SIĞORTA

“Sığorta şirkətlərinin taleyi Yol Xəritəsindən asılı olacaq” – MÜSAHİBƏ
26 DEKABR 2016
1809

“Sığorta şirkətlərinin taleyi Yol Xəritəsindən asılı olacaq” – MÜSAHİBƏ

2016-12-26 07:55:00

İqtisadi durğunluq 2016-cı ildə sığorta bazarından da yan keçmədi. Dolların bahalaşması, banklarda yaranan vəziyyət sığorta şirkətlərinin satışlarının kəskin azalmasına səbəb oldu. Bəzi şirkətlər isə üzləşdiyi böhranla vəziyyətdən çıxa bilməyərək bazarı tərk etməli oldu. Sığorta şirkətlərinin bir hissəsi isə problemlərin həlli istiqamətində işlər görməyə başladılar. Xərclərin optimallaşdırılması, yeni satış üsulları, endirimli sığorta məhsulları hesabına satış həcmlərini müəyyən səviyyədə saxlaya bildilər. Fins.az növbəti dəfə  sığorta bazarının iştirakçılarından biri olan “Azərbaycan Sənaye Sığorta”nın fəaliyyətinə nəzər salıb.Fins.az-ın suallarını şirkətin idarə heyətinin sədri Uğur Çağlar cavablandırıb.

-Uğur bəy, sizinlə Azərbaycandakı fəaliyyətiniz dönəmində ilk dəfə, həm də “Azərbaycan Sənaye Sığorta”nın 20 illiyi ərəfəsində görüşürük. Əvvəlcə söhbətə sığorta şirkətinin fəaliyyətindən başlayaq. Bu illər ərzində şirkətin əsas uğurları nədən ibarət olub?

- Bu il “Azərbaycan Sənaye Sığorta” 20 illiyini qeyd edir.  Bu baxımdan şirkətimiz Azərbaycan sığorta bazarında özünəməxsus inkişaf yolu keçib. 20 illiyimizdə bizi ən çox sevindirən hadisələrdən biri  dünyanın  tanınmış markalaşma mükafatları  arasında yer alan Global Brands Magazine  2016-cı ildə “Azərbaycan Sənaye Sığorta”nı “Ən yaxşı Qeyri-Həyat Sığorta Şirkəti” elan etmişdir. Bu münasibətlə bütün əməkdaşlarımızı təbrik edirəm.

“Azərbaycan Sənaye Sığorta”nın fəaliyyətinə gəlincə, şirkətin əsas iki satış istiqaməti var. Birinicisi korporativ müştərilər (şirkətlər), digər isə fiziki şəxslər, yəni fərdi müştərilərdir.

Fərdi satışlar əsasən icbari avtomobil sığortası ilə bağlıdır. Bu sığorta növündə 2012-ci ildən bazar üzrə ciddi bir böyümə nəzərə çarpır. Maliyyə Bazarlarına Nəzarət Palatasının bu sahəyə diqqət yönəltməsindən sonra inkişaf tempi daha da sürətlənib. Bu il biz “Azərbaycan Sənaye Sığorta”nın satış sahəsində fəaliyyətini araşdırdıq. Və yeni departament rəhbəri Sərhat Polatı bu işə cəlb etdik. Bu sahədə məhsuldarlığa diqqəti yönəltdik, daha kefiyyəti məhsul satışına başladıq.

Daha böyük işimiz isə iri müştərilərimiz olan şirkətlərlə idi. Bu sahədə bir sıra sığorta növlərinə diqqət yetirdik. Bunlardan biri kənd təsərrüfatı sığortasıdır. Sığorta sektorunda kənd təsərrüfatı sığortası dəstəklənməsi vacib məsələlərdən biridir. ASA-nın təşkilatçılığı ilə bu il Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda TARSİM-in idarə heyətinin sədri Yusif Satoğlu da iştirak edirdi. Palatanın nümayəndələri ilə birgə “workshop”lar oldu. Bu isə onu göstərir ki, kənd təsərrüfatı sığortasına dövlətin dəstəyi artacaq. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair “Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatı sığortası ilə bağlı strateji siyasəti, kənd təsərrüfatı infrastrukturunun əhəmiyyəti və s. amillər diqqətə alınmışdır. Bu bizim üçün də önəmlidir. Çünki kənd təssərrüfatı sığortasında, xüsusilə də bitkiçilik məhsullarının sığortalanmasında önəmli bir bazar payımız var. Hesab edirəm ki, sığortanın bu sahəsində ciddi satış potensialı mövcuddur.

