SIĞORTA

"20 minlik maşına 5 min təminat azdır" - ARAŞDIRMA
23 NOYABR
392

"20 minlik maşına 5 min təminat azdır" - ARAŞDIRMA

2016-11-23 16:13:00

İqtisadi durğunluq avtomobil sığortası bazarına da təsir etməyə başlayıb. Fins.az-ın məlumatına görə, bu ilin yanvar-oktyabr aylarının nəticələrinə əsasən avtomobillərin icbari sığortasında artım olsa da, kasko sığorta da azalma davam edir. Bundan əlavə, ehtiyat hissələrinin bahalaşması fonunda icbari avtomobil sığortasında standard 5 min manatlıq sığorta təminatın kifayət etməməsi könüllü məsuliyyət sığortasına tələbatı artırıb.

Kaskoda azalmanın əsas səbəbkarı avto kreditlərdir

Sığorta eksperti Cəlal Mehdiyev avtomobil sığortası bazarında son vəziyyətlə bağlı fins.az-a münasibət bildirib. Onun sözlərinə görə, avtomobillərin könüllü sığortası üzrə azalmanın əsas səbəbi avtokreditlərin dayanmasıdır. Belə ki, banklar avtomobil kreditləri verərkən kasko sığorta tələb edirdilər. Və yaxud avtomobillər lizinqlə təklif edilirdi.

Ona görə də kreditlə satılan avtomobilin üstündə mütləq kasko sığorta da satılırdı. İndi isə bu mümkün deyil. Adi qaydada isə vətəndaşlar kasko sığorta almağa  o qədər də maraq göstərmirlər. Hazırki iqtisadi şəraitə görə isə gəlirləri azalan əhalinin ümumiyyətlə sığortaya marağı azalıb. Kasko sığortanı yalnız korporativ müştərilər alır: “Kasko sığorta hazırda az da olsa şirkət avtomobillərinə görə satılır”.

“Nəzarətə görə artıq icbari sığortadan yayınmaq olmur”

C.Mehdiyev bildirib ki, iqtisadi durğunluq, avtomobil kreditlərinin dayandırılması avtomobillərin könüllü sığortasına mənfi təsir etsə də, avtomobillərin icbari sığortası ilə bağlı təsir mexanizminin gücləndirilməsi artıma səbəb olub. Belə ki, mart ayının 1-dən etibarən icbari sığortası olmayan avtomobil aşkarlanarsa, sürücülər 50 manat cərimə ödəməli olur.

Ekspert bildirir ki, avtomobillərin icbari sığortası ilə bağlı nəzarət gücləndirilib.Nəticədə əvvəllər icbari sığortadan yayınan sürücülər də bu sığortanı almağa məcbur olurlar. Bu da son nəticədə ümumi yığımların həcmində özünü göstərir.

Könüllü məsuliyyət sığortasına maraq artıb

Avtomobillərin könüllü məsuliyyətinin sığortasına gəlincə, C.Mehdiyev bildirir ki, son dövrdə bu növə marağın artması ilə bağlıdır. Belə ki, dolların bahalaşması ilə ehtiyat hissələrinin bahalaşması avtomobillərin xərclərini artırıb. Bakıda sürülən avtomobillərin orta qiyməti 20-30 min manatdır. İcbari sığorta üzrə verilən 5 min manatlıq təminat isə bəzi hallarda yetərli olmur.

20 minlik maşına 5 min təminat azdır

Qəza zamanı avtomobilə dəyən 10 min manatlıq ziyanın 5 min manatını sığorta ödəyirsə, qalan 5 min manatı sürücü məcbur qalıb cibindən ödəməli olur.  Sürücü adi qaydada 5 min manatlıq təminat üçün 100-150 manat ödəməli olur. Eyni vaxtda könüllü məsuliyyət sığortası əldə etmək istəyənlər isə cəmi 20 manat əlavə ödəməklə 10 min manatlıq təminat əldə etmiş olurlar. Yəni, icbari sığortanı alarkən könüllü  məsuliyyət üzrə də təminat almaq avtomobil sahibləri üçün daha sərfəlidir. Bunu nəzərə alan sürücülər könüllü məsuliyyət sığortası üzrə əlavə  təminat almağa başlayıblar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272