SIĞORTA

İcbari tibbi sığorta haqqının bölgüsü gələn ilə qaldı
30 DEKABR 2016
317

İcbari tibbi sığorta haqqının bölgüsü gələn ilə qaldı

2016-12-30 15:33:00
2017-ci ilin yanvar ayında Mingəçevir şəhərində və Yevlax rayonunda  icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Bu barədə fins.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov məlumat verib.
 
Bildirib ki, Prezident İlham Əliyevin son fərmanı ilə icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri də təsdiqlənib. Həmin tariflər əsasında pilot ərazilərdə yaşayan əhaliyə xidmət göstəriləcək. 
 
İcbari tibbi sığorta haqqının məbləği və onun hansı şəkildə toplanacağına gəlincə, V.Qurbanov bunun dəyişikliklərdən sonra dəqiqləşəcəyini bildirib:
 
“İcbari tibbi sığorta haqqının məbləği və bölgüsü  qanunvericilikdə müvafiq dəyişikliklər edildikdən sonra məlum olacaq. Hələlik isə pilot ərazilərdə yaşayan əhali baza zərfinə daxil olan xidmətləri Mingəçevir şəhərində və Yevlax rayonundakı tibb müəssisələrində, həmçinin müqaviləli tibb müəssisələrində alacaqlar”.
 
V.Qurbanov sığorta ödənişlərinin məbləğlərinə də aydınlıq gətirib:
 
“Sığorta ödənişi sığortaolunanın ala biləcəyi tibbi xidmətin dəyəridir. Prezidentin Fərmanına əsasən, icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin tarifləri müəyyən edilib. Fərmanda göstərilən tariflər tibb müəssisələri tərəfindən göstərilən xidmətlərin qarşılığında Agentliyin həmin tibb müəssisələrinə ödəyəcəyi məbləğdir. Məsələn, ilkin səhiyyə xidmətində hər bir sığortaolunana görə Agentlik tibb müəssisəsinə illik 18 AZN, aorta koronar şuntlama (açıq ürək əməliyyatı) üçün tibb təchizatçısına (klinikaya) ağırlıq dərəcəsinə görə 4720 – 6320 AZN arasında ödəniş olunacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8311
  • € EUR
    1.9483
  • ₽ RUB
    0.0308