SIĞORTA

Sığorta işi necə təşkil edilməlidir? – II YAZI
02 AVQUST
412

Sığorta işi necə təşkil edilməlidir? – II YAZI

2017-08-02 12:33:00

Sığorta haqları

Sığorta xidmətlərinin göstərilməsi üçün eyni zamanda sığortalı olan QSC-nin üzvləri sığorta haqlarını ödəməlidirlər. Sığorta haqlarını avans olaraq, yaxud keçmiş tarixlə ödəmək mümkündür. Avans olaraq ödənilən, yaxud əvvəlcədən ödənilən sığorta haqları gələcəkdə fərz olunan pul tələbatını ödəmək üçün tutulur. Əgər ödənilmiş sığorta haqları məbləğinin baş verən zərərlərin ödənilməsi üçün yetərli olmadığı aşkar olunarsa, o halda nizamnamədə həmin hadisə ilə bağlı cəmiyyətin üzvlərindən əlavə haqların tutulması, yaxud göstərilən sığorta haqlarının həcminin azaldılması imkanı nəzərdən keçirilə bilər.

QSC-nin nizamnaməsində pul vəsaiti çatışmazlığının aradan qaldırılması üçün cəmiyyətin üzvlərindən əlavə haqların alınması da qadağan edilə bilər. Hal-hazırda bu cür qadağa praktik olaraq, bütün böyük qarşılıqlı sığorta cəmiyyətlərinin nizamnaməsində öz əksini tapmışdır. Bu cür təcrübə, faktiki olaraq, qarşılıqlı sığorta cəmiyyətləri üzvlərinin əvvəlcədən ödəmiş olduqları haqlarla, səhmdar sığorta cəmiyyətlərinin tutduqları sığorta haqları arasındakı sərhədi aradan götürür. Arxa tarixdə ödənilən sığorta haqları QSC üzvlərindən sığorta hadisəsi baş verdikdə və konkret pul tələbatı yarandıqda tutulur. Nizamnamədə arxa tarixlə ödənilən sığorta haqqının maksimum məbləği müəyyən oluna bilər. Belə praktikaya cəmi bir neçə qarşılıqlı sığorta cəmiyyətində və getdikcə daha az təsadüf olunur. Qarşılıqlı sığorta cəmiyyətləri öz öhdəlikləri üzrə yalnız malik olduqları əmlak həcmində məsuliyyət daşıyırlar.

Təsis kapitalı

Qanunla müəyyən olunmuşdur ki, öz fəaliyyətini maliyyələşdirmək üçün qarşılıqlı sığorta cəmiyyətləri səhmdar cəmiyyətin nizamnamə kapitalına, yaxud elan olunmuş və imzalanmış kapitalına uyğun olan təsis kapitalı yaratmalıdırlar. Təsis kapitalının həcmi və tərkibi sığorta nəzarəti orqanları tərəfindən müəyyən olunur. O, cəmiyyətin üzvləri (təsisçilər), yaxud QSC-nin üzvü olmayan şəxslər (qarantlar) tərəfindən borc kimi qoyulan vəsaitdən yaradılır. İstiqraz vərəqəsini imzalayaraq, onlar, cəmiyyətin təsis kapitalının müvafiq hissəsinin ödənilməsi üzrə öhdəlik götürürlər. Nəticədə istiqraz vasitəsi ilə alınan vəsait istiqraz verənə qaytarılır. Sığorta nəzarəti haqqında qanunda göstərilmişdir ki, cəmiyyətin il ərzində əldə etdiyi gəlirdən borcun bağlanmasına cəmiyyətin yaradılması üçün xərcələr ödənildikdən dərhal sonra başlanmalıdır. Bununla belə, borcun qaytarılmasına yalnız zəruri zərər ehtiyatı fondu yaradıldıqdan sonra yol verilə bilər.