-Kənd təsərrüfatı sığortasında satışları artırmağı planlaşdırırsınız. Sığorta şirkətlərinin əksər hissəsi risklərin yüksək olduğunu nəzərə alaraq bu bazara girməkdən çəkinir. Planlarınız nədən ibarətdir?

“Dövlət fermerə dəstək olmaqla həm sığortanın, həm də kənd təssürafının inkişafına nail ola bilər”

 -Bütün dünyada kənd təsərrüfatı sığortası risklərin yüksək olmasına görə diqqətli yanaşma tələb edən sahədir. Ona görə də bu sahədə anderraytinq önəmlidir. Yerində baxış keçirilməsi, ekspertlərlə müzakirlərin aparılması çox vacibdir. Bununla yanaşı, kənd təsərrüfatı sığortasında kifayət qədər təcrübəmiz var. İnkişaf etmiş ölkələrdə  kənd təsərrüfatına dövlət xüsusi diqqət yetirir. “Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatı sığortasının inkişafı üçün stimullaşdırıcı tədbirlər nəzərdə tutulub. Bu da sektorun böyüməsinə əhəmiyyətli təsir göstərəcək.

“Kənd təsərrüfatı sığortasının genişlənməsi üçün Türkiyə təcrübəsinə ehtiyac var”

Məsələyə Türkiyə təcrübəsindən də baxmaq olar. Məsələn, TARSİM Türkiyədə 2006-2015-ci illər dönəmində kənd təsərrüfatı sığortasından 3.3 milyard TL yaxın vəsait toplamışdı. Qarşılığında 2,4 milyard TL ödəniş edilib. Bununla belə, hər 3 tərəf qazana bilib. Çünki sığorta haqlarının 1,6 milyard TL  dövlət, 1,7 milyard TL fermer ödəyib. Fermerin qazancı ondan ibarətdir ki, 1,7 milyard TL sığorta haqqı qarşılığında 2,4 milyard TL ödəniş alıb. Dövlət 1,6 milyard TL ödəsə də, iki sektorun inkişafı ilə dolayı yolla öz inkişafına səbəb olub. Sığorta şirkəti isə dövlətin dəstəyi hesabına böyük zərərləri qarşılayaraq həm də gəlir əldə edir. Bu təcrübə Azərbaycana da gələcək. Amma bu bir günün işi deyil. TARSİM-də də bu müəyyən layihələrdən sonra formalaşmağa başladı.

-"Azərbaycan Sənaye Sığorta" son dövrdə diqqətini tibbi sığortaya daha çox yönəldib, gözləntiləriniz nədən ibarətdir?

 “Görülən işlərin hesabına tibbi sığorta yığımları 100%, müştərilərin sayı 40% artıb”

- Şirkətlərə təklif etdiyimiz məhsullardan biri də könüllü tibbi sığortadır. Satış portfelini analiz edərkən məlum oldu ki, şirkətimizin bu sığorta növü üzrə bazar payı aşağıdır. Korporativ müştərilərimiz arasında sığortalanan şirkət işçiləri ilə, sığortalanmayanlar arasında çox böyük fərqin şahidi olduq. Müştərimiz olan şirkətlərin işçiləri ilə görüşlər keçirdik, onların təklifləri əsasında tibbi sığorta paketlərini yenilədik. Əməkdaşlıq etdiyimiz klinikalar və apteklərin şəbəkəsini genişləndirdik. Xüsusilə də, rayonlarda, daha az əlçatan yerlərdə də buna nail olmağa çalışdıq. Nümayəndə heyətimiz bu məqsədlə sentyabr ayında Biləsuvar, Xaçmaz, Kürdəmir, İmişli və Padarçöldə  yerləşən istehsal müəssisələrində oldu. Bakıda və bölgələrdə görüşlər keçirdik. Bundan əlavə tibbi sığortalı müştərilərimizdən klinikaların, ümumilikdə göstərilən xidmətin kefiyyətini analiz etmək üçün məmnuniyyət anketi almağa başlamışıq. Müştərilərin rəyləri əsasında daha yaxşı xidmət göstərən klinakalar müəyyən edilir. Yeni müştərilər müraciətlər əsasında kefiyyətli xidmət göstərən klinikaya yönəldilir. Artıq görülən işlərin səmərəliliyini hiss etməyə başlamışıq. Məsələn, könüllü tibbi sığorta  üzrə yığımlarımız bu il 100%, müştərilərimiz 40%-ə yaxın artıb. Biz qarşıdakı illərdə də artımın davamlı olacağını gözləyirik.

