SIĞORTA

Avtosığortada neqativ halların qarşısını necə alaq? – 8 TƏKLİF
12 İYUN
622

Avtosığortada neqativ halların qarşısını necə alaq? – 8 TƏKLİF

2017-06-12 10:50:00

Sığorta bazarının inkişaf etdirilməsi üçün xüsusilə son illərdə çoxlu sayda mühüm qərarlar və hüquqi-normativ aktlar qəbul edilib, məqsədyönlü tədbirlər həyata keçirilib. Nəticədə də təkcə avtomobillərin deyil, digər icbari sığorta növlərinin də satışında əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Bütün bunlarla bərabər avtomobillərin icbari sığortası (AVSMMİS) sahəsində bəzi problemlər və çatışmazlıqlar hələ də qalmaqdadır. Belə ki, AVSMMİS müqavilələrinin elektron sənəd formasında buraxılması bir çox nöqsanların aradan qalxmasına səbəb olsa da, bəzi neqativ halların da əmələ gəlməsinə şərait yaradıb. Misal üçün qeyd edə bilərəm ki, avtomobillərin icbari sığorta şəhadətnamələri kağız daşıyıcılarda buraxılan zaman sığorta vasitəçiləri şəhadətnaməni sığortalıya təqdim etməyə məcbur idilər. Həmin şəhadətnamədə həm sığortalı, həm də NV haqqında məlumatlar öz əksini tapırdı. İndi isə AVSMMİS elektron sənəd formasında buraxıldığı üçün çap forması çox vaxt “sığortalı”ya təqdim olunmur. Bu zaman istər “sığortalı”lar, istərsə də icbari sığorta müqavilələrinin bağlanmasına nəzarət edən YPX əməkdaşları şəhadətnamə məlumatlarını İSB-nin elektron sistemindən əldə etməyə məcbur olurlar. Həmin sistemdən də yalnız “sığortaçı”nın adını, şəhadətnamə nömrəsini, DQN-ni, marka-modeli və müqavilənin qüvvədə olub-olmamasını görmək olur. Şəhadətnamədəki digər məlumatları isə buradan əldə etmək mümkün deyil. Bu da bəzi sığorta vasitəçilərinə, xüsusiylə də sığortalının üzünü görmədən telefon vasitəsiylə satış edənlərə məlumatları təhrif etməyə şərait yaradır. Ən çox rast gəlinən qanunsuzluqlardan biri isə müqavilədə “sığortalı” kimi göstərilən şəxsin qəsdən dəyişdirilməsidir. Bu zaman icbari sığorta müqaviləsinin tərəfi olan “sığortalı”nın həmin müqavilədən nə xəbəri, nə də həmin NV- nə aidiyyəti olur. Həmin şəxs də növbəti ildə icbari sığorta almaq istədikdə xəbəri olmadan adına buraxılmış hansısa sığorta müqaviləsi üzrə sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta haqqının artımı ilə üzləşir. Bu və buna oxşar digər neqativ halların qarşısını almaqdan ötrü qanunda “sığortalı”nın konkret olaraq yalnız NV mülkiyyətçisi ola bilməsi öz əksini tapsa hesab edirəm ki, əhəmiyyətli olar. Bundan başqa AVSMMİS müqavilələri üzrə xarici ölkələrdə qeydiyyatda olan NV üçün sığorta müddəti 1, 3, 6 və 12 ay nəzərdə tutulduğu halda, ölkəmizdə qeydiyyatda olan NV üçün konkret olaraq 12 ay nəzərdə tutulmuşdur. Bu da öz avtomobilini satmağa hazırlaşan və ya avtomobil alqı-satqısı ilə məşğul olan şəxslər üçün əlavə problemlər yaradır. Hesab edirəm ki, ölkəmizdə qeydiyyatda olan NV üçün də sığorta müddətinin 1, 3, 6 və 12 ay nəzərdə tutulması yarana biləcək problemlərin qarşısını ala bilər.

Bundan başqa AVSMMİS sahəsində ən çox müzakirə edilən mövzulardan biri də icbari sığorta haqlarına endirimlərin edilməsi ilə bağlıdır. Bunun qarşısının alınması üçün ən sərt tədbirlər görülsə belə müsbət nəticə əldə etmək tam mümkün olmur. Çünki, bazarın öz qanunları vardır. Tələb və təklif qiymətin formalaşmasında mühüm rol oynayan əsas faktorlardan biri olaraq inzibati yollarla aparılan mübarizələrin təsirini azaldır. 2016-cı ildə Bakıda keçirilmiş VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda da icbari sığorta haqları ilə bağlı məsələ müzakirə edilərkən beynəlxalq sığorta ekspertləri icbari sığorta haqlarının sərbəstləşdirilməsinin vacib olduğunu bildirmişlər. Sığorta bazarıının inkişaf etdiyi bütün ölkələrdə, o cümlədən Türkiyədə də icbari sığorta haqları sərbəstdir. Qanunla sığorta haqqının yalnız minimum həddi müəyyən edilir. Bu da öz növbəsində sığorta bazarında rəqabətə, real dövriyyəsinin müəyyən edilməsinə imkan yaradır.