QSC-nin təsis kapitalı üç funksiyanı yerinə yetirir. O, aşağıdakıların yaradılması deməkdir:

  • Cəmiyyətin yaradılması üzrə təşkilati xərclərin ödənilməsi fondu;

  • Cəmiyyətin təsərrüfat fəaliyyətinin başlanğıc mərhələsində hər hansı zərərin ödənilməsi üçün təminat kapitalı;

  • Cəmiyyət yaradıldıqdan sonra, təsərrüfat fəaliyyəti prosesində yaranan QSC-nin cari xərclərinin ödənilməsi üçün istehsalat kapitalı.

Qarşılıqlı sığorta cəmiyyətləri yalnız sığorta nəzarəti orqanı tərəfindən verilən müvafiq lisenziyanı aldıqdan sonra sığorta fəaliyyəti göstərə bilərlər. Lisenziya aldıqdan sonra, onlar, hüquqi şəxs kimi hüquq və səlahiyyətlər əldə edirlər. Ona görə də, ticarət reestrində aparılan dövlət qeydiyyatı onlar üçün deklarativ xarakter daşıyır.

Qarşılıqlı sığorta cəmiyyətlərinin orqanları

Sığorta nəzarəti haqqında Qanunla müəyyən olunmuşdur ki, qarşılıqlı sığorta cəmiyyətlərinin orqanları idarə heyəti, müşahidə şurası və ali nümayəndəliklərdir. QSC-nin idarə heyəti və müşahidə şurası səhmdar sığorta cəmiyyətlərində olduğu kimi eyni vəzifələri yerinə yetirirlər.

Ali nümayəndəlik qarşılıqlı sığorta cəmiyyətlərinin xüsusi idarəetmə orqanıdır. O, öz funksiyalarına görə səhmdar cəmiyyətlərdə səhmdarların ümumi yığıncağına bənzəyir. Ali nümayəndəlik cəmiyyət üzvlərinin yığıncağı, yaxud onun nümayəndələrinin yığıncağı ola bilər. Böyük QSC-də sırf praktik səbəblərdən daha çox yalnız cəmiyyət üzvləri nümayəndələrinin yığıncağına rast gəlmək olur. Bu orqanın forması və seçki qaydaları nizamnamə ilə müəyyən olunur. Öncə ali nümayəndəlik cəmiyyətin bütün üzvləri tərəfindən seçilir. Əksər QSC nizamnamələrində bu orqan cəmiyyət üzvlərinin nümayəndələrindən təşkil olunduqda və üzvlərdən hər hansı biri tərkibdən çıxdıqda, yeni üzvlərin kooptasiyası üzrə (seçkisiz seçilmə) onun hüquqları nəzərdə tutulmuşdur.

Müşahidə şurası

Qarşılıqlı sığorta cəmiyyətlərinin müşahidə şurası ən azı üç nəfərdən ibarət olur. Nizamnamədə üzvlərin daha çox şəxslərdən təşkil edilməsi nəzərdə tutula bilər. Qarşılıqlı sığorta cəmiyyətlərində səhmdar cəmiyyətlərdə olduğu kimi, müşahidə şurası üzvlərinin 1\3-ü işçi kollektivindən, 2\3-ü isə QSC-nin ali nümayəndəliyindən seçilir. Qanun QSC-nin idarə olunmasında iştiraka şamil edilmir.

İdarə heyəti

İdarə heyəti üzvlərinin sayı iki nəfərdən az ola bilməz. Bu orqanını fəaliyyəti sığorta nəzarəti və səhmdar cəmiyyətlər haqqında Qanunlarla tənzim olunur.

