluğunun artırılması üzrə xüsusi layihələrin hazırlanması, onlara əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili imkanlarının yaradılması məqsədilə ölkəmizdə ayrıca işsizlik sığortası sisteminin qurulmasını zəruri edən bir çox amillər vardır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da müvafiq tapşırıqlar verilib. İdris İsayevin sözlərinə görə, işsizlikdən sığorta sisteminin əsas məqsədi işsizin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiya edilməsi və onun əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsidir. Sistemin səmərəliliyi bu iki komponentin qarşılıqlı və əlaqəli fəaliyyətindədir. Yeni qəbul olunan “İşsizlikdən sığorta haqqında” Qanun müasir dünyada işsizlikdən sığorta sahəsində mövcud olan mütərəqqi cəhətlər əsas götürülməklə, beynəlxalq ekspertlərin rəyi, Beynəlxalq Əmək Təşkilatının tövsiyələri, aidiyyəti qurumların rəy və təklifləri nəzərə alınmaqla, təkmilləşdirilmiş səviyyədə hazırlanıb. İşsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edən, işsizlikdən sığortanın subyektləri (sığortaçı, sığortaolunanlar və sığortaedənlər) arasındakı münasibətləri tənzimləyən bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək. “İşsizlikdən sığorta haqqında” Qanun ölkəmizin əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılmasına, sığortaolunanların, yəni işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilərin itirilmiş əməkhaqlarının kompensasiya olunmasına xidmət edir. Digər tərəfdən isə bu qanun işsizliyin yaranması hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə əsaslı təminat yaradır. Qanunda işsizlikdən sığortanın məcburi olması nəzərdə tutulub, eyni zamanda, işsizlikdən sığortanın əsas prinsipləri kimi işsizlikdən sığortanın subyektlərinin hüquq bərabərliyi, işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatının verilməsi, sığorta stajından və işsizliyin davamlılığından asılı olaraq sığorta ödənişinin məbləğinin diferensiallaşdırılması və sair bu kimi prinsiplər yer alıb. İşsizlikdən sığorta üzrə tarif dərəcələri də dünya ölkələrindəki tariflər üzrə ən aşağı səviyyədə nəzərdə tutulub. Belə ki, qanunda həmin tarif dərəcələri sığortaedən tərəfindən hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və sığortaolunan, yəni işçi tərəfindən əməkhaqqının 0,5 faizi səviyyəsində müəyyən olunub. İşsizlikdən sığorta sistemi işsiz vətəndaşları uzun müddət sığorta ödənişi almağa deyil, əksinə, onların ixtisaslarını, təhsillərini, peşəkarlıqlarını artırmaqla, yenidən əmək bazarına qaytarılmasını stimullaşdırır. Sığorta ödənişini almaq hüququ yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlara şamil edilir. İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslər üçün Qanunun 14.1-ci maddəsinə uyğun şəkildə sığorta ödənişi nəzərdə tutulur. Yəni həmin şəxslərə sığorta ödənişi onların sığorta stajından asılı olaraq itirilmiş orta aylıq əməkhaqqlarının məbləğinə görə sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz, sığorta stajı 10 ildən yuxarı olduqda 60 faiz səviyyəsində müəyyən edilib. İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə isə minimum sığorta ödənişi məbləği ödəniləcək ki, bu da qanunda minimum aylıq əməkhaqqı məbləğinə bərabər götürülüb. Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. Qeyd edilməlidir ki, bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz. Bununla yanaşı, vətəndaş ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan sonrakı 24 ay ərzində “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulmuş münasib işlə təmin edilmədikdə, ona bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ verilir. Digər tərəfdən, qanunda müvafiq hallarda sığorta ödənişinə əlavə də nəzərdə tutulur ki, bu da sığorta ödənişi təyin edilmiş şəxsin himayəsində 18 yaşa çatmamış uşaq (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) olduqda nəzərdə tutulub. Lakin ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinə əsas sığorta ödənişinə əlavəni almaq hüququ şamil edilir. İ. İsayev işsizliyə görə aylıq sığorta ödənişinin hesablanması və ödənilməsi, işsizlikdən sığorta üzrə sığortaedənlərin və sığortaolunanların qeydiyyatı, sığorta ödənişinin verilməsinin dayandırılması və s. ilə bağlı qanunda əksini tapan məqamlar barədə praktik izahlar verərək bildirib ki, dövlət baş- çısının “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 5 avqust 2017-ci il tarixli fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qar- şısında konkret tapşırıqlar əksini tapıb. Onların da yüksək səviyyədə həyata keçirilməsi təmin olunacaq. Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran vətəndaşların fərdi təsərrüfatlarının qurulması, onların və ailə üzvlərinin özünüməşğulluğuna şərait yaradılması yönündə mühüm addımlar atılır. Bu proqram 1400 nəfər vətəndaşı əhatə edir. Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev bu proqramı yenilik, yeni təşəbbüs kimi qiymətləndirərək, proqramın çox böyük perspektivi və artıq yax- şı nəticələrinin olduğunu deyib: “Biz bu yaxınlarda bu proqrama start verdik. İlkin vəsaiti mən Prezidentin ehtiyat fondundan ayırdım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi treninqlər keçirib, ailələr müəyyən edilibdir. Artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir və tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın, özləri üçün yaxşı şərait yaratsınlar. Bu istiqamətdə qanunvericilikdə də müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər nəticəsində gələn ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz vəsaiti yaradılacaq və biz o vəsaitlə minlərlə ailəni özünüməşğulluq proqramı ilə əhatə edə bilərik. Mən hesab edirəm ki, birinci mərhələdə hər il 5-10 min ailə dövlətdən bu dəstəyi almalıdır. Əgər nazirliyin buna vəsaiti çatmasa, müraciət etsinlər, mən əlavə vəsait ayıraram. Beləliklə, əgər biz hər il 5-10 min ailəni əhatə etsək, 5-6 faiz səviyyəsində olan işsizlik də aradan götürüləcək və ünvanlı yardıma da ehtiyac qalmayacaq”. Dövlət başçısının sosial-iqtisadi siyasəti, respublikanın aztəminatlı təbəqəsinin problemlərinin həlli yolunda qəbul etdiyi qərarlar və atdığı addımlar, ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqi özünüməşğulluq proqramının gələcəkdə daha geniş vüsət almasına, bundan dəfələrlə çox insanın özünüməşğulluğuna dəstək verilməsinə, digər aktiv məşğulluq tədbirlərinin miqyasının genişlənməsinə də əsaslı təminat yaradacaq.

Zərifə HÜSEYNOVA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294