 - Necə düşünürsünüz, icbari tibbi sığorta könüllü tibbi sığortanın inkişafına mane olmayacaq ki?

- Əslində icbari tibbi sığorta ilə könüllü tibbi sığorta fərqli-fərqli anlayışlardır. Türkiyədə də icbari tibbi sığorta tətbiq edilir. Amma vətəndaşlar könüllü şəkildə də tibbi sığorta alırlar. Çünki icbari tibbi sığortaya daxil olmayan bəzi risklər və xidmətlər könüllü sığortada olur. Xüsusilə də könüllü tibbi sığortanın şirkətlərin öz işçilərini sığortalaması fonunda artacağını düşünürəm. Bunu ayrı-ayrı şəxslərin timsalında deyil, şirkətlərin işçilərinə motivasiya olaraq təqdim edəcəkləri nəzərdə tutulur. Türkiyə təcrübəsinə əsasən deyə bilərəm ki, icbari tibbi sığorta könüllü sığorta ilə rəqabət  yaratmayacaq, əksinə onu tamamlayacaq. Məsələn, Türkiyədə həm icbari tibbi sığorta üzrə, həm də könüllü tibbi sığorta üzrə yığımlar artır. Bununla belə, bu rəqabət deyil. Könüllü tibbi sığorta əsasən şirkətlərin işçilərinə hədiyyəsidir.

 “2017-ci ildə “Azərbaycan Sənaye Sığorta” tez-tez tenderlərdə görəcəksiniz”

-“Azərbaycan Sənaye Sığorta”da könüllü tibbi sığortanın inkişafı üçün əsasən mövcud müştəri potensialından maksimum yararlanmağı düşünür. Yəni, müəssisələrdə sığortalanan işçilərin sayının artırılmasına çalışacağıq. Bundan əlavə, digər şirkətlərin işçilərinin də tibbi sığortaya cəlb edilməsinə başlayacağıq. Bunu isə tenderlərə qoşulmaqla həyata keçirəcəyik. 2017-ci ildə “Azərbaycan Sənaye Sığorta”nın adını tez-tez tenderlərdə görəcəksiniz. Həm fiziki, həm də hüquqi şəxs olan müştərilərin sayını artıracağıq. Könüllü tibbi sığorta fərdi müştəri qazanmaq baxımından çox əhəmiyyətə malikdir. Məsələn, 2016-cı ildə müştərilərə 13 min dəfə tibbi sığorta ödənişi etmişik. Bir müştəri ilə ildə 6-8 dəfə görüşürük. Bunun nəticəsində arada səmimiyyət yaranır. Müştəri əgər xidmətdən razı qalırsa, digər sığorta növlərini də eyni şirkətdən almağa çalışır. Müştəri məmnuniyyəti yaratmaqla bu sahədə satışlarımızı daha da artırmağa çalışacağıq.

 

- Sığorta şirkətinə məxsus xeyli sayda sığorta müqaviləsi itmişdi. Bununla bağlı məsələ öz həllini necə tapdı? 

-Bu əslində sadəcə əməliyyatla bağlı bir addımdır. 2012-ci ildən avtomobillərin icbari sığortası üzrə “Azərbaycan Sənaye Sığorta”nın çox ciddi satışı olub. İndiyə qədər şirkət 250 mindən artıq sığorta polisi satıb. Avtomobillərin elektron sığorta müqaviləsinə keçidi zamanı hesablama aparılarkən məlum oldu ki, 400-ə qədər sığorta müqaviləsi itib. Bununla bağlı İcbari Sığorta Bürosuna məlumat verdik. Qeyd edim ki, bu satılan müqavilələrlə müqayisədə çox kiçik rəqəmdir. Həmçinin elektron müqavilələrin qüvvəyə minməsi ilə kağız müqavilələr öz əhəmiyyətini itirdi.