Dövlət və bələdiyyə sığorta təşkilatları

Dövlət və bələdiyyə sığorta təşkilatlarının fəaliyyəti həmin fəaliyyətin həyata keçirildiyi müvafiq federal ərazinin hüquq normaları və eləcə də, digər inzibati orqanlarda olduğu kimi AFR-də dövlət müəssisələrinin fəaliyyətinə nəzarət haqqında Əsasnamələrlə tənzim olunur. Eyni zamanda həmin müəssisələrin sığorta fəaliyyətinə nəzarəti sığorta nəzarəti orqanları həyata keçirir. Belə təşkilatlar AFR-in ərazisi hüdudlarında federal torpaqlarda, vilayətlərdə və regional ittifaqlarda banklar tərəfindən yaradılır. Onlar, bir qayda olaraq, kreditorlarla əlaqədar qarant rolunu da öz üzərlərinə götürürlər. Qarantlar sığorta təşkilatının öhdəlikləri üzrə qeyri-məhdud məsuliyyət daşıyır və götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün vəsait çatışmadıqda, həmin vəsaitləri ödəməyi öz üzərinə götürürlər. Əksəriyyət ictimai-hüquqi sığorta təşkilatları hazırda bütün növ sığorta fəaliyyəti ilə məşğul olurlar. Lakin onların fəaliyyəti ciddi regional prinsiplərlə həyata keçirilir, yəni, müəyyən regionda yaxud federal ərazidə bu müəssisələrin öz aralarında rəqabət yaranmasını istisna edir.

İdarəetmə orqanları

Böyük ictimai-hüquqi sığorta müəssisələrinin cari fəaliyyətinə nəzarət idarə heyətinin üzərinə qoyulur. İdarə heyəti müəssisəni həm də mülki hüquq tənzimləmələrində təmsil edir. Bundan başqa, belə müəssisələrdə inzibati şuralar fəaliyyət göstərir. Onların funksiyası, başlıca olaraq sığorta təşkilatının fəaliyyətinə nəzarəti həyata keçirməkdən ibarətdir.

Sığorta növlərinin məhdudlaşdırılması prinsipləri

Sığortalıları müdafiə etmək məqsədilə sığorta şirkətlərinə eyni zamanda bütün növ sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ verilmir. Sığorta nəzarəti haqqında Qanunda bu tələb sığorta növlərinin məhdudlaşdırılması prinsipi adını almışdır. Hazırda bu prinsip yalnız həyat sığortası və tibbi sığorta ilə əlaqədar olaraq aparılır. Bu sığorta növləri yalnız ixtisaslaşmış və hüquqi cəhətdən müstəqil sığorta cəmiyyətləri tərəfindən həyata keçirilə bilər. Həyat sığortasının aparılması üçün sığorta şirkətinə verilən lisenziya, digər sığorta növləri üzrə ona lisenziya verilməsi imkanını istisna edir. Eynilə bu cür qayda, əgər o, tamamilə yaxud qismən icbari tibbi sığortanı əvəz edirsə, yəni o, substitutivdirsə, o halda tibbi sığortanın da həyata keçirilməsi üzrə lisenziya verilməsinə şamil olunur.

Məhdudlaşdırmanın səbəbləri

Həyat sığortasında, sığorta olunan vəfat etdikdə, yaxud o, müəyyən müddətədək yaşadıqda, sığortalıya, yaxud onun təyin etdiyi şəxsə sığorta məbləğinin ödənilməsi üçün sığorta haqlarından riyazi təminat ehtiyatının yaradılması səciyyəvidir. Əgər sığortaçı həyat sığortasını böyük dəyişən zərər amplitudası ilə xarakterizə olunan zərər sığortası ilə bərabər həyata keçirəcəksə, bu, sığortaçını zərərin ödənilməsində ölümədək sığorta haqları ehtiyatından istifadə etməyə vadar edə bilər.

Tibbi sığortada sığortaçı qocalma ehtiyatını yaradır. Bu onunla əlaqədardır ki, sığortalılar yaşa dolduqca, xəstələnmə riskinin artmasına təminat vermək üçün, gənclik dövründə daha çox sığorta haqqı ödəyirlər. Həyat sığortasında olduğu kimi, bu ehtiyatın zərərin sığortalanması üzrə sığortaçının itkilərinə təminat verilməsinə yönəldilməsi yolverilməzdir.

Əgər sığortaçı digər sığorta növləri ilə yanaşı hüquqi xərclərin sığortalanmasını da həyata keçirirsə, onda hüquqi xərclərin ödənilməsi üzrə ərizələrə baxılması zərərlərin tənzim edilməsi ilə məşğul olan digər müstəqil hqüquq şirkətinə verilməlidir. Sığorta nəzarəti haqqında Qanunun bu tələbi sığortaçı üçün konflikt vəziyyətlərin yaranmasının qarşısını almaq məqsədi daşıyır.