AVSMMİS növünün daha effektiv fəaliyyət göstərə bilməsi üçün müvafiq qanunlarda dəyişiklik edilərək aşağıda göstərilən müddəaların öz əksini tapması təklif edirəm:

  1. AVSMMİS şəhadətnaməsi yalnız həmin NV-nin mülkiyyətçisinin adına rəsmiləşdirirlsin;

  2. Şəhadətnamə rəsmiləşdirilərkən DQN ilə bərabər olaraq, NV-nin qeydiyyat şəhadətnaməsinin (texniki pasportunun) seriya və nömrəsi də sistemə daxil edilsin;

  3. İSB-nin elektron sistemindən məlumatı əldə etmək üçün DQN ilə bərabər NV-nin qeydiyyat şəhadətnaməsinin (texniki pasportunun) seriya və nömrəsi də tələb edilsin;

  4. İSB-nin elektron sistemində “sığortalı” və NV-nin sığorta haqqına təsir edən göstəriciləri ( mühərrikin həcmi, icazə verilən maksimal kütlə, sərnişin sayı və s.) barədə də məlumatlar görünsün;

  5. NV-nin mülkiyyətçisi dəyişdirilən zaman AVSMMİS şəhadətnaməsi etibarsız hesab edilsin və xitam olunaraq yerdə qalan sığorta haqqının sığortalıya qaytarılması qaydaları sadələşdirilsin. (Misal üçün həmin “sığortalı” sonradan başqa bir AVSMMİS şəhadətnaməsi əldə etmək istədikdə xitam olunaraq geri qaytarılan sığorta haqqı yeni sığorta haqqından çıxılaraq ödənilsin);

  6. Sığortalı” NV-nin mülkiyyətçisi olduğu zaman DQN-nın dəyişikliyi barəbə şəhadətnamə məlumatlarına düzəlişlər edilsin;

  7. Azərbaycan Respublikasında qeydiyyatda olan NV üçün AVSMMİS sığorta müddəti sığortalının seçimindən asılı olaraq 1, 3, 6, 12 ay tətbiq edilsin;

  8. AVSMMİS üçün icbari sığorta haqları sərbəstləşdirilsin.

Əvvəldə qeyd etdiyim təkliflər qanunda və digər hüquqi-normativ aktlarda öz əksini taparsa NV-nin mülkiyyətçisinin və DQN-nın dəyişdirilməsi zamanı meydana çıxan bəzi xoşagəlməz halların da qarşısı alına bilər.

Bu xoşagəlməz hallardan birini sadə bir misalla izah etməyə çalışacağam. Təsəvvür edək ki, kimsə yeni bir avtomobil alıb. Həmin avtomobilin də DQN-nını dəyişmədən öz adına rəsmiləşdirilib. Sığorta müqaviləsi də əvvəlki mülkiyyətçinin adına buraxılıb. Müqavilənin çap formasında da müddətin bitməsinə xeyli vaxt qaldığı görünür. Avtomobilin yeni mülkiyyətçisi də əmindir ki, həmin müddətə qədər avtomobilinin icbari sığortası qüvvədədir. Lakin İcbari sığortalar haqqında qanunun 51.3-cü maddəsində göstərilir ki, icbari sığorta müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi hər bir halda icbari sığorta müqaviləsinə xitam verilir. Yəni müqavilədə “sığortalı” kimi göstərilən şəxs əmlakın özgəninkiləşdirildiyini əsas gətirərək yeni mülkiyyətçinin heç xəbəri olmadan belə, həmin sığorta şəhadətnaməsinə xitam verdirə bilər. Eləcə də DQN yenilənməklə avtomobilin mülkiyyətçisi dəyişən zaman yeni mülkiyyətçi əvvəlki sığortalının adına buraxılmış şəhadətnamədə yeni DQN-nını qeyd etdirməklə hesab edir ki, qalan müddət üçün avtomobilinin icbari sığortası vardır. Lakin yuxarıda qeyd etdiyim kimi müqavilədə “sığortalı” olaraq göstərilən şəxs icbari sığorta müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi əsas gətirərək, həmin müqaviləyə də xitam verdirmək hüququna malikdir. Göründüyü kimi başqasının adına buraxılan icbari sığorta müqavləsinə arxayın olub avtomobil idarə etmək riskdən azad etmir, əksinə risk yaradır. Çünki sığorta müqaviləsində “sığortalı” olaraq göstərilən şəxsin hər an həmin müqaviləni xitam etdirmək hüququ vardır. Hesab edirəm ki, AVSMMİS yalnız NV-nin konkret olaraq mülkiyyətçisinin adına olduqda etibarlı sayılması heç kəsdə çaşqınlıq yaratmaz və xoşagəlməz halların meydana çıxmasının qarşısını alar.

Ümid edirəm ki, gələcəkdə sığorta qanunvericiliyində və digər hüquqi-normativ aktlarda dəyişikliklər edilərkən bu sahədə çalışan hər bir kəsin, o cümlədən də mənim təkliflərim nəzərə alınacaq ki, bu da sığorta bazarının daha da inkişaf etməsinə gətirib çıxaracaqdır.

Məmməd Məmmədov (Fins.az üçün)

Sığorta agenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288