 -Yeri gəlmişkən, avtomobillərin icbari sığortasında elektron müqaviləyə keçid bazarda hansı dəyişikliklərə səbəb oldu?

-Bu sığorta sektorunda önəmli bir addımdır. Layihədə xidməti olan bütün İSB əməkdaşlarını təbrik edirəm. Yeni satış üsulu icbari avtomobil sığortasının qanunun tələblərinə uyğun satışını həyata keçirməyi daha da asanlaşdırır. Bu sahədə görüləcək işlər çox olsa da, qısa zamanda artıq böyük uğurlar əldə olundu.

İcbari avtomobil sığortasında ödənişlərin nağdsız həyata keçirilməsinə ehtiyac var”

Məncə, burada atılması vacib olan addımlardan biri də, ödənişlərin nağdsız həyata keçirilməsinə başlanılmasıdır. Azərbaycanda sığorta ödənişlərinin böyük hissi nağd şəkildə ödənilir. “Strateji Yol Xəritəsi”ndə nağdsız ödənişlərə keçid ilə bağlı müddəalar yer alıb. Avtomobillərin icbari sığortasında 80 milyon manatlıq satış həyata keçirilir. Bu rəqəmin əhəmiyyətli bir hissəsi ödəniş olaraq müştərilərə verilir. Bunun qanunvericiliyə dəyişiklik əsasında tənzimlənməsinə ehtiyac var. Qəzada xəsarət halları istisna olmaqla, müştərinin ehtiyacı avtomobilinə dəyən ziyanın qarşılanmasıdır. İndiki halda müştəriyə avtomobilin təmiri üçün pul ödənilir. Avtomobil sahibi sığorta pulunun cəmi bir hissəsini təmirə yönəldir. Nəticədə kefiyyətsiz təmir edilən avtomobil yenidən qəzaya düşür və daha böyük zərər ortaya çıxır. Ödənişlərin nağdsız formaya keçilməsi, yəni avtomobillərin şirkət tərəfindən təmir edilməsi ilkin olaraq, ödənişlərin artacağı görüntüsünü yarada bilər. Amma müştəri məmnuniyyətinin artması, daha çox müştərinin sistemə qatılması ümumilikdə icbari avtomobil sığortası sektorunun böyüməsinə təsir göstərəcək. Eyni təcrübə Türkiyədə də mövcuddur. Sığorta haqqlarının elektron ödənilməsi ilə yanaşı, avtomobilin icbari sığortasına görə müştəriyə nağd ödəniş verilmir, avtomobil təmir edilərək əvvəlki vəziyyətinə qaytarılır.

-Hazırki iqtisadi şərait sığorta şirkətləri üçün, o cümlədən  "Azərbaycan Sənaye Sığorta" üçün hansı çətinliklər  yaradıb?

Xərclərimizi azaldaraq və endirimlər hesabına çətinlikləri aradan qaldırmağa çalışırıq”

-2016-cı il bütün dünya üçün iqtisadi çətinliklər ili oldu. Bunun təsirləri Azərbaycanda da hiss olundu. 2016-cı ildə yaranan iqtisadi durum “Azərbaycan Sənaye Sığorta”ya da təsir edib. Stabilliyimizi mənfəətli satışların kefiyyətini artıraraq, inzibati və təkrarsığorta xərclərin azaldılması hesabına qoruya bilmişik. İqtisadiyyatın durğun dövründə şirkətlər könüllü sığorta haqlarında endirimlər tələb edirlər. Belə olan halda biz də təkrarsığorta müqavilələrini yenidən gözdən keçirdik və əlavə könüllü sığorta növlərində endirimlər etdik, bu isə satışların məhsuldarlığına yaxşı təsir göstərdi. 2017-ci ildə də bu proses davam edəcək. Sığorta şirkətinin böyümə ssenari kənd təsərüfatı sığortası, könüllü tibbi sığorta satışları və avtomobillərin icbari sığortası hesabına həyata keçəcək.

 -2017-ci ildə sığorta məhsulları bahalaşacaqmı?

-Bildiyiniz kimi, dolların bahalaşması ilə sığorta ilə əlaqəli mal və məhsullar, xüsusilə də xaricdən gətirilən avtomobillərin ehtiyat hissələri, dərman və tibbi ləvazimatlar bahalaşmaqda davam edir. Bunun sığorta haqqlarına təsir etməməsinə çalışırıq. Amma vəziyyət belə davam edərsə, xərclərin artması qarşılığında  “Azərbaycan Sənaye Sığorta”da da könüllü sığorta növlərində bahalaşma istisna deyil.