Bu vəziyyəti nümunə üzərində izah edək. Fərz edək ki, sığortalı A avto mülki məsuliyyət sığortası, sığortalı B isə hüquqi xərclərin sığortası üzrə sığortaçı X-lə müqavilə bağlamışdı. Avtomobil qəzası baş verir və nəticədə sığortalı A sığortalı B-yə zərər vurur. Avto mülki məsuliyyət sığortasının şərtlərinə əsasən sığortalı A onun vurduğu zərərin tənzim edilməsi üçün öz sığortaçısına ərizə ilə müraciət edir. Sığortalı B ona dəymiş zərərin tənzim edilməsi üçün özünün hüquqi xərclərinin sığortalanmasını həyata keçirən sığortaçısına müraciət edir. Hər iki müqavilə eyni sığortaçı tərəfindən bağlandığından, belə çıxır ki, sığortaçı X ona qarşı qaldırılan iddianı özü tənzim etməlidir. Məhz buna görə də, qanun zərərlərin tənzim edilməsinin digər müstəqil hüquq təşkilatına verilməsini tələb edir.

Sığorta işində əməkdaşlıq (kooperasiya) və mərkəzləşmə (konsentrasiya) prosesləri

Kooperasiya iqtisadi cəhətdən müstəqil müəssisələrin müqavilə əsasında həyata keçirilən əməkdaşlığını nəzərdə tutur.

Misal:

Sığorta təşkilatı, bank, investisiya şirkəti və tikinti əmanət kassası öz müştərilərinə “bir əldən” kompleks maliyyə xidməti göstərmək imkanı əldə etmək üçün kooperasiya haqqında müqavilə bağlayırlar. Bu cür praktika kross sellinq, yaxud maliyyə xidmətlərinin göstərilməsi adlanır.

Sığortada əməkdaşlıq (kooperasiya)

Sığorta şirkətlərinin maliyyə institutları, məsələn, banklarla əməkdaşlığı, sığorta işinin inkişafı üçün gözəl imkan yaradır:

  • Müştərilər üçün “hər şey bir əldən” satış prinsipinin həyata keçirilməsi yolu ilə sığorta şirkətləri tərəfindən göstərilən kompleks xidmətlərin genişləndirilməsi;

  • Agent şəbəkəsinin işinin səmərəliliyinin yüksəldilməsi;

  • Digər maliyyə institutları ilə rəqabətdən azad olma;

  • Çoxsaylı müxtəlif sığorta və maliyyə xidmətlərinin satılması hesabına əlavə gəlir əldə edilməsi;

  • Sığortalının kapitalını cəlb etmək və onun əməkdaşlıq edən müəssisələrdən axınının qarşısını almaq;

  • Yeni müştəri qruplarına çıxmaq;

  • Sığortanın çevikliyi və maksimum xidmətlər göstərilməsinə keçilməsi sayəsində onun nüfuzunun artırılması;

  • Müştərilər haqqında daha ətraflı məlumat alınması

Lakin əməkdaşlıq əlaqələrinin geniş inkişafı müsbət effekt verməklə yanaşı, bəzi problemlər də yaradır. Onların arasında aşağıdakıları xatırlatmaq lazımdır:

  • Göstərilən xidmətlər spektrinin genişlənməsi agent şəbəkəsinin işinin həcmini artırır, bu isə çox vaxt onun imkanlarından artıq olur;

  • Sığorta agentlərinə – sığortaçıların şirkətxarici xidmət işçilərinə ödənilən komissiya faizlərinin qiymətlərə daxil edilməsi hesabına təqdim olunan bank məhsullarının bahalaşması;

  • Kompleks maliyyə xidmətləri heç də həmişə müştəri üçün səmərəli olmur;

  • Müştərilərə kompleks xidmət konsepsiyasının həyata keçirilməsi tez-tez ona gətirib çıxarır ki, bir neçə sığorta növü üzrə təklif olunan və bir sığorta məhsuluna birləşən sığorta təminatı “təkrar təminat”la əhatə olunur;

