SIĞORTA

“AzSığorta” ilə “zaprakva” sahibi nəyi bölə bilmir? – ŞİKAYƏT
30 NOYABR
441

“AzSığorta” ilə “zaprakva” sahibi nəyi bölə bilmir? – ŞİKAYƏT

2016-11-30 15:36:00

Sığorta şirkəti ilə müştərisi arasında sığorta ödənişi ilə bağlı mübahisə yaranıb. Söhbət «AzSığorta» şirkəti və onun müştərisi – Şirvanda yanacaqdoldurma məntəqəsinin sahibindən gedir. Müştəri 3 aydan artıq müddətdə zəlzələdən sonra qəzalı vəziyyətə düşən ofis binasına görə sığorta pulunu ala bilmədiyini deyir. Sığorta şirkətində isə yenidən ekspertiza təyin edilərək zərərin qiymətləndiriləcəyini bildirirlər.

Yanacaqdoldurma məntəqəsi qəzalı vəziyyət düşüb

Şikayətçi Şirvan sakini  Pərviz Xankişiyev fins.az-a bildirib ki, ona məxsus  "İloil" yanacaq doldurma məntəqəsini daşınmaz əmlakın icbari sığortası üzrə “AzSığorta” şirkətindən sığortalayıb. 80 manat sığorta haqqı ödəyərək 30 min manat məbləğində sığorta təminatı alıb. Avqust ayında Şirvanda baş verən zəlzələ zamanı yanacaq doldurma məntəqəsinin ofisinə ziyan dəyib. İri çatlar yaranan bina tamamilə qəzalı vəziyyətə düşüb.Dərhal ona dəyən ziyanla bağlı "Azsığorta"ya müraciət edərək məlumat verib.

“5 min manat ziyana görə 800 manat təklif edirlər”

Şirkətin nümayəndələri ofisdə 3 dəfə ekspertiza aparıblar.Sonda binaya 1100 manat zərər ziyan dəydiyi qənaətinə gəliblər. 300 manat azadolma məbləği çıxıldıqdan sonra  müştəriyə 800 manat ödəniş ediləcəyini bildiriblər. Şirkətin Şirvan filialının nümayəndəsi Əlqadir Həsənov da sığortalıya bildirib ki, 800 manat ödəniş binanın təmiri üçün yetərlidir: "Bunu veririk şükür elə".

“Ya pulunu versinlər, ya da təmir etsinlər”

Şikayətçi isə bildirir ki, bina tam qəzalı vəziyyətdədir. Əvvəlki vəziyyətə qaytarılması üçün ya bərkitmə və təmir-tikinti işləri aparılmalıdır, ya da sökülərək yenidən tikilməlidir. Bu da o deməkdir ki, zərər heç də 1100 manat deyil, 5 min manatdan çoxdur. Ona görə də P.Xankişiyev ödənişlə razılaşmadığı üçün zərər aktına qol çəkməkdən imtina edib. O bildirib ki, 3 aydan artıq müddətdə binaya dəyən ziyan ödənilmir: ”Sığorta şirkəti ya dəyən ziyanı düzgün hesablayıb ödəniş etməlidir, ya da binanı əvvəlki vəziyyətinə qaytarmalıdır”. Şikayətçi əlavə edib ki, tələblər yerinə yetirilməsə aiddiyyatı qurumlara və məhkəməyə müraciət edəcək. 

“AzSığorta”: “Yazılı müraciət etsin”

“AzSığorta” şirkətindən müştərinin şikayəti ilə bağlı münasibət bildiriblər. Şirkətdən fins.az-a verilən açıqlamada deyiblər ki, şikayətçi ödənişin məbləği ilə razı deyilsə, onun istəyinə uyğun olaraq təmir-bərpa işlərini “AzSığorta” öz üzərinə götürə bilər. Amma bunun üçün zərərçəkən yanacaqdoldurma sahibi “AzSığorta”ya yazılı şəkildə müraciət etməlidir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270