 - Kapital artımı necə, gözlənilirmi?

-“Azərbaycan Sənaye Sığorta” 2014-cı ildə nizamnamə kapitalını artırdı. Hazırda belə bir ehtiyac yoxdur. Şirkətin maliyyə sağlamlığı kifayət qədər güclüdür. Amma qanunvercilikdə baş verə biləcək dəyişikliklərə əsasən investisiya siyasətində dəyişikliklərə ehtiyac yarana bilər. Bununla bağlı qanunun tələblərinə riayət edəcəyik.

 - Gələn ildə sığorta bazarında hansı dəyişiklər olacaq, proqnoz verə bilərsinizmi?

-Azərbaycanda maliyyə sektorunun inkişafı üçün Strateji Yol Xəritəsi hazırlanıb. Burada sığorta ilə bağlı önəmli addımların atılması nəzərdə tutulub. 2020-ci ilə qədər  sığorta sektorunun ÜDM-da payının 0,8% dən 1,4%-ə qədər artırılması planlaşdırılır. Sığorta sahəsində işçilərin sayının 1600 nəfər artması hədəflənib. Ümumilikdə,  “Yol Xəritəsi”ndə sığorta sektorunun addım-addım inkişafı, detallı şəkildə  qeyd olunub.

Bundan əlavə, sənəddə  mikrosığorta növlərinin tətbiqi də nəzərdə tutulub. Mikrosığorta  aşağı gəlirli ev təsərrüfatlarına daha az sığorta haqqı müqabilində sığortalanma imkanı deməkdir. Bu istiqamətdə də satış imkanları yarandıqca bizdə addımlar atacağıq.

Növbəti hədəf  icbari tibbi sığortadır. Bu növün adı sığorta olsa da, sığorta şirkətləri ilə o qədər də əlaqəli deyil və dövlətin həyata keçirdiyi bir layihədir. Bunun çox əhəmiyyətli bir layihə olduğunu düşünürəm. “Azərbaycan Sənaye Sığorta” bununla yanaşı, könüllü tibbi sığortanın inkişafına da diqqət yetirir.

 Növbəti ildəStrateji Yol Xəritəsi” ilə bağlı sığorta sektorunda önəmli addımların atılacağına ümid edirik. Həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatası qısa zamanda yaranmasına baxmayaraq, sığorta sahəsində müəyyən qanunların həyata keçirilməsi üçün əhəmiyyətli addımlar atdı. Artıq onların da sığorta bazarı ilə bağlı bəlli bir düşüncələri formalaşıb. Palatanın növbəti ildə sığorta sektorunun inkişafına töhfələr verəcəyini düşünürəm. “Azərbaycan Sənaye Sığorta”nın da inkişaf planı Strateji Yol Xəritəsindən və sektorla əlaqəli qanunvericilikdə baş verən dəyişikliklərdən asılı olacaq.

“Türkiyə ilə müqayisədə, Azərbaycan sığorta bazarının daha çox böyümə potensialı var”

Ümumilikdə, Türkiyə ilə müqayisədə Azərbaycanda sığorta bazarının böyümə potensialı daha böyükdür. Bu statistikada da özünü göstərir. Sığorta sektoru Azərbaycanda ÜDM-nin 0,8%-ni təşkil edir. Türkiyədə bu rəqəm  fərdi pensiya daxil olmaqla 2% civarındadır. Bunun Azərbaycanda daha sürətlə yüksəlməsi potensialı daha çoxdur.

 -Uğur bəy, maraqlı söhbət üçün sizə təşəkkür edirik!

- Mən də sizə təşəkkür edirəm. Türkiyədə maliyyə sektoru üzrə gündəmdə olan aktual məsələləri “finansgündəm” işıqlandırır. Azərbaycanda “Fins.az”-ı onun oxşarı kimi dəyərləndirirəm, izləyirəm və bəyənirəm. Yeni ildə sizə də fəaliyyətinizdə uğurlar arzulayıram!

  Müəllif: Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8045
  • € EUR
    1.9201
  • ₽ RUB
    0.0302