SIĞORTA

Sığorta şirkətləri qəza ilə bağlı şikayət edə bilməyəcək – CİDDİ DƏYİŞİKLİK
02 DEKABR
1256

Sığorta şirkətləri qəza ilə bağlı şikayət edə bilməyəcək – CİDDİ DƏYİŞİKLİK

2016-12-02 10:08:00

Azərbaycan sığorta şirkətləri avtomobil qəzaları ilə  bağlı yol polisinin təqdim etdiyi protokoldan şikayət edə bilməyəcəklər. Fins.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 128.1 maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə protokoldan şikayət vermə hüququ olan şəxslərin siyahısında sığorta şirkətləri qeyd edilməyib.

  Konstitusiya Məhkəməsinin şərhi sığorta şirkətlərini çətin vəziyyətə salıb

İndiyə qədər avtomobil qəzalarının yenidən araşdırılması üçün yol polisinin təqdim etdiyi protokolun ləğvedilməsi ilə bağlı sığorta şirkətləri şikayət edə bilirdi. Qanunun tələbinə əsasən bəzi hallarda bu şikayətlər qəbul edilməsə də, bəzi avtomobil qəzalarının araşdırılması ilə bağlı məhkəmələr sığorta şirkətlərinin lehinə qərar çıxarırdılar. Sığorta ekspertləri bildirirlər ki, sığorta şirkətinin şikayəti ilə prokolun əsassız olmasının üzə çıxacağını bilən yol polisləri bundan ehtiyat edirdilər. Konstitusiya Məhkəməsinin qanuna şərh verməsilə bu sahədə acınacaqlı vəziyyət yaranacaq.

Əvvəl qəzaları araşdırmaq imkanı var idi

Sığorta eksperti İlkin İbrahimov fins.az-a bildirib ki, Konstitusiya Məhkəməsi ötən il mart ayının 12-də  “AzSığorta” şirkətinin şikayəti ilə Cinayət Prosesual Məcəlləsinin 449.2.3 maddəsinə şərh vermişdi.  Şərhdə sığorta şirkətlərininin mənafeyinə toxunulduğu halda qərardan şikayət vermə hüququnun olduğu bildirilmişdi. Sığorta şirkətləri də bunu əsas götürərək həm inzibati xəta yaradan hallar, həm də cinayət məsuliyyəti yaradan hallar üzrə protokoldan şikayət edə bilirdilər. Yəni, sığorta şirkəti avtomobil qəzası ilə bağlı saxtakarlıq halı aşkar etdikdə bu barədə şikayət edə bilirdi və qəza yenidən araşdırılırdı.

Sığorta şirkəti ödəniş etməyə məcbur ediləcək

Ekspert bildirir ki, Konstitusiya Məhkəməsinin yeni şərhi isə vəziyyəti kökündən dəyişib. Yəni, bu o deməkdir ki, avtomobil qəzası baş verəndən sonra sürücülər sığorta şirkətindən pul qoparmaq üçün yol polisi ilə razılığı gəlirlər. Amm sığorta şirkəti zərəri ödəyən tərəf olduğu halda qəzanın araşdırılması prosesində iştirak edə bilmir. Avtomobil qəzası istənilən şəkildə təhrif edilir və bu protokolda öz əksini tapır. Sığorta şirkəti isə qeyri -şərtsiz sığorta ödənişi verməyə məcbur edilir.

Əsassız və qanunsuz ödənişlər artacaq

 Ekspert hesab edir ki, belə vəziyyət sığorta bazarının əsas lokomativi olan avtomobil sığortasında əsassız və qanunsuz ödənişləri kəskin artıracaq. Sığorta şirkətləri avtomobil qəzasında saxtakarlıq halını aşkar etdikləri halda ödəniş verməkdən imtina edəcəklər. Amma sürücünün ödənişlə bağlı şikayəti əsasında məhkəmə qəza ilə bağlı  protokolu əsas götürərək qərar verəcək. Bu isə sığorta şirkətlərinə yaxşı heç nə vəd eləmir.

“Aşkar şəkildə sürücünü dəyişib ödəniş tələb edəcəklər”

Digər tərəfdən hadisələrin araşdırılmaması, sığorta saxtakarlıqlarının sübut olunmaması bu sahədə dələduzluq hallarını xeyli artıracaq. Sürücülər öz aralarında razılığa gələrək və yol polisini də bu prosesə cəlb edərək qəzaları təhrif edəcəklər. Əvvəl saxtakarlıq halı gizlədilirdisə, indi aşkar şəkildə sürücünü dəyişdirib və ya başqa saxtakarlıqlar edib ödəniş tələb edəcəklər.

Sığorta şirkətləri 10 il əvvəlki səviyyəyə qayıda bilərlər

Vəziyyətin belə davam etməsi son nəticədə sığorta şirkətlərinin müflis olmasına  və on il əvvəlki səviyyəyə qayıtmasına səbəb ola bilər.

Ya qanuna dəyişiklik edilməlidir, ya da yenidən şərh verilməlidir

Ekspert əlavə edib ki, Konstitusiya Məhkəməsi qanuna istinadən şərh verib. Amma sığorta bazarı üçün aktual olan məsələlərdə, o cümlədən qanunun şərh edilməsi prosesində əlaqədar qurum olan Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi də iştirak etməlidir. Yəni, müzakirə bir tərəfli olmamalıdır. İndiki halda isə vəziyyətdən çıxış yolu olaraq ya qanun yenidən şərh edilməlidir, ya da İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi üçün müraciət edilməlidir.İ.İbrahimov bildirib ki, bununla bağlı Palata təşəbbüs göstərməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271