SIĞORTA

Lizinqlə satılan maşınlara görə niyə artıq sığorta pulu tələb edilir? – ARAŞDIRMA
25 NOYABR
415

Lizinqlə satılan maşınlara görə niyə artıq sığorta pulu tələb edilir? – ARAŞDIRMA

2016-11-25 14:16:00

Azərbaycanda avtomobillər icbari sığorta haqqı iki formada hesablanır. Birincisi  fiziki şəxslərə, yəni adi avtomobil sahiblərinə hesablanan sığorta haqqı, digər isə  hüquqi şəxslərə- şirkətlər üzrə hesablanan sığorta haqqıdır. Fins.az-ın məlumatına görə, eyni avtomobilə görə şirkətlər üçün hesablanan sığorta haqqı, adi vətəndaşlar üçün olan sığorta haqqından çoxdur. Qanunvericiliyə əsasən avtomobilin sahibi şirkət  olduqda 1,2 əmsal tətbiq edilir. Yəni, adi vətəndaşın 100 manata sığortaladığı avtomobilin sığorta haqqı şirkət üçün 120 manat hesablanır. Məsələ burasındadır ki, sığorta şirkətləri lizinqlə satılan avtomobillərə görə də şirkətlərə tətbiq edilən sığorta haqqı tələb edirlər. Nəticədə, lizinqlə avtomobil alan vətəndaş daha çox sığorta haqqı ödəmiş olur. Bu isə qanuna ziddir.

Lizinqlə satılan maşınlara görə 90% hallarda sığorta pulu artıq alınır

Avtomobillərin icbari sığorta satışlarını həyata keçirən sığorta agentləri fins.az-a bildirirlər ki, 90% hallarda  sığorta şirkətləri lizinqlə satılan avtomobillərə şirkətlər üçün nəzərdə tutulan sığorta haqqı alırlar. 10 % hallarda isə ya vətəndaşlar sığorta haqqının çox olduğunu bildirirlər.   Bəzi avtomobil sahibləri məlumatsız olduqları üçün sığorta haqqında endirim istəyirlər.

Şirkətlər məlumatlı sürücüləri aldada bilmir

Qanundan xəbərdar olan bəzi sürücülər isə sığorta şirkətinə etiraz edərək onlara aid olan sığorta haqqının tətbiq edilməsini bildirirlər. Belə olan halda sığorta şirkətləri müştərinin tələbi ilə məcbur olub aşağı sığorta haqqı alırlar. Bəzi sığorta agentləri isə lizinqlə satılan avtomobillərə görə, daha çox sığorta haqqı alınmalı olduğu bildirirlər. Onların sözlərinə görə, avtomobilin mülkiyyətçisi lizinq şirkətidir və sığorta haqqı da buna görə hesablanır.

Az sığorta pulu verilən lizinq avtomobilinə görə ödəniş verilmir

Bununla yanaşı, lizinqlə satılan avtomobilin sığorta haqqı  az ödənilibsə, qəza zamanı sığorta pulu vermirlər. Bu halın sığorta ödənişindən imtinaya səbəb olduğunu deyirlər.

“Sığorta pulunu sürücü deyil, lizinq şirkəti ödəməlidir”

Sığorta eksperti Xəyal Məmmədxanlı məsələ ilə bağlı fins.az-a münasibət bildirib. Onun sözlərinə görə,  avtomobilin kreditlə satışı ilə lizinqlə satışı arasında fərq var. Yəni, avtomobil kreditlə satılan onun sahibi sürücü hesab edilir. Avtomobil yalnız girov olaraq göstərilir.Ona görə də sığorta haqqı adi qaydada tələb olunur. Lizinqlə satışda isə avtomobilin mülkiyyətçisi lizinq şirkətidir. Avtomobilin hətta nömrəsi də lizinq şirkətinə məxsus olur. İcarə müddəti bitəndən sonra maşının yeni sahibi avtomobili alan şəxs olur. O hesab edir ki,  avtomobilin mülkiyyətçisi lizinq şirkəti olduğu üçün sürücü sığorta haqqını ödəməyi üzərinə götürməməlidir. Xüsusilə də müqavilə bağlanarkən vətəndaşlar bunu nəzərə almalıdırlar. Bu isə deməkdir ki, vətəndaş nəinki artıq xərc çəkməməli, hətta sığorta haqqını da ödəməlidir.

“Qanunla lizinqlə satılan maşının faktiki sahibi sürücüdür”

Hüquqi ekspert Cavid Məhərrəmov fins.az-a bildirib ki, “İcbari sığortalar haqqın” qanunun 53.1-ci maddəsinə əsasən  avtomobilin mülkiyyətçisi, onu icarəyə götürən və etibarnamə ilə idarə edən şəxs avtomobilin faktiki sahibi hesab edilir. Yəni, avtomobil lizinqlə satılırsa, sürücünün icarə müqaviləsi olduğu, etibarnamə verildiyi halda  faktiki sahib özü hesab edilir. Belə olan halda, sığorta haqqı da adi qaydada hesablanmalıdır.

“Lizinqlə satılan maşına görə sürücüdən az sığorta pulu alınmalıdır”

C.Məhərrəmov bildirib ki, qanuna əsasən faktiki sahibliyi lizinq şirkəti deyil, onu alan şəxs həyata keçirdiyinə görə, sığorta haqqı da adi vətəndaşlar üçün nəzərdə tutulan məbləğdə alınmalıdır. Yəni, sığorta şirkətlərinin adi vətəndaşdan şirkətə hesablanan məbləğdə sığorta haqqı almaq hüququ yoxdur.   

“Sığorta haqqı adi şirkətlərlə lizinq şirkətində fərqlidir”

Ekspert bildirir ki, lizinq olmayan digər şirkətlərin avtomobili də sürücüyə etibarnamə ilə verilir. Amma burada bir fərq var. Burada sığorta marağı nüansı nəzərə alınmalıdır. Mülki məcəllənin 889-cü maddəsinə əsasən sığorta marağının yaranması üçün əmlaka ziyan dəydiyi zaman onun maliyyə itkisinə məruz qalması faktı olmalıdır. Yəni, sürücü avtomobilin sahibi olduğu üçün ziyanı da o ödəməli olur. Avtomobil  lizinq olmayan digər şirkətlərə məxsusdursa, bu zaman ona dəyən ziyanda  sürücünün deyil, şirkətinin zərəri hesab edilir.

“Vətəndaşın sığorta marağı nəzərə alınmalıdır”

C.Məhərrəmov əlavə edib ki, vətəndaşın sığorta marağı mülki-hüquqi müqavilə ilə tanınır. Yəni,  lizinqlə avtomobili satanla alan arasında müqavilə olduğundan onun həmin avtomobilə sığorta marağı yaranır və  müştərinin onu sığortalamaq hüququ olur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272