SIĞORTA

Franşiza nədir?
11 AVQUST
628

Franşiza nədir?

2017-08-11 12:16:00
Qəza heç də hər kəsin gözlədiyi və ya əvvəlcədən bildiyi bir hal deyildir. Buna görə də qəzadan qaçmaq mümkünsüzdür. Həmçinin qəza kimsənin arzulamadığı bir hal olduğu üçün ondan qorunmağın yolları da konkretlik tapmamışdır. Sığorta isə qəzaların qarşısını almaq deyil, qəzaların, gözlənilməz halların yaratdığı maddi zərərlərin aradan qaldırılması yoludur.
Onu da nəzərə almaq lazımdır ki, sığorta heç də bütün maddi zərəri deyil, yalnız franşiza çıxılmaqla təminat verilmiş həddə zərəri aradan qaldırır. Bəs bu franşiza nədir?
 Franşiza və ya Azərbaycan qanunvericiliyinə və sığorta praktikasına görə azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
 Verilən anlayışdan da aydın olduğu kimi sığorta hadisəsi (sığorta növündən və sinfindən asılı olaraq müxtəlif hadisələr məs: daşınmaz əmlakın icbari sığortası üzrə yanğın, subasma və s) nəticəsində şəxsin əmlakına dəymiş zərərin həcmindən asılı olmayaraq həmin zərərlə bağlı sığorta müqaviləsi ilə hansı həcmdə təminat verilmişdirsə, bu təminatdan çıxılan məbləğ, yəni zərərçəkmişin öz hesabına aradan qaldırmalı olduğu məbləğ franşiza hesab olunur. Bunu daha da sadə bir misalla izah etmək mümkündür:
 A əmlakını Z sığorta şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortaladığından onun əmlakına və evdəki əşyalarına dəyəcək zərər üzrə 50000 AZN sığorta məbləği həcmində təminat verilmiş, 1000 AZN məbləğində isə müqavilə ilə franşiza – azadolma məbləği müəyyən edilmişdir.
 Yeni il gecəsi A adlı şəxsin evi elektrik naqillərində baş vermiş qısaqapanma nəticəsində yanmış və aparılmış qiymətləndirmə nəticəsində onun əmlakına, o cümlədən evdəki əşyalarına 36000 AZN məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Bu halda Z sığorta şirkəti ASC tərəfindən A adlı şəxsə ödəniləcək məbləğ 1000 AZN franşiza – azadolma məbləği çıxılmaqla 35000 AZN olacaqdır.
 Franşiza – azadolma məbləği aydınlaşdırıldıqdan sonra onun növləri barədə danışmaq mümkündür. Qanunvericiliyə əsasən iki növ – şərtli və şərtsiz azadolma məbləği hazırda tətbiq olunur. Qeyd etmək lazımdır ki, hər bir halda sığorta müqaviləsində mütləq qaydada azadolma məbləğinin tətbiq edilib-edilməməsi barədə şərt göstərilməlidir. Azərbaycan Respublikası ərazisində kasko və ya avtomobil nəqliyyatı vasitələrinin tam sığortası müqavilələri üzrə mövcud qanunvericiliyə əsasən əgər şərtli və ya şərtsiz azadolma məbləği barədə qeyd yoxdursa, həmin müqavilələr üzrə şərtsiz azadolma məbləğinin tətbiq edilməsi əsas götürülür.
 Bəs nədir bu şərtli yaxud şərtsiz azadolma məbləği?
 Şərtli azadolma məbləğini sadə misalla belə izah etmək mümkündür. A adlı şəxsin avtomobili Z sığorta şirkəti ASC-də (sığorta şirkətləri təşkilati-hüquqi baxımdan yalnız Açıq Səhmdar Cəmiyyəti formasında təşkil edilir) kasko sığortalanmışdır. Müqavilədə isə qeyd edilmişdir ki, şərtli azadolma məbləği 500 AZN və ya sürücünün 60-dan çox yaşı olduqda 700 AZN şərtli azadolma məbləği tətbiq edilir.
 A adlı şəxs toydan “yaxşı” çıxdıqdan sonra əvvəlcədən avtomobilini idarə etməyə etibarnamə verdiyi babasından avtomobili əvəzinə sürməsini xahiş edir. Babasının isə 63 yaşı var. Babası toy korteji ilə qayıdarkən qəza törədir və avtomobili binanın yaxınlığındakı dayanacağa vurur. Aydındır ki, avtomobilin icbari sığortası dayanacağa dəymiş zərəri ödəyir. A adlı şəxsin avtomobilinə isə dəymiş zərər 400 AZN təşkil edir. Bu halda heç bir ödəniş ala bilməyəcəkdir. Ona görə ki, şərtli azadolma məbləği müəyyən edildiyi halda həmin məbləğədək zərərlər ödənilmir. Yaxud hansısa bir hal (60-dan çox yaş misal) şərt kimi göstərilirsə, həmin şərt baş verdiyi zaman göstərilən məbləğdən aşağı zərər ödənilmir. Zərər şərtli azadolma məbləğindən artıq olduqda isə azadolma tətbiq edilmir, tam məbləğdə zərər ödənilir. Yuxarıdakı misalda zərər 1000 AZN olsaydı tam həcmdə ödəniş verilməli idi.
 İndi isə şərtsiz azadolma barədə qeyd edək. Şərtsiz azadolma o deməkdir ki, müqavilədə bu barədə qeyd mövcuddursa, baş vermiş hər bir hadisə zamanı həmin məbləğ zərərdən çıxılacaq. A-nın evinin yanması zamanı tutulan 1000 AZN şərtsiz azadolma hesab olunur. Yaxud A-nın avtomobili kasko sığortalanıb. Müqaviləyə görə 500 AZN şərtsiz azadolma barədə qeyd olunub. Bundan sonra isə A-nın avtomobili duvara dəymiş və 1500 AZN zərər dəymişdir. Bu halda A-ya 1000 AZN ödəniş verilir.
 Praktikada bunlarla yanaşı konkret məbləğlərdə müəyyən edilmiş azadolmalara da rast gəlmək mümkündür. Belə ki, Azərbaycan Respublikası “İcbari Sığortalar haqqında” qanununun 39.3-cü maddəsinə görə yerləşdiyi yerdən asılı olmayaraq daşınmaz əmlakın icbari sığortası növü üzrə yaşayış evləri və mənzillərlə bağlı tətbiq olunan azadolma məbləği – franşiza məbləğləri aşağıdakı kimidir:
 Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə azadolma məbləği 250 manat,
  • Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə azadolma məbləği 200 manat,

  • digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə azadolma məbləği 150 manat təşkil edir.

 Bununla yanaşı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri üzrə heç bir azadolma məbləğinin tətbiq edilmədiyini xatırlatmaq yerinə düşərdi.
 Bəs franşizanın tətbiqi zamanı ortaya çıxan başlıca problemlər nədən ibarətdir?
 Hazırda istər praktikada, istərsə də məhkəmə iclasları zamanı bir çox halda proseslərin uzanmasına, sığorta şirkətindən narazılığa və müxtəlif diskusiyaların yaranmasına başlıca səbəb franşizanın – azadolma məbləğlərinin düzgün başa düşülməməsi, ətraflı izah olunmamasından ibarətdir. Hətta məhkəmə prosesi başa çatdıqdan sonra bir çox halda sığorta şirkətlərinin nümayəndələri qətnamə qəbul olunduqdan sonra məcbur olub qətnamə qüvvəyə minənədək ərizə ilə müraciət edib, franşizanın zərər məbləğindən çıxılması barədə əlavə qətnamə qəbul olunmasını xahiş edirlər.
 Zənnimizcə franşizanın, ümumiyyətlə sığorta hüququnun, sığorta anlayışlarının daha dəqiq və düzgün başa düşülməsi üçün sırf daha geniş təlimlərin keçirilməsinə, o cümlədən belə təlimlərdə iştiraka marağın artmasına zərurət vardır.
 
Şəhriyar Həbilov
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297