  • Əməkdaşlıq üzrə tərəfdaşlar maliyyə imkanlarına görə bir-birindən fərqlənə bilərlər, bu isə asılılıq münasibətlərinin yaranmasına gətirib çıxara bilər;

  • Əməkdaşlığın gedişində tərəfdaşlar arasında mənafelərin uyğun gəlməməsinə görə konflikt yarana bilər. Məsələn, əməkdaşlıq üzrə tərəfdaşlar öz qarşılarına müxtəlif məqsədlər qoya bilər, yaxud bu və ya digər müştəriyə özlərinin şəxsi maraqlarından yanaşa bilərlər. Bu halda eyni müştəri bank üçün “yaxşı”, sığortaçı üçün isə “pis” müştəri ola bilər.

Sığorta işində təmərgüzləşmə (konsentrasiya) və müəssisələrin birləşməsinin formaları

İstehsalın konsentrasiyası müəssisənin birləşməsi, yaxud bir-birinə qovuşması prosesidir. Bu halda onlar öz təsərrüfat müstəqilliyini itirir və ümumi mərkəzləşmiş idarəetmə əsasında fəaliyyət göstərirlər.

Müəssisələrin birləşməsinin üç növünü ayırırlar:                                                                 

1) Üfiqi birləşmə – bununla eyni istehsal prosesində işləyən, yaxud ticari səviyyədə olan müəssisələrin birləşməsi nəzərdə tutulur. Bu cür birləşmədə əsas məqsəd istehsal olunan məhsulun assortimentinin genişləndirilməsindən ibarətdir. Burada səmərəliliyin əsas meyarı istehsal həcminin, yaxud dövriyyənin artırılmasıdır.

2) Şaquli birləşmə – burada bir birinin ardınca istehsal prosesində, yaxud ticarətdə işləyən müəssisələrin birləşməsi nəzərədə tutulur. Şaquli birləşmə istehsal prosesinin dərinləşməsinə xidmət edir. İstehasl həcminin artırılması üzrə göstərici çox vaxt bu növ birləşmənin səmərəliliyinin qiymətləndirilməsində kifayət etmir. Odur ki, bununla bərabər yeni yaranmış dəyər göstəricisindən istifadə olunur.

3) Qeyri-üzvü birləşmə, yaxud dioqanal üzrə birləşmə –  bu müxtəlif sənaye sahələrinə aid müəssisələrin, yaxud müxtəlif təsərrüfat fəaliyyəti növləri ilə məşğul olan müəssisələrin birləşməsidir.

Kartel

Kartel müəssisələrin müqavilə əsasında həyata keçirilən uzun müddətli üfiqi birləşməsidir. Belə birləşmə zamanı onlar hüquqi müstəqilliklərini saxlayır, lakin iqtisadi müstəqilliklərini qismən itirirlər.

Misal: Sənaye müəssisələrinin yanğından sığorta şirkətləri vahid risk premiyasının hesablanması və tətbiq edilməsi məqsədilə birləşirlər. Bu cür birləşmə hesablama karteli adını daşıyır. Hesablama kartelləri AFR-də qanunla qadağan edilmişdir. Almaniya Sığortaçılar İttifaqının netto risk premiyalarının həcmi ilə bağlı tövsiyyələri də qadağan edilmişdir.

Kartel müqavilələrinin əsas məqsədi bazara təsir göstərməkdən ibarətdir. Rəqabətin məhdudlaşdırılması yolu ilə kartel müqaviləsinin iştirakçıları mənfəətin artırılmasına nail olmağa çalışırlar. Kartel müqavilələri AFR-də iqtisadi qaydaların dayaqlarını sarsıdır və ona görə də, çox xırda istisnalarla Qanunla rəqabətin məhdudlaşdırılmasına yol verilməsi qadağan edilmişdir.

Konsorsium

Konsorsium, bir qayda olaraq, qısa zaman çərçivəsində müəyyən vəzifələrin yerinə yetirilməsi məqsədilə müəssisələrin üfiqi birləşməsidir.

Misal: Konsorsium çərçivəsində sığorta şirkətləri riski şərikli sığorta əsasında öz aralarında bölüşdürürlər.

Əlaqədar cəmiyyətlər

Əlaqədar cəmiyyətlər hüquqi cəhətdən müstəqil cəmiyyətlərdir.

Tabeliliyin artması dərəcəsinə görə onlar səhmdar cəmiyyətləri haqqında Qanuna əsasən beş qrupa bölünürlər:

  • Törəmə və əsas cəmiyyətlər, burada əsas cəmiyyət nizamnamə kapitalında üstün iştiraka və törəmə cəmiyyətin əksəriyyət səslərinə malik olurlar;

  • Tabe olan və hakim cəmiyyət. Hakim cəmiyyət bilavasitə yaxud dolayısı ilə törəmə cəmiyyət tərəfindən qəbul edilən qərarları öncədən müəyyənləşdirə bildiyinə görə asılılıq münasibətləri baş verir;

  • Konsern, burada bir neçə əlaqədar cəmiyyətlərin bir rəhbərlik altında birləşməsi xarakterikdir. Bununla vahid təsərrüfat strukturu yaradılır;

  • Bir-birinin nizamnamə kapitalında 25%-dən yuxarı qarşılıqlı iştirak;

  • Idarəetmə funksiyasının bir cəmiyyət tərəfindən (tabe olan) digərinə (hakim), yaxud bir cəmiyyətin (tabe olan) bütün mənfəətinin digərinə (hakim) verilməsi haqqında müqavilə əsasında əlaqəli fəaliyyət göstərən cəmiyyətlər.

Konsern

Konsern əlaqədar müəssisə növlərindən biridir.

Konsern, öz təsərrüfat müstəqilliyini itirmiş, lakin hüquqi müstəqilliyini saxlayan müəssisələrin (cəmiyyətlərin) üfiqi, şaquli yaxud dioqanal üzrə bir rəhbərlik altında birliyidir.

Sığorta işində konsernlərin yaradılması, birinci növbədə, müəyyən sığorta növlərinin ayrılıqda həyata keçirilməsi tələblərinə riayət olunması zərurəti ilə şərtlənir. Əgər hər hansı sığortaçı bazarda bütün sığorta növləri ilə çıxış etmək istəyirsə, onda sığorta nəzarəti haqqında Qanuna əsasən o, həyat sığortası, tibbi sığorta və hüquqi risklərin sığortası üzrə ayrı-ayrı şirkətlər yaratmalıdır.

Konsernə daxil olan şirkətlərin istehsalın eyni ardıcıllıq pilləsində, yaxud ticarət mərhələlərində işləməsindən asılı olaraq, onları üfiqi və şaqulikonsernlərə bölürlər. Üfiqi konsernə misal olaraq, zərər sığortası, bədbəxt hadisələrdən sığorta, həyat sığortası, tibbi sığorta və hüquqi xərclərin sığortasını həyata keçirən sığorta konsernini göstərə bilərik. Təkrar sığorta cəmiyyəti ilə ilkin sığortaçının vahid rəhbərlik altında birləşməsini isə şaquli konsern hesab etmək olar. Qeyri-məhdud konsernə misal olaraq, sığorta cəmiyyətini, bankı və avtomobil istehsal edən zavodu birləşdirən konserni göstərə bilərik.

Uçot və maliyyə hesabatı üçün konsernlərin tabe və hakim cəmiyyətlərdən ibarət konsernlərə və hüquqi cəhətdən müstəqil cəmiyyətlərdən ibarət olan və vahid rəhbərlik altında birləşən konsernlərə bölünməsi böyük əhəmiyyət kəsb edir. Təcrübədə daha çox, illik yekun hesabatı təqdim etməli olan birinci növ konsernlərə rast gəlmək olur. Bunlardan fərqli olaraq, eyni hüquqlu cəmiyyətləri birləşdirən konsernlərin üzərinə qanunla bu cür vəzifələr qoyulmur.

Tərkibi tabelilik münasibətləri əsasında birləşən cəmiyyətlərdən ibarət olan sığorta konsernləri çox vaxt holdinq şirkəti hüquqi formasına malik olurlar. Belə şirkətin başında əsas (hakim) cəmiyyət dayanır. Həmin cəmiyyət sığorta fəaliyyətini həyata keçirmir, o, bir qayda olaraq sırf maliyyə məsələləri və inzibati idarəetmə problemləri ilə məşğul olur.     

Trest

Trest cəmiyyətlərin (müəssisələrin) elə birləşməsidir ki, burada onlar öz hüquqi və iqtisadi müstəqilliklərini itirirlər. Müəssisələrin birləşməsi nəticəsində trest yaradıldıqda, tamamilə yeni bir müəssisə bərqərar olur. Xırda müəssisələrin yeni bir müəssisə formasında birləşməsi baş verdikdə, nəzəri cəhətdən artıq trestin yaradılması haqqında danışmaq olardı. Təcrübədə bu termin, bir qayda olaraq, xüsusi iri təsərrüfat vahidlərinin yaradılmasında istifadə olunur.

Kartel və konsernlərdən fərqli olaraq, trestlərdə ilkin müəssisələrin tam hüquqi və iqtisadi birləşməsi baş verir. Bu daha sərt idarəetmə imkanı yaradır. Trestlərdə istehsalın səmərələşdirilməsi üzrə tədbirlər görmək, ayrı-ayrı bölmələrin dərin ixtisaslaşdırılmasını həyata keçirmək, qeyri rentabelli müəssisələri bağlamaq və digər oxşar tədbirləri həyata keçirmək daha asan olur. Belə ki, burada onun tərkibinə daxil olan müəssisələrlə hesablaşmaq zərurəti yoxdur. Bundan başqa, trestlər, daha sadə inzibati-idarəetmə aparatının olması ilə fərqlənirlər. Onlarda yalnız bir idarə heyəti, bir müşahidə şurası və bir səhmdarların ümumi yığıncağı vardır.

Sığorta işində təmərgüzləşmə prosesinin əhəmiyyəti

İqtisadiyyatda müəssisələrin birləşməsinin rolu birmənalı qiymətləndirilə bilməz. Təmərgüzləşmə prosesi, bir tərəfdən:

  • Sinergizm səmərəsindən istifadə etməyə imkan yaradır. Burad ümumi nəticə ayrı-ayrı effektlərdən üstün olur;

  • Səhmlərin kursunun yüksəlməsinə və dividentlərin artmasına gətirib çıxarır;

  • Sığorta şirkətlərində işlərin səmərəliliyinin yüksəldilməsi nəticəsində sığorta haqlarının həcminin aşağı salınmasına imkan yaranır;

  • Sığortaçıların etibarlılığını yüksəldir;

  • Bazarda müəssisələrin birləşmə mövqelərini gücləndirir və rəqabətin aşağı salınmasına aparır;

  • Şirkətlərin böyüməsinə səbəb olur. Bu isə onlara Avropa və dünya bazarına çıxmaq imkanı yaradır;

  • Sığortaçının hər bir birliyi üçün fərdi maliyyə konsepsiyasının işlənib hazırlanmasına imkan yaradır;

Digər tərəfdən,

  • Sığorta birliklərinin yaradılması rəqabətin məhdudlaşdırılmasına və təkliflərin azalmasına səbəb olur;

  • Bazarda iri sığorta konsernlərinin az olması sığorta haqlarına nəzarətin tətbiq edilməsinə imkan yaradır;

  • Tariflər üzrə danışıqlar aparıldıqda, yeni qanunvericiliyin işlənib hazırlanmasında və qəbul edilməsində iri sığorta konsernləri bazarda özünün üstün mövqeyindən istifadə edə bilirlər;

  • Təmərgüzləşmə prosesi iş yerlərinin ixtisar olunmasına və çətin idarə olunan “konqlomeratların” yaranmasına səbəb olur;

Təsərrüfat birlikləri yaradıldıqda, həmin birliyə daxil olan sığorta şirkətlərinin fərdi profilləri yoxa çıxır.

 

Şükür Hüseynov

 

Sığorta üzrə ekspert, təlimçi

 

© Huquqsunas.az

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296