SIĞORTA

“Ödənişlər sığorta şirkəti üçün ən böyük reklamdır” – ORXAN MƏMMƏDOV
25 AVQUST
1102

“Ödənişlər sığorta şirkəti üçün ən böyük reklamdır” – ORXAN MƏMMƏDOV

2017-08-25 12:59:00

Fins.az “AtaSığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Orxan Məmmədovla müsahibəni təqdim edir:

- Son iki il maliyyə sektoru üçün, o cümlədən iqtisadi durğunluq ili kimi yadda qaldı. Bu dövrü AtaSığorta üçün necə xarakterizə etmək olar?

- 2015-2016-cı illər iqtisadiyyatımız üçün çətin illər oldu. Uzun illər stabil qalan manat 2 dəfədən çox ucuzlaşdı. Bu bizim üçün də gözlənilməz oldu. Amma 2016-cı ilin 2015-ci ildən daha çətin keçəcəyini bilirdik. Ona görə də biz sığorta sektorunun dinamikasını nəzərə alaraq “AtaSığorta”nın qarşıdakı 2-3 il ərzində hədəflərinə nail olması üçün atılmalı olan zəruri addımların əhatəsini müəyyənləşdirdik. Bir sıra klassik metodlardan fərqli olaraq biz xərcləri kəskin azaltmaq yox, fərqli bazar seqmentlərinə yönəlməyə üstünlük verdik. Təbii ki, xərclərə davamlı nəzarət edirik, optimallaşdırılmasına çalışırıq. Lakin bazar istiqamətində atılan addımlar və bu ilin göstəriciləri düzgün yol seçdiyimizi göstərdi. Yəni, biznesin inkişafına çalışdıq, satış nöqtələrinin sayını artırmağa başladıq. Əvvəllər fəaliyyətimizin geniş olmadığı bölgələrdə geniş əhali kütlələrinə çıxmağa, kiçik və orta sahibkarlıq müəssisələri ilə iş birliyi qurmağa çalışdıq. Ümumilikdə, həm 2015, həm 2016-cı il üzrə həm satış, həm də mənfəət-gəlirlilik hədəflərini tam yerinə yetirdik. Bu da düzgün planlamanın nəticəsi idi. 2017-ci ildən isə biz nisbətən daha rahat bir şəraitdə çalışırıq. Yəni, manatın məzənnəsinin sabitləşməsi, iqtisadiyyatın artması, kənd təsərrüfatında aparılan işlərin canlanması, ixracın artması, iş yerlərinin açılması bizim işimizə də müsbət təsir edir. İstər əhali tərəfindən, istər kiçik və orta sahibkarlar tərəfindən, istərsə də cari müqavilələrin yenilənmə faizinin artması artıq bizə fəaliyyətimizi daha rahat davam etdirməyə imkan verir.

- Statistikaya əsasən demək olar ki, son bir neçə ildə sığorta bazarında kiçilmə ilk dəfə 2017-ci ildə müşahidə edildi. “Böhran küləyi” sığorta bazarına indi dəyməyə başlayır, yoxsa başqa səbəb var?

- Düşünürəm ki, statistik rəqəmlər qısa müddət üçün baxıldığı zaman aldadıcı ola bilir. Amma ümumən illik trenddə baxsaq, son 10 ildə Azərbaycan sığorta bazarının ancaq müsbət dinamika ilə getdiyini görərik. İlbəil statistik olaraq sığorta bazarı artır. Digər tərəfdən həyat sığortası bazarının inkişafı ümumi sığorta bazarına töhfə oldu. Həyatın yaşam sığortası üzrə vətəndaşların məlumatlılıq səviyyəsi artır. Bu, yığım növü kimi, gəlirli bir növ kimi vətəndaşlar üçün və sığorta sektoru üçün müsbət haldır. Ümumilikdə digər sığorta növlərində, o cümlədən icbari sığortalarda da bazarın müsbət dinamikasını görə bilirik.

Kasko sığortasında ciddi azalmalar var. Amma düşünmürəm ki, bu sığorta sektorunun zəif fəaliyyətinin nəticəsidir. Təxminən 5 il əvvəl bank sektoru sığorta bazarı üçün ən önəmli satış kanallarından biri idi. Hətta 2007-2008-ci illərdə sığorta bazarı üzrə satışların 40-45%-i bank kanalı vasitəsilə həyata keçirilirdi. Çünki banklar ciddi şəkildə iqtisadiyyatı kreditləşdirirdi. Mənzil, avtomobil və istehlak kreditləri sahəsində banklar çox aktiv idi. 2014-cü ildən isə avtomobil kreditlərinin verilməsi qaydalarının sərtləşdirilməsindən sonra bu sahədə azalma müşahidə edilir.

Bizim proqnozumuza görə, cari ilin sonuna doğru iqtisadiyyatın kreditləşmə səviyyəsi artacaqdır. Çünki manatın stabilləşməsi fonunda banklar daha rahatlıqla kreditləşməni həyata keçirə biləcək. Bu da həm iqtisadiyyatın ümumi artımına, həm də sığorta şirkətlərinin bank əməliyyatları vasitəsilə daxil olan sığorta haqlarının artımına müsbət təsir edəcək. Ümumiyyətlə, Türkiyə, Rusiya kimi qonşu ölkələrə nəzər salsaq, orda da bank kanalı sığorta bazarı üçün önəmli satış kanalıdır. Sığorta şirkətləri böyük banklar uğrunda davamlı mübarizə aparırlar. Bank şəbəkəsi geniş olduğu üçün agent müqaviləsi bağlayırlar ki, geniş əhali kütləsinə çıxış əldə edə bilsinlər. Azərbaycanda da sığorta şirkətləri banklardan əlavə poçt şöbələri, yanacaq doldurma məntəqələri, hətta bəzi supermarketlər vasitəsilə satış həyata keçirirlər. Yaxın gələcəkdə sığorta şirkətlərinin əhatə dairəsi bir qədər də genişlənəcək. Xarici təcrübədə avtomobil ehtiyat hissələri satan mağazalar, daşınmaz əmlak agentliklərindən sığorta almaq mümkündür. Zaman-zaman sığortanın nüfuz dairəsi artdıqca bu sahələrdə də distribusiya kanalları inkişaf edəcək.

-İlin əvvəli ilə müqayisədə son bir neçə ayda “AtaSığorta” yığımlarında artım dinamikasına nail ola bilib. Nə dəyişib?

- Satışlara ciddi nəzarətimiz var. Proqram təminatı vasitəsilə satış dinamikasını davamlı olaraq izləyirik. Aylar üzrə satışlara nəzər saldıqda müsbət tendensiya var. Son dövrlər satış nöqtələrinin sayını artırmışıq. Bunun arxasında geniş bir infrastruktur dayanır. Artan satış artan müraciətlər deməkdir. Hazırda “AtaSığorta”da sığorta hadisələrinin tənzimlənməsində 25 nəfərdən artıq əməkdaş çalışır. Qəza komissarları, təmir ekspertləri, müştərilərin sənədlərini toplanmasını və müvafiq dövlət qurumlarına sorğuların verilməsini həyata keçirən əməkdaşlar, bu işə cəlb edilən hüquqşünaslar, sığorta dələduzluğunun qarşısını almaq üçün hadisələrin detallı araşdırılmasını təmin edən əməkdaşlar var.

Artıq biz rahatlıqla deyə bilərik ki, sığorta hadisəsinin tənzimlənməsini sənədlər təqdim edildikdən 2-3 iş günü ərzində həyata keçiririk. Zərərin həcmi ilə müştəri razı olduğu halda ödəniş onun bank hesabına köçürülür, ya da əməkdaşlıq etdiyimiz servisdə avtomobil təmir edilir. Bu isə ümumi sığorta bazarı üçün yaxşı göstərici sayıla bilər.

-Orxan bəy, vətəndaşların sığorta ilə bağlı narahat edən məsələlərdən biri də ödənişin gec verilməsidir. Sığorta şirkətləri bu problemi niyə aradan qaldıra bilmirlər?

- Sığorta hadisələrinin tənzimlənməsi bəzən 15-25 gün vaxt aparır ki, bu da sığortalı vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Eyni zamanda sığortanın inkişafını ləngidir. Burada sığorta şirkətlərindən asılı olan və asılı olmayan səbəblər var. Asılı olmayan səbəblər qəza barəsində müvafiq arayışların sürətləndirilməsi məsələsidir. Xarici təcrübədə bu tipli arayışlar elektron qaydada təqdim edilir. Kağız sənədi gözləməyə ehtiyac qalmır. Hadisə baş verdiyi gün və yaxud 1 gün sonra aidiyyatı dövlət orqanının veb portalında bu barədə arayış yerləşdirilir. Bu arayışı həm vətəndaş, həm də sığorta şirkəti dərhal əldə edə bilirlər. Azərbaycanda da belə bir sistemin tətbiqi problemi aradan qaldıra bilər və sığorta ödənişinin operativ verilməsini təmin etmiş olar.

Sığorta şirkətlərindən aslı olan səbəblər isə əsasən qiymətləndirmə ilə bağlıdır. Bəzi hallarda qiymətləndirmə işi gecikir. Bəzən vaxt azlığından avtomobili təmir müəssisəsinə yerləşdirmək olmur. Bundan əlavə sənədləşmə proqram təminatında problemlər ola bilir. “AtaSığorta” olaraq bu gün bu problemlərin heç biri ilə qarşılaşmırıq. Proqram təminatımız bir neçə dəqiqə ərzində bu prosesi yekunlaşdırmağa imkan verir. Son sənəd daxil olduqdan sonra əməliyyatçılar dərhal sistemə işləyirlər, hüquq departamentinin əməkdaşları baxıb müsbət rəy verdikdən sonra maliyyə departamenti ödənişi təmin edir. Bu proses cəmi bir neçə dəqiqə çəkir. Sadəcə sənədin gəlməsi bir neçə gün gecikə bilər. Bəzən zərərin həcmi böyük olduqda onun qiymətləndirilməsi və yaxud ehtiyat hissələrinin dilerlər tərəfindən qiymətləndirilməsi müəyyən vaxt aparır. Düşünürəm ki, zamanla bu prosses də sürətlənəcək. Əvvəlki illərlə müqayisədə deyə bilərik ki, bu sahədə də inkişaf var. Sığorta şirkətləri artıq ciddi rəqabət şəraitində işləyirlər. Çalışırlar ki, bir neçə günə, hətta bir neçə saata prosesi tənzimləyib müştəriyə ödəniş versinlər. Amma bu sahədə də şirkətlər müəyyən infrastruktur qurub onu davamlı inkişaf etdirməlidirlər. Yoxsa, artan sığorta hadisələri ilə bağlı tələbi vaxtında tənzimləmək çətin ola bilər.

-Sığorta şirkətləri əsasən icbari avtomobil sığortası uğrunda rəqabət aparırlar. “AtaSığorta” genişlənməkdə olan filial şəbəkəsi ilə icbari avtomobil sığortasından başqa hansı sığorta növlərinin satışını şaxələndirməyi planlaşdırır?

-Filialların, satış nöqtələrinin artırılmasında bir məqsəd satışı genişləndirməkdirsə, ikinci məqsəd sığorta hadisələrinin tənzimlənməsində əhaliyə yerində xidmət göstərməkdir. Bu gün ölkə ərazisində Bakıdan 200 km aralıda sığorta hadisəsi baş verəndə artıq vətəndaşa demək mümkün deyil ki, siz Bakıya gedin. Biz yerində vətəndaşların bütün sənədlərini qəbul edirik və xidmət göstəririk. Yəni nümayəndəliklər tam təmsilçilik fəaliyyətini həyata keçirirlər.

Sığorta növləri üzrə satışların həcminə gəldikdə avtomobillərin icbari sığortası kütləvi satışların həcminə görə liderdir və bu danılmaz faktdır. Lakin bu o demək deyil ki, təkcə icbari avtomobil sığortası ilə kifayətlənməliyik. İstər Bakıda, istərsə də regionlarda könüllü avtomobil sığortası üzrə ekonom kasko məhsullarını satışa çıxarırıq. Məsələn, adi kasko dediyimiz “İlk zərər” məhsulunu müştərilərə təklif edirik. Xüsusilə də, bizimlə 3-4 il əməkdaşlıq edən müştərilər var. Hansı ki, sığorta hadisəsi olub, ödəniş alıb və “AtaSığorta”ya inam yaranıb. Biz belə müştərilərə 90-150 manata kasko məhsulları təqdim edirik.

Bundan əlavə, icbari avtomobil sığortasındakı satışların həcmi ilə müqayisə olunmasa da, regionlarda icbari daşınmaz əmlak sığortası üzrə satışların həcmi artır. Mövsümlə əlaqədar səyahət sığortaları üzrə satışlar var. Tibbi sığorta üzrə şirkətlərlə davamlı əməkdaşlıq edirik. Kənd təsərrüfatı sığortası ilə bağlı vətəndaşlardan sorğular daxil olur. Bilirsiniz, kənd təsərrüfatı sığortası kompleks sığortadır və bir neçə fermeri sığortalamaq rentabelli olmaya bilir. Amma ilkin mərhələdə o fermerlərin əmlaklarını, nəqliyyat vasitələrini, anbarlarını sığortalayırıq. Regionlarda genişlənməkdə artıq bu biznesin faydasını görməyə başlayırıq. Düşünürəm ki, yaxın bir neçə rüb ərzində bu sahədə ciddi irəliləyiş olacaq.

Ən vacib məsələ sığorta ödənişlərinin operativ və şəffaf tənzimlənməsidir. Bu müştərini sığorta şirkətinə yaxınlaşdıran ən böyük amildir.

-Avtomobillərin icbari sığorta şəhadətnamələrinin elektron qaydada verilməsi bazara necə təsir edib?

- Bu sığorta sektoru üçün faydalı dəyişiklik oldu. Çünki əvvəllər əksər sığorta şirkətlərində kiçik və ya orta ölçüdə debitor borc problemi yaranırdı. Bir sıra agentlər şirkətlərin etibarında istifadə edib sığorta haqlarının ödənilməsini gecikdirirdilər. Bəzi hallarda vətəndaşları aldadırdılar, bəzi hallarda sığorta haqqını mənimsəyirdilər. Amma ötən ilin noyabr ayının 1-dən etibarən bu problem kökündən həll edilib. Sığorta haqqı ödənilməsində heç bir problem yoxdu. Düzdür bəzi hallarda yenə də kiçik pozuntulara rast gəlinir, amma nəzarət güclü olduğu üçün dərhal aşkarlanır. Min şəhadətnamədən 1-2 də pozuntu ola bilir. Amma biz istəyirik ki, bu da olmasın.

-Avtomobillərin icbari sığortası üzrə ödənişlərin birbaşa təmirlə əvəzlənməsi müzakirə olunur və bununla bağlı qanuna dəyişiklik ediləcəyi gözlənilir. Sizcə bu, sığorta şirkətləri ilə müştərilər arasında ödənişin həcmi ilə bağlı mübahisələri aradan qaldıracaqmı?

Böyük sığorta bazarlarına diqqət yetirsək, məsələn Türkiyənin misalında sığorta şirkətlərinin dilerlər və təmir müəssisələri ilə müqavilələri var. Vətəndaşa heç bir halda nağd ödəniş verilmir. Bu həm avtomobillərə dəymiş zərərin aradan qaldırılmasına xidmət edir, həm də qiymətləndirmədə narazılıqları həll edir. Bəzən təcrübədə görürük ki, avtomobil sahibi ödənişi bizdən alır, amma avtomobili təmir etdirmir və 2-ci, 3-cü hadisədən sonra eyni qəzaya görə bizdən yenidən ödəniş almağa çalışır. Amma proqram təminatı bu halları aşkarlamağa imkan verir. Təmir məsələsi birbaşa bu tipli problemləri aradan qaldıracaq. Digər tərəfdən peşəkar servislər sığorta kanalı vasitəsilə müraciətlərin artacağına görə, bu əməkdaşlıqda maraqlı olacaqlar. Xərclərini optimallaşdıra və sığorta şirkətlərinə daha kefiyyətli xidmət təklif edə biləcəklər. Bu gün peşəkar servislərdə qiymətlər nisbətən yüksəkdir. Bu da onların müəyyən keyfiyyət və təhlükəsizlik standartlarına malik olmaları ilə bağlıdır. Digər servislərdə isə belə standartlara əməl edilmir və nəticədə haqsız rəqabət üstünlüyü əldə edirlər. Müştərilərin artması ilə keyfiyyətli xidmət göstərən servislər daha yaxşı işləyəcəklər. Digər servislər isə yeni rəqabət mühitinə uyğun olaraq kefiyyəti artırmağa çalışacaqlar.

Digər tərəfdən, nağd ödənişin təmirlə əvəz olunması sığorta şirkətlərinin təmir xərclərini aşağı salacaq. Digər əlavə xərclərdən xilas edəcək. Düşünürəm ki, yenilik tətbiq edilərsə, bunun müsbət təsirləri olacaq.

-Təcrübə göstərdi ki, investisiya siyasətinin düzgün qurulmaması sığorta şirkətləri üçün baş ağrısına çevrildi. İqtisadi durğunluq dönəmində sığorta şirkətlərinin investiya etdiyi bir sıra bankların bağlanması onları kapital problemi ilə üz-üzə qoydu. “AtaSığorta” investisiya imkanlarını necə dəyərləndirir?

AtaSığorta olaraq həm sığorta satışlarından, həm də investisiya hesabına əldə edilən gəlirlərdə maraqlıyıq. Çalışırıq ki, portfelimizdə müəyyən diversifikasiyaya nail olaq. Zaman-zaman müəyyən korporativ istiqrazlar əldə olunur. Korporativ partnyorlarımız olan lizinq şirkətləri, kredit təşkilatlarına investisiyalar edirik. Ümumən hələ ki əsas foksumuz bank əmanətləridir. Daha az riskli və etibarlı banklarla əməkdaşlıq etməyə çalışırıq.

AtaSığorta”nın bu ilin sonu və gələn il üçün hansı yenilikləri planlaşdırır?

Regionlar üçün müəyyən etdiyimiz satış planımız var. İstəyirik ki, daha az büdcəli kasko sığorta məhsullarının satışını həyata keçirək. Əmlak sığortaları ilə bağlı portfelimizi böyütməyə çalışırıq. Belə ki, son dövrlər evlərin sənədləşməsi artır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və ASAN Xidmət mərkəzləri tərəfindən kütləvi çıxarışların verilməsinə başlanılıb. Bu da Bakı və digər iri şəhərlərdə mənzil fondunun sığortası ilə bağlı aktiv fəaliyyət göstərməyə imkan verir. Digər tərəfdən, vətəndaşlar da 30-50 manat ödəyib evlərini 15-25 min manat həcmində sığortalamaq imkanları olduğunu biləndə müsbət yanaşırlar. Hesab edirəm ki, qarşıdakı 3 ildə daşınmaz əmlakın icbari sığortası çox potensiallı bir sahədir. Bu sahədə portfelimizi bir neçə dəfə böyüdə bilərik. Korporativ müştərilərlə isə məsuliyyət sığortalarını, xüsusilə də maliyyə risklərinin sığortasını, fəaliyyətlə bağlı gəlir itkisi kimi sığortaları inkişaf etdirmək istəyirik.

Müəllif